Azərbaycan ərzaq təhlükəsizliyini gücləndirir

 

Görülən məqsədyönlü tədbirlər nəticəsində yaxın perspektivdə quşçuluq məhsullarına tələbat tamamilə yerli istehsal hesabına ödəniləcək

 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafını xarakterizə edən mühüm amillərdən biri də ölkədə məcmu istehsal həcminin ildən-ilə artması və bunun ən müxtəlif sahələri əhatə etməsidir. İstehsalat və hasilatın real strukturunun təhlili göstərir ki, burada karbohidrogen ehtiyatları ilə yanaşı, digər təbii resursların səmərəli şəkildə mənimsənilməsi genişlənməkdə, eləcə də qeyri-neft sektorunda dinamik artım yaşanmaqdadır. Bunun nəticəsidir ki, cari ilin ilk yarısnda qeyri-neft sektorunda artım neft istehsalına nisbətdə daha böyük olub və 15,3 faiz təşkil edib. Belə vəziyyət Azərbaycanın iqtisadi inkişafında diversifikasiya siyasətinin uğurla reallaşdırılmasından və bu sferada yaşanan tərəqqinin konkret bir sahə üzrə köklənməyərək daha genişmiqyaslı xarakter daşımağından xəbər verir.

 

Bütün bunlar yeni istehsal sahələrinin, yerlərinin açılmasında, iqtisadi artımın davamlılığının təmin edilməsində, əhalinin gəlirlərinin artırılmasında və rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasında mühüm rol oynayan faktorlar kimi çıxış edir. Hazırda özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələni yaşamaqda olan Azərbacan əmək ehtiyatlarından, təbii və iqtisadi resurslarından səmərəli istifadə etməklə qeyri-neft sektorunda, o cümlədən emal, xidmət, infrastruktur və digər belə qəbildən olan sferalarda ciddi uğurlara imza atır. Burada daha bir mühüm məqam ondan ibarətdir ki, yaşanan iqtisadi inkişaf ölkə üzrə proporsional şəkildə müşahidə olunur, paytaxtdan başlayaraq ən ucqar regionları da əhatə edir. Digər tərəfdən, son illər ərzində qeydə alınan iqtisadi artımda dövlətlə yanaşı, özəl sektorun xüsusi çəkisinin də artan xətt üzrə inkişafı qazanılan ən önəmli nailiyyətlərdəndir.

Özəl sektorda qeydə alınan tərəqqinin daha dinamik xaratker alması məqsədilə ölkəmizdə həyata kecirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes muhitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, regionların inkişafı, yerlixarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Bunun nəticəsidir ki, görülmüş işlər sayəsində sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib və bu dövlət-sahibkar münasibətlərini yüksək səviyyədə inkişaf etdirib. Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində atılan əhəmiyyətli addımlar, onların hüquqlarının müdafiəsinin işlək mexanizmlərinin yaradılması və tətbiqi sahibkarlıq subyektlərinin fəaliyyət miqyasını xeyli dərəcədə genişləndirən əsas faktorlardandır.

Qeyd edilənlər Azərbaycanda qeyri-neft sektorunda ümumi istehsalın həcminin artmasında özünəməxsus vacib rol oynayan əsas məqamlardandır. Burada mühüm sahələrdən biri isə ərzaq məhsullarını əhatə edir. Bu gün yerli istehsal hesabına ərzaq məhsullarının artımı hər bir dövlət üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bu, etibarlı ərzaq təhlükəsizliyinin təmin edilməsinin ən əsas şərtləri sırasında yer alır. Dünya üzrə ərzaq istehsalında artım səviyyəsi azalmaqdadır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Deməli, qarşıdakı illər ərzində istənilən həcmdə ərzaq məhsullarının idxalı sahəsində ciddi çətinliklərin yaşanması istisna olunmur.

