Ətraf mühitin qorunması Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

 

 Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratmışdır. Siyasi arenada və dövlətçilik fəaliyyətində təkrarsızlığı ilə şöhrətlənən ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə biganəlik və utilitar münasibət göstərənlərə qarşı barışmazlığı və qətiyyəti bu gün Azərbaycan Prezidenti İlham Əliyevin də fəaliyyətinin başlıca stimuluna çevrilmişdir. Dövlət başçısı, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə reallaşdırılan layihələr Azərbaycanda ekoloji problemlərin tezliklə yoluna qoyulacağına inam yaradır.

İnsanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu sahədə iri layihələr uğurla həyata keçirilmiş və hazırda da davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2010-cu ili Ekologiya ili elan etməsi ölkə vətəndaşlarının, ekoloji problemlərin həlli ilə məşğul olan dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının, kütləvi informasiya vasitələrinin qarşısında mühüm vəzifələr qoyur. Biz hamılıqla Azərbaycanın flora və faunasının qorunması qayğısına qalmalı, torpaqlarımızın məhsuldar, sularımızın təmiz, havamızın saf olması üçün əlimizdən gələni etməliyik. Biz bütün bu işləri hansısa kampaniya xatirinə görməməli, özümüzün vətəndaşlıq vəzifəsinə çevirməliyik.

Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə təsirinin artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Respublikamız müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasət formalaşmışdır. Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin üç əsas istiqamətini bu cür müəyyənləşdirmək olar: ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi; indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq; qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsi.

Ölkəmizdə ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində əsas hədəfləri də xatırlatmaq istərdim. Bunlar su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, torpaqların deqradasiyasının qarşısının alınması, o cümlədən neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o sıradan təhlükəli tullantıların idarə olunmasının təkmilləşdirilməsini əhatə edir.

Hazırda Azərbaycan Respublikası üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında, müvafiq dövlət proqramları çərçivəsində həll edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Ötən müddət ərzində Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair", "Hidrometeorologiyanın İnkişaf Proqramı", "Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair" proqramlarda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Mövcud ekoloji problemlərin həll edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf, Ətraf Mühit, Sənayenin İnkişafı proqramları, NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Asiya Bankı, Ümumdünya Vəhşi Təbiət Fondu və digər təşkilatlarla əməkdaşlıq davam etdirilir. Bununla bərabər müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlığa, ətraf mühit sahəsində beynəlxalq müqavilələrə qoşulmağa böyük diqqət yetirilir. Azərbaycan Respublikası bugünədək 20 ekoloji konvensiyaya qoşulmuş, müvafiq protokollar imzalamışdır.

Ötən il həyata keçirilən tədbirlər barədə danışarkən statistik məlumatlara müraciət etmək yerinə düşərdi. Azərbaycan Respublikası Prezidentinin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" sərəncamına əsasən yaradılmış modul tipli çirkab sutəmizləyici qurğulardan ibarət "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi"nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin əksəriyyəti qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur. Bu istiqamətdə 2008-2009-cu illər ərzində gündə 6140 kubmetr çirkab sutəmizləmə gücündə 16 stansiya istismara verilmişdir. Dövlət başçısının "Əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması üzrə bəzi tədbirlər haqqında" sərəncamına əsasən mərkəzləşmiş şəkildə təmiz suya ehtiyacı olan ən ucqar yaşayış məntəqələrinin də tez bir zamanda təhlükəsiz içməli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Proqram çərçivəsində 12 rayonun 122 kəndində işlər yekunlaşmış, əlavə olaraq 18 rayonun 62 kəndində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində iş gedir. Quraşdırılmış qurğulardan 60-ı 2009-cu ildə istifadəyə verilmişdir.

