Çexiya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

 

Sentyabrın 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Çexiya Respublikası Senatının Avropa İttifaqı Məsələləri Komitəsinin sədri Ludek Sefziqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Parlamentin Sədri qonaqları səmimi salamlayaraq son dövrdə Azərbaycanexiya əlaqələrinin intensiv xarakter aldığını və iki ölkə arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğuladı. Bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Praqaya səfəri zamanı keçirilən görüşlər və Çexiyanın yüksək səviyyəli nümayəndə heyətlərinin ölkəmizə səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin dərinləşməsi üçün yaxşı zəmin yaradıb.

Oqtay Əsədov Çexiya Senatının sədrinin Azərbaycana rəsmi səfərini və onunla görüşünü məmnunluqla xatırladaraq parlamentlərarası əlaqələri, o cümlədən hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirdi. Bildirildi ki, qanunverici orqanların komitələri səviyyəsində qarşılıqlı səfərlərin təşkil edilməsi də ümumi işin xeyrinə olar.

Milli Məclisin Sədri Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımladığını və Avratlantik məkana inteqrasiyanın xarici siyasətdə prioritet sahə olduğunu qeyd etdi. Qonaqların diqqətinə çatdırıldı ki, bu gün Azərbaycan sürətlə inkişaf edən ölkədir. Hətta qlobal maliyyə böhranının tüğyan etdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatında 9,5 faiz artım qeydə alınıb.

Oqtay Əsədov Çexiya ilə siyasi əlaqələrin yüksək səviyyədə olduğunubu əməkdaşlığın iqtisadi müstəvidə də davam etdirilməsinin vacibliyini vurğulayaraq onu da bildirdi ki, gələcəkdə ölkələrimiz arasında müştərək iqtisadi komissiyanın yaradılması bu sahədəki mövcud potensialdan istifadə etməyə imkan yaradacaqdır.

Dağlıq Qarabağ problemindən söz açan Milli Məclisin Sədri dedi ki, bu münaqişənin həllinin yubanması bir sıra beynəlxalq qurumların məsələyə ikili standartlar prizmasından yanaşması, xarici ölkələrdəki erməni lobbisinin fəaliyyəti ilə bağlıdır. ATƏT-in Minsk qrupu uzun müddətdir ki, problemin həlli ilə məşğul olsa da, hələlik məsələ öz həllini tapmayıb. Ermənistan Minsk qrupu tərəfindən hazırlanmış, Azərbaycanın da qəbul etdiyi sənədləri və təklifləri qəbul etmək istəmir. Bir sıra nüfuzlu siyasi xadimlər və beynəlxalq təşkilatların söz sahibi olan rəsmiləri bu problemin mahiyyətini bilsələr də neytral mövqe tutmağa üstünlük verirlər. Ancaq belə vəziyyət uzun müddət davam edə bilməz. Beynəlxalq birlik problemlə əlaqədar öz qəti fikrini bildirməlidir.

Səmimi qəbul və ətraflı məlumata görə minnətdarlığını bildirən Ludek Sefziq Çexiya Senatı sədrinin salamlarını Oqtay Əsədova çatdırdı. Qonaq səfər müddətində Azərbaycanda keçirdiyi görüşlərdən və burada gördüklərindən məmnunluğunu ifadə etdi. Onun sözlərinə görə, Senatda başçılıq etdiyi komitənin üzvlərinin Azərbaycana səfəri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilir.

Çexiya sürətlə inkişaf edən Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi dövlətlərarası əlaqələrin inkişafına da öz müsbət təsirini göstərir. Çexiya Senatının komitə sədri siyasi, iqtisadihumanitar sahələrdə əməkdaşlığımızın bugünüinkişaf perspektivləri barədə fikirlərini açıqladı.

Görüşdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlığın dərinləşməsi, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 2.