Xeyirxahlığın fəlsəfəsi və fəlsəfəsiz xeyirxahliq

 

Xeyirxah olmaq üçün nə etmək, yaxud nəyi etməmək lazımdır? Xeyirxahlığı maddi ölçüsündə zənginlik şərtləndirir, yoxsa bu mənəvi məziyyətdir, ruhani ehtiyacdır, qannan, iliknən, tərbiyəynən süzülüb gələn genetik yaddaşın bir qəlpəsidir?

Hər nədirsə, təşnə insanın dodaqları gözü qurumuş bulaqdan umsuq düşdüyü kimi, hamının gözlədiyi bir mətahdır, tərifə, təhlilə, sübuta ehtiyacı olmayan bir mənəvi özünüifadə forması, davranış tövrüdür.

Xeyirxahlıq həm də yaxşılıqdır, mayası insana məhəbbətlə yoğrulmuş humanizmdir, nəciblik, mərhəmət, şəfqət və alicənablıqdır. Məhz bütün bu mənəvi dəyərləri özündə birləşdirməyi bacarmış şəxs Tanrının dərgahında kamil insan sayıla bilər.

Xeyirxahlıq barədə dünya mütəfəkkirlərinin çox qiymətli fikirləri var. Hələ məşhur ispan dramaturqu Servantes deyirdi ki, xeyirxahlıq - artığı ziyan verməyən bir əməldir. Həzrət Əlidən (ə.s.) də bir iqtibas gətirmək yerinə düşərdi: - Dörd şeydən ikisini yadda saxlayın, ikisini unudun- deyib əleyhüssəlam. - Sizə olunan yaxşılığı unutmayın, etdiyiniz yaxşılığı yaddan çıxarın. Sizə olunmuş pisliyi unudun, etdiyinizi yaddan çıxarmayın.

Əgər birinci halda xeyirxahlıq bir nəticə, nəcib sosial akt kimi təbliğ olunursa, ikinci nöqteyi-nəzər daha çox bu hərəkətin dərin mənəvi-fəlsəfi saxlanclarından xəbər verir, təvazökarlıq, alicənablıq kimi məziyyət cizgilərini, ümumbəşəri əxlaq, etika və nəzakət normalarını təşviq edir. Xeyirxah olmaq üçün insana nə lazımdır? Bəziləri ilkin şərt kimi maddi imkanı göstərirlər. Müvafiq mənsəb sahibliyinivariant kimi nəzərdən keçirənlər az deyil. Millətin ac-yalavacına, qaçqın-köçkününə əl uzatmaqdan söhbət düşəndə Müqəddəs Qurandan misal çəkərək - əvvəl evin içi, sonra çölü - deyən elə imkanlı adamlar görmüşük ki...

Amma düşünürük ki, xeyirxah olmaq üçün insan ilk növbədə mənən zəngin, böyük ürək sahibi olmalıdır. Elədiyi yaxşılığı ögey-doğmalıq qoymadan, təmənna-minnət gözləmədən, Allah rizasına eləməlidir.

Bu, hər bəndəyə qismət olmayan ilahi bir qabiliyyətdir. İmkanlı kəslər var ki, Tanrı onu xeyirxah olmaq səadətindən məhrum edib. Çörəyi yeyilmir, suyu boğazdan keçmir, əməlinin urvatı, parasının bərəkəti bilinmir.

Maraqlıdır, bəlkə də təəssüfdoğurandır ki, bizdə imkanlı adamlar daha çox şou əhlinə "əl tutmağı" xoşlayırlar. Bəli, ciddi sənətkarlara da deyil, məhz şou əhlinə. Özü də qadınlara... bir də ekranın rənginə uyğunlaşmış kişilərə. Səhnəyə təzəcə ayaq basmış "ətcəbala"lara "atalıq" qayğısı göstərən imkanlılar var ki, sonradan onların "professional" inkişaflarının da qayğısına qalırlar. Bahalı avtomobillər, zinət əşyaları, villalar... Amma bir soruşan gərək, öz əhlikef "damazlıqlarından" savayı hansısa savadlı bir gəncin də xaricdə təhsil almasına kömək ediblərmi? Əsla! Bir yetimə əl uzadıb, bir çarəsizə həyan durublarmı? Bilmərrə! Bir alimin ideyalarının gerçəkləşməsinə, bir yazıçının kitabının nəşrinə dəstək veriblərmi? Qətiyyən!

Əcnəbi müğənnilərə 20 min avroluq çanta, 100 min dollarlıq mikrafon bağışlayan oğlanlar var ki, xalqı üçün iki daşı üst-üstə qoymayıblar.