"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla həyata keçirilir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Texniki İqtisadi Əsaslandırma hazırlanmış, əvvəllər Sədərək və Binə ticarət mərkəzlərinin fəaliyyət göstərdiyi ərazilərin yaşıllaşdırılması, təbii landşaftın bərpası və istirahət parkının salınması istiqamətində işlərə başlanmışdır. Belə ki, dekabrın 24-də keçmiş Binə Ticarət Mərkəzinin ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 600-ə yaxın əməkdaşının iştirakı ilə keçirilmiş iməcilik zamanı 5 hektar sahədə 5000 ağac əkilmişdir. Fərəhli haldır ki, bu tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə ağac əkinində iştirak etmişlər. Bu iməciliyin əks-sədası olaraq respublikamızın digər şəhər və qəsəbələrində hər şənbə və bazar günləri ağac əkini kampaniyası keçirilir.

Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan 56422 kubmetr civə tərkibli toksiki tullantılar 2007-2009-cu illərdə görülmüş tədbirlər nəticəsində Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmiş və bu proses hesabat ilinin ortalarında tamamilə başa çatdırılmışdır.

"Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında" və "Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncamların icrası ilə əlaqədar yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının eroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul magistralı ətrafında 172 min ağac və gül kolları əkilmişdir. Münbit torpaq gətirilməsi, müasir damcı suvarma sisteminin yaradılması və daimi qulluq hesabına bu ərazidə 90 faiz bitişə nail olunmuşdur. Oxşar nəticələr paytaxtı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən yollarda da əldə edilmişdir. Zığ-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu boyu 196 hektar ərazidə mürəkkəb meşəbitmə şəraitində, neft məhsulları, yod, bromla çirklənmiş torpaqlarda salınmış əkinlərə lazımi xidmətin təmin edilməsi hesabına 80 faiz bitiş alınmışdır. Eyni zamanda, 2009-cu ildə Əzizbəyov dairəsi - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu boyunca 25 minədək müxtəlif növ ağaclar əkilmiş, 20 min kvadratmetr sahədə qazon döşənmiş, 23 min kvadratmetr sahədə qazon toxumu səpini aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılmaqdadır. Bununla bağlı Abşeron yarımadasının müxtəlif ərazilərində yaşıllaşdırma məqsədilə yerlər müəyyənləşdirilmiş, Bayıl yamacı - 20-ci Sahə arası, Zığ gölü - Heydər Əliyev adına Beynəlxalq Hava Limanı arası ərazilərin, Zığ gölü və ətrafının, həmçinin Səngəçal ətrafının yaşıllaşdırılması layihələri hazırlanmışdır. Daxili imkanlar hesabına artıq 150 hektar sahədə torpaqhamarlama işləri aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Zooloji Parkın yaradılması haqqında" sərəncamının icrası ilə əlaqədar tender keçirilmiş və müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən su ehtiyatlarının, atmosfer havasının, torpağın, yerin təkinin, flora və faunanın mühafizəsi, tullantıların idarə olunması üzrə hesabat dövrü ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2200-dən artıq akt və 730-dan çox protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 900-dən artıq icrası məcburi olan göstərişlər verilmişdir. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 811 iş üzrə 1 457 874,15 manat məbləğində cərimə tətbiq edilmişdir. Ətraf mühitə dəymiş ziyanla bağlı 663 iş üzrə 1 716 836,85 manat məbləğində iddia qaldırılmış, idarə və müəssisələrə 3487 iş üzrə 774 614,95 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 92 iş, məhkəmələrə 142 iş, məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına isə 519 iş göndərilmişdir.

2009-cu il ərzində ölkə ərazisində atmosfer havası, yağıntılar, torpaq, səth suları, o cümlədən ətraf mühitin radioaktiv çirklənməsi üzrə monitorinq fəaliyyəti davam etdirilmiş, antropogen təsirlər nəticəsində ətraf mühitdə gedən proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması, həmçinin ətraf mühitin vəziyyətinə dair məlumatlar bazasının yaradılması həyata keçirilmiş, operativ və rejim məlumatlarının hazırlanması və onların yayımlanması təmin edilmişdir. Atmosfer havasının və səth sularının çirklənməsinin monitorinqinin nəticələri barədə məlumatlar mütəmadi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnternet saytında yerləşdirilir.

