"Virtuoz" qələm sahibi
Prezident təqaüdçüsü,
"Şöhrət" ordenli jurnalist Şamil Şahməmmədovla
üzbəüz söhbət
- Şamil müəllim, təxminən
on il müddətində (1964-1973) Sizinlə birlikdə
"Bakı" qəzetində
çalışmışıq. Nəsir İmanquliyev məktəbini
keçmişik. Bu məktəbin təşəkkülündə
müəyyən xidməti olan Sizdən də çox
şey öyrənmişəm. Azərbaycan jurnalistikasında
xüsusi yeri olan, lakin son bir neçə ildə "cəmiyyətdə
az görünən" Şamil Şahməmmədovun
yaradıcılığı və şəxsiyyəti barədə
söhbət açmaq qərarına gəldim. Məncə,
"Ş.Ş." adlı kitabı vərəqləmək
üçün müsahibə janrı daha münasibdir.
Sualı məndən, cavabı Sizdən. İlk sualım belədir:
uşaqlıq və gənclik illərində Sizi jurnalistika
dünyasına aparan yolun cizgilərini xatırlaya bilirsinizmi?
- Hamısını yaxşı xatırlayıram... Mətbuatla ilk tanışlığım orta məktəbin 4-cü sinfində oxuyarkən olub. O zaman uşaqlar üçün nəşr olunan "Pioner" jurnalında yazım dərc olunub. 9-cu sinifdə oxuyarkən məktəbin satirik divar qəzetinə redaktor təyin olunmuşam. Orta məktəbin son siniflərində oxuyarkən Azərbaycan və rus dillərində nəşr olunan şəhər qəzetlərinə, habelə Gəncə (o zaman Kirovabad adlanırdı) radiosuna xəbərlər, məqalələr yazmışam...
Məni
jurnalistika aləminə aparan yolda "qəribəliklər"
də olub. Orta məktəbi gümüş medalla
bitirmişdim, dəqiq elmləri yaxşı bilirdim. Mənə elə gəlirdi ki, dəqiq elmlər sahəsində
mütəxəssis olsam, daha düzgün olar. Odur ki, 1953-cü ildə sənədlərimi Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) fizika-riyaziyyat fakültəsinə verdim və
söhbətdən keçərək, həmin fakültəyə
daxil oldum. Bununla da "əzablı"
günlərim başladı. Çünki
ürəyim məni başqa səmtə çəkirdi.
Jurnalistika sahəsinə getmədiyim
üçün peşman idim. Həmin dərs ilini
başa vurmaq üçün necə tələsirdim, Allah
bilir... Yeni dərs ilində fərqlənmə
imtahanları verərək, filologiya fakültəsinin
jurnalistika şöbəsinə daxil oldum. Bu şöbədə böyük həvəslə,
daha doğrusu, ilhamla oxudum. Çünki
jurnalistika şöbəsindəki təhsil illəri məni
arzuma qovuşdururdu. 1959-cu ildə bu şöbəni fərqlənmə
diplomu ilə bitirdim... Onu da deyim ki, mən universiteti bitirməzdən
bir il qabaq artıq jurnalist kimi fəaliyyət
göstərirdim, yeni nəşrə başlamış
"Bakı" axşam qəzetində ədəbi
işçi vəzifəsində
çalışırdım...
- Ömürnamənizin (Siz, adətən, "tərcümeyi-hal"
əvəzinə bu sözü işlədirsiniz)
"statistik" göstəricilərinə əsaslansaq deyə
bilərik ki, jurnalistika sahəsindəki 45 illik fəaliyyətinizin
düz 32 ilini "Bakı" qəzetində
keçirmisiniz. Ədəbi işçilikdən
redaktor vəzifəsinədək uzun yol keçmisiniz. Doğrusu, bunu jurnalist həyatında "rekord"
nəticə də adlandırmaq olar. Deyin, sizi bu qəzetə
gətirən və necə deyərlər, "tutub
saxlayan" nə oldu?
- Tələbəlik illərində
Azərbaycan radiosunda ştatdankənar müxbir kimi fəaliyyət
göstərirdim. Görkəmli jurnalist Hacı
Hacıyevin rəhbərlik etdiyi "Xəbərlər"
Baş redaksiyasının daimi yazarlarından idim. O zaman
jurnalistika şöbəsində dərs deyən, yəni
auditoriya müəllimimiz Nəsir İmanquliyev Radiokomitənin
sədr müavini vəzifəsində
çalışırdı. 1957-ci ilin
sonlarına yaxın N.İmanquliyevin redaktor olduğu
"Bakı"-"Baku" şəhər qəzetləri
yaradıldı. Beləliklə, Hacı
Hacıyevin vasitəçiliyi və Nəsir müəllimin
razılğı ilə mən həmin redaksiyaya işə qəbul
olundum. Bu vaxt mən 4-cü kurs tələbəsi idim...
