Azərbaycan Prezidenti
İlham Əliyevin Özbəkistan
Respublikasına rəsmi səfəri
Geniş tərkibdə görüş
Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Prezident İslam KƏRİMOV görüş iştirakçılarına müraciət edərək dedi:
- Hörmətli İlham Heydər oğlu.
Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri, dostlar!
Sizi Özbəkistan torpağında salamlamaqdan və sizin şəxsinizdə qardaş Azərbaycan xalqına dərin hörmətimi bildirməkdən hədsiz məmnunam. Fürsətdən istifadə edib bir daha vurğulamaq istərdim ki, Özbəkistanda Azərbaycan ilə Özbəkistan arasında səmimi dostluq hisslərinə əsaslanan dərin məzmunlu ikitərəfli dövlətlərarası münasibətləri yüksək qiymətləndirirlər. Prezidentlər arasında görüşlərə, yüksək səviyyədə görüşlərə, nazirliklər, müvafiq qurumlar səviyyəsində və işgüzar səviyyədə görüşlərə həmişə tələbat vardır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana bu rəsmi səfərini ikitərəfli və çoxtərəfli münasibətlərin dinamikasını, məzmununu, etimada əsaslanan fikir mübadiləsini obyektiv qiymətləndirmək, ölkələrimizin əməkdaşlığının ən mühüm prioritetlərini müəyyən etmək üçün yaxşı bir imkan hesab edirik.
Biz 2008-ci ildə Özbəkistan nümayəndə heyətinin Azərbaycana məhsuldar səfərini, orada gördüyümüz unudulmaz ənənəvi Azərbaycan qonaqpərvərliyini və mehribanlığı xüsusi hərarət hissi ilə xatırlayırıq. Heç şübhəsiz, ölkələrimiz və xalqlarımız arasında səmimi qarşılıqlı hörmət və dostluq münasibətlərinin təzahürü üçün bizim milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin, dinimizin çoxəsrlik tarixi, eləcə də milli mənafelərimizin və müasir şəraitdə qarşımızda duran uzunmüddətli vəzifələrin ümumiliyi mühüm və münbit zəmindir. Azərbaycanlıların tamamilə aydın başa düşdüyü özbək dilində desək, "Bizim ulduzlarımız müştərək, dilimiz bir, dinimiz bir, ürəklərimiz birdir".
Fürsətdən istifadə edib təkcə öz adımdan deyil, həm də ölkəmizin bütün ictimaiyyəti adından görkəmli şəxsiyyət, bütün həyatını, bütün enerjisini, dövlət xadiminə xas olan zəngin istedadını bütünlüklə doğma ölkənin dirçəldilməsinə, ona xidmətə həsr etmiş, Azərbaycanın bugünkü və gələcək həyatının təməlini yaratmış Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin hörmət hissini bildirmək istərdim. Biz onu Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı etimad münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüş uzaqgörən siyasi xadim və müdrik insan kimi xatırlayır və qiymətləndiririk. Hörmətli İlham Heydər oğlu, təbii ki, həyata keçirməyə başladığınız, hərtərəfli düşünülmüş və ölçülüb-biçilmiş xarici və daxili siyasət xəttinin reallaşdırılması, ölkənizin iqtisadi qüdrətinin, onun potensialının gücləndirilməsi, beynəlxalq aləmdə artan nüfuzunun təmin edilməsi üçün Sizin nə qədər böyük gərginlik, qüvvə, enerji və əmək sərf etdiyinizi Özbəkistanda yaxşı bilirik. Ölkənizin çox zəngin ehtiyatlarından səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, onun ixrac hissəsinin genişləndirilməsi, əhalinin rifahının və həyat səviyyəsinin keyfiyyətinin daim yüksəldilməsi üçün Azərbaycanda inamla reallaşdırılan proqram böyük hörmətə layiqdir. Bütün bunların Cənubi Qafqazda qarşıdurmanın, kənardan təhdid və təhlükələrin, dünya maliyyə-iqtisadi böhranının təsirinin hələ də davam etdiyi şəraitdə baş verdiyini nəzərə alsaq, bunun nəyin bahasına əldə edildiyi aydın olar.
Azərbaycan ilə ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını bildirən Özbəkistan Prezidenti əlaqələrimizin möhkəmlənməsinin Cənubi Qafqaz və Orta Asiya regionlarında uzunmüddətli sabitliyin təmin olunması işinə töhfə verə biləcəyini vurğuladı. İslam Kərimov Azərbaycan ilə Özbəkistan münasibətlərinin böyük perspektivlərə malik olduğunu qeyd edərək, iri regional layihələrin həyata keçirilməsində əməkdaşlığın əhəmiyyətindən danışdı. Ölkələrimiz arasında xarici siyasət sahəsində sıx koordinasiyanın həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdıran Özbəkistan Prezidenti siyasi məsləhətləşmələrin bundan sonra da fəal şəkildə aparılmasının vacibliyini qeyd etdi. Sonra Özbəkistan dövlətinin başçısı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi:
- Qeyd etmək istərdim ki, Özbəkistanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyi dəyişməz qalır, bu, 2008-ci ildə BMT Baş Məclisinin müvafiq qətnaməsinin müzakirəsi zamanı bir daha təsdiq edilmişdir. Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə ardıcıl şəkildə tərəfdar olmuş və tərəfdardır, eyni zamanda, hesab edir ki, problemin həllinin başlıca şərti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsidir.
Azərbaycan ilə ölkəsi
arasında iqtisadi əlaqələrə toxunan Özbəkistan Prezidenti
dedi:
- Hörmətli
dostlar, şübhəsiz
ki, ticarət-iqtisadi, sərmayə əlaqələrinin
dərinləşməsi ikitərəfli
əməkdaşlığın prioritet istiqaməti, deyərdim ki, bütün digər qarşılıqlı münasibətlərimizin
inkişaf etdirilməsinin
təməl nöqtəsidir.
Qeyd etmək istərdim ki, qlobal maliyyə-iqtisadi
böhran şəraitində
birgə fəaliyyət
proqramının müəyyən
edilməsi, iki dövlətin müəssisələri
və şirkətləri
arasında kooperasiya əlaqələrinin gücləndirilməsi,
qarşılıqlı əmtəə
dövriyyəsinin inkişafının
əldə olunmuş
sürətinin qorunub
saxlanması və artırılması olduqca
aktualdır. Bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına nəql marşrutları, bir daha təkrar
edirəm ki, getdikcə aktuallaşır.
Bu baxımdan həmin marşrutda Cənubi və Mərkəzi Avropa bazarlarına çıxan
yeni perspektivli Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə
imkan verən mühüm nəqliyyat qovşağı kimi Bakı limanından istifadə olunmasına maraq artır.
Özbəkistan Prezidenti
ölkələrimiz və
xalqlarımız arasında
mədəni əlaqələrə
də toxunaraq dedi:
- Ənənəvi mədəni-humanitar əlaqələr bir-birinə yaxın olan özbək və Azərbaycan xalqları arasında etimadın, qarşılıqlı hörmətin möhkəmlənməsi işində mühüm amildir. Hörmətli İlham Heydər oğlu, Sizinlə birlikdə Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir. Əminəm ki, səfəriniz zamanı açılacaq və öz xalqının görkəmli oğlu Heydər Əliyevin şərəfinə onun adı verilmiş Azərbaycan Mədəniyyət Mərkəzi iki xalq arasında səmimi dostluğun xoş ənənələrinin inkişafına xidmət edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2010.- 29 sentyabr.- S. 1.