Dövlət başçılarının mətbuat üçün bəyanatları

 

 

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

 

Özbəkistan Prezidenti İslam KƏRİMOV bəyanatla çıxış edərək dedi:

 

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!

Xanımlar və cənablar!

Hörmətli qonağımızı, Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevi və bütün azərbaycanlı dostlarımızı bir daha salamlamaqdan böyük məmnunluq duyuram. Ənənəvi olaraq Özbəkistan-Azərbaycan münasibətlərinə xas açıq, konstruktiv şəraitdə keçən və bir qədər əvvəl başa çatmış danışıqların yekunlarından tam məmnunluq ifadə etmək istərdim. Biz ikitərəfli xarakter daşıyan bir çox məsələləri ətraflı və hərtərəfli müzakirə etdik, aktual, ən kəskin regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi apardıq. Səfər çərçivəsində ikitərəfli əlaqələrin bir çox bazapraktiki istiqamətlərini konkretləşdirən və stimullaşdıran sanballı mühüm sənədlər paketi imzalanmışdır. Onların arasında rəsmi səfərin yekunlarına dair birgə Bəyannaməni xüsusi qeyd etmək istərdim.

Özbəkistanda bizə yaxın olan və tanınmış lider İlham Əliyevin ölçülüb-biçilmiş, düşünülmüş və əsasən praqmatik siyasəti sayəsində müstəqilliyin, iqtisadi potensialın və beynəlxalq nüfuzun möhkəmləndirilməsi yolu ilə qətiyyətlə addımlayan Azərbaycanın böyük uğurlarından və nailiyyətlərindən yaxşı xəbərdardırlar və bunlara görə ürəkdən sevinirlər.

Sonra İslam Kərimov Azərbaycanda gedən inkişaf proseslərinə toxunaraq dedi: - Lakin gözəl Bakıda, tarixi Bakıda, bənzərsiz Bakıda olduğum qısa müddətdə bir şeyə əmin oldum ki, Azərbaycan inamla irəliləyir və hətta dünya maliyyə-iqtisadi böhranının hökm sürdüyü çətin şəraitdə belə sürətlə irəliləyən və irimiqyaslı planlarını inamla həyata keçirən dövlətləri barmaqla saymaq olar.

İslam Kərimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Özbəkistanın mövqeyini də bildirərək dedi: - Danışıqlar zamanı biz bir daha təsdiq etdik ki, Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz birmənalı və dəyişməz qalır. Özbəkistan bu çoxillik münaqişənin sülh yolu ilə siyasi həllinə tərəfdardır və tərəfdar olaraq qalır. Eyni zamanda, Özbəkistan hesab edir ki, bu münaqişənin həllinin başlıca şərtlərindən biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır.

Zənnimcə, bu mövqe beynəlxalq normalara, tarixi paralellərə cavab verir. Özbəkistanın bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir: Azərbaycanın ərazi bütövlüyü müqəddəs anlayışdır və problemin bütün həll variantlarında onu əsas götürmək lazımdır.

 

Prezident İslam Kərimov ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirdi:

 

- Özbəkistan ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın geniş potensialını nəzərə alaraq, tərəflər etiraf etmişlər ki, əmtəə dövriyyəsinin və qarşılıqlı kooperasiyasının indiki səviyyəsi mövcud imkanlarımıza uyğun deyildir. Bununla əlaqədar, indi qəbul etdiyimiz 2011-2015-ci illər üçün iqtisadi əməkdaşlıq proqramının hökumətlərarası səviyyədə fəal əlaqələndirilməsi şərti ilə tam həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Biz ölkələrimizin iri nəqliyyat-kommunikasiya, tranzit potensialından daha səmərəli və qarşılıqlı surətdə faydalı şəkildə istifadə olunması imkanlarının öyrənilməsi barədə razılığa gəldik.

