Azərbaycan diasporunun etibarlı hamisi

 

Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərdə vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə 18 il əvvəl həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.

 

Milli səviyyədə keçirilən bayram ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirmək məharətini bir daha nümayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlarının həmrəylik və birlik günü haqqında" qərarı yenicə müstəqilliyini elan etmiş Azərbaycanın yeni tarixində fundamental sənədlərdən biridir. Çünki 1991-ci ilin oktyabrında canı, qanı bahasına müstəqilliyə qovuşmuş Azərbaycanda cəmiyyətin qütbləşərək parçalanması, milli maraq və mənafelər ətrafında səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması ciddi problem kimi göstərilmiş, milli inkişafı əngəlləyən amilə çevrilmişdi. Bunun nəticəsi kimi də 1993-cü ilin iyun ayınadək ölkədə vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki siyasi konfrontasiya kəskinləşərək ağır siyasi böhrana gətirib çıxarmış, bütövlükdə, respublika parçalanmaq və müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmişdi.

Bu arzuolunmaz vəziyyət yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra aradan qalxmış, ulu öndər müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli-mənəvi dəyərlər sistemi ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən bir sıra tədbirlər həyata keçirmişdir. İndi siyasi baxışından asılı olmayaraq hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-ideoloji sərvətlərindən biridir. Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.

Bu gün aydın görünən həqiqətlərdən biri də məhz budur ki, ulu rəhbərin Azərbaycan tarixindəki möhtəşəm izləri yalnız müstəqil dövlət quruculuğu və onun siyasi-iqtisadi əsaslarının möhkəmləndirilməsi ilə yekunlaşmır. Ulu öndər həm də bütün dünya azərbaycanlılarının milli birliyinin yaranmasında fövqəladə rol oynamışdır. Heydər Əliyev milli dövlət quruculuğunun, dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində əməli iş görmək, fəaliyyətini milli mənafe kontekstində qurmaq üçün var gücü ilə çalışır, xalqı səfərbər edirdi.

Böyük strateq Heydər Əliyev azərbaycanlıların vahid xalq kimi monolitliyinin möhkəmləndirilməsi, milli diasporun formalaşdırılması baxımından ana dilinin də roluna xüsusi önəm verirdi. Çıxışlarında daim vurğulayırdı ki, milli dövlət quruculuğunun mühüm şərtlərindən biri ədəbi dilin zəminində xüsusi rəsmi dil üslubunun formalaşmasıdır. Dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan dilinin dövlət dili kimi işlədilməsinə əlverişli şərait yaranmışdı. Belə böyük və məsuliyyətli vəzifəni az qala, təkbaşına həyata keçirən Heydər Əliyevə qarşı çıxanlar, min bir əziyyətlə yaratdığı dövlətçiliyimizə zərbə vurmaq istəyənlər də az deyildi. Lakin bu maneələri inamla dəf edən ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olundu. 8 il əvvəl imzalanmış həmin fərmana əsasən, avqust ayının 1-i hər il respublikamızda Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi geniş qeyd olunur. Məhz Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Heydər Əliyevin ana dilinə böyük qayğısı, sədaqəti, dərin məhəbbəti onun yalnız əsl vətəndaşlıq, ana dilini sevmək, yüksək qürur hissləri ilə bağlı deyildi. Bu, eyni zamanda, onun öz ana dilini dərindən bilmək, həmin dilin bütün sirlərinə, gözəlliklərinə vaqif olmaq, onlardan məharətlə istifadə edə bilmək qabiliyyətindən irəli gəlirdi. Ulu öndər xaricdə yaşayan soydaşlarımızla görüşlərində onlara ilk növbədə, məhz milli dili unutmamağı tövsiyə edirdi.