Lakin Azərbaycanda görülən məqsədyönlü tədbirlər və aparılan siyasət indi əksər ərzaq məhsullarının yerli istehsal hesabına hazırlanmasına imkan verir. Prezident İlham Əliyevin 2008-ci ilin avqustunda müvafiq sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" bu istiqamətdə mühüm rol oynadı. Həmin proqramın qarşıya qoyduğu əsas vəzifə ölkədə ərzaq məhsulları istehsalını artırmaqdır.

Görülən işlər sayəsində hazırda ölkəmizdə müxtəlif ərzaq sahələri üzrə istehsal həcmi əhəmiyyətli dərəcədə genişlənib. Ayrı-ayrı konkret sahələrə diqqət yetirməklə bunu görmək mümkündür. Məsələn, qida rasionunda və əhalinin ərzaq səbətində mühüm paya malik quşçuluq məhsulları sahəsində ölkəmizdə olduqca mühüm işlər görülürbu sferada dövlət dəstəyi sayəsində vəziyyətin arzolunan həddə çatdırılması üçün konkret addımlar atılır. Bunun nəticəsində isə yaxın perspektivdə Azərbaycan quş ətinə və yumurtaya olan tələbatı tamamilə yerli istehsal hesabına ödəyə biləcək.

Ümumiyyətlə, Azərbaycanda quşçuluq sənayesinin inkişaf etdirilməsi, əhalinin keyfiyyətli quş əti, yumurta və digər quşçuluq məhsulları ilə təmin edilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat katibi Abbas Əliyevin sözlərinə görə, ölkəmizdə olduğu kimi, dünyanın bir çox ölkələrində də quşçuluq sənayesi kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində aparıcı yer tutur. Bu sahə əhalini yüksək keyfiyyətli pəhriz məhsulları, sənayeni isə emal üçün xammal ilə təmin edir. Quşçuluq heyvandarlığın ən tezyetişən və gəlirli sahələrindən biridir. Ona görə də bu sahəni inkişaf etdirməklə qısa müddətdə ət və yumurta kimi qiymətli yeyinti məhsullarının miqdarını sürətlə artırmaq və əhalinin həmin məhsullara olan tələbatını ödəmək mümkündür. Respublikamızda quşçuluğun inkişaf tarixindən və onun səciyyəvi xüsusiyyətlərindən görünür ki, əhali bütün dövrlərdə bu sahənin inkişaf etdirilməsinə, məhsuldarlığın yüksəldilməsinə, mövcud olan cinslərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirib. Quşçuluqda yeyinti məhsullarından başqa sənaye üçün xammal və kənd təsərrüfatı üçün üzvü gübrə (quş peyini) də alınır. Başqa növ heyvanlarla müqayisə etdikdə görünür ki, quşçuluqdan alınan yeyinti məhsulları həm daha tez, həm də ucuz başa gəlir.

Müasir dünyada baş verən qlobal istiləşmə mühüm ərzaq məhsullarına tələbatı da artırır. Artıq dünyanın inkişaf etmiş əksər ölkələri insan orqanizmi üçün mühüm - daha tez zülal yarada bilən məhsulların istehsalını əsas hədəfləri olaraq müəyyənləşdiriblər. Belə məhsullardan biriyumurtaquş ətidir. Yumurta məhsulunda zülal 1, quş ətində isə 30-35 gün ərzində formalaşır. Quşçuluğun belə gəlirli və əlverişli sahə olmasına baxmayaraq, sovet rejimi dağıldıqdan sonra bu sahədə geridə qalmış və özbaşına buraxılmışdı. Müstəqillik əldə etdikdən sonra respublikada fəaliyyətsiz qalan, bəzi quşçuluq fabrikləri tam gücü ilə olmasa da, məhsul istehsalına başladı. Bir müddətdən sonra yeni broyler təsərrüfatları yaranmağa başladı.

