Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hardiys Baumanisin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Hardiys Baumanis etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Xalqlarımız arasında yaxın səmimi münasibətlərin olduğunu deyən dövlətimizin başçısı Azərbaycanda Latviyanın yaxşı tanındığını dedi. Əlaqələrimizin inkişafından danışan Prezident İlham Əliyev yaxın illərdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Bu yaxınlarda Latviyanın sabiq dövlət başçısı Vayra Vike- Freyberqanın ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev xanım Vayra Vike-Freyberqa ilə bundan əvvəlki səfərlər beynəlxalq təşkilatlar çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.

Hardiys Baumanis Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini Azərbaycandan yaxşı təəssüratlarla ayrıldığını dedi. Latviyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraqlı olduğunu vurğulayan səfir dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyətini qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 1.