Xəzər dənizinin Azərbaycan sektorunda və onun şimaldan cənubadək sahil zolağında, o cümlədən çimərlik ərazilərində, eləcə də dənizdə fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən qurğularda ekoloji monitorinqlər keçirilmişdir. Bu tədbirlərin məqsədi dənizdə və sahil zolağında fəaliyyət göstərən, birbaşa və ya dolayı yolla (kollektor, kanal, çay və s. vasitəsilə) Xəzər dənizinə antropogen təsir göstərən müəssisələrdə formalaşan bütün növ (maye, qaz, bərk və s.) tullantıların dəniz suyuna, qruntuna, flora və faunasına, həmçinin digər su obyektlərinə göstərdiyi təsiri təhlil və tədqiq edərək məlumat toplamaq, təsirin minimuma endirilməsinə nail olmaqdır. Müşahidələr zamanı qeydə alınmış ekoloji problemlər haqqında məlumat toplanaraq həftəlik və aylıq bülletenlər vasitəsilə aidiyyəti orqanlara çatdırılmışdır.

2009-cu il ərzində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi və qorunması istiqamətində aparılan işlər davam etdirilmişdir. Hesabat ilinin fevral ayında Samur-Yalama Milli Parkının yaradılması ilə əlaqədar xarici şirkətlərin iştirakı ilə açıq tender keçirilmiş, fevral-may aylarında Balakən-Zaqatala regionunda ölkə tarixində ilk biosfer rezervatın yaradılması ilə əlaqədar xarici ekspertlərlə birlikdə ilkin qiymətləndirmə işləri aparılmışdır. Ölkə tarixində ilk dəfə olaraq ceyranların tarixi ərazilərinə reintroduksiya olunması və həmin ərazilərin mühafizəsi məqsədilə Xızı-Abşeron rayonlarının ərazisində Dövlət Təbiət Yasaqlığının yaradılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Bundan əlavə, 2009-cu ilin iyununda Naxçıvan MR ərazisində Arpaçay Dövlət Təbiət Yasaqlığı, oktyabrında isə Lerik rayonu ərazisində Rvarud Dövlət Təbiət Yasaqlığı yaradılmışdır. 2009-cu il 25 noyabr tarixində akademik Həsən Əliyev adına Ordubad Milli Parkının ərazisi 30 666,4 hektar genişləndirilmiş və parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı adlandırılmışdır.

 2009-cu il ərzində meşələrin bərpa olunması və artırılması üzrə nəzərdə tutulmuş tədbirlər aqrotexniki qaydalara uyğun texnoloji ardıcıllıqla həyata keçirilmişdir. Hesabat dövründə meşə fondu torpaqlarında 3545 hektar sahədə, qeyri-meşə fondu torpaqlarında isə 30 hektar sahədə meşə əkini və səpini işləri yerinə yetirilmişdir.

2009-cu ildə yardımçı təsərrüfat sahəsi üzrə 774 ton təbii ot, 2,6 ton bağ meyvəsi, 35,4 ton bağ narı, 1780 kq əmtəəlik bal tədarük edilmişdir. Bundan əlavə, xeyli qoz, fındıq, şabalıd, cır meyvə, narıngi, limon, feyxoa, itburnu və digər kənd təsərrüfatı məhsulları tədarük edilmişdir. Respublikanın meşə mühafizə işçiləri tərəfindən 31 min 840 kubmetr həcmində qanunsuz qırıntı aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. 334 iş hüquq-mühafizə orqanlarına göndərilmişdir.

Yanğın əleyhinə vaxtaşırı profilaktik və qabaqlayıcı tədbirlərin aparılması nəticəsində meşə yanğınlarının qarşısı, demək olar ki, tam alınmışdır. Hesabat dövrü ərzində, ümumilikdə 29 hektar meşə fondu ərazisində yanğın hadisəsi baş vermiş, lakin həmin yanğının qarşısı operativ qaydada alındığından meşə fonduna ciddi ziyan dəyməmişdir.