Ötən il ölkədə 44 quşçuluq təsərrüfatı fəaliyyət göstərib və bu təsərrüfatlar tərəfindən quş əti istehsalı 50,55 min ton, yumurta istehsalı isə 1 209.4 milyon ədəd təşkil edib. Respublikaının ötən il idxalı isə 11,9 min ton olub. Adambaşına düşən illik quş əti 7,8 kq, o cümlədən yerli istehsal hesabına 5,8 kiloqramdır. 2009-cu ildə əhalinin quş ətinə olan illik tələbatı 70 min ton təşkil edibquş əti istehlak bazarı təklifinin 74 faizi yerli istehsal hesabına formalaşıb. Toyuq ətinin istehsalı digər ət növlərinə nisbətdə daha ucuz başa gəldiyi və Azərbaycanda kənd əhalisinin xüsusilə toyuq saxlama ənənələri nəzərə alınsa, həqiqətdə ölkədə toyuq əti istehsalı daha da yüksəkdir. Fərdi təsərrüfatlarda istehsal olunan quş əti 2 min tondan yuxarıdır.

Respublikada quşçuluğun inkişaf etdirilməsi üçün real şərait, təcrübə və tarixi ənənələr mövcuddur. Lakin respublikada mövcud olan quşçuluq təsərrüfatlarının əksəriyyəti tam gücü ilə işləyə bilmir. Burada əsas problemlərdən biri məhsul istehsalının maya dəyərinin baha başa gəlməsidir. Yerli məhsulun maya dəyərini baha edən əsas amil quşçuluq üçün lazım olan xammalın (avadanlıq, yem, müxtəlif yem əlavələri, damazlıq yumurtas.) idxal olunmasıdır. Maya dəyərinin baha başa gəlməsi isə yerli məhsulların qiymətlərinin artımına birbaşa təsir göstərir. Qeyd edilən bu problemlərlə yanaşı, xarici quş ətinin respublika bazarlarına ayaq açması yerli təsərrüfatlar tərəfindən istehsal olunan quşçuluq məhsullarının satışını da məhdudlaşdırır. Bu təkcə rəqabətlə bağlı olan məsələ deyil. Xarici ölkələrdən dondurulmuş şəkildə və xarici quş ətinin maya dəyəri aşağı olduğundan, idxal olunan məhsullar ucuz başa gəlir ki, istehlakçılar da buna üstünlük verirlər. Maya dəyəri baha olduğundan yerli broyler təsərrüfatları rəqabət aparmaq üçün məhsulları ucuz sata bilmirlər. Problemlərin bu istiqamətdə inkişafı məhsul satışının zəifləməsinə, quşçuluq təsərrüfatlarının tam gücü ilə işləməməsinə, iqtisadi effektliyin aşağı düşməsinə, nəticə etibarı ilə fəaliyyətlərinin tədricən dayanmasına gətirib çıxarır. Sözügedən problemlərin sırasına quşçuluq təsərrüfatlarının quş yeminə olan tələbatlarının dolğun ödəmək imkanlarının olmaması, maliyyə vəsaitlərinin çatışmazlığı, quşçuluq təsərrüfatlarında menecment xidmətinin hələ də zəif qurulması da daxildir. Lakin quşçuluğun inkişafı təkcə yem məhsullarının təminatı ilə məhdudlaşmır. Problem ondadır ki, respublikada elektrodamazlıq baza yoxdur. Damazlıq cücə və yumurta alınmasında çətinliklər var. Mövcud olan problemlərin tərkibində respublikamızın əksər quşçuluq təsərrüfatlarında quş əti və yumurta istehsalı üzrə müasir avadanlıq və texnoloji vasitələrlə təminatın zəif olmasıdır. Təbii ki, bu qəbildən olan problemlərin həlli üçün maliyyə vəsaitlərinin çatışmazlığı əsas səbəblərdən biri kimi önə çəkilməlidir.