Bütün məşhur siyasi xadimlər kimi, Heydər Əliyev də öz xalqının, ölkəsinin iqtisadiyyatı, maddi rifah halının yaxşılaşması ilə bərabər, onun ümummədəni tərəqqisinin qayğısına qalmış, xalqımızın dünyada layiqli yer tutmasına, obyektiv səbəblərdən bütün dünyaya səpələnmiş soydaşlarımızın ümummilli məqsədlər ətrafında birləşməsinə çalışmışdır. 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı ümummilli lider Heydər Əliyev Azərbaycan diasporu qarşısındakı çıxışında qarşıda duran vəzifələrdən danışarkən demişdir: "Siz düşünməyin ki, Azərbaycan bizim üçün nə edib, düşünün ki, biz Azərbaycan üçün nə etmişik. Onda Azərbaycan da irəli gedər, Azərbaycan diasporu da inkişaf edər. Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıların çoxu Azərbaycanda doğulmayıb. Nə olsun. Məgər Amerikada yaşayan ermənilər Ermənistanda doğulub, məgər onlar Dağlıq Qarabağda doğulub? Amma ermənidirlər, ona görə də Ermənistan haqqında düşünürlər. Amerikada yaşayan azərbaycanlıların isə biri deyir, mən İranda doğulmuşam, o biri deyir mən Turanda doğulmuşam. Harada doğulmağın fərqi yoxdur, əsas odur ki, sən azərbaycanlısan, Azərbaycan dilinin, mədəniyyətinin daşıyıcısısan".

1994-1995-ci illərdə Azərbaycanın ciddi təhlükələrlə üzləşdiyi zaman ümummilli lider Heydər Əliyevin çağırışı ilə yüz minlərlə həmvətənimizin ölkə başçısının ətrafında toplaşması, ona dəstək verməsi milli birlik və həmrəyliyimizin tarixində ən parlaq səhifələrdən birinə çevrilmişdir. İctimai-siyasi sabitliyin, vətəndaş sülhünün təmini, habelə 1996-cı ildən başlayaraq ölkədə aparılan quruculuq tədbirləri, bazar iqtisadiyyatının elmi əsaslarının formalaşması, hüquqi dövlət quruculuğu, sosial sahənin inkişaf etdirilməsi milli diaspor quruculuğu prosesinə başlamaq üçün etibarlı zəmin formalaşdırmışdır. Bütün bu proseslər dünyanın müxtəlif bölgələrinə səpələnmiş, qəlbi vətən eşqi ilə döyünən soydaşlarımızın diqqət mərkəzində olmuş, onlarda böyük qürur və sevinc hissləri doğurmuşdur. Respublikamızın beynəlxalq aləmdə daha geniş tanınması, dünya ölkələri ilə siyasi-iqtisadi, mədəni əlaqələrinin inkişaf etdirilməsi xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinə ciddi dəstək vermişdir. Onlar yaşadıqları dövlətlərin iqtisadi, ictimai-siyasi həyatında fəal iştirak etməklə, elmin, mədəniyyətin inkişafına töhfələr verməklə yanaşı, həm də Azərbaycan xalqının maddi-mənəvi dəyərlərinin, dilinin, tarixinin, mədəniyyətinin, mütərəqqi ənənələrinin daşıyıcıları olaraq ölkəmizi dünyaya tanıtmaq üçün yeni imkanlar qazanmışlar.

Ulu öndər özünəməxsus uzaqgörənliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil. Xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlər qurmaq, onları ideoloji-siyasi müstəvidə silahlandırmaq və ümummilli mənafelər naminə səfərbər etmək Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu sahədə dövlət siyasətinin məqsədi də xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaq və inkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.

Azərbaycan diasporunun təşkilatlanması prosesində ən mühüm, taleyüklü hadisə isə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi baxımından yeni mərhələ açmışdır.

Qurultayda dərin məzmunlu nitq söyləyən ümummilli lider Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini açıqlamışdır. Eyni zamanda, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələlərini xüsusi diqqətə çəkmişdir.

"Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" - deyən ümummilli lider Heydər Əliyevin Dünya Azərbaycanlılarının I qurultayında söylədiyi fikirlər bu gün hər bir azərbaycanlının milli qürur hissinin ifadə formasına çevrilmişdir. Millətdə qürur, fəxarət hissi yaşadan, milli mənsubluğa görə qürur duymağın şərəfliliyini öyrədən dahilər isə dünyaya tək-tək gəlir. Ulu öndər Heydər Əliyev məhz belə dahilərdən olaraq xalqımızın tarixən tapındığı azərbaycançılıq ideologiyasının vacib sistem halına salınmasına, birləşdirici faktora çevrilməsinə də uğurla nail olmuşdur.

Ümummilli lider Heydər Əliyev bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzalamışdır. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar açmışdır. Komitə qısa müddətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində xeyli iş görməyə müvəffəq olmuşdur.

2002-ci ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirir. Sənədə əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur. Habelə imkanlı azərbaycanlıların ölkə iqtisadiyyatına sərmayə qoyması üçün qanunda vergi, gömrük güzəştləri nəzərdə tutulur.

Qürur doğuran haldır ki, ulu öndərin layiqli siyasi davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Ötən 6 ildə bu yöndə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkir. Dövlət başçısı müasir dövrdə bu sahəyə xüsusi diqqət ayırmadan xarici siyasətdə hansısa ciddi uğur qazanmağın qeyri-mümkünlüyünü çıxışlarında dəfələrlə vurğulamışdır. Təsadüfi deyildir ki, cənab İlham Əliyev 2004, 2006 və 2008-ci illərdə diplomatlarımızla keçirdiyi görüşlərdə diaspor və lobbi quruculuğu işinin keyfiyyətcə yeni dövrün tələbləri səviyyəsində qurulmasını strateji hədəflərdən biri kimi müəyyənləşdirmişdir: "Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar. Həm icra orqanlarında, həm qanunvericilik orqanlarında, həm də biznes sahəsində onların mövqeləri daha da güclənsin. Yəni, bu, bizim vəzifəmizdir. Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər. Ona görə də səfirliklər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqədə olmalıdırlar və xaricdə yaşayan soydaşlarımızla işlər daha yüksək səviyyədə qurulmalıdır. Mən bilirəm ki, bu iş bir çox ölkədə gedir. Səfirliklər bu baxımdan işləyirlər. Mən bunu bilirəm. Amma, əlbəttə, istərdik ki, bunun böyük nəticəsi, səmərəsi olsun".

Hazırda dünyada elə diasporlar var ki, hələ öz dövləti yaranmamışdan xeyli qabaq formalaşmış, təşkilatlanmışdır. Onlar bu gün də fəaliyyət göstərdiyi ölkələrin ictimai-siyasi həyatına fəal təsir imkanlarına malikdirlər. Məsələn, bu gün İsrail dövləti məhz güclü yəhudi lobbisinin və diasporunun mütəşəkkil fəaliyyəti ilə dünya miqyasında öncül mövqe tutur. Beynəlxalq aləmdə məşhurlaşmış "Soxnut" yəhudi təşkilatının illik büdcəsi 600 milyon ABŞ dollarına yaxındır və bu qurum İsrailə külli miqdarda yardım edir. Azərbaycan Prezidenti diaspor quruculuğu sahəsində qabaqcıl dövlətlərin təcrübə və köməyindən istifadəni də zəruri sayır. Eyni zamanda, müxtəlif ölkələrdəki Azərbaycan icmalarının fəaliyyətinin gücləndirilməsini, çevikliyinin artırılmasını, bu təşkilatların vahid mərkəz ətrafında birləşdirilməsini strateji məqsədlərdən biri kimi önə çəkir.

