Ədəbi tənqidin itirilmiş nüfuzu

 

Rəsmi və qeyri-rəsmi fəaliyyət göstərən nəşriyyatlar çoxaldıqca onların əksəriyyətinin istehsal etdiyi çap məhsulunun - makulaturanın da sayı artmaqdadır. Təsadüfən bir müəllifin kitab təqdimatında iştirakımız zamanı (üç saat çəkən bu mərasimdə) vərəqlədiyimiz yeni nəşrdə sözü, cümləsi yerində olan bir abzas tapmadıq ki, tribunada mədhiyyə deyənlərin səmimi danışdıqlarına inanaq. Azərbaycan teleməkanında hökm sürən bayağı, şit, insan zövqünün və əsəbinin axırına çıxan bir sıra proqram və layihələrin ovqatı elə çap məhsullarında da özünü göstərməkdədir. Həyatını qələmə bağlayıb, ömrünü söz uğrunda girov qoyan yazarlarımız, təbii ki, az deyil. Amma istedadlıların əksəriyyətinin abırlı, təvazökar olması nəticəsində fəndgirlər daha da fəallaşırlar və bu "aktivləşmə" çox sürətlə gedir. Nəticədə "yenilikçilər" nəinki klassiklərə daş atır, onları təftiş edir, heç çoxunu bəyənmir, yaradıcılığını isə birnəfəsə rədd edirlər.

 

Sovet dövründə Azərbaycan yazıçılarının qurultayında tənqidçi Qulu Xəlilov tribunadan üzünü o dövrün tanınmış ədəbiyyatşünas alimlərindən birinə tutaraq özünəməxsus bir sərtliklə dedi: " vaxta qədər zəif əsərlərə tost xarakterli mübarəkdarlıq yazacaqsınız?" İndi ədəbi tənqidimizin ümumi mənzərəsinə nəzər saldıqca istər-istəməz qəribə bir xiffətlə bu cəfakeş alimi xatırlayırıq. Maraqlı idi ki, yazıçı və şairlər də ən sərt tənqiddən inciməzdilər. Yəni, onu düşmənçiliyə çevirməzdilər. Əksinə, daha məsuliyyətli olmağa çalışardılar ki, ədəbi tənqidin hədəfinə çevrilməsinlər. Bütün bunların da sayəsində ədəbiyyat qazanırdı. Tənqid yaradıcılığın inkişafına mane olmurdu, əksinə, onun istiqamətini müəyyənləşdirirdi, səviyyəsini təmin edirdi. Mehdi Hüseyndən başlamış Məmməd Cəfər, Qulu Xəlilov, Yaşar Qarayev, Ağamusa Axundov, Bəkir Nəbiyev və başqaları tez-tez ədəbi prosesə münasibət bildirir, çap edilmiş bədii yazılar, təzəcə nəşr olunmuş kitablar barəsində öz fikirlərini bildirirdilər. Bütün bunların nəticəsi idi ki, sovet dövründə cızma-qaraçılar o qədər də əl-qol aça bilmirdilər. Hətta qəzetlərə göndərilmiş şeir və hekayələr haqqında da redaksiya tərəfindən ədəbi xülasə verilir, zəif yazıların müəllifi ciddi tənqid atəşinə tutulur, istedadlılara nüfuzlu ədib və şairlər "uğurlu yol" yazırdılar. Bu xeyir-dua isə əslində gənc yazarlar üçün ədəbi aləmdə yaşıl işıq demək idi.

Təəssüf ki, son illər bu ənənələr tamamilə pozulub. Müstəqilliyimizi qazandıqdan sonra ədəbi prosesdə göyərən sərbəstlik son anda anarxiyaya çevrildi. İndi kiməsə söz demək çətindir. Çünki sənə elə "sübut və dəlillər" gətirəcəklər ki, qatığın həqiqətən də qara olduğuna inanmaqdan başqa çarən qalmayacaq. Nəşriyyatların bolluğu, yağışdan sonra cücərən göbələklər kimi qəzetlərin çoxluğu bir sıra cızma-qaraçının meydan sulamasına səbəb oldu. Əvvəllər bu hücumlar qəzetlərə qarşı çevrilmişdi. Qəribə haldır, yerindən qalxan ya müğənni olur, ya baş redaktor! Özünə yeni açır, ətrafına bir qrup "müxbir dəstəsi" yığır, nə maaş cədvəli tutulur, nə də buraxdıqları qəzetin bir sifəti, məzmunu, mükəmməlliyi olur. Atdıqları tora balıq da düşür, qaloş tayı da. Amma yazırlar. Nədən və necə yazırlar, bu, son vaxtlar hamımıza məlumdur. Qəzet mövzusunda məqalələrdə dəfələrlə bu ağrılı problemə toxunulub.