Belə çıxmırmı ki, ötən əsrin əvvəllərində yaşamış mesenatlarımız o qədər sadəlövh, yəni "hərif" imişlər ki, milyonlarla pul xərcləyib özgə uşaqlarını xaricdə təhsil almağa göndərirdilər!

Bunca sadəlövhlüyün bircə "bəraəti" vardı - bu adamlar millətini sevironun gələcəyini düşünürdülər.

Bugünkü imkanlıları "sələflərindən" fərqləndirən də məhz bu məqamdır; biri millətini, o biri isə ailəsini çox sevir. Biri Azərbaycanı, o biri isə bu coğrafiyanın hündür barı ilə çəpərlənmiş, sadəcə, ona məxsus həyətini sevir.

Əfsuslar olsun ki, bizdəki imkanlıların bir qismi "kütbeyin, əfəl olsun, ancaq özümünkü olsun" kimi çürük təfəkkürlə "işığı" yalnız öz ətraflarına "saçmağı" prinsipləşdirib. Hacı Zeynalabdin Tağıyev, Müsa Nağıyev ... də milyonçu idilər. Amma ən siftəsi Azərbaycanlı idilər. Millət yolunda pul xərcləməyi bu millətin gələcəyinə sərmayə qoymağa bərabər bir hesab edirdilər. Bugünkü milyonçular isə sələflərinin xələfi ola bilmirlər. Bacarmırlar. Görünür, mənəvi-əxlaqi dəyərlər, təfəkkür, istedadla yanaşı, xeyirxahlıq, mərhəmət kimi hisslər də genlərdə kodlaşıb irsən keçə bilmək xassəsinə malik imiş. Belə isə heyif bugünümüzə, təəssüf sabahımıza!

Dünyanın iki ən zəngin insanı - amerikalı milyarder-filantroplar Bill QeytsUorren Baffet öz varidatlarının əhəmiyyətli bir hissəsini xeyriyyə dərnəklərinə bağışlayıblar. Planetin üçüncü ən zəngin şəxsi, meksikalı Karlos Slim hər il ölkəsində humanitar məqsədli layihələrə 5 milyard dollar vəsait ayırır, 160 min nəfərdən artıq tələbə onun təqaüdü ilə təhsil alır. Belə misalların sayını artırmaq da olar. Xeyirxah əməlləri ilə bütün türk dünyasının zinətinə çevrilmiş, ulu öndərimiz Heydər Əliyevin yaxın dostu İhsan Doğramaçının nümunəsini xatırlamaq kifayətdir.

Dəbdəbəli imarətlər, bahalı avtomobilyaxtalar heç vaxtheç kimin insanlıq meyarına çevrilməyib. İnsanın zinəti onun ağlı, savadı, tərbiyə və əxlaqı, dəyəri isə əməlləridir. Əgər xeyriyyəçilərin sayını ölkədəki imkanlı adamların kəmiyyəti ilə müqayisə etsək, Azərbaycan bu sarıdan bəxti gətirməyən ölkələrin sırasında yer alacaq. Bəs görəsən bizə mane olan nədir?

Xeyirxahlıqla xeyriyyəçilik anlayışlarını semantik-linqvistik "ekspertizadan" keçirsək, cüzi fərqlə təxminən eyni mənanı verəcək. İnsanın imkanı məhdud, lakin xeyirxah niyyəti bir boy yüksək ola bilər. Yəni, maddi sıxıntı heç vəchlə mənəvi zənginliyə kölgə sala bilməz. Xeyriyyəçilik isə müəyyən mənada altruizmlə bağlıdır və onu isbatlamağın yolu mütləq fərdin maddi imkanlarından keçir. Ancaq bu o demək də deyil ki, hər maddi imkanı bol adam xeyriyyəçiliklə məşğul olmağa qabildir.

Amma nə yaxşı olardı!.. Ölkəmizdə zəngin adam çoxdur. İş adamı da, məmuru da. Doğrusu da, oğrusu da. onsuz da xalq öz "qəhrəmanlarını" tanıyır, kimin ilə "nəfəs" aldığını yaxşı bilir. olaydı, belələri Allahın dərgahında günahlarını "yumaq" üçün bir kimsəsizə əl tutaydılar, acın qarnını doyuraydılar, fağıra pasiban olub, yol tikib, su çəkib, savab görəydilər... Söhbət ondan gedir ki, xeyriyyəçilik pul kisəsinin qalınlığı ilə deyil, ürəyin genişliyi ilə ölçülən bir jestdir, keyfiyyət göstəricisidir.

Bəs indiyədək bizdə çatışmayan idi? Xeyriyyəçilik institutunun, bu sahədə kütləvi təşəbbüsün olmaması!