Diaspor quruculuğu sahəsində həyata keçirilən ardıcıl işlər nəticəsində Amerika, Avropa, Asiya və Şimali Afrikanın ayrı-ayrı ölkələrində 100-dən çox yeni azərbaycanlı icması yaradılmış, bununla da, xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 400-ü ötmüşdür. Hazırda bir ölkə daxilində fəaliyyət göstərən ayrı-ayrı icma və qurumların tədricən vahid mərkəzdə birləşməsi prosesi başlanmışdır. Ukrayna (1997-ci il) və Rusiyanın (2000-ci il) ardınca, 2004-cü ilin mayında 18 icma və təşkilatı birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilmiş, 2005-ci ilin aprelində isə Kanadada Azərbaycan Təşkilatları Federasiyası yaradılmışdır. 2004-cü ilin aprelində Avropa Azərbaycanlıları Konqresinin (AAK) təsis edilməsi isə soydaşlarımızın artıq qitə miqyasında təşkilatlanmağa başladıqlarını nümayiş etdirmişdir.

AAK-nın Nizamnaməsində regionda məskunlaşmış azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, insan hüquq və azadlıqlarının qorunmasının həyata keçirilməsi Konqresin əsas vəzifələri kimi təsbit edilmişdir. Ötən beş il ərzində AAK Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımız arasında birliyin və həmrəyliyin təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği ilə bağlı bir sıra layihələr həyata keçirə bilmişdir. Bu gün AAK-da təmsil olunan diaspor təşkilatlarının sayı 65-ə çatmış, qurumun dəstəyi ilə Avropanın bir çox ölkələrində yeni diaspor təşkilatları yaradılmışdır. AAK-nın yaradılması Avropa ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanması prosesini daha da sürətləndirmiş, diaspor təşkilatlarının fəaliyyətini keyfiyyətcə yeni müstəviyə çıxarmışdır. Azərbaycan həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, cəmiyyətə inteqrasiyası, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, mədəni irsimizin təbliği sahəsində daha genişmiqyaslı işlərin aparılmasına imkan yaradılmışdır.

Cənab İlham Əliyevin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə, ötən 6 ilin ən əlamətdar hadisələrindən biri kimi yadda qalmışdır. Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsində məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. 2006-cı il martın 16-da keçirilmiş qurultayda Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi qərara alınmışdır. Həmçinin ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir. Yüksək mütəşəkkillik və ruh yüksəkliyi ilə başa çatan qurultayın nəticəsi kimi Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması barədə qərarın qəbul edilməsi, dünya azərbaycanlılarına müraciətin, habelə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı xüsusi bəyanatın, işğal olunmuş ərazilərdə tarixi abidələrimizin, mədəni irsimizin dağıdılması ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin və digər sənədlərin qəbulu istər təbliğati, istərsə də səmərəli əks-hücumun təşkili baxımından böyük əhəmiyyətə malikdir.

Hazırda Azərbaycan inkişafının elə yüksək mərhələsindədir ki, respublikamızın bütün həyati əhəmiyyətli sahələrdə qazandığı böyük uğurlar beynəlxalq səviyyədə geniş təbliğ olunmalıdır. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli, dərin məzmunlu nitqi də məhz diaspor quruculuğu sahəsində perspektiv fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi baxımından son dərəcə maraq doğurur. Dövlət başçısı bütün sahələrdə yüksək dinamizmlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları qarşısında vacib məsələ kimi qaldırmışdır. Son illər Cənubi Qafqazda həyata keçirilən bütün qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox iş görülməli, erməni lobbisinin, bütövlükdə isə antiazərbaycançı şəbəkənin respublikamıza qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır.

Dövlət başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının II qurultayındakı çıxışında respublikamız haqqında məlumat qıtlığının tamamilə aradan qaldırılması vacibliyini bəyan etmişdir: "Azərbaycanın addımları bütün sahələrdə, o cümlədən xarici siyasətdə müsbət nəticələrini verməkdədir... Əfsuslar olsun ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyəti tərəfindən o qədər də yaxşı dərk edilmir. Məlumat qıtlığı var, bəzi hallarda informasiya blokadası ilə də üzləşirik. Çünki bizim əleyhimizə dünyanın erməni lobbisi fəaliyyət göstərir və hər vəchlə çalışır ki, Azərbaycanı ləkələsin, Azərbaycanda gedən proseslərə mənfi don geyindirsin və beləliklə, Azərbaycanı təcrid edilmiş vəziyyətə salsın".

