"Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

1. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarının xüsusi rütbəsi olan əməkdaşları aşağıdakılara görə təltif edilirlər:

1.1.Azərbaycan Respublikasının vergi siyasətinin həyata keçirilməsinə verilən əhəmiyyətli töhfəyə görə;

1.2.vergi orqanlarında xidmətdə xüsusi fərqlənməyə görə;

1.3.vergi sistemində mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində iştiraka görə;

1.4.vergi sisteminin inkişafı sahəsində göstərdiyi digər xidmətlərə görə.

2. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalının 3 dərəcəsi vardır:

2.1."Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının vergi orqanlarında azı 20 il xidmət edən şəxslərə;

2.2."Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının vergi orqanlarında azı 15 il xidmət edən şəxslərə;

2.3."Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı Azərbaycan Respublikasının vergi orqanlarında azı 10 il xidmət edən şəxslərə verilir.

3. 1-ci dərəcəli medal ən yüksək dərəcəlidir.

4. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vergi orqanlarının əməkdaşları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

5. "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

 

 

Azərbaycan.- 2010.- 1 yanvar.- S. 5.