Xocavəndli məcburi
köçkünlər Həmrəylik Günü
və Yeni il
bayramını təntənə ilə qeyd
etmişlər
Beyləqan rayonu ərazisində salınmış "Yeni Xocavənd" qəsəbəsində məskunlaşmış xocavəndli məcburi köçkünlər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni il bayramını təntənə ilə qeyd etmişlər.
Dekabrın 30-da Xocavənd rayonu ərazisində yerləşən N saylı hərbi hissədə rayon ictimaiyyətinin, ön xətdə xidmət edən əsgər və zabitlərin iştirakı ilə bayram şənliyi keçirilmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri əsgər və zabitləri bayram münasibətilə təbrik etmiş, onlara Vətənə xidmətdə uğurlar arzulamışlar. Bir qrup nümunəvi əsgərə qiymətli hədiyyələr, hərbi hissənin şəxsi heyətinə bayram sovqatı verilmişdir. Tədbir rayon mədəniyyət və turizm şöbəsinin bədii özfəaliyyət kollektivlərinin ifasında bayram konserti ilə davam etmişdir.
Dekabrın 31-də "Yeni Xocavənd" qəsəbəsindəki mədəniyyət evində geniş bayram tədbiri keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı bayram münasibətilə xocavəndliləri təbrik etmiş, növbəti bayramların işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsini arzulamışdır.
Çalışdıqları sahələrdə əldə etdikləri uğurlara və nümunəvi fəaliyyətlərinə görə bir qrup xocavəndliyə rayon icra hakimiyyətinin diplom, fəxri fərman və qiymətli hədiyyələri verilmişdir.
Tədbir maraqlı konsert proqramı ilə başa çatmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 1
yanvar.- S. 3.