 

Özbəkistan Prezidenti ölkələrimizin mədəniyyət və humanitar sahələrdə də uğurla əməkdaşlıq etdiyni diqqətə çatdıraraq dedi:

 

- Praktiki olaraq gündəlik fəaliyyətimiz ikitərəfli mədəni-humanitar münasibətlərin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə yönəldilmişdir. Biz fəxr edirik ki, ümumi köklərimiz vardır. Biz ümumi tariximizlə fəxr edirik. Biz dilimizin, mədəniyyətlərimizin və xalqlarımızın mənəvi yaxınlığı ilə fəxr edirik. Mən nümayəndə heyətinin tərkibində Şeyxülislam Allahşükür Paşazadənin də olduğuna görə İlham Heydər oğluna minnətdaram. Mən bu insana çox böyük hörmət bəsləyirəm və jurnalistlərin qarşısında bir daha vaxtilə Özbəkistanda təhsil almış və Özbəkistanı, həqiqətən, özünün ikinci vətəni sayan bu insana böyük ehtiramımı təsdiq etmək istəyirəm. Bizonu Özbəkistan mədəniyyətinə, dininə yaxın, Mərkəzi Asiyanın tarixini gözəl bilən bir insan hesab edirik.

Prezident İslam Kərimov Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayaraq dedi:

- Budəfəki səfər Azərbaycan ilə Özbəkistanın münasibətlərinin tarixində daha bir mühüm hadisə - Azərbaycan xalqının görkəmli oğlu, ikitərəfli münasibətlərin inkişafına misilsiz töhfə vermiş, mübaliğəsiz deyə bilərəm ki, özbək xalqının böyük dostu Heydər Əlirza oğlu Əliyevin adını daşıyacaq Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı ilə əlamətdardır.

Yaxşı yadımdadır, bir dəfə mən onunla birlikdə bizim milli universitetin tələbələri və professor-müəllim heyəti ilə görüşdə idim. O vaxt Heydər Əliyev tələbələr və müəllim heyəti qarşısında təqribən saat yarım çıxış etdi. Hətta o, tribunaya əlində kağız olmadan yaxınlaşanda fikirləşmişdim ki, görəsən, o, beləcə neçə dəqiqə danışa biləcək. Lakin əgər daha çox danışmağa imkan olsaydı, o, bizim tələbələri elə cəlb edə bilərdi ki, onlar vaxtın necə keçdiyini heç hiss etməzdilər.

O, gözəl natiq, cəlb etməyi, sözlərində dinləyicilərə lazım olan məzmunu, onların ehtiyac duyduğu mənanı çatdırmağı bacaran insan idi. Onun dinləyicilərlə necə əlaqə yaratmasını unutmaq mümkün deyildir. Bax, o vaxt biz ilk dəfə onu xorla Haydar əkə adlandırdıq. Özbək dilində bu, "möhtərəm", "ağsaqqal" deməkdir. Bizim Özbəkistanda Haydar əkə adlı adamlar çoxdur. Buna görə mən onu Heydər Əliyeviç deyil, daha çox Haydar Əliyeviç çağırardım. Mən bu insanın pərəstişkarıyam və fəxr edirəm ki, onunla birlikdə işləməli, onunla birlikdə o qədər problemləri yaşamalı və aradan qaldırmalı olmuşam ki, bu barədə indi danışmaq çətindir. Ən başlıcası, bu insan bütün varlığı ilə yalnız bir şeyi istəyirdi: özbəklər və azərbaycanlılar sülhdostluq şəraitində yaşasınlar, onların gələcəyi birlikdə olsun.

 

Azərbaycan Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:

 

- Hörmətli İslam Əbdüqəniyeviç, xoş sözlərinizə, qonaqpərvərliyinizə, səmimi qəbula görə sağ olun. Zənnimcə, nümayəndə heyətimizin üzvləri məni dəstəkləyərlər ki, biz burada özümüzü evimizdə olduğu kimi hiss edirik. Biz özümüzü dostlarımızın, qardaşlarımızın arasında, doğma torpağımızda hiss edirik. Sizin yaratdığınız bu ab-havanı biz yüksək qiymətləndiririk.

Azərbaycanın böyük oğlu Heydər Əliyev haqqında səmimi sözləriniz bütün azərbaycanlıların qəlbində rəğbət doğurur. Heydər Əliyev haqqında, onun Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına imkan vermiş işləri haqqında xatirə qəlbimizdə yaşayır. Bu gün gördüyümüz işlər də Heydər Əliyevin xidmətləridir.

