Bir ömrün manifesti
Nadir istedad sahibləri, klassik sənətkarlar öz yaradıcı təfəkkürləri ilə əsrlərin qovğalarından sıyrılaraq həmişə gələcəyə üz tutublar. Belə şəxsiyyətlər həqiqətən, xoşbəxtdirlər. Çünki onların yaratdıqları həmişə yaşamaqda davam edir. Ədəbiyyatımızın əbədi ömür sahibləri çoxdur. Füzulidən üzü bəri neçə şairin, nasirin, bəstəkarın, rəssamın, memarın adını çəkmək olar. Bu sahə müxtəlifliyində nəsrimizin yeri ayrıca bir mövzudur. Ədəbiyyat tariximizdə hekayə, povest və romanları ilə layiqli yer tutanlardan biri də unudulmaz yazıçı və pedaqoq-alim Mir Cəlal Paşayevdir. O, XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan sayılır. Mir Cəlal ədəbi aləmdə atdığı ilk addımlarından sənətin şöhrət zirvəsinə qədər keçdiyi çətin və şərəfli ömrünün 50 ili ərzində zəngin ədəbi irs yaratmışdır. Filologiya elmləri doktoru, professor Qulu Xəlilov nasirin yaradıcılığını əhatəli təhlilə çəkərək yazırdı: "Ədibin əsərlərində klassik ədəbiyyatımızın mütərəqqi ənənələri ilə yanaşı, xalq yaradıcılığının bir sıra işıqlı ünsürləri birləşir, qaynayıb qovuşur və yeni keyfiyyət kəsb edir. Bu cəhətlərin səmərəli inkişafı həyat həqiqətinə sadiqlik Mir Cəlala müasir insanın psixologiyasının, mənəvi aləminin, onun fikir və duyğularının bədii inikasına geniş imkanlar verir".
Mir Cəlal Paşayevin bioqrafiyasından götürdüyümüz rəqəmlərin məna tutumuna diqqət yetirək. O, 26 aprel 1908-ci ildə Cənubi Azərbaycanda - Təbrizin yaxınlığındakı Əndəbil kəndində anadan olmuşdur. Taleyin qəfil rüzgarları hələ uşaq ikən əlindən çox şeyini almışdı. Demək olar ki, çox erkən yaşlarından doğulduğu ana torpağı, valideynlərini itirmişdi. Buna baxmayaraq həyatın ağrı-acılarına mərdliklə sinə gərməyi bacarmışdır. Şimali Azərbaycanda ilk yaşadığı şəhər qədim Gəncə, ilk əmək fəaliyyətinə başladığı rayon Gədəbəy, ömrünün son mənzilinədək geniş ədəbi və elmi fəaliyyət göstərdiyi ünvan Bakı olmuşdur.
Mir Cəlalı yaxından tanıyanlar həmişə bir fikri çox vurğulayırlar ki, o, hər şeydən əvvəl, son dərəcə işıqlı şəxsiyyət idi. Hansı məziyyətlərindən danışmaq istəsən, insanın qəlbinə xoş hisslər, emosiyalar daxil olur. Mənəviyyatındakı saflıq, təmizlik, halallıq, toxluq həyatda, elmdə, yaradıcılıqda, pedaqoji fəaliyyətdə və insanlara münasibətdə həmişə Mir Cəlal müəllimin ən etibarlı yol yoldaşı idi.
Vaxtilə - İkinci Dünya müharibəsi dövründə universitetdə Mir Cəlal müəllimdən dərs almış xalq şairi Bəxtiyar Vahabzadə "Mənim müəllimim" adlı məqaləsində yazıb: "Mir Cəlal yaradıcılığının ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq və büllur dili idi. Onun dili xalq danışıq tərzinə uyğun, son dərəcə canlı, təbii ifadələrlə zəngin və bədii dildir. Buna görə də istər elmi, istərsə də bədii əsərlərə ilk növbədə dilin təmizliyi, qüsursuzluğu, ən ümdəsi isə xəlqiliyi baxımından yanaşır, bu vacib şərtləri hamıdan tələb edirdi".
