Mehriban Əliyeva: Azərbaycanda məktəbəqədər
təhsilin inkişafına böyük
diqqət yetirilir
Sentyabrın 27-də Moskvada YUNESKO-nun və Rusiya Federasiyası hökumətinin təşkilatçılığı ilə kiçikyaşlı uşaqların tərbiyəsi və təhsili məsələlərinə həsr edilmiş "Millətlərin sərvətinin yaranması" mövzusunda Ümumdünya konfransının açılış mərasimi olmuşdur.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva və Heydər Əliyev Fondu Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva mərasimdə iştirak etmişlər.
YUNESKO-nun üzvü olan ölkələrin dövlət və hökumət nümayəndələrinin, tədqiqatçıların, mütəxəssislərin, həmçinin beynəlxalq və qeyri-hökumət təşkilatlarının, BMT-nin qurumlarının, donor təşkilatlarının təmsilçilərinin qatıldığı bu forumda "Təhsil hamı üçün" qlobal proqramının birinci məqsədinə nail olmağa dünyanın nə dərəcədə yaxınlaşdığı müəyyən ediləcəkdir.
Konfransı YUNESKO-nun baş direktoru xanım İrina Bokova açmışdır. O, Rusiya paytaxtında keçirilən tədbirin əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, YUNESKO-nun əsas ideyasına görə, təhsil insanın həyat fəaliyyətinin hər bir sahəsində böyük əhəmiyyət kəsb edir. İ.Bokova sanballı statistik məlumatlara əsaslanaraq bildirmişdir ki, hər il planetimizdə 9 milyona yaxın uşaq ölümü qeydə alınır. Onların üçdə iki hissəsi əsasən doyunca qidalanmamaq üzündən 5 yaşına çatmır. Onun sözlərinə görə, təhsil insanın bütün həyatı boyu potensialını möhkəmləndirir. O demişdir: "Əgər biz uşaqlar üçün sərmayə qoysaq, dinc və xoşbəxt gələcəyimizi təmin edəcəyik".
YUNESKO-nun İcraiyyə Şurasının sədri Eleonora Mitrofanova bu konfransı əlamətdar hadisə adlandırmış, onun tarixi əhəmiyyətini vurğulamışdır. Onun sözlərinə görə, konfrans ətraflı fikir mübadiləsi aparmağa, qarşıya qoyulmuş məqsədləri daha dərindən təhlil etməyə imkan verəcəkdir. E.Mitrofanova Rusiyanın təcrübəsi və bu sahədə YUNESKO ilə birlikdə həyata keçirdiyi proqramlar, eləcə də uşaqların təhsili və tərbiyəsi ilə bağlı dövlət siyasəti barədə məlumat vermişdir.
Moskvanın meri Yuri Lujkov
qeyd etmişdir ki, Moskva bu
konfransda nəzərdən keçirilən
məsələlərin həlli sahəsində böyük təcrübəyə malikdir. O, statistik
məlumatlar və Rusiya dövlətinin bu sahədə sosial siyasətinə
dair konseptual müddəalara
əsaslanaraq Moskvada bu
sahədə yaranmış vəziyyəti ətraflı
xarakterizə etmiş və bu cür proqramların
YUNESKO ilə birlikdə və onun dəstəyi
ilə həyata keçirilməsinin vacibliyini
vurğulamışdır.
* * *
Azərbaycanın birinci xanımı,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban ƏLİYEVA konfransda
təbrik nitqi ilə çıxış
etmişdir.
Bu mühüm beynəlxalq forumda iştirak etməyə dəvət aldığına görə YUNESKO-ya və baş direktor İrina Bokovoya, konfransın təşkilatçılarına, bu tədbirin hazırlanması və həyata keçirilməsi prosesinə qoşulanların hamısına dərin təşəkkürünü bildirən Mehriban xanım Əliyeva demişdir:
- Bizim konfrans kiçikyaşlı uşaqların təhsilinə və tərbiyəsinə bu səviyyədə həsr edilmiş ilk nüfuzlu beynəlxalq forumdur. Mənim fikrimcə, bu mövzunun aktuallığını lazımınca qiymətləndirmək çətindir. Uşaqlığın ilk dövrü insanın həm mental, həm də fiziki inkişafının mühüm dövrüdür. Onun gələcəyinin təməli bu dövrdə qoyulur. Eyni zamanda, bu elə yaş dövrüdür ki, balaca insan olduqca zəif və yaşlılardan tam asılı vəziyyətdədir. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Haqqında Konvensiyada qeyd edildiyi kimi, bütün uşaqlar dərisinin rəngindən, sosial vəziyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq yaşamaq, sağlamlıq, inkişaf və təhsil almaq üçün bərabər hüquqlara malikdirlər. Lakin balaca uşaqlar öz hüquqları barədə heç nə bilmirlər. Onlar bütünlüklə bizə - yaşlılara ümid edir və inanırlar. Təəssüf ki, biz, yaşlılar bu etimadı heç də həmişə doğrultmuruq. Müasir dünyada aclıq və yoxsulluq, müharibələr və münaqişələr, texnogen və təbii kataklizmlər amansız reallıqlar kimi qalmaqdadır. Onlar milyonlarla uşağın həyatına son qoyur. Uşaqlar xəstəlik və yoxsulluq, dava-dərman çatışmazlığı və vaxtında tibbi yardım göstərilməməsi üzündən ölürlər. Mütəxəssislərin hesablamalarına görə, bu gün planetimizdə 143 milyon yetim uşaq vardır. Bizimlə yanaşı imkanları məhdud və xüsusi ehtiyacları olan uşaqlar yaşayır. Paradoksal da olsa çox vaxt məhz onlar cəmiyyət tərəfindən qəbul edilməməyin nə demək olduğunu öz nümunələrində hiss edirlər.