Ötən il su bioresurslarının artırılması və mühafizəsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. 2009-cu il ərzində nərə balıqartırma zavodlarından 7,67 mln. ədəd nərə cinsli balıq körpələri dənizə buraxılmışdır. Nərə balıqartırma zavodlarında balıq körpələrinin artırılması ilə yanaşı körpələrin bəslənməsi üçün yem bazasının yaradılması istiqamətində biotexniki normativlərə uyğun işlər görülmüşdür. Hazırda yeni balıqartırma mövsümündə təbii su hövzələrinə buraxılması üçün zavodlarda 130 min ədədə qədər qızıl balıq körpələri bəslənir. 2009-cu ildə 416,3 milyon ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpəsi süni və təbii yolla artırılıb respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılmışdır. 2009-cu il ərzində balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı həyata keçirilmiş tədbirlər nəticəsində 81 qanun pozuntusu aşkar edilmiş və 59 nəfər məsuliyyətə cəlb edilmişdir.

2009-cu il ərzində ölkə ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılması davam etdirilmişdir. Hidrometeoroloji stansiya və məntəqələrdə aparılan müşahidələrin nəticələrindən qısa və uzun müddətli proqnozların tərtibatında, o cümlədən gözlənilən təhlükəli hidrometeoroloji hadisələrin proqnozlaşdırılmasında istifadə olunmuşdur. Respublika ərazisində havaların kəskin dəyişməsi və təhlükəli hidrometeoroloji hadisələr barədə xəbərdarlıqlar vaxtında tərtib olunmuş, yarımsutkalıq, sutkalıq, ikigünlük, aylıq hidrometeoroloji proqnozlar hazırlanaraq müvafiq dövlət orqanlarına, sifarişçi təşkilatlara, kütləvi informasiya vasitələri, televiziya kanalları və radio yayımları vasitəsilə birbaşa əhaliyə çatdırılmışdır.

Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda respublikamızda hidrometeorologiyanın aktual məsələlərinə həsr olunmaqla 4 problem altında 8 elmi-tədqiqat işi yerinə yetirilmişdir. İcra olunmuş 4 elmi işin nəticələri kitab şəklində nəşr olunmuşdur. Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin hidrometeoroloji və ekoloji tədqiqat elmi mərkəzi layihəsinin proqramının və planının hazırlanması həyata keçirilmişdir. Respublika ərazisində baş verən təhlükəli hidrometeoroloji hadisələrə dair illik xülasə nəşrə hazırlanmışdır. 2009-cu ildə Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosistemlərində hidrometeoroloji və ekoloji tədqiqat işlərinin aparılması məqsədilə Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılmış, avtomat meteoroloji stansiyalar qurulmuş, bütün kompleks alternativ enerji ilə təmin olunmuşdur. Ərazinin müxtəlif nöqtələrində quraşdırılacaq veb-kameralar hesabına qiymətli məlumatlar əldə edilməklə bərabər, hər bir Azərbaycan vətəndaşı internet vasitəsilə həmin əraziləri canlı rejimdə görə biləcəkdir.

