Festival çərçivəsində opera sənətimizin şah
əsəri "Leyli və Məcnun"
nümayiş olunmuşdur
Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Üzeyir Hacıbəyli-125" Beynəlxalq musiqi festivalı çərçivəsində "Leyli və Məcnun" operası nümayiş etdirilmişdir.
Şərqin ilk opera tamaşası, artıq 102 ildir ki, teatrın repertuarında möhkəm yer tutan "Leyli və Məcnun" əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda tamaşaçılara təqdim olunmuşdur.
Məşhur səhnə əsərinin quruluşçu rəssamı xalq rəssamı, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, xormeysteri Sevzixan Sərdarov, baletmeysteri əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir. Baş rollarda əməkdar artist Gülyaz Məmmədova və teatrın gənc solisti Səbuhi İbayev çıxış etmişlər.
Tamaşaçılar opera sənətimizin incisi "Leyli və Məcnun"u həmişəki kimi böyük maraqla izləmiş, yaradıcı heyəti alqışlarla qarşılamışlar.
AzərTAc
Azərbaycan.- 2010.- 28 sentyabr.- S. 7.