Həyat həqiqətinə sadiqlik ədibin həqiqi vətəndaşlıq amalına çevrilmişdi. Tənqidçilər yazıçının yaradıcılıq keyfiyyətlərini hansı istiqamətdən təhlilə çəkməklərindən asılı olmayaraq həmişə bir fikirdə köklənirdilər: Mir Cəlal gözəl hekayələr ustadı idi. Onun hekayələrində həyatın hər iki qütbü həmişə özünü göstərirdi. Müəllifin "Ərik ağacı", "Şapalaq", "Xarici naxoşluq", "Plovdan sonra", "İclas qurusu", "Əmzik", "Yamanlığa yaxşılıq", "Ad günü", "Dərsini yaz", "Təzə toyun nəzakət qaydaları" adlı hekayələrində toxunulan məsələlər bu gün üçün də aktualdır. Onun sadə və şirin təhkiyəsi nağıllarımızdan gələn xalq danışıq dilindən bəhrələndiyini göstərirdi. Bu səbəbdən də Mir Cəlalın hekayələri həmişə maraqla qarşılanıb. Yarım əsr bundan əvvəl yazılmış "Anket Anketov" adlı hekayəsində müəllifin incə bir üsulla, yumorla, lakin kəskinliklə ifşaya çəkdiyi bir məsələ bugünün oxucusu üçün də maraqlıdır. Hamamlar trestinə rəis təyin olunan Anketov işə götürdüyü adamlardan min cür "spravka"lar tələb edir. Az qala qəbir evində də yoxlama aparmaq istəyir ki, görsün, işçinin babası pinəçi olub, yoxsa varlı, karlı!? Mir Cəlalın hekayələrində avamlıq, cahillik, nadanlıq, yaramazlıq müntəzəm tənqid edilib.
Mirzə Cəlili "Yeni realist ədəbi məktəbin banisi", Əbdürrəhim bəy Haqverdiyevi isə "Yeriyən Azərbaycan" adlandıran Mir Cəlal özü canlı ədəbiyyat idi. Professor Qara Namazova məxsus fikirdir ki, Mir Cəlal müəllim sadə hekayələrdə sadə adamların dili ilə gizli mətləblərə toxunurdu. Onda Mirzə Cəlilə xas olan "adi əhvalatlarda böyük həqiqətləri" açmaq məharəti var idi.
Mir Cəlal Azərbaycan ədəbiyyatının klassiklərindən olan Səməd Vurğun və tənqidçi Mehdi Hüseynlə yaxından dostluq edib. Bu barədə ədəbiyyatşünas-alim Firudin Hüseynov öz xatirələrində belə yazıb: "Mir Cəlal müəllim mənəvi cəhətdən saf və təmiz bir insan idi. Tamah hissindən uzaq, az-çoxa qane olan, gözü-könlü tox, təmiz bir ziyalı idi. Özü də həmişə deyərdi ki, Səməd Vurğun məni bir dost kimi sevərdi, tərifdən sonra zarafat eləyərdi: "Mir Cəlal, sənin bir böyük eyibin var, sən "silişkom paryadoçnı adamsan". Ədibi bir alim, ədəbiyyatşünas kimi başqalarından fərqləndirən mühüm cəhət təkcə elmi təfəkkürü deyil, həm də zəngin mənəviyyatı və sadəliyi idi".
Gözəl və nəcib duyğuların, düşüncələrin sahibi olan yazıçı öz əsərlərində insanı mənəvi cəhətdən saflaşdıran, zənginləşdirən problemlərlə bağlı elə mövzulara müraciət edib ki, onun yaradıcılığında tarixin, dövrün, quruluşun bütün rəngləri öz əks-sədasını tapırdı.
Ömrünün sonunadək müxtəlif mövzularda kiçik və lokonik hekayələr yazan Mir Cəlal Azərbaycan ədəbiyyatında roman janrının inkişafında da özünəməxsus xidmətlər göstərib. "Dirilən adam", "Bir gəncin manifesti", "Yolumuz hayanadır", "Açıq kitab", "Yaşıdlarım", "Təzə səhər" adlı romanlarında hekayələrinə məxsus bir məziyyətlər öz əksini tapıb. Yazıçının tədqiqatçıları bu fikirdədirlər ki, o, öz romanlarında tarixi hadisələri realist boyalar, tipik obrazlar və canlı həyati lövhələr vasitəsilə verməyə çalışıb. Mir Cəlalın romanlarında xalqımızın ötən əsrdəki mübarizələrlə dolu həyatının bütöv mənzərəsi var.