Son vaxtlar redaksiyamıza gələn məktublarda, edilən zənglərdə başqa bir problemin narahatlığı duyulur. Bu da nəşriyyatların çap etdikləri zəif kitablarla bağlıdır. Xüsusilə də oxucuları düşündürən odur ki, niyə ədəbi tənqid bu dərəcədə inadla susur? Tanınmış, nüfuzlu söz, sənət sahibləri bu başabəla naşirlərə və müəlliflərə sərt münasibətlərini bildirmirlər. Görkəmli tənqidçilərimizdən Nizami Cəfərov, Vaqif Yusifli, Nizaməddin Şəmsizadə və başqaları nədən belə kitablar haqqında tənqidi söz demirlər? Təəssüf ki, mentalitetimizdən gələn dostluq münasibətləri, tanışlıq, yerliçilik ədəbi prosesə də öz təsirini göstərir. Bunun da nəticəsində zərbə ədəbiyyata, ədəbi prosesə dəyir. Burada ortaya bir ağrılı sual da çıxır. Məgər o dövrdə dostluq, tanışlıq, yaxın münasibət yox idi? Hamı bir-biri ilə düşmənçilik edirdi? Sadəcə olaraq, ədəbiyyatda hamının riayət etdiyi ədəbi normalar var idi. İndi qələmə alınan açıq-saçıqlığı o vaxt heç kəs yazmazdı. Bəlkə buna hünərləri çatmırdı, cəsarətsiz idilər?! Xeyr, insan mənəviyyatına ləkə gətirən amillər ədəbiyyatın baş mövzusu ola bilməzdi. Belə getsə, indiki "novator"ların arzuları göyərəcək, birgözümüzü açacağıq ki, bütün ülviliklər ayaq altındadır.

Son vaxtlar ədəbi-tənqidi məqalələrin ünvanlandığı müəlliflər məhz qələmə aldıqları mövzunu necə işləmələri ilə bağlı olmur. Ədəbi tənqidimizdə sanki yeni bir forma - "tost ənənəsi" baş qaldırmışdır. Bu "yeni" ənənə nəinki təzə-təzə cücərməkdədir, hətta çox sürətlə inkişaf etməkdə və yaradıcılığın müxtəlif sahəsini öz qanadlarının altına almaqdadır. Abırlı söz adamları üzləşdikləri bu xoşagəlməz haldan utanaraq, bəzən də imkansızlıqdan, çarəsizlikdən geri çəkilirlər. Nəticədə sandıqlardakı "yaradıcılıq nümunələri" nəşriyyatlarda dalbadal çap edilir. Hətta bəzən bir müəllifin il ərzində 10-15 kitabı çıxır. Həm poliqrafik cəhətdən keyfiyyətli, həm də həcm etibarilə çox böyük olan bu kitabları müəllif hansı imkanı hesabına çap etdirir, bu onun öz işidir. Bizi düşündürən odur ki, sən başdan-ayağa istedad olsan belə, vaxt tapmazsan bu həcmdə və müxtəlif janrda çoxlu kitab yazasan. Yazan da, yazdıran da hamıya məlumdur. Amma kimsə irəli düşüb ədəbiyyatı bu süni, saxta yazarlardan xilas etmək istəmir. Bəzən də hər şey tərsinə olur. Tənqid edilən, yazdıqlarının boş, mənasız söz yığınından ibarət olduğu təsdiqlənən bir "şair"i (sanki ünvanına deyilən haqlı tənqidin acığına) teleekran ulduzuna çevirirlər. Hansı kanalı açsan, həmin cızma-qaraçının əttökən, şit şeirlərini eşidir, "mahnı"larını dinləmək məcburiyyətində qalırsan. Əlbəttə, zövqlər müxtəlifdir. Birinin xoşuna gələni başqası bəyənməyə bilər, söhbət ondan gedir ki, indi sağlam fikrə, əsl zövqə qarşı bir təzyiq göyərməkdədir. Elə məsələlər, elə həqiqətlər var ki, onu dilə gətirmək mümkün deyil. Hamının bildiyi, lakin ifadə etməyə utandığı mövzuda abırsızcasına söhbət açmaq ədəbiyyata başucalığı gətirmir.

Kitab təqdimatı son illərin çox dəbdə olan "ədəbi məclis"lərindən birinə çevrilib. Belə tədbirlərin keçirilməsinin əleyhinə deyilik. Amma bir kitab bir dəfə təqdim olunar da! Daha bir kitabın restorandan başlamış Yazıçılar Birliyində, mədəniyyət evlərində, məktəblərdə, kitabxanalarda nə qədər təqdimatını keçirmək olar? Haçanacan qohum-əqrəbanın yaxasından yapışıb yüz ünvana çəkmək olar? Nə vaxta kimi Mirzə Cəlillə Hüseyn Cavidi qarışdıran müəlliflərin savadsız, səviyyəsiz söz-söhbətinə ekran-efir vaxtı ayırmaq olar? Azərbaycanda son vaxtlar xeyli qəzet-jurnal çap edilir. Təsadüfən onların bütün nömrəsinə baxsan, gözlərini döyənək edən eyni şəkildən, eyni mövzudan, eyni kitabdan, hətta eyni müəllifdən bezəcəksən. Hamı sanki eyni cür düşünür, eyni cür yazır, eyni obyektə üz tutur.