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda quş əti ilə respublikanın özünü təmin etmə səviyyəsinin 74 faiz olduğunu bildirmişdir: "Mən əminəm ki, bax, bu bəzi pozisiyalar üzrə biz hələ ki, özümüzü 74-76 faiz təmin edirik. İki-üç ildən sonra bu da yüz faizə çatacaqdır. Çünki biz buna çatmaq üçün çalışırıq. Biz bu statistika əsasında öz investisiya proqramımızı müəyyən edirik. Sahibkarlığa Kömək Milli Fondu da bu statistikaya görə öz proqramını tutur. Koordinasiya şəklində aparılan bütün bu işlər də bu nəticələrə gətirib çıxarır. Yəni iki-üç ilə biz özümüzü bütün bu pozisiyalarda da tam şəkildə təmin edəcəyik". Cənab Prezidentin bir sıra kənd təsərrüfatı məhsulları, o cümlədən quş əti ilə daxili tələbatın ödənilməsi səviyyəsinin 100 faizə çatdırılmasına dair söylədiyi fikirlər, ölkədə quş əti istehsalının artırılmasının vacib olduğunu bir daha sübut etdibununla əlaqədar müvafiq dövlət strukturlarının və quş əti (o cümlədən yumurta) istehsalçılarının qarşısında məsuliyyətin olduğunu açıq-aşkar göstərdi.

Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıqlar dərhal öz nəticəsini göstərdi. Abbas Əliyev bildirir ki, Prezidentin göstərişinin icrası olaraq İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondu müasir standartlara cavab verən ətlik istiqamətli quşçuluq, (o cümlədən damazlıq broyler) təsərrüfatlarının yaradılması və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən təkliflərin qəbulu ilə bağlı kütləvi informasiya vasitələrində elanlar verildi. Respublikanın quşçuluq təsərrüfatlarının fəaliyyətlərində problemlərin mövcud olduğu bir məqamda belə bir elanın verilməsi quşçuluğun dövlət tərəfindən dəstəklənməsinin gözəl nümunəsi oldu. Ölkədə quş əti, o cümlədən damazlıq yumurta istehsalçıları üçün əlverişli imkan yarandı. Fondun vəsaitləri hesabına respublikada quş əti istehsalının artırılması və damazlıq təsərrüfatlarının yaradılması, sözsüz ki, quş əti istehsalının artımına və yerli quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə təmin edilməsinə şərait yaradacaqdır. Bununla yanaşı, quşçuluqda damazlıq təsərrüfatları yaratmaqla, hibridləşmənin geniş tətbiq edilməsi vacib məsələlərdən biridir. Quşçuluğun inkişaf etdirilməsi əsasən onların ixtisaslaşdırılması istiqamətini (yumurtalıq və broyler) nəzərə alaraq aparılmalıdır.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin dediyinə görə, fondun vəsaitlərindən yararlanmaq niyyətində olan 12 sahibkarlıq subyektinin investisiya layihələrinin ümumi dəyəri 41 milyon manat, o cümlədən güzəştli kreditə olan tələbatları 27 milyon manat təşkil edib. Sahibkarlıq subyektləri tərəfindən təqdim olunan investisiya layihələrinin hərtərəfli ekspertizasını aparan Sahibkarlığa Kömək Milli Fondu bu layihələrdən 8-nin maliyyələşdirilməsinə dair müsbət qərar qəbul edib. Həmin investisiya layihələrinin ümumi dəyəri 27 milyon manat, o cümlədən güzəştli kreditə olan tələbatları 17.4 miloyn manat olub. Bugünədək quşçuluq təsərrüfatı üçün seçilən layihələr Xızı, Abşeron, İmişli, Salyan və İsmayıllı rayonlarını əhatə edir.

Sahibkarlıq subyektləri tərəfindən investisiya layihələrinin reallaşdırılması respublikada quş əti istehsalının artırılması ilə yanaşı, damazlıq yumurta istehsalının təşkil edilməsinə səbəb olacaq. Fondun güzəştli kreditləri hesabına damazlıq yumurta istehsalının yaradılmasına təşəbbüs göstərən sahibkarlar tərəfindən yaxın bir neçə il ərzində 60 milyon ədəd damazlıq yumurtanın və min tonlarla quş ətinin istehsal olunacağı gözlənilir. İnvestisiya layihələri çərçivəsində istehsal olunacaq damazlıq yumurta respublikanın bu məhsuldan idxal asılılığını aradan qaldıracaq, hətta ixrac imkanları yaranacaq.

