Azərbaycan ilə İran arasında iqtisadi sahədə əməkdaşlıq daim inkişafdadır

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Artur Rasizadə Azərbaycan ilə İranı qədim tarixi və mədəni tellərin bağladığını, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmişdir. Bir çox sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın daimi inkişafını diqqətə çatdıran Baş nazir ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını demişdir.

Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Artur Rasizadə bildirmişdir ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişdir.

Baş nazir Azərbaycanın son illər dinamik iqtisadi inkişafı barədə də danışmışdır.

İran İslam Respublikasının birinci vitse-prezidentinin iqtisadi məsələlər üzrə müavini Əli Ağaməhəmmədi Azərbaycana səfərinin yüksək səviyyədə keçdiyini diqqətə çatdırmışdır. Qonaq Azərbaycan-İran siyasiiqtisadi münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluğunu bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 2.