Mir Cəlal filologiya elmləri doktoru, professor idi. O, görkəmli ədəbiyyatşünas-alim
kimi də fəaliyyət göstərmişdir.
Klassik Azərbaycan ədəbiyyatının
mükəmməl və
bacarıqlı tədqiqatçılarından
biri idi. Bədii əsərlərində olduğu
kimi, elmi əsərlərində də
Mir Cəlal aydın məqsədli, milli təfəkkürlü tədqiqatçı
kimi diqqət çəkirdi. Mir Cəlal, həqiqətən,
ədib kimi də, alim kimi
də həyatın enişli-yoxuşlu yollarını
büdrəmədən məqsəd
aydınlığı ilə
keçməyi bacarıb.
Bu aydınlıqdan da çox talelərə
işıq düşüb.
Ədəbiyyatşünas Pənah
Xəlilova məxsus fikirdir: "Alim Mir Cəlal Paşayevin elmi əsərlərinin dili, üslubu öz qələm yoldaşlarının heç
birinin dilinə, üslubuna oxşamır. Onun əsərlərində nə
publisistika var, nə də qəliblənmiş elmi terminli tədqiqat dili. O, elmi əsərlərini yazıçı
Mir Cəlalın qələmindəki
yığcamlıq və
şirinliklə, amma dərin və axıcı elmi mühakimə tutumu olan dillə yazardı. Bu yazı
indi də təkraredilməz örnəkdir".
1948-ci ildə
Azərbaycan Dövlət
Universitetinin professoru seçilən Mir Cəlal
1961-ci ildən ömrünün
sonuna kimi bu ali məktəbin Azərbaycan
ədəbiyyatı tarixi
kafedrasında çalışmışdır.
Biz nəslin çoxuna
dərs demiş Mir Cəlal hər kəsin ürəyində
möhtəşəm müəllim
abidəsi yaratmışdı.
Bəlkə də bizim universitet həyatında onun qədər qayğıkeş, yumşaq
təbiətli müəllimimiz
olmamışdı. Kitablarının ilk nüsxəsini payladığı
oxucular elə öz tələbələri
olardı. Ömründə bir dəfə də jurnalı yoxlamazdı. Amma hər
kəsin nə işlə məşğul
olduğunu dəqiq bilərdi. Hamının maddi vəziyyəti
ilə maraqlanardı.
Qəlbi
insanlara qarşı məhəbbət və mərhəmətlə dolu
idi. Tələbəyə heç vaxt
kafi yazmazdı. Çünki o, təqaüddən düşə bilərdi.
Deyim ki, ondan əla
almaq da zor idi. Zarafatı çox sevərdi. Yumorlu atmacaları indiyə kimi ürəklərə
xoş ovqat yayan lətifəyə çevrilirdi. Bəzən
dərsin şirin yerində başı söhbətə qarışmış
tələbələrə özü deyərdi:
"Bağışlayın, biz sizə mane olmuruq ki".
Mir Cəlal müəllim bizə dərs deyəndə yaşı
70-ə yaxın idi. Amma yaşıdlarından
çox ahıl görünürdü. Həyatın ağrı-acıları onun
varlığına hopmuşdu.
Amma çöhrəsində qəribə
bir mülayimlik vardı. Adamı hey özünə çəkirdi. Bu ünsiyyətdə sanki öz doğmanla üzləşirdin. Hamıya əziz
və mehriban idi. Mühazirə vaxtı isə "Ədəbiyyatşünaslığın əsasları" kitabını
az qala
sətirbəsətir əzbər
deyərdi. Hər kəsi müəyyən
rənglərlə, geyimlərlə
əlaqələndirib çağırırdı.
O dövrdən bir qənirədən artıq
vaxt ötməsinə
baxmayaraq indi də hərdən qulaqlarıma Mir Cəlal müəllimin "qırmızı
köynəkli qız"
ifadəsi səslənməkdədir.
Biliyimizdən, xasiyyətimizdən, dolanışığımızdan, bir sözlə, bütün tələbələrin
məişət qayğılarından
xəbər tutmağı
vacib bilərdi. Yadımdadır, tələbə yoldaşlarımızdan birinin
vəziyyəti çox
ağır idi. Mir Cəlal müəllim
sinif nümayəndəsi
ilə pünhan söhbət edərək
o tələbə qıza
özünün də
xəbəri olmadan maddi kömək göstərmişdir. Son dərəcə həssaslığı
həmişə onun köməyinə çatırdı.
