2009-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş,
inkişaf müşahidə olundu
Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il münasibətilə Azərbaycan xalqına
təbrikində bu fikirləri bəyan etmişdir
Azərbaycanın sosial-iqtisadi imkanlarının ildən-ilə artması, dünyanın inkişaf etmiş dövlətləri ilə eyni cərgədə dayanması böyük uzaqgörənliklə davam etdirilən iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xətti yeni mərhələdə daha da zənginləşdirən Prezident İlham Əliyev hər bir vətəndaşın yüksək maddi və sosial durumunun yaxşılaşdırılmasını əsas vəzifə kimi müəyyənləşdirib. Ölkəmizdə son 6 ildə bütün sahələri əhatə etməklə demokratikləşmə prosesləri uğurla davam etdirilmiş, qanunun aliliyinin təmini, humanist, bəşəri dəyərlərin bərqərar olması üçün böyük işlər görülmüşdür. Azərbaycan qloballaşan dünyanın tərkib hissəsi kimi bu inteqrasiya yolunda inamla irəliləyərək yeni-yeni nailiyyətlər qazanmaqdadır.
"Əsl siyasət konkret real iş görməkdən ibarətdir" şüarını irəli sürən Prezident İlham Əliyev ötən müddətdə həyata keçirdiyi çoxşaxəli islahatlarla, inkişafı stimullaşdıran qlobal layihələri reallaşdırmaqla böyük uğurlara imza atmış və bununla da verdiyi bütün vədlərə sadiq qaldığını təsdiqləmişdir.
Ölkəmizdə iqtisadi sahədə keçid dövrü tam başa çatmış, xarici və daxili investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşması nəticəsində əhalinin maddi rifah halı daha da yaxşılaşmışdır. Prezident İlham Əliyevin sosial-iqtisadi sahədə inkişafın sürətləndirilməsinə hesablanan mühüm fərman və sərəncamları aparılan uğurlu iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Ölkə başçısının 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi diqqət ayrılır. Dövlət Proqramına nəzər saldıqda əminliklə demək olar ki, qarşıdakı illərdə sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Dövlət Proqramında davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur. Uğurla icra edilən Dövlət Proqramı Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, yeni iş yerlərinin açılması istiqamətində də konkret nəticələrlə müşayiət olunmaqdadır.
Sahibkarlığın inkişafına əngəl törədən süni maneələrin aradan qaldırılması, sərbəst bazar subyektlərinə plüralist iqtisadi mühitin yaradılması, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli dəstəklənməsi bu kateqoriyadan olan vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməkdədir.
Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, ölkəmizin son illərdə sürətli inkişaf yolunda inamla irəliləməsi, makroiqtisadi uğurlara imza atması dövlət büdcəsində də real əksini tapır. Respublikamızın son 6 ildəki büdcəsinə nəzər saldıqda, həyata keçirilən iqtisadi islahatların milli maraq və mənafe baxımından səmərəliliyi bir daha təsdiqlənir. MDB dövlətlərinin büdcə vəsaitləri 2003-2008-ci illərdə 15-20 faiz artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 8 dəfədən çoxdur. Azərbaycanın büdcə gəlirlərinin illik artım tempi ötən dövrdə orta hesabla 30-40 faizlə müşayiət olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat, 2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötmüşdür. Qlobal böhranla müşayiət olunan 2008-2009-cu illərdə Azərbaycanda dövlət büdcəsinin 10 milyard manatı ötməsi kifayət qədər yüksək göstəricidir.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirmişdi: "2009-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf müşayiət olundu. İqtisadi artım 9 faizdən çox olmuşdur, sənaye istehsalı təxminən 9 faiz artmışdır. Ölkəmizdə inflyasiya 2 faizdən aşağı səviyyədədir. Yəni, iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyədədir. Bütün bunlara biz sizinlə bərabər düşünülmüş siyasət aparmaqla, islahatlar aparmaqla nail ola bilmişik. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanı bu istiqamətdə - iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etdi və bunu bəyan etdi. 2009-cu ildə Dünya İqtisadi Forumu - çox böyük mötəbər beynəlxalq təşkilat - Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq gördü. Azərbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir.
2009-cu ildə planlar, nəzərdə tutulmuş bütün tədbirlər icra edildi. Regionların inkişafı sürətlə davam etdi. Son 6 il ərzində Azərbaycanda 800 mindən çox yeni iş yerləri açılmışdır. Bütün bölgələrdə canlanma vardır, abadlıq, quruculuq işləri aparılır. Ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair ikinci proqram icra olunur. Bu proqram çox müfəssəl proqramdır və proqramın icrası nəticəsində, demək olar ki, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi və sosial məsələlər öz həllini tapmalıdır. Biz görürük ki, bu proqram 2009-cu ilin yekunlarına görə uğurla icra edilir".
Bu ilin dövlət büdcəsi əhalinin maddi rifahının yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini və makroiqtisadi sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirməklə yanaşı, davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcə ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur.
2009-cu ilin yekunları dünya maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının davamlı inkişaf yolunda inamla irəlilədiyini bir daha təsdiq etdi. Ölkə rəhbərliyi tərəfindən dəqiq hədəflərə hesablanmış iqtisadi inkişaf kursunun uğurla aparılması növbəti ildə də böyük nailiyyətlərə imza atılacağına inam yaradır.
E.HACIALIYEV
Azərbaycan.- 2010.- 6 yanvar.- S. 1.