Elmin və təhsilin tərəqqisi cəmiyyətin, dövlətin inkişafının əsasıdır

 

Hərbi xərclərdən sonra ikinci yerdə təhsilə ayrılan xərclərdir. Bu, Azərbaycan dövlətinin prioritetlərini göstərir və bizim siyasətimizin ən bariz nümunəsidir. Çünki hər bir ölkənin inkişafı üçün ən başlıca şərt o ölkənin təhsilinin səviyyəsidir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, İkinci dünya müharibəsindən sonra və bəzi ölkələrdə ondan əvvəl elmi-texniki tərəqqi olan yerlərdə ölkələr inkişaf edib və bu gün dünyanın inkişaf etmiş ölkələri kimi tanınır. Nə təbii resurslar, nə coğrafi vəziyyət, - halbuki bu amillər də çox önəmlidir, - bu şərti təmin etmir. Ancaq təhsilin səviyyəsi, elmi-texniki tərəqqi, təhsilə verilən önəm və təhsil sahəsində aparılan islahatlar əsas şərtlərdir. Biz də bu yolu seçmişik. Biz də təhsildə islahatların aparılması ilə bərabər, bizim üçün ənənəvi olan təhsil formalarını saxlayırıq, öz ənənələrimizi qoruyuruq, bütün mütərəqqi təcrübələrə qoşuluruq... Təbii sərvətlər tükənən dəyərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amillərdir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışından

 

Qloballaşan, elmi-texniki tərəqqinin, yeni texnologiyaların geniş tətbiqi sayəsində gündən-günə kiçikləşən dünyamızda hər gün insanların əksəriyyətinin diqqətini çəkən onlarca hadisə baş verir. Bütövlükdə bəşəriyyətin, konkret olaraq hər bir insanın taleyinə aid olan bu məsələlərə heç kim biganə qalmır. Mübaliğəsiz demək olar ki, son günlərdə Azərbaycan ictimaiyyətinin diqqətini ən çox çəkən məsələ akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetinin 8 dekabr 2009-cu il tarixli sayında dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində irəli sürülən müddəalar və ortaya qoyulan mövqedir. Yazı müəllifinin eyni zamanda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, ölkəmizdə yeganə həqiqi dövlət qulluğu müşaviri olduğunu nəzərə alsaq, tam qətiyyətlə həmin mövqeyi ictimai-iqtisadi inkişafın indiki mühüm mərhələsində Azərbaycan dövlətinin münasibəti kimi də səciyyələndirmək olar.

 

Mətbuatda dərc olunan yazıları və çıxışları ilə ölkə ictimaiyyətinin diqqətini həmişə birmənalı olaraq çəkən akademik Ramiz Mehdiyevin bu dəfəki məqaləsi, heç bir vaxt olmadığı kimi, daha geniş rezonansa səbəb olmuşdur. Bunun da bir çox obyektiv səbəbləri var. Əsərin ilk cümləsində Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimində iqtisadi sahədə keçid dövrünün başa çatması ilə bağlı fikirlərinə istinad olunması diqqətin son dərəcə ciddi bir məsələyə yönəldiləcəyindən xəbər verir. Əsas məsələyə keçməmişdən qabaq müstəqillik illərində Azərbaycanın keçdiyi sosial-iqtisadi inkişaf yolunu hərtərəfl təhlil edən akademik inkişaf etmiş Qərb dövlətlərinin təcrübəsinə istinad edir, bir çox hallarda bizim barəsində həsədlə danışdığımız Qərb həyat tərzi və səviyyəsinin inkişafının əsasında iki elementin - təhsil və elmin sintezinin dayandığını qeyd edir.

Məqalə ölkəmizin elmi və bütövlükdə ictimaiyyəti tərəfindən son dərəcə rəğbətlə qarşılanmışdır. Bu, sadəcə olaraq, görkəmli dövlət xadiminin, akademikin yeni bir dəyərli əsərinə ölkə zyalılarının növbəti reaksiyası deyildir. Məqalə elə məhz bu cür standartların, şablonların əleyhinə yönəlmişdir, bu tipli çıxışlara "Alqışlayırıq, bəyənirik, çoxdan gözləyirdik" deyərək dağılışan, öz işində, əməlində heç nəyi dəyişmədən əvvəlki qaydada fəaliyyətini davam etdirən ən müxtəlif səviyyəli səlahiyyət sahiblərinə xəbərdarlıq, işdə ciddi dönüş edilməsinə dəvət kimi qiymətləndirilməlidir.