2009-cu ildə aparılmış geoloji-axtarış və kəşfiyyat işləri dörd əsas istiqamətdə - geoloji xəritələmə, filiz, qeyri-filiz yataqlarının axtarışı və kəşfiyyatı, hidrogeoloji axtarış və kəşfiyyat, təbii proseslərin müşahidəsi və tədqiqi, zəlzələlərin proqnozlaşdırılması üzrə həyata keçirilmişdir. Görülən işlər Baş Qafqazın cənub yamacının, Kiçik Qafqazın Naxçıvan struktur-metallogenik zonaların, şimalda Qusardan, cənubda Dağlıq Talışa qədər geniş bir zolağı əhatə edən Qərbi Xəzəryanı sahələrin ərazilərini əhatə etmişdir. Baş Qafqazın cənub yamacında aparılmış geoloji-axtarış işləri nəticəsində qızıl, molibden, mis ehtiyatları müəyyən edilmişdir. 2009-cu ildə Göygöl filiz sahəsinin şimal kəsimində aparılmış nüvə geofiziki tədqiqat işləri nəticəsində təqribən 6 kvadratkilometr ərazidə metal, o cümlədən radioaktiv torium, protaktinium, uran və nadir torpaq neodium, prometium, holmium, erbium və lütesiumm elementlərinin yüksək tutumlarını ehtiva edən üçzolaqlı anomaliya aşkar edilmişdir. Burada uranın yüksək tutumu xüsusən daha çox maraq doğurduğu üçün hazırda bu sahədə dəqiqləşdirmə işləri həyata keçirilir. Naxçıvan MR ərazisinin iki sahəsində radioaktiv filiz yataqlarının axtarışı işləri başlanmışdır.

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması və davamlı inkişafın təmin edilməsi sahəsində təsadüfi qərarlar qəbul edilməsinin qarşısının alınması məqsədilə Dövlət Ekspertiza Xidməti fəaliyyət göstərir. Son dövrlər Bakı şəhəri və ətraf qəsəbələrdə aparılan tikinti-quraşdırma işləri, yeni istehsal sahələrinin yaradılması, regionlarda irimiqyaslı layihələrin həyata keçirilməsi və eyni zamanda neft-qaz sənayesi üzrə yeni layihələrin yerinə yetirilməsi Dövlət Ekspertizasına daxil olan müraciətlərin sayını artırmışdır.

Hesabat dövründə respublikada yeni infrastruktur layihələrinin icrası ilə əlaqədar yeni sənaye sahələrinin yaradılması, tikinti-quraşdırma işlərinin aparılması, xüsusi əhəmiyyətli dövlət qurumları strukturlarının yerləşdirilməsi, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə qəsəbələrin inşası ilə bağlı Nazirlər Kabinetinin tapşırıqları əsasında torpaq sahələrinin ayrılmasının ekoloji qiymətləndirilməsi davam etdirilmişdir.

Respublikada iri həcmli investisiya tələb edən regional və beynəlxalq əhəmiyyətli layihələrin ekspertizasına xüsusi diqqət yetirilmiş, onların ölkənin iqtisadi inkişafında əhəmiyyəti nəzərə alınaraq, ekoloji və sosial qiymətləndirmələri aparılmışdır. Bu qəbildən olan sənədlər əsasən respublikanın enerji təminatının yaxşılaşdırılması, neft-qaz sənayesinin inkişafı, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və yeni iş yerlərinin açılması məqsədilə müasir tələblərə cavab verən iri həcmli istehsalat sahələrinin təşkil edilməsinə aiddir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində Abşeron yarımadasında uzun illər ərzində neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələrinin rekultivasiyası ilə əlaqədar təqdim olunmuş layihə sənədləri baxılaraq müvafiq qaydada razılaşdırılmışdır. Bununla yanaşı, ekoloji tələblərə cavab verməyən və ekspertiza üçün tələb olunan texniki layihə sənədləri tam qaydada təqdim olunmadığından daxil olmuş 85 sənəd razılaşdırılmadan geri qaytarılmışdır. Təqdim olunmuş bütün layihələr aidiyyəti üzrə sahə ekspertləri cəlb olunmaqla müəyyən olunmuş müddətlərdə baxılaraq münasibət bildirilmiş, çoxsaylı müzakirələrin aparılmasında ictimaiyyətin iştirakı təmin olunmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi sahəsindəki çoxşaxəli fəaliyyətində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə əhalinin ekoloji maariflənməsinə xidmət edən müxtəlif kütləvi tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkədə ekoloji mühitin sağlamlaşdırılması sahəsində misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində YAP Gənclər Birliyi ilə birgə ulu öndərin 1970-ci illərdən etibarən həyata keçirdiyi yaşıllaşdırma, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəetmə siyasətinin daha geniş təbliğ olunması, onların qorunub saxlanmasını təmin etmək məqsədilə ali məktəb tələbələri arasında "Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi" adlı yazı müsabiqəsi keçirilmişdir. Həmçinin eyni adlı elmi konfrans, eləcə də regionlarda gənclərin bu istiqamətdə maarifləndirilməsi üçün treninq və iməciliklər təşkil olunmuşdur.