Prezident İlham Əliyev xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir. Rusiyada miqrantlara qarşı münasibətin kəskin dəyişməsi ilə əlaqədar olaraq 3 il öncə Moskvada ticarətlə məşğul olan azərbaycanlıların üzləşdiyi problemlərin aradan qaldırılması üçün xüsusi dövlət komissiyası yaradan, çevik tədbirlər həyata keçirən cənab İlham Əliyev milli diasporumuzun etibarlı hamisi olduğunu təsdiqləmişdir. Bu addımı ilə ölkə başçısı Azərbaycan dövlətinin heç bir vətəndaşının taleyinə biganə olmadığını, onlara daim sahib çıxacağını bildirmişdir. Cənab İlham Əliyevin diasporumuzun tanınmış nümayəndələrini mühüm dövlət mükafatları, fəxri adlarla təltif etməsi də onun qayğıkeş rəhbər olmasından irəli gəlir.

Dövlət başçısı İlham Əliyev diaspor quruculuğu baxımından ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini də xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Prezident türkdilli xalqların oxşar milli irsinə, ülvi və pak dəyərlərinə, mental xüsusiyyətlərinə həm də ümumi müqaviməti və səfərbərliyi təmin edən güclü ideoloji-siyasi təsir vasitəsi kimi yanaşır. 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I Forumunun keçirilməsi də iki qardaş və dost ölkənin xaricdəki diaspor təşkilatları qarşısında duran strateji vəzifələri müzakirə etmək, bu sahədə fəaliyyətin səmərəli koordinasiyasına nail olmaq məqsədi daşımışdır. Qurultayda Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının daha sıx əməkdaşlıq etməsini, bədnam erməni lobbisinə qarşı fəal mübarizə aparmasını nəzərdə tutan bir sıra razılaşmalar, bəyanatlar qəbul olunmuşdur.

2009-cu ilin oktyabrında Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. İlk dəfə 2006-cı ildə türkdilli ölkələrin dövlət başçılarının sammitində Prezident Nursultan Nazarbayev Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ideyasını irəli sürmüşdür. Ortaq mədəni irsə, dinə, dilə malik olan dövlətləri bir araya gətirdiyi üçün assambleya böyük rol oynayır. Sammit iştirakçılarının ümumi fikri bundan ibarət olmuşdur ki, türkdilli dövlətlərin yerləşdikləri bölgələrin dünya siyasətində və iqtisadiyyatında artan rolu türkdilli xalqlar ailəsinin bütün üzvləri arasında sıx birliyi, əməkdaşlığı zəruri edir. Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrin əmin-amanlıq və inkişaf ərazilərinə çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır.

Türkdilli ölkələrin dövlət başçılarının oktyabrda Naxçıvanda keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxısan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır. Faydalı müzakirələrlə yadda qalan zirvə toplantısında türk dövlətləri arasında hərtərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin yaradılmasının vacibliyini önə çəkmişlər. Eyni zamanda, türkdilli dövlət başçıları ildə iki dəfə - rəsmi və qeyri-rəsmi görüşmək barədə razılığa gəlmişlər. Rəsmi imzalanmış Naxçıvan bəyannaməsinə görə isə yaxın perspektivdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması nəzərdə tutulur.

Prezident İlham Əliyev zirvə toplantısındakı dərin məzmunlu çıxışında türkdilli dövlətlərin birliyini zəruri edən amilləri bir daha diqqətə çəkmişdir: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir".

Müasir dövrdə diaspor quruculuğunun konkret zamanla məhdudlaşmayan, daim fəallıq və zəhmət tələb edən uzunmüddətli proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. Reallıq göstərir ki, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ çox işlər görülməlidir. Prezident İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəçəkdir.

 

 

Elşad ABDULLAYEV,

hüquq elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.- 1 yanvar.- S. 4.