Səmimiyyətlə deyim ki, qaldırılan məsələlərin hamısı, onlara verilən prinsipial qiymət çoxlarının ürəyincədir. Ziyalıların əksəriyyətinin mövqeyi belədir: çox vaxtında yazılmış, dərin elmi təhlillərə, zəngin metodologiyaya əsaslanan məqalədir, cəmiyyət həyatının yaxın on illər üçün fəaliyyət proqramıdır. Ali məktəb müəllimlərinin, elmi işçilərin, bəlkə də, hər gün öz aralarında etdiyi söhbətlərin daha yüksək səviyyədə ümumiləşdirilməsidir.

Bir alim və pedaqoq kimi deməliyəm ki, bu gün hər iki sahədə vəziyyət ürəkaçan deyil. Bir tərəfdən dövlət tərəfindən kifayət qədər böyük işlər görülür, son dərəcə əhəmiyyətli dövlət proqramları qəbul edilir və həyata keçirilir. Elmin, təhsilin maddi-texniki bazası inkişaf etdirilir, yenilənir, ən müasir qabaqcıl texnologiyalar ölkəmizə gətirilir, onların əhalinin geniş kütlələri tərəfindən mənimsənilərək ümumi işin səmərəsi üçün tətbiq edilməsi istiqamətində tədbirlər görülür. Dövlət təşkilatlarının, Heydər Əliyev Fondunun vasitəsilə təhsil müəssisələrinin şəbəkəsi genişləndirilir, bazası möhkəmləndirilir. Bu gün Azərbaycan təhsilin, səhiyyənin, bütövlükdə sosial sahənin inkişafına dövlət qayğısına görə dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada dayanır. Təkcə ölkə Prezidentinin sərəncamı ilə hər il "İlin ən yaxşı müəllimi", "Ən yaxşı məktəbi" adlarını almaq üçün keçirilən müsabiqələri dövlətin təhsilin səviyyəsini yüksəltmək üçün hansı vasitələrə əl atdığını əyani şəkildə göstərir. Lakin təəssüflə qeyd etməliyik ki, görülən işlərin səmərəsi onların səviyyəsindən nəzərəçarpacaq dərəcədə geri qalır, başqa sözlə, maddi-texniki inkişaf insan inkişafını üstələyir. Məqalədə bu barədə deyilən çoxsaylı faktlara, öz təcrübəmizdən çıxış edərək, bir çox əlavələr də etmək olardı.

Müşahidələr ilk baxışdan elmə, təhsilə həvəsin azaldığını göstərsə də, əslində, bunun əksini iddia etmək daha düzgün olardı. Elə hörmətli akademikin yazısında göstərilən faktlar da bunu bir daha sübut edir. Dəyişən cəmiyyətin müxtəlif təbəqələrinin elmə olan münasibətidir. Elm görkəmli şəxsiyyətlər üçün özünüifadə vasitəsidirsə, bir sıra imkanlı şəxslər üçün o, şıltaqlıq obyektinə çevrilməkdədir. İnsanların bir qisminin öz qabiliyyətini qeyri-dövlət fəaliyyəti, kommersiya, biznes və digər bu kimi sahələrdə sınaması ömrü boyu alim adına həsədlə baxan, lakin özünün elmi səviyyəsi, intellekti ilə bu sahəyə layiq olmadığını dərk edən şəxslərin qəlbində ümid çırağı yandırmışdır. Belələri üçün alim adı tədqiqatçı kimi yox, nüfuzlu bir qənimət, başqalarından seçilmək vasitəsi kimi cəlbedici olmuşdur. Sovet dövründə ən yeni kitabları əldə edərək evində toplasa da, onların birini belə oxumamış bu insanlar indi daha yüksək kateqoriyalara girişir, elmlər namizədi, doktoru diplomları əldə edirlər. Bir çox hallarda həmin şəxslərin əsl alimlərin yanında səslərini çıxartmamağı, özünün alim diplomuna sahib olduğunu etiraf etməməsi elmə dəyən zərəri kompensasiya etmir. Ən azından ona görə ki, bu cür hər bir səviyyəsiz alim bir nəfər əsl elm xadiminin yerini tutur, onun öz yerini tamamilə başqa sahələrdə axtarmasına, bir çox hallarda bu yeri ömrü boyu tapa bilməməsinə səbəb olur. Bu məsələnin ikinci xoşagəlməz tərəfi ondadır ki, bu cür diplom sahiblərinin övladları da atalarının yolunu davam etdirir.

Görülən bütün mütərəqqi tədbirlərə baxmayaraq, hər bir ali məktəb müəllimi bilir ki, bu gün ali təhsil müəssisələrində azsaylı olsa da, qəbul imtahanları nəticəsində topladığı yüksək, bəzi hallarda son dərəcə yüksək ballara layiq olmayan tələbələr oxuyur. Onlar bəzən utandıqlarından özlərinin daha az balla qəbul olduqlarını bildirirlər. Məqalədə göstərildiyi kimi, ali məktəblərdə hökm sürən liberallıq bu kimi tələbələrin vaxtında aşkar edilib onların və himayədarlarının ifşa olunmasına imkan vermir.

