Azərbaycan Prezidenti İlham Əliyev Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberqin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Erling Şönsberq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkəmizin Norveç Krallığı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini vurğulayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra Norveçin ölkəmizlə ilk dəfə fəal əməkdaşlıq həyata keçirdiyini bildirdi. Norveçin "Statoyl" şirkətinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin səmərəli görmələri üçün yaxşı investisiya mühitinin olduğunu dedi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə əminliyini bildirdi.

Erling Şönsberq ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini bildirdi. Səfir Norveç hökumətinin Azərbaycan ilə dostluq əlaqələrinin bundan sonra da qorunub saxlanılması münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 1.