Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellenin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Herbert Kvellen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Azərbaycanın Almaniya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən Prezident İlham Əliyev ölkələrimiz arasında mövcud münasibətlərin bundan sonra daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Herbert Kvellen ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafına, o cümlədən enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini dedi. Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsi sürətlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 1.