Bu gün "hüquq elminə" meyil göstərən şəxslərin digər qrupunu vaxtilə hüquq-mühafizə orqanlarında işləmiş, bu və ya digər əməllərinə görə orqanlardan uzaqlaşdırılmış şəxslər təşkil edir. Bəziləri daha da uzağa gedərək özlərini özəl qurumların əməkdaşları kimi təqdim edir, bəzən həmin qurumlardan müsbət xasiyyətnamələr də təqdim edirlər. Bu yaxınlarda elmi katibi olduğum Milli Aviasiya Akademiyası nəzdində elmlər namizədi (hüquq elmləri üzrə) alimlik dərəcəsi almaq üçün yaradılmış Dissertasiya Şurasına sənədlərini təqdim etmiş bir nəfərdən "çalışdığı" Elmi İstehsalat Birliyində son altı ay ərzində nə iş gördüyünü təkidlə soruşduqda alimlik adına iddiaçı həmin təşkilatda heç bir iş görmədiyini, dissertasiya yazdığı üçün hətta işə gedib-gəlmədiyini bildirdi.

Başqa bir iddiaçının "nailiyyətləri" daha çox təəccüb doğurur: hətta respublikamızda da o qədər tanınmayan özəl ali məktəblərin birinin dördüncü kursundan dövlət universitetlərindən birinin hüquq fakültəsinə dəyişilmiş, elə həmin il universiteti bitirərək yüksək kateqoriyalı dövlət orqanında baş məsləhətçi, bir il sonra hüquq şöbə müdiri, iki il sonra daha yüksək səviyyəli dövlət orqanında daha məsul bir vəzifəyə təyin olunmuş birinin alim adı almaq üçün dissertasiya təqdim etməsi artıq təəccüblü görünmür. Necə deyərlər, iştah diş altındadır. Həmin şəxsin təkcə təqdim etdiyi sənədlərin səviyyəsi, məsələn, kadrların şəxsi uçot vərəqini doldurarkən nümayiş etdirdiyi "qabiliyyət" onun yüksək dövlət vəzifəsində necə çalışdığından ətraflı xəbər verir.

Hörmətli akademikin Azərbaycan dilinin cəmiyyətdəki mövqeyi, onun inkişafı ilə bağlı yaranan problemlər barədə həyəcan dolu çıxışı rəğbət doğurur. Bu gün televiziya və radioda, qəzet və jurnallarda Azərbaycan dilinə saymazyana münasibət son nəticədə Azərbaycan cəmiyyətinə və xalqına olan münasibətə çevrilir. Belə münasibət elmi işlərdə də özünü göstərir. Bu yaxınlarda müdafiə üçün təqdim edilmiş, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qarşılıqlı münasibətlərinin tədqiqinə həsr edilmiş bir dissertasiyanın öyrənilməsi maraqlı bir faktı üzə çıxardı. Məlum oldu ki, istifadə edilmiş ədəbiyyat siyahısı 139 mənbədən ibarət olan bu elmi işdə Azərbaycan dilində cəmi 11 ədəbiyyat göstərilmişdir ki, onların da əksəriyyətində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin adı belə çəkilmir. Yerdə qalan bütün mənbələr rus müəlliflərinin əsərləridir ki, onlarda da Azərbaycan Respublikasının adıçəkilən ali hakimiyyət orqanlarının fəaliyyəti tədqiq edilmir. Müəllifin öz elmi yeniliklərini (əgər onlar varsa) hansı materialların təhlilinə əsaslanaraq təqdim etməsi sual doğurur.

Başqa bir mövqe də var. Dissertasiya Şurasının iclaslarından birində İran İslam Respublikası vətəndaşının elmi işini heç bir təhsil görmədiyi, dövlət işlərində istifadə etmədiyi Azərbaycan dilində, bu dilə böyük məhəbbət və hörmətlə müdafiə etməsi şura üzvlərinin xatirindən uzun müddət silinməyəcəkdir. Bununla əlaqədar həmin müdafiədə iştirak edən, Azərbaycanda doğulmuş, burada boya-başa çatmış, uzun illərdir ki, dövlət ali məktəblərinin birində hüquqşünas ixtisası üzrə Azərbaycan dilində dərs deyən bir iddiaçıdan öz dissertasiyasını nə üçün başqa dildə yazdığını soruşduqda, o, "Mən Azərbaycan dilində fikirlərimi yaxşı izah edə bilmirəm" cavabını verdi. Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur. Bəlkə də bu hal elə Azərbaycan dilinin xeyrinədir.

