Tehranda Azərbaycan Mədəniyyəti
günlərinin rəsmi açılışı olmuşdur
Sentyabrın 27-də Tehran şəhərindəki "Niyavəran" Mədəniyyət Sarayında Azərbaycan Mədəniyyəti günlərinin açılış mərasimi olmuşdur. Mərasimdə İran rəsmiləri, səfirlər, Tehranda fəaliyyət göstərən beynəlxalq təşkilatların və Azərbaycanın ayrı-ayrı dövlət qurumlarının İrandakı təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər.
Müqəddəs Qurani-Kərimdən surə oxunduqdan sonra Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranda keçirilən Azərbaycan Mədəniyyəti günlərinin əhəmiyyətindən bəhs edərək demişdir ki, belə mərasimlərin qarşılıqlı təşkili Azərbaycan və İran xalqları arasında mövcud olan tarixi kökləri daha da möhkəmləndirir. Müştərək tarixə, mədəniyyətə və dini dəyərlərə malik olan Azərbaycan və İran xalqlarının hazırkı münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir qeyd etmişdir ki, dövlətlərimiz arasında qarşılıqlı etimadın yaranmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Bu mehriban qonşuluq və səmimi dostluq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev və Prezident Mahmud Əhmədinejad arasındakı səmimi dostluq ölkələrimizin hərtərəfli inkişafına böyük töhfələr verməkdədir. Azərbaycan xalqının öz görkəmli şəxsiyyətləri ilə dünya mədəniyyət xəzinəsinə böyük dəyərlər bəxş etdiyini qeyd edən nazir bildirmişdir ki, Azərbaycanda dekorativ-tətbiqi sənət, memarlıq və heykəltəraşlıq sahəsində zəngin ənənələr mövcuddur. Təsadüfi deyildir ki, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalçalar hələ intibah dövründə Avropada böyük şöhrət tapmış, tarixi-memarlıq abidələrimiz görkəmli tədqiqatçıların diqqətini cəlb etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini davam etdirməkdə olduğunu diqqətə çatdıran Ə.Qarayev bildirmişdir ki, işğal altında olan Azərbaycan torpaqlarındakı qədim abidələr, memarlıq nümunələri ermənilər tərəfindən məqsədli şəkildə məhv edilir, qəbiristanlıqlar dağıdılır, məscidlər və ibadətgahlar təhqirlərə məruz qalır. Ermənistanın bu siyasəti Azərbaycan və İran xalqlarının tarixinə və mədəniyyətinə qarşı təcavüzdür.
Mərasimdə çıxış edən İranın islami irşad və mədəniyyəti naziri Seyid Məhəmməd Hüseyni və İran Prezidentinin müşaviri, Mədəni və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvi ölkələrimiz arasında mədəni əlaqələrin tarixindən və indiki vəziyyətindən danışaraq qeyd etmişlər ki, mədəni münasibətlərin inkişafı xalqlarımızın yüksək qədim və müasir mədəniyyətinin, dövlətlərimizin qüdrətinin nümayişidir.
İştirakçılar "Niyavəran" sarayının salonlarında təşkil olunan kitab və rəsm sərgilərini maraqla izləmişlər.
Sonda Azərbaycan incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
Sentyabrın 28-də Tehran və Təbriz şəhərlərində Azərbaycan filmləri nümayiş etdiriləcək, konsertlər təşkil olunacaqdır.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi
müxbiri
Tehran
Azərbaycan.- 2010.- 29 sentyabr.- S. 7.