Ekoloji təqvim günlərində (Yer günü, Ətraf mühit günü, Dəniz günü və s.) KİV-də məqalələr dərc olunmuş, televiziya və radio kanallarında çıxışlar edilmiş, respublikanın yaşayış məntəqələrində təmizlik və abadlıq işlərinin aparılması məqsədilə iməciliklər təşkil olunmuş, təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universiteti, Texniki Universitet, Neft Akademiyası və digər ali təhsil müəssisələrinin müəllim və tələbələrinin iştirakı ilə ekoloji mövzularda seminar-məşğələlər, "dəyirmi masa"lar, Bakı şəhərinin bir sıra orta məktəblərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təcrübəli mütəxəssisləri ilə görüşlər keçirilmişdir. Ekoloji problemlərin həllinə ictimaiyyəti cəlb etmək məqsədilə "Şəhərin zibillənməsi", "Havanın çirklənməsi", "Səhralaşma" və "Nərəkimiləri birgə qoruyaq" mövzularında çəkilmiş reklam çarxları bir sıra televiziya kanallarında yayımlanmış və nazirliyin saytında yerləşdirilmişdir. Hər il olduğu kimi, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, təbiətdən davamlı istifadənin təmin olunması ideyalarının yayılması və əhalinin məlumatlandırılması məqsədilə jurnalistlər və telereportyorlar arasında 5 iyun "Ümumdünya ətraf mühit günü" ərəfəsində ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və telereportajlar üzrə müsabiqəyə yekun vurulmuşdur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələri tərəfindən mütəmadi olaraq əhalinin ekoloji maarifləndirilməsi, onların bu sahədə məlumatlılığının artırılmasına xidmət edən 800-dən artıq müxtəlif tədbirlər, o cümlədən seminar, məşğələ, bilik yarışı, müsabiqə, treninq, eyni zamanda KİV və QHT nümayəndələri üçün seminarlar təşkil olunmuş, 30-dan artıq QHT-nin iştirakı ilə ekoloji problemlərin həlli istiqamətində təklif və sorğular müzakirə edilmiş və onların həlli istiqamətində tədbirlər həyata keçirilmişdir.

"Ətraf mühitlə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərarlar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında" Orhus Konvensiyasının Azərbaycanda həyata keçirilməsini təmin etmək və ətraf mühit məsələləri ilə bağlı əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Bakı, Gəncə və Qazaxda Orhus ictimai ekoloji informasiya mərkəzləri yaradılmışdır. Mərkəzlərdə ətraf mühitə dair siyasətin formalaşmasında hökumət və qeyri-hökumət təşkilatları arasında görüşlər təşkil edilmiş, bu sahədə fəaliyyət göstərən yerli təşkilatlarla beynəlxalq təşkilatlar arasında əlaqə yaradılmasına kömək göstərilmiş, QHT-lərın ictimaiyyəti maraqlandıran ədəbiyyat və internet resurslarından ödənişsiz istifadə imkanı yaradılmışdır.

Ölkə rəhbərliyi tərəfindən ekoloji məsələlərə göstərilən xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında son illər əldə olunmuş yüksək nailiyyətlər bundan sonra da ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində öz müsbət təsirini daha səmərəli göstərəcəkdir.

 

 

Hüseynqulu BAĞIROV,

ekologiya və təbii sərvətlər naziri

 

Azərbaycan.- 2010.-1  yanvar.- S. 2.