Dövlət
başçıları mətbuat üçün
bəyanatlarla çıxış etmişlər
Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 27-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəndə rəsmi səfərinin uğurla keçdiyini vurğulayan və ölkəmizə rəsmi səfərini həmişə məmnunluqla xatırladığını söyləyən Prezident İslam Kərimov Özbəkistanın dost Azərbaycanı regionda əsas tərəfdaş hesab etdiyini bildirdi, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişməz olduğunu dedi.
Azərbaycan və Özbəkistanın iqtisadi sahədə qazandıqları uğurlara toxunan Prezident İslam Kərimov bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi.
Özbəkistanın dövlət başçısı Azərbaycanın ümummilli lideri ilə bağlı xatirələrini bölüşdü, ulu öndərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev göstərilən yüksək qonaqpərvərliyə, Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirdi.
Azərbaycanda Özbəkistanın qardaş və dost ölkə kimi qəbul edildiyini, hər iki ölkəni sıx tarixi və mədəni əlaqələrin birləşdirdiyini diqqətə çatdıran Prezident İlham Əliyev Özbəkistanın nəinki regionda, həmçinin dünya miqyasındakı rolundan danışdı. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev 2008-ci ildə BMT Baş Məclisində bu məsələyə dair qətnamənin qəbulu ilə bağlı səsvermə zamanı Özbəkistanın ölkəmizin mövqeyini dəstəklədiyini xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycan da bütün beynəlxalq qurumlarda daim qardaş ölkənin yanında olacaqdır.
Sonda Özbəkistan Prezidenti ölkəsi, xalqı və Azərbaycan-Özbəkistan dostluğunun şərəfinə dediyi xoş sözlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.
(Dövlət başçılarının mətbuat üçün bəyanatlarından geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 2.