Hazırda respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurtaya olan tələbatı 60 milyon ədəd təşkil edir ki, bunun da 28 milyon ədədi yerli istehsal, 32 milyon ədədi isə idxal hesabına ödənilir. Yuxarıda qeyd olunduğu kimi, fondun güzəştli kreditləri hesabına təşkil olunacaq damazlıq yumurta istehsalı sayəsində idxal tamamilə məhdudlaşdırılacaq, qiymətlər sabitləşəcək, daha keyfiyyətli məhsul istehsalına nail olunacaq. Bir məsələni də qeyd etmək lazımdır ki, keyfiyyətli quş əti istehsalının kökündə keyfiyyətli damazlıq yumurta durur. Təəssüflə qeyd etməliyik ki, əksər hallarda ölkəyə idxal olunan damazlıq yumurta 3-4-cü sinif məhsullar qrupuna aiddir və keyfiyyəti çox aşağıdır. Çünki damazlıq yumurtanın əsas istehsalçısı olan xarici ölkələr daha keyfiyyətli və 1-ci kateqoriyadan olan məhsulları öz daxili tələbatlarının ödənilməsinə yönəldirlər. Digər bir məsələ damazlıq yumurtanın qiyməti ilə bağlıdır. Belə ki, hazırda damazlıq yumurtanın 1 ədədinin idxal qiyməti 0.35-0.40 manat səviyyəsindədir ki, bu da kifayət qədər bahadır. Respublikada sözügedən istehsal fəaliyyətini təşkil etməklə 1 ədəd damazlıq yumurtanın satış qiymətini 2 dəfəyə qədər azaltmaq mümkündür.

O da həqiqətdir ki, quşçuluq təsərrüfatlarının bir sıra problemləri də mövcuddur. Problemlər əsasən yerli istehsalın idxal olunan toyuq əti və toyuq məhsulları ilə rəqabət qabiliyyətinin zəif olması, yem və dərman preparatlarının baha başa gəlməsi və sair səbəblərlə yanaşı, maliyyə vəsaitlərinin çatışmazlığıdır. Bu baxımdan quş ətinə və damazlıq yumurtaya tələbatı aradan qaldırmaq məqsədilə respublikanın bir sıra iqtisadi rayonlarında quş əti istehsalı və damazlıq broyler təsərrüfatlarının yaradılması və ya mövcud təsərrüfatların istehsal imkanlarının bərpası üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı təşəbbüsü vaxtında atılmış addım kimi qiymətləndirmək olar.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq əsas hədəflərdən biri sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona, yumurta istehsalını 1.3 milyard ədədə çatdırmaqdır. Bunu nəzərə alsaq, respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının dəstəklənməsi, eləcə də yeni damazlıq təsərrüfatlarının yaradılması zəruridir.

Konkret olaraq respublikada quş əti və damazlıq yumurta istehsalının dəstəklənməsi aşağıdakı müsbət nəticələrə nail olmağa imkan verəcək: ölkənin quş ətinə olan tələbatının yaxın bir neçə ildə 100 faiz yerli istehsal hesabına ödənilməsi; ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması; əhalinin keyfiyyətli quş əti məhsulları ilə təmin olunması ilə istehlakçıların hüquqlarının qorunması; quşçuluğun xarici amillərdən asılı olmayaraq müstəqil inkişaf etməsi; respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının damazlıq yumurta ilə bütövlükdə yerli istehsal hesabına təmin edilməsi; kənd təsərrüfatının digər sahələrinin (əkinçiliyin - buğda, arpa, qarğıdalı, soya) inkişafının sürətlənməsi; yeni yerlərinin açılması.

Bütün bunlar göstərir ki, respublikada quşçuluq sahəsinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu sahənin inkişafı ilə bağlı qarşıya qoyulan konkret tapşırıqlar isə artıq öz töhfəsini verməkdədir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 29 sentyabr.- S. 3.