Bakıda "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi açılmışdır

 

Sentyabrın 29-da Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində "Caspian Agro-2010" III Beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı və qablaşdırma sərgisi açılmışdır.

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov, həmçinin Belarus, Gürcüstan, Kuba, İspaniya və Qətərdən rəsmi nümayəndələr açılış mərasimində iştirak etmişlər.

Nazır İsmət Abasov Azərbaycanda son illərdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə aparılan islahatlar nəticəsində əldə olunmuş uğurlardan danışmışdır. Bildirmişdir ki, sərginin məqsədi respublikada istehsal edilən kənd təsərrüfatı və emalı sənayesi məhsullarını, qabaqcıl aqrar elmin nailiyyətlərini və təcrübəsini, sürətli inkişafı nümayiş etdirmək, xarici şirkətlərin və sərmayədarların bu sahələrə cəlb olunmasıdır. Builki sərgidə yerli şirkətlər daha fəal iştirak edirlər. Bu isə onu göstərir ki, Azərbaycanın ixrac potensialı artmaqdadır.

Sonra iştirakçılar kənd təsərrüfatının müxtəlif sahələrini əks etdirən pavilyonlarla tanış olmuşlar.

Kənd Təsərrüfatı Nazirliyinin rəsmi dəstəyi, Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilən sərgidə çoxsaylı Azərbaycan şirkətləri ilə yanaşı, Belarus, İspaniyaİrandan ümumilikdə 80-dən çox şirkət iştirak edir.

Sərgi oktyabrın 1-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 5.