Qaldı
sualınızın ikinci "qanadına", doğrudan da məni
bu redaksiyada "tutub saxlayan" amillər çox idi. Əvvəla,
"Bakı" qəzeti bir çox cəhətdən
başqa qəzetlərdən seçilirdi. Operativliyinə,
cəsarətinə, çoxçalarlı mövzularına
görə... Axşam qəzeti çıxarmaq, saat 17-də
oxucuya qəzet çatdırmaq elə də asan iş deyildi.
Bu, kollektivdən böyük çeviklik,
peşəkarlıq tələb edirdi. Redaksiyada
təcrübəli jurnalistlər
çalışırdılar, mənim kimi gənclər
onlardan çox şey öyrənirdilər. İllər
keçdikcə, nəsillər dəyişdikcə məndən
də öyrənənlər olurdu... Əlbəttə, mənim
bu redaksiyada "ləngiməyimdə" redaktorumuz Nəsir
İmanquliyevin də rolu az olmayıb. Nəsir müəllim jurnalistə qiymət verməyi,
onun qayğısına qalmağı, lazım gələndə
"tutub saxlamağı" yaxşı bacarırdı.
O zaman məni çox işə dəvət edirdilər. Ya özüm getmirdim, ya da redaktor razılıq vermirdi.
Siz özünüz də "Bakı" qəzetində az işləməmisiniz, yəqin, yaxşı
xatırlayırsınız ki, Nəsir müəllimdən
"kadr qoparmaq" o qədər də sadə iş
deyildi...
- Yaradıcılığınızın cövhəri
də bu qəzetlə bağlıdır. "Bakı"da
işlədiyiniz ilk illərdə sizin üçün
mövzu məhdudiyyəti yox idi. Şəhər
həyatının aktual olan bütün sahələrindən
yazırdınız. Özü də
şirin və dərin yazırdınız. O vaxtın
meyarına görə Sizi ən yaxşı reportajlar müəllifi
kimi tərifləyirdilər... Yeri gəlmişkən, həmin
yazılardan xatırladığınız varmı?
- Əlbəttə var...
Bakıda 60-70-ci illərin ən möhtəşəm tikintilərindən
olan metro, funikulyor, Yaşıl Teatr, Mərkəzi
Univermağın inşası barədə ilk reportajları mən
yazmışam. Bakı Şin Zavodunun tikintisindən
və Suraxanı neftçilərinin fəaliyyətindən bəhs
edən oçerklərim Yazıçılar
İttifaqının "Azərbaycan" ədəbi-bədii
jurnalında dərc olunub. Bakı Elektrik
Maşınqayırma Zavodunda respublikada ilk avtomat xətti
işlədən Sənan Axundovun briqadası haqqında
yazdığım "Qoy dostlar bilsinlər ki..." adlı
oçerkim isə "Bakı" qəzetinin elan etdiyi
oçerklər müsabiqəsində mükafata layiq
görülüb. Həmin qələm
yarışının münsiflər heyətinə görkəmli
yazıçımız, unudulmaz müəllimimiz Mir Cəlal
Paşayev rəhbərlik edirdi...
- ...Və birdən-birə bu
mövzular arxa plana keçdi, Şamil Şahməmmədov
"çoxçalarlı" jurnalistikadan imtina edərək,
"monojurnalistə" çevrildi. Başqa sözlə, yaradıcılığında tək
bir mövzuya - idman mövzusuna, onun da əsasən bir sahəsinə
- futbola üstünlük verdi. Bunun səbəbi nə idi? Təkcə
"azarkeşlikdən" doğurdu, yoxsa?..
- Həm də
"azarkeşlikdən". Mən futbolu həmişə
sevmişəm, indi də sevirəm... Ancaq bunun
başqa səbəbləri də vardı. Beş il ədəbi işçi, iki il şöbə
müdiri işlədikdən sonra 1964-cü ildə məni məsul
katib vəzifəsinə irəli çəkdilər. Qəzetçilər yaxşı bilirlər ki, bu vəzifə
əsasən "oturaq" işdir, özü də
çox məsuliyyətli işdir. Qəzet
katibliyini çox vaxt "baş qərargah"
adlandırırdılar. Çünki qəzetin tərtibi,
şöbələrlə iş, mətbəə
ilə əlaqə bilavasitə katiblik vasitəsilə həyata
keçirilirdi. Belə bir şəraitdə, təbii
ki, səyyar jurnalist olub, hər yerdən, hər şeydən
yazmaq funksiyasını yerinə yetirə bilməzdim. Əlbəttə, qələmimə də "əlvida"
demək istəmirdim. Odur ki, özüm
üçün daimi, necə deyərlər, "həmişəyaşar"
bir mövzu seçməyi qərara aldım...