Bu gün biz möhkəm zəmin üzərində dövlət qururonu gücləndiririk. Buna görə mən Sizə, atamla dostluq etmiş, onunla birgə işləmiş insana çox minnətdaram, Sizi bağlayan amillər çox idi. Bu sözləri eşitmək, qardaş Özbəkistanda Heydər Əliyevin xatirəsinin əziz tutulduğunu görmək mənə çox xoşdur. Bu, dövlətlərimizin bugünkü uğurlu inkişafının mühüm amillərindən biridir.

Azərbaycan dövlətinin başçısı Özbəkistanın qazandığı uğurlara toxunaraq dedi:

- Bir daha demək istəyirəm ki, müstəqillik dövründə ölkənizin uğurları Azərbaycanda bizi çox sevindirir. Sizin rəhbərliyiniz altında, prinsipialmüdrik siyasətiniz sayəsində Özbəkistan çox böyük nəticələr qazanmışdır. Biz Özbəkistanı qardaş, yaxın, dost dövlət hesab edirik. Bu dövlətlə bizi çox möhkəm tarixi, mədəni əlaqələr bağlayır. Bugünkü münasibətlərimiz də bu baza əsasında formalaşmışdır.

 

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Özbəkistanın qəti və ədalətli mövqeyini xüsusi vurğulayaraq dedi:

 

- Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsində, eləcə də bütün münaqişələrin bütövlükdə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməsində prinsipial, ardıcıl, qətiyyətli mövqeyinə görə biz Özbəkistana çox minnətdarıq. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınmışdır. Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması bütün dünya tərəfindən, BMT tərəfindən tanınmışdır. Təbii ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin başlıca şərtidir. Erməni tərəfin tez-tez istinad etdiyi xalqların təyini-müqəddərat hüququ məsələsinə gəldikdə isə, bu hüquq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində uğurla həyata keçirilə bilər. Bu prinsip ərazi bütövlüyü prinsipinə zidd deyildir və əgər Helsinki Yekun Aktının qərarına nəzər salsaq, orada aydın görünür ki, xalqların təyini-müqəddərat hüququ dövlətin ərazi bütövlüyünü pozmamalıdır. Xüsusən erməni xalqının artıq bir dəfə Azərbaycanın tarixi torpaqlarında öz müqəddəratını təyin etməsini nəzərə alsaq, ikinci erməni dövlətinin yenə də Azərbaycanın tarixi torpaqlarında yaradılması tamamilə yolverilməz və qəbuledilməzdir.

Biz öz ərazi bütövlüyümüzü bərpa etmək üçün səy göstərəcəyik. Biz danışıqlar prosesindəyik, məsələyə konstruktiv münasibət nümayiş etdiririk və erməni tərəfdən də konstruktivlik gözləyirik ki, bu məsələ tənzimlənsin. Münaqişənin uzanması heç kimin xeyrinə deyildirhesab edirəm ki, beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə müvafiq olan tənzimləmə yolunun tapılması bütün dövlətlərin mənafeyinə uyğundur.

İslam Əbdüqəniyeviç, bizi dəstəklədiyinizə görə bütün Azərbaycan xalqı adından şəxsən Sizə və Özbəkistanın bütün qardaş xalqına bir daha dərin təşəkkürümü bildirmək istəyirəm. Biz bunu yüksək qiymətləndiririk.

 

Prezident İlham Əliyev Azərbaycanın və Özbəkistanın dövlət başçılarının imzaladıqları birgə Bəyannamənin mühüm əhəmiyyətinə toxunaraq dedi:

 

- Bu gün biz mühüm Bəyannamə imzaladıq. Bu sənəddə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə də toxunulur. Bəyannamədə regional, beynəlxalq təhlükəsizlik, iqtisadi xarakterli digər mühüm məqamlar da qeyd edilmişdir. Biz bütün istiqamətlər üzrə münasibətlərimizi qətiyyətlə inkişaf etdirmək əzmindəyik və bu gün konkret nəqliyyat layihələrini, iqtisadi əməkdaşlıq məsələlərini hərtərəfli müzakirə etmişik. Ümid edirik ki, nəzərdə tutduqlarımızın hamısını həyata keçirəcəyik.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 sentyabr.- S. 1, 2.