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva belə bir xeyriyyəçilik institutunun təməlini qoydu, ilk addımı atdı. Mehriban xanımın zaman etibarilə qısa müddət ərzində Azərbaycan mədəniyyəti, incəsənəti, təhsil səhiyyəsi üçün etdiklərini yalnız universal bir nazirliyin öhdəsindən gələ biləcəyi həcmi ilə müqayisə etmək mümkündür. Kimsəsiz uşaqlar üçün valideyn qayğısını, ana nəvazişini əvəz edən uşaq evlərinin yenidənqurulması, onların bugünkü siması mesenatlığın əməli təcəssümü olmaqla qalmayıb, həm mənəvi zənginliyin, nəciblik alicənablığın bariz təzahürünə çevrilmişdir.

İnsanlıq naminə həyata keçirdiyi əməlləri ilə YUNESKO İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatların xoşməramlı səfiri titulunu qazanmış Mehriban xanım Əliyevanın xeyriyyəçiliklə bağlı düşüncələri fəlsəfiliyini saxlamaqla yanaşı, həm daha praktikdir, əlçatandır: "... xeyriyyəçilik - insanların hər hansı direktiv göstərişlər əsasında deyil, öz qəlbinin vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir.

Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə, insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, altruizm, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir".

Azərbaycan çapında xeyriyyəçilikdən söhbət düşəndə ilk öncə Mehriban xanımı düşünürük. Bir gülnən bahar olarmış. O bunu sübut etməyi bacardı.

Xeyirxahlığın bir hüdudu, belə deyək, dayanacağı varmı?

Məgər insanın arzu istəklərini qapalı bir hücrəyə həbs etmək mümkündürmü? Nəcibliyin, mərhəmətin, şəfqətin çərçivəsi, qoruq-qaytanı mövcuddurmu? Vücudu, fitrəti əməlpərvərlikdən, insankeşlikdən yoğrulmuş birinə - Bəsdir! Dayan, dur, əl saxla! - deyə bilərsənmi?

- Əl tutmaq Əlidən qalıb! Verən əlin usanmasın! Allah min əvəzini versin! - kimi kəlmələr xalqımızın milli-əxlaqi keyfiyyətlərindən süzülüb gələn şükranlıq, alqış nidalarıdır.

Dini əxlaqda xeyirxahlıq Tanrı ilə qovuşmaq, ruhun xilas edilməsi, rəhmdillik, bir sözlə, qəlbində Allah sevgisi gəzdirən hər bir şəxsin can atdığı ali dəyərlər anlamına gəlir. Dini təsəvvürdən kənarda yüksək əxlaqi dəyərlər dedikdə humanizm, ədalət məhəbbət nəzərdə tutulur.

Həzrəti-Muhəmməd (s)-dən - İnsanların ən sevimlisi kimdir? - deyə soruşduqda belə cavab vermişdi: "İnsanlara fayda verən xalqın ən sevimlisidir".

XIV Dalay Lama "Xeyirxahlıq siyasəti" toplusunda deyir ki, dinə inanmaq inanmamaq mümkündür, insanın yenidən dünyaya gələ biləcəyi fərziyyəsinə inanmaq da olar, inanmamaq da. Fəqət elə bir insan yoxdur ki, xeyirxahlıq mərhəməti dəyərləndirə bilməsin.

Əxlaqi təfəkkürdə əsl xeyirxahlıq hamı üçün - həm bütövlükdə bəşəriyyət, həm ayrılıqda hər bir individə yönəlik aktdır. Lakin tələb, arzu fərdi qənaətlərin toqquşduğu dünyada bu xeyirxahlıq abstrakt görünür. Hamı üçün ideal xeyirxahlıq bəşəriyyətin hərəkət istiqamətini göstərən ideyadır.

Bu, bir həqiqətdir ki, cəmiyyətdə xeyriyyəçilik sisteminin bir sosial instituta cevrilməsi, filantropiyanın mənəvi-mədəni təməlinin formalaşması mənəvi-psixoloji ab-havanın münbitləşməsinə, insanların qarşılıqlı münasibətlərinin humanistləşməsinə, səmimilik həssaslıq mühitinin yaranmasına da müsbət təsirini göstərir. Bu statusunda xeyriyyəçilik bir ictimai-bioloji reanimator funksiyası daşıyır.

Tarix özünü tanıyıb anladığı gündən bəri böyük pullar heç kimə böyük xoşbəxtlik bəxş etməyib. Pul kütləsinin çoxluğu problemlərin çoxluğunu şərtləndirib. Hacı Qaralar, Qarpaqonlar ədəbiyyatda gülüş satira, həyatda isə kinayə sarkazm hədəfi olublar. Sərvəti ilə deyil, xeyirxah əməlləri ilə zəngin olanlar isə əbədiyaşarlıq ehtiram qazanıblar.

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.- 30 sentyabr.- S. 7.