- Niyə məhz futbol mövzusunu seçdiniz?
- Bayaq dediyim kimi, əvvəla,
futbola daha çox həvəs göstərirdim. Stadiona getmək,
futbol yarışlarını birbaşa yerində seyr etmək
mənim üçün mərəzə
çevrilmişdi... Digər tərəfdən,
futbol mövzusu o zaman üçün olduqca aktual idi. Çünki futbol Azərbaycan idmanının
aparıcı qanadlarından biri, bəlkə də, birincisi
sayılırdı. Bakının
"Neftçi" komandası bütün SSRİ məkanında
güclü kollektivlərdən biri idi. Onun
oyunları həmişə maraqla qarşılanırdı.
Bizim futbolçular ölkənin yığma
komandası tərkibində beynəlxalq yarışlarda
iştirak edirdilər və üz ağardırdılar.
Azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun dünya
çempionatının final yarışında
(Almaniya-İngiltərə) göstərdiyi cəsarət və
ədalət nümunəsi (o, hər hakimin görə bilmədiyi
qol faktını qeydə alaraq, ingilislərin qələbəsini
təmin etmişdi) dünya xalqlarının dilində əzbər
olmuşdu... Belə bir vaxtda Azərbaycan
futbolundan yazmaq, onun inkişafına kömək edə biləcək
təhlillər aparmaq həm gərəkli idi, həm də
şərəfli. Beləliklə, düz iyirmi il ərzində "futbol jurnalisti" kimi qələm
işlətdim. Təkcə öz qəzetimizdə
deyil, "Kommunist", "Ədəbiyyat və incəsənət",
Moskvanın, Kiyevin axşam qəzetlərində, habelə
bizim "Ulduz" jurnalında onlarca futbol icmallarım dərc
olunub. "İşıq" nəşriyyatı
"Neftçi" kitabımı çapdan buraxıb... Bununla belə, lazım gələndə idmanın
başqa növlərindən də yazmalı olmuşam.
SSRİ xalqlarının İkinci
Spartakiadasında və 1980-ci ildə Moskvada keçirilən
22-ci Yay Olimpiadasında "Bakı" qəzetinin xüsusi
müxbiri kimi fəaliyyət göstərmişəm.
Olimpiya oyunlarından yazdığım reportajlara görə
Azərbaycan Jurnalistlər İttifaqının
"Qızıl qələm" mükafatına layiq
görülmüşəm...
- Deyirlər ki, jurnalistika aləmində
yaradıcılıqla vəzifə tərs mütənasbdir.
Vəzifə artdıqca qələmin imkanları azalır, bəzən
də "sönür". Öz təcrübənizdə
bu fikri təsdiqləyə bilərsinizmi?
- Qismən də olsa hə...
Amma "qələm" dedikdə, təkcə
yazı yazmaq qabiliyyəti nəzərdə
tutulmamalıdır. Savadlı və səriştəli
redaktənin özü də istedadlı jurnalist qələminin
məhsuludur. Rəhmətlik Nəsir İmanquliyev belə
deyirdi, mən də onun fıkri ilə şərikəm... Bir də ki, canında yazmaq-yaratmaq istedadı olan
jurnalist hər hansı vəzifə
"aşırımının" yaratdığı
çətinliyə baxmayaraq, canındakını bir formada
üzə çıxarmağı bacarır. Mənim tərcüməçilik fəaliyyətim
də belə vaxtlara təsadüf edib. Reportaj,
oçerk, yaxud icmal yazmaq imkanım olmayanda ədəbi-bədii
tərcümələrlə məşğul olmuşam.
Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi
polkovnik Adil Quliyevin "Qafqazdan Berlinədək"
kitabını, Fridrix Engelsin "İngiltərədə fəhlə
sinfinin vəziyyəti" əsərini, məşhur futbol
xadimləri Ələkbər Məmmədovun və Tofiq Bəhramovun
kitablarını, Azərbaycan yazıçısı Əbdül
Hüseynovun "Mustafa xanın xəzinəsi" və rus
yazıçısı Gennadi Çerkaşinin
"Torpağa və Günəşə and olsun"
romanlarını, habelə "Sağlam olmaq istəyirsənsə"
adlı ensiklopedik məcmuəni Azərbaycan dilinə
çevirmişəm. Məni son iş yerim olan AzərTAc-a gətirən
də elə tərcüməçilik səriştəm
olub. 1990-cı ilin avqust ayında Azərinformun (o zaman belə
adlanırdı) baş direktorunun tərcümə işləri
üzrə müavini vəzifəsinə təyin olundum...
