Sosialyönümlü siyasətə sadiqlik nümunəsi

 

Əhalinin təbii qaza görə borclarının silinməsi Azərbaycanda insan amilinə həssas münasibətin təzahürüdür

 

Son illər Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlmişdir. Hakimiyyəti ilk gündən xalqa və dövlətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev sosial-liberalizm xəttinə üstünlük verməklə keçid dövrü üçün xarakterik olan sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirmişdir.

Azad bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosialyönümlü siyasətin məqsədi heç də sosial bərabərsizliyi aradan götürmək deyil, sadəcə, onu tarazlaşdırmaq, vətəndaşların maddi vəziyyətindəki kəskin fərqi aradan qaldırmaq, ifrat təbəqələşməyə yol verməmək, cəmiyyətin bütün üzvlərini layiqli həyat səviyyəsi ilə təmin etmək üçün fərdin ictimai statusunu artırmaqdır. Bu siyasət eyni zamanda insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bazar iqtisadiyyatı ilə sosial müdafiənin bu cür kombinasiyası əldə olunan uğurların əsasını təşkil edən əsas amillərdəndir.

Dövlətin sosialyönümlü siyasəti enerji daşıyıcılarının qiymətlərinin tənzimlənməsi məsələsində də özünü qabarıq göstərir. Bir çox postsosialist ölkələri kommunal xidmətlərin qiymətini dünya səviyyəsinə yaxınlaşdırmaq üçün hələ bir neçə il əvvəl "şok terapiyası"na üstünlük verdikləri halda, Azərbaycan hökuməti məhz əhalinin aztəminatlı təbəqəsinin sosial mənafeyini nəzərə alaraq bu yolu seçməmişdir. Respublikamızda obyektiv reallıqdan irəli gələrək qiymətlərin dünya bazarları səviyyəsinə uyğunlaşdırılması prosesi əhalinin pul gəlirlərinə adekvat olaraq həyata keçirilmişdir.

Xatırlatmaq yerinə düşər ki, hələ 2007-ci ilin yanvar ayında qloballaşan dünya iqtisadiyyatının diktə etdiyi qanunauyğunluq kimi ölkədə enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin tənzimlənməsi sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqlarına toxunmamışdır. Obyektiv reallıqdan irəli gələn qiymət islahatı fonunda bəzi qərəzli qüvvələr əhalinin guya bundan ciddi ziyan çəkəcəyini iddia etsələr də, cənab İlham Əliyev Nazirlər Kabinetinin 2007-ci il yanvarın 22-də keçirilmiş iclasında belə iddiaların əsassız olduğunu sübuta yetirmişdir. Dövlət başçısı bildirmişdir ki, yanacaq sektorunda qiymətlərin tənzimlənməsi obyektiv zərurətdən irəli gələn, daxili bazarın qorunması məqsədinə xidmət edən, ən əsası sosial ədalət prinsipinə tam adekvat olan bir addımdır. Son illər bütün dövlətlərdə yanacağın, elektrik enerjisinin və kommunal xidmətlərin qiymətləri qalxdığı halda, Azərbaycan bu qiymətləri mümkün qədər sabit saxlamağa çalışmışdır. İndiyə qədər dövlət əhaliyə göstərilən kommunal xidmətlərin xərclərinin müəyyən qismini dotasiyalar formasında üzərinə götürürdüsə, hazırda əhalinin pul gəlirlərinin əhəmiyyətli dərəcədə artımı nəzərə alınaraq qiymətlərin nisbətən liberallaşdırılması qərara alınmışdır.

Cənab İlham Əliyevin bəyan etdiyi kimi, enerji daşıyıcılarının qiymət tənzimlənməsi həm də cəmiyyətdə sosial ədalət meyarının qorunmasına xidmət edir. Azərbaycan Prezidenti hesab edir ki, enerji daşıyıcılarının qiymətləri, əslində, dövlət büdcəsinin gəlirlərini çoxaltmaq üçün atılmış addım deyildir. Qiymətlərin tənzimlənməsi hökumətdən daha çox sadə vətəndaşların maraqlarına uyğundur və dövlət başçısı bunu kifayət qədər ciddi arqumentlərlə əsaslandırır: "Elektrik enerjisinin və bəzi növ yanacağın qiymətinin qaldırılmasından ölkə xəzinəsinə daxil ediləcək məbləğ təxminən 200 milyon manat, bəlkə də, ondan bir az çox olacaqdır. Yəni, enerjinin qiymətlərinin qaldırılması dövlət büdcəsinə əlavə yükdür, əlavə xərclərdir. Amma biz bunu edirik. Maksimum 200-300 milyon dolların müqabilində dövlətdən 800 milyon dollar veriləcəkdir. Ancaq kimə? Ehtiyacı olan insanlara... Bu, sosial ədalət prinsipidir. Biz bunu tətbiq edirik".

Bir neçə ay əvvəl təbii qazın qiymətlərində növbəti tənzimləmə baş versə , hazırkı qiymətlər qonşu dövlətlərlə müqayisədə xeyli aşağıdır. Üstəlik, dövlət başçısı İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" sərəncamı göstərir ki, Azərbaycanda enerji daşıyıcılarının kommunal xidmətlərin tənzimlənməsi ilə bağlı vətəndaşların mənafeyinə toxuna biləcək cüzi ziyan belə, təxirəsalınmaz sosial müdafiə tədbirləri ilə kompensasiya edilir. Xatırladaq ki, həmin sərəncamla istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinmişdir. Belə bir qərarın qəbulu əhalinin sosial müdafiəsini gücləndirmək, habelə istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyəti tənzimləmək məqsədi daşıyır. Məsələ bundadır ki, sayğaclaşdırma başa çatan dövrədək, yəni 2000-2009-cu illərdə təbii qazın istifadəsinə görə iri miqdarda borclar yığılmış, əhalinin bir qismi bu borcları ödəməkdə çətinlik çəkmişdir.

Ölkə başçısı tərəfindən imzalanan sərəncam əhalinin kommunal xidmətlərə görə ödəniş sahəsinə yenilik gətirərək onun müasir standartlara uyğun tənzimlənməsini nəzərdə tutur. Belə ki, əhali istehlak etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında tam həcmdə ödəyir, dövlət isə əhalinin fasiləsiz olaraq keyfiyyətli təbii qazla təchizatı sahəsində üzərinə düşən vəzifələri yerinə yetirir. Ümumiyyətlə isə, son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlərin həyata keçirilməsi, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlərin baş verməsi, əvvəllər təbii qazla təchiz olunmayan şəhər rayonlara qaz kəmərlərinin çəkilməsi, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədi ilə sayğaclaşma işlərinin əsasən başa çatdırılması əhali tərəfindən təbii qazın dəyərinin ödənilməsinə şərait yaratmışdır. Sərəncamda həmçinin göstərilir ki, Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görməlidir.

Bütün bunlar göstərir ki, ölkədə təbii sərvətlərin satışından əldə olunan vəsaitlər bugünkü gələcək nəsillərin mənafeyi naminə düzgün səmərəli istifadəyə xidmət edir. Dövlət məhz insan amilini rəhbər tutaraq vətəndaşların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi yönümündə təsirli tədbirlər həyata keçirir.

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 6 yanvar.- S. 1.