Daşkənddə ulu öndər Heydər Əliyev adına Azərbaycan
Mədəniyyəti Mərkəzinin
açılışı olmuşdur
Sentyabrın 27-də Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasının əsaslı təmir və bərpadan sonra açılışı olmuşdur.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Baş naziri Şavkat Mirziyayev iştirak etmişlər.
Prezident İlham Əliyev mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu.
Bina ilə tanışlıq zamanı məlumat verildi ki, mərkəzdə Heydər Əliyev, Azərbaycanın dövlətçilik tarixi, Azərbaycan və Özbəkistanın müştərək tarixi muzeyləri fəaliyyət göstərir. Bundan başqa, mərkəzdə Azərbaycanın musiqi, rəqs və folklor ansamblları da fəaliyyət göstərəcəkdir. Burada Azərbaycan məktəbi və kitabxana da yaradılmışdır.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan diasporunun üzvləri ilə görüşdü.
Prezident İlham Əliyev diasporun üzvləri ilə xatirə şəkli çəkdirdi.
Prezident İlham Əliyev mədəniyyət mərkəzinin sərgi salonunda Səmərqənddə yaşamış mərhum azərbaycanlı heykəltəraş Eynulla Əliyevin əsərlərindən ibarət sərgiyə baxdı.
(Mərasim barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).
AzərTAc
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 3.