Ədəbi tənqidimizdə kök salmış "tost ənənəsi" ünvanlanmış müəllifin maddi imkanları, vəzifəsi və təəssüf ki, bəzi hallarda da əxlaqı ilə bağlı olur. Ötən mövsümdə bir teatrda yeni tamaşaya baxırdıq. Səhnədə Azərbaycanın çox tanınmış, görkəmli aktyorları oynayırdılar. Demək olar ki, dəridən, qabıqdan çıxdılar. Amma tamaşa istənilən səviyyədə alınmadı. Pəjmürdə hisslər içində obraza can vermək istəyən aktyorlara bir sənətkar kimi yazığımız gəldi. Xalq artistlərindən birinə zəng edib bu barədə rəyimizi bildirdik. Telefonda az qala ağladı ki, çarəmiz nədir? Bir neçə gündən sonra isə qəzetlərdə, televiziyada həmin tamaşa təriflənirdi. Biz nəyə tərif deyirik? Aktyoru səhnədə öldürən, əl-qolunu bağlayan, onu çıxılmaz vəziyyətə salan söz yığınına?

Teatr yarandığı gündən maarifçiliklə məşğul olub. Təəssüf ki, bu gün Azərbaycan səhnəsinə elə əsərlər ayaq açıb ki, adi şagird inşasından da qat-qat zəifdir. Nəşriyyatların çap etdikləri cızma-qaralardan ibarət olan kitablar isə daha biabırçıdır. Müəlliflər az qala şəxsi albomlarını kitab halında çap etdirərək oxucuya sırıyırlar. Öz tərcümeyi-halını yazmağı bacarmayan kitab müəllifi olur, şeirin qanun-qaydalarından, poetikasından baş açmayan "şair" adlandırılır. İran, türk, hind musiqilərindən oğurlayaraq musiqi qoşanlar "bəstəkaram" deyirlər. Bütün qapılar da onların üzünə açıq olur. Ədəbi tənqid isə susur. Ədəbi tənqidimizin itirilmiş nüfuzunu özünə qaytarmaq üçün bu gün təfəkkürünə, məntiqinə, qələminə bələd olduğumuz, ehtiram göstərdiyimiz insanlar susmamalı, öz qəti sözlərini deməlidirlər. Gəlin ədəbiyyatımızı qoruyaq! Onu dəyərsiz əsərlərdən xilas edək! Yoxsao fədakar tənqidçilərin ruhu bizi bağışlar, nə də gələcək nəslin qınağından qurtula bilərik! Bizi belə öyrətməyiblər axı. Bəs biz nə gözləyirik? Axı bizdən sonra də gələn var. Onlar bizdən hansı nümunəni götürəcəklər?

Tənqidçi söz karvanının sarbanı sayılır. İndi təsəvvür edin ki, bu başçı, bu yolgöstərən yoxdur, yaxud da karvanı bir səhrada sahibsiz qoyub. Ya da əksinə, özü dəstənin önündə yox, sonunda gedir. Bax, o xaos, anlaşılmaz hal, ünvansızlıq ədəbi prosesi bürüyüb. Ya kimsə yubileydən-yubileyə yada düşür, o zaman ədəbi uğurları haqqında xoş sözlər deyilir. Ya da imkanlı, amma istedadsız müəlliflərin haqqında fasilə bilmədən, müntəzəm olaraq bütün mətbuat səhifələrində yazılar gedir. Əslində təəccüblü görünəni odur ki, "söz küllüyünü" tərifləyənlər tanınmış qələm sahibləridir. Kifayət qədər imzaları ədəbi ictimaiyyətə bəlli olan, özlərini təsdiqləmiş ədəbiyyatşünasları bu gərəksiz addımı atmağavadar edir? Tərifini az qala ulduzlara qaldırdıqları kitabın əslində söz yığını və makulatura olduğunu məgər bilmirlər? Əlbəttə bilirlər. Bəs onda niyə ədəbiyyata yox, şəxsi münasibətlərə və mənafeyə xidmət edirlər? Bax, bu sualın cavabı müşküldür, ya bəlkə də sadədir!

Ədəbi tənqidin itirilmiş nüfuzu özünə qaytarılmalıdır!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 6.