Mərakeş Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir

 

Mərakeş Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir. Bu fikir sentyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının Sədri Abdelvahed Radinin başçılıq etdiyi nümayəndə heyətinin görüşündə səslənmişdir.

Artur Rasizadə qarşılıqlı səfərlərin yüksək səviyyədə olan ikitərəfli əlaqələrimizin inkişafına daha böyük təkan verəcəyinə əminliyini diqqətə çatdırmışdır. Dövlətlərimiz arasında münasibətlərin səviyyəsindən məmnunluqla danışan Baş nazir ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqda danışmış, beynəlxalq təşkilatlarda Mərakeşin bu məsələdə Azərbaycanı dəstəkləməsini xüsusi qeyd etmişdir. Artur Rasizadə Azərbaycanın son illər qazandığı iqtisadi uğurlardan da danışmışdır.

Ölkələrimiz arasında iqtisadi əlaqələrə toxunan Baş nazir Azərbaycan-Mərakeş ikitərəfli komissiyasının yaradılmasından məmnunluğunu ifadə etmişdir. Bildirilmişdir ki, ölkəmiz turizm və mədəniyyət sahələrində də əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

Azərbaycana Milli Məclis Sədrinin dəvəti ilə gəldiyini deyən Mərakeş Krallığı Parlamenti Nümayəndələr Palatasının Sədri Abdelvahed Radi bu səfərin Mərakeşin Azərbaycan ilə qarşılıqlı əlaqələri inkişaf etdirməkdə maraqlı olmasının bariz göstəricisi olduğunu demişdir. Qeyd edilmişdir ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanlar vardır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-28 sentyabr.- S. 3.