İnkişaf etməkdə olan ölkələrdə 10 milyondan çox uşaq qarşısı alına biləcək xəstəliklərdən ölür. Milyonlarla uşaq mütləq dilənçilik şəraitində yaşayır, xroniki olaraq doyunca qidalanmır, böyüməkdə və inkişafda geri qalır. Bu uşaqların təhsil almaq imkanı, təhsillərinin səviyyəsi son dərəcə aşağıdır. Bu gün həmin uşaqlar bizim köməyimizə möhtacdır. Onları aclıqdan, xəstəliklərdən, müharibələrdən və münaqişələrdən, yaşlıların laqeydliyindən qorumaq lazımdır.
Bugünkü forum kiçikyaşlı uşaqlara kömək və dəstəyin yollarını və üsullarını tapmaq üçün real şansdır. Bu üsullar ən səmərəli beynəlxalq mexanizm yaratmağa imkan verəcəkdir. Beynəlxalq təşkilatların, milli hökumətlərin, maliyyə qurumlarının, bütün xoşməramlı insanların, uşaqların taleyinə, ayrılıqda hər bir uşağın taleyinə biganə olmayan bütün insanların səylərini birləşdirmək lazımdır.
Bu sahədə çox iş görülür, lakin görülməli işlər daha çoxdur. Bunu demək kifayətdir ki, dünyada azyaşlı uşaqların yalnız 56 faizinin məktəbəqədər təhsildən bəhrələnmək imkanı vardır. Statistik məlumatlar göstərir ki, əlverişsiz şəraitdə və sosial baxımdan müdafiə olunmayan ailələrdə böyümüş, lakin məktəbəqədər təhsildən bəhrələnmiş uşaqlar öz yaşıdları ilə müqayisədə çox vaxt orta və ali məktəbləri uğurla bitirir, onların öz yaşıdları arasında nüfuz qazanması daha asan olur. Onlar qarşıya qoyulmuş məqsədlərə daha uğurla nail olurlar. Müasir tədqiqatlar göstərir ki, yoxsulluğun qüsurlu dairəsini qırmağın və daha yaxşı gələcək üçün şans verməyin ən etibarlı üsulu məhz erkən yaşda təhsildən istifadə etmək imkanıdır.
Tibb, pedaqogika, psixologiya və sosiologiya elmlərinin kəsişmə nöqtəsində aparılan araşdırmalar göstərir ki, əgər uşağa kiçik yaşlarında kifayət qədər qulluq göstərilməsə, yaşlılar tərəfindən, ilk növbədə öz valideynləri tərəfindən diqqət və məhəbbət göstərilməsə, əldən verilmiş fürsətin əvəzini sonralar hətta ən əlverişli şəraitdə belə çıxmaq və bu proseslərin nəticələrini aradan qaldırmaq çox çətin olur. Bununla əlaqədar bir daha vurğulamaq istərdim ki, ailə, ailə şəraiti, valideynlərin diqqəti və sevgisi, onların övladlarının tərbiyəsinə və təhsilinə münasibəti hər bir uşağın gələcək taleyində ən mühüm amillərdir.
Bizim ölkədə - Azərbaycanda ailə dəyərlərinə ta qədimdən çox böyük ehtiramla yanaşırlar. Yaşlılara hörmət, kiçiklərə qayğı nəsildən-nəslə keçən gözəl ənənələrdir. Bununla bərabər, bu gün Azərbaycanda məktəbəqədər təhsilin inkişafına dövlət tərəfindən də lazımi diqqət yetirilir. Məktəbəqədər təhsil sisteminin təkmilləşdirilməsinə yönəlmiş xüsusi dövlət proqramı qəbul edilmişdir, ümumtəhsil məktəblərində məktəbəqədər yaşlı uşaqlar üçün hazırlıq qrupları şəbəkəsi inkişaf etdirilir.
Əlbəttə, problemlər də vardır və hələ görüləsi işlər çoxdur. Ümid edirəm ki, bu konfransın nəticələri mövcud problemlərin həllinə kömək edəcək və bu sahədə novator ideyalarla, dünyada qazanılmış nailiyyətlərlə tanış olmağa imkan yaradacaqdır.
Bir sözlə, bu gün müzakirə edilən problemlər olduqca çoxşaxəli və müxtəlifdir.
Bəzi hallarda biz salamat qalmaq üçün elementar tədbirlər
barədə, başqa hallarda
məktəbəqədər yaşlı uşaqların təhsili
üçün informasiya-telekommunikasiya
texnologiyalarının yaradılmasından
danışırıq. Burada ümumi məxrəc kiçik
insan və onun gələcəyidir.
Bu gələcək bu
gün bizim əlimizdədir
və ona görə biz
məsuliyyət daşıyırıq. Uşaqların
rifahı, onların xoşbəxt həyatı naminə öz qüvvələrini, biliklərini, səbrini,
diqqətini və məhəbbətini əsirgəməyən
insanların hamısına bir daha təşəkkür etmək istərdim.
* * *
Sonra Moskva merinin müavini Lyudmila Şvetsova
Rusiyanın birinci xanımı Svetlana Medvedevanın
təbrikini, RF təhsil
və elm naziri Andrey Fursenko isə Baş nazir Vladimir Putinin təbrikini oxumuşdur.
Sonra çıxışlar olmuşdur.
Konfrans öz işini bölmələrdə davam etdirmişdir.
* * *
Ümumdünya konfransının ali qonaqlarının şərəfinə şam yeməyi verilmişdir. Şam yeməyində Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 4.