Bu gün ali məktəblərdə müşahidə edilən daha bir xoşagəlməz məsələ haqqında da fikrimi bildirmək istəyirəm. Ola bilər ki, kimlərsə bu məsələnin aktual olmadığını desinlər, axı hər kəsin istədiyi yerdə təhsil almaq azadlığı vardır. Bu gün kafedra müdiri olduğum Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası bir neçə ildir ki, reytinqinə görə ölkəmizin ali məktəblərinə başçılıq edir. Burada hər il 20-25 nəfər əlaçı tələbə Prezident təqaüdünə layiq görülür, onların toplam sayı yüz nəfərə yaxındır. Lakin hətta bu ali məktəbdə belə bir nəfər də olsa, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, tanınmış iş adamlarının, iri kapital sahiblərinin övladları təhsil almır. Görəsən bu uşaqlar harada oxuyur? Təkzibedilməz faktdır ki, hər bir valideyn öz övladının təhsil aldığı tədris müəssisəsinin qayğılarına da həssaslıqla yanaşır, onların aradan qaldırılması üçün əlindən gələni edir. Bu gün ali məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi göstərilən kateqoriyalara aid şəxslərin elə ölkəmizin özündə təhsilə cəlb olunması ilə nəticələnə bilər ki, bundan da hər iki tərəf faydalanar. Məktəblərdə təhsilin səviyyəsi yüksələr, maddi-texniki baza yaxşılaşar. Yüksək hazırlığa malik gənclər isə xarakterlərinin formalaşdığı bir dövrdə öz ölkəmizdə yaşamaqla milli-mənəvi dəyərlərə daha dərindən yiyələnər. Son nəticədə öz ölkəsinin daha layiqli vətəndaşlarına çevrilər, ölkəmiz bu insanların potensialından daha səmərəli faydalanar.

"Təhsil haqqında" qanunun bir çox məsələlərin həllində müsbət rol oynayacağı ümidindəyik. Aspirantura sistemindən imtina edilsə də, yeni qanunla doktoranturanın ikipilləli olması mahiyyətcə elə aspiranturanın mövcudluğu kimi qiymətləndirilməlidir. Təcrübə göstərir ki, Azərbaycan kimi bir ölkədə onlarla ali məktəbin hər birinin ən müxtəlif ixtisaslar üzrə öz magistraturası, aspiranturası, yaxud doktoranturasının olması səmərəli deyil. Ölkə üzrə vahid hüquq doktoranturasının olması kifayətdir. Burada ölkədə hüquq sahəsi üzrə mövcud olan azsaylı yüksək potensiallı mütəxəssislərin rəhbərliyi ilə müxtəlif hüquq elmləri üzrə elmi tədqiqatlar aparan kadrlar formalaşa bilər. İndiki halda isə aspirant fəaliyyəti, əsasən, keyfiyyətinin yaxşılaşmasına böyük ehtiyac duyulan qəbul imtahanları və formal olaraq namizədlik minimumlarının verilməsindən ibarətdir. Üç il aspiranturada əyani oxumuş şəxsin təhkim olunduğu kafedranı, onun əməkdaşlarını tanımaması artıq heç kimə təəccüblü görünmür. Deyilənlər xeyli dərəcədə magistratura təhsilinə də aid edilə bilər. Bəzi ali məktəblərdə istiqamət üzrə elmi dərəcəli şəxslərin azlığına, bir sıra hallarda ümumiyyətlə olmamasına baxmayaraq magistraturalar "müvəffəqiyyətlə" fəaliyyət göstərir. Bir qədər bundan əvvəl Dissertasiya Şurasına sənədlərini təqdim etmiş bir nəfərin magistraturanı əla qiymətlərlə bitirmək haqqında diplomundakı müvafiq qeydə baxıb "Magistr dissertasiyanızın mövzusu nə olmuşdur?" - deyə soruşduqda aldığım cavabı olduğu kimi təqdim edirəm: "Məgər magistraturada dissertasiya müdafiəsi olur? Mən müdafiəni indi etməyə hazırlaşıram". Düzdür, akademiya rəhbərliyinin prinsipial mövqeyi sayəsində həmin şəxs bizim şurada öz dissertasiyasını müdafiə edə bilməsə də, dərhal sonra digər təşkilatda yaradılmış birdəfəlik müdafiə şurasında müvəffəqiyyətlə müdafiə edərək müvafiq elmi dərəcənin sahibi oldu.

Doktoranturaya qəbul qaydaları da dəyişdirilməli, ali məktəblərin nəzarətindən çıxarılaraq TQDK-ya verilməlidir