Bu səbəbdən də tələbələrin
hər birinin üzündən, gözündən,
hərəkətlərindən, səsindən tanıyırdı.
Mir Cəlal müəllim həqiqətən çox
sadə və geniş ürəkli bir insan idi. Xatırlanacaq bu əhvalat onun böyüklüyünü
şərtləndirən bir
nümunədir. Mənə
bir kurs işi vermişdilər:
"Mir Cəlalın yaradıcılığında
imperializmin tənqidi".
Kömək üçün ona müraciət edəndə çox təəccübləndi. Eynəyini gözlərindən
çəkərək dedi:
"Sən jurnalistikada
oxuyursan. Mir Cəlaldan
niyə kurs işi yazırsan?"
Öz əli ilə mövzuda belə düzəliş etdi: "Mirzə Cəlilin felyetonlarında
imperializmin tənqidi".
Üstəlik, məsləhət
verdi, planın
da tutulmasında kömək etdi. Mir Cəlal belə
ürəyin və əqidənin sahibi idi.
1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı
ilə Mir Cəlalın
anadan olmasının
90 illiyi dövlət səviyyəsində qeyd edildi. Bu münasibətlə
onun həmkarlarının,
tələbələrinin, doğmalarının qələmə
aldıqları yazılardan
ibarət bir xatirələr kitabı çapdan çıxdı.
Yazıçının qızı Ədibə
xanımın bizə
bağışladığı həmin kitabı vərəqlədikcə müxtəlif
xatirələrdən Mir Cəlal
müəllimin işıqlı
obrazı boylanır.
Unudulmaz alimin vaxtilə professor Firudin Hüseynovla birgə yazdığı
"Azərbaycan ədəbiyyatı
tarixi" adlı kitabı 2000-ci ildə İstanbulda çap edilmişdir. Türkiyəli oxucular bu kitab
vasitəsilə Azərbaycan
ədəbiyyatının tarixini
mükəmməl öyrənmək
imkanı qazanıblar.
Çox
fərəhli məqamdır
ki, YUNESKO-nun xətti ilə görkəmli Azərbaycan yazıçısının
100 illik yubileyi geniş miqyasda qeyd edildi. Bu münasibətlə məmləkətin hər
bölgəsində Mir Cəlalla
bağlı müxtəlif
yubiley tədbirləri
keçirildi. Vaxtilə yaşayıb
işlədiyi Gəncədə,
Gədəbəydə, Bakıda
yazıçının yaradıcılığını
əks etdirən muzeylər açıldı,
guşələr yaradıldı.
Məhəbbəti qəlblərdə yaşayan
unudulmaz yazıçı
və pedaqoq Mir Cəlal Paşayev apreldə dünyaya gəlmişdi. Bir payız günündə
- sentyabrın 28-də dünyaya
və canından artıq sevdiyi doğmalarına "əlvida"
dedi. Vaxtilə ürəklərdə yandırdığı çıraq
yenə də eyni şövqlə alovlanmaqdadır. Həqiqətən də, el məhəbbəti
qazanan insanlar heç vaxt unudulmurlar. Vaxtilə
bu gözəl və müdrik insandan çox yaxşılıq, qeyri-adi
himayədarlıq görmüş
xalq şairi Nəriman Həsənzadə
öz müəllimi haqqında ehtiramla danışır: "Mir Cəlal
müəllim, həqiqətən,
peyğəmbər təbiətli
insan idi. Xeyirxahlıq
onun qanında, canında idi".
Mir Cəlal bir nur çeşməsi idi. Bu çeşmədən pay götürənlər çox
olub. Sevinirik ki, biz öz
sevimli müəllimimizdən
bir ömür manifestinin cizgilərini dərindən öyrənə
bilmişik. Xalq şairi Süleyman Rüstəmin Mir Cəlalın
50 illik yubileyinə yazdığı şeirdə
belə bir misrası var: "Sadə ürəklərdə
yandırıb çıraq,
qazandın ellərin məhəbbətini". El məhəbbəti qazananlar
isə əbədi ömür sahibi olurlar.
Nə yaxşı ki, bu halal ocaqdan
pərvazlananlar Mir Cəlal
ənənəsini davam
etdirirlər. Yazıçı ömrünün manifesti də elə budur.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 7.