- AzərTAc nəinki son iş yeriniz, həm də
jurnalistlik fəaliyyətinizin zirvə mərhələsi
olmuşdur. Sizin rəhbərliyiniz
dövründə bu təşkilat dünyanın qabaqcıl
teleqraf agentlikləri ilə yarışa biləcək səviyyəyə
qalxmışdır. Siz özünüz də ən
yüksək mükafatları, cəmiyyətin və dövlətin
dərin hörmət-izzətini burada qazanmısınız. 2000-ci ilin mart ayında dövlət
başçısının fərmanı ilə
"Şöhrət" ordeninə layiq
görülmüsünüz. Bununla belə, onu da qeyd
etmək yerinə düşər ki, buradakı 12 illik gərgin
fəaliyyətinizin nəticəsi olan şöhrət
tacı sağlamlığınızın bahasına başa
gəlib... Lakin sualımın canı
başqadır. AzərTAc sözündəki
sonuncu "c" hərfi hansı mənanı ifadə edir?
Bu "tapmacanın" açmasını
çoxları bilmək istəyir.
- Bu suala cavab vermək
üçün bir qədər dolaydan başlamalıyam. 2000-ci ilin yanvarında Azərbaycan Prezidenti Heydər
Əliyevin sərəncamı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Dövlət
Teleqraf Agentliyinin statusu dəyişdirilərək, Azərbaycan
Dövlət Teleqraf Agentliyi adlandırıldı. Ulu öndərin təklifi ilə agentliyin
qısaldılmış adı ilk variantında, yəni
1920-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qoyulan
adla (Azərbaycan Teleqraf Acansı)
uyğunlaşdırıldı. Və beləliklə,
AzərTAc sözü leksikonumuza daxil oldu...
- Yaradıcılığınızın müxtəlif
mərhələlərində adınızın
qarşısına müxtəlif "ayamalar" əlavə
olunub: "şirin və dərin yazılar müəllifi",
"virtuoz jurnalist", "sərrast redaktə
ustası", "sərt və mərd redaktor",
"ensiklopedik adam" və sair. Hətta Sizi
"rekordsmen qələm sahibi" adlandıranlar da olub.
Bu tərifi, yəqin ki, bir kollektivdə uzunmüddətli
"stajınıza" və bir mövzuya 20 illik sədaqətinizə
görə qazanmısınız... Amma
danışığınızdan belə qənaətə gəldim
ki, daha bir sahədə "rekord" nəticə əldə
etmisiniz...
- 2000-ci ilin sentyabr ayında
mən beyin insultu keçirdim. Bir daha sağalacağıma
ümid az idi. Lakin ulu öndərimiz
Heydər Əliyevin qayğısı və
tapşırığı sayəsində Bakının və
Moskvanın ən mötəbər tibb mərkəzlərində
müalicə olundum, yenidən həyata qayıtdım. Bununla belə, səhhətimin bu vəziyyətində
AzərTAc kimi möhtəşəm təşkilata rəhbərlik
etməyi özümə rəva bilmədim. 2002-ci ilin oktyabrında təqaüdə
çıxdım. Bundan əvvəl, yəni 2002-ci ilin
iyun ayında respublika Prezidentinin fərdi təqaüdləri
təsis edilərkən mənim də adım həmin
siyahıya daxil edilmişdi...
Yeni "rekordum" isə
ondan ibarətdir ki, ağır insult xəstəliyi
keçirməyimə baxmayaraq, indiyədək (10 il az müddət deyil) yaşayıram. Özü də ağlım, hafizəm,
danışığım əvvəlki kimi öz
qaydasında. Təkcə yazmaq üçün sağ əlimdə
problem var, onu da sol əlimlə əvəz etmişəm, indi
"amerikansayağı" sol əlimlə yazıram...
- Bir halda ki səhhətinizin indiki durumundan söz
düşdü, mən də Sizə bir "sirr"
açmalıyam. Sizin haqqınızda yazmaq,
daha doğrusu, jurnalistlik fəaliyyətinizi mümkün qədər
dolğun işıqlandırmaq üçün müsahibə
janrını seçməyim təsadüfi deyil. Əslində,
bu janrın köməyi ilə həm də
yaddaşınızın və hafizənizin səviyyəsini,
kəsərini yoxlamaq istəyirdim... Siz bu
sınaqdan da uğurla çıxdınız. Həyat
yolunuzu bütün incəliyinədək elə dəqiq
xatırlayırsınız ki, nə vaxtsa beyin iflici
keçirdiyinizə şübhə yaranır...
- Sağ olun ki, məni yad
etdiniz, dindirib-danışdırdınız. Yaşlı
adamın buna ehtiyacı var. Belə insanların istəyini
böyük şairimiz Şəhriyarın iki misrası ilə
ifadə etmək istəyirəm:
Salam olsun şövkətizə,
elizə,
Mənim də bir adım gəlsin
dilizə...
- Sizə bundan sonra da uzunömürlülük
"rekordu" və aydın zəka arzulayırıq.
Yusif KƏRİMOV,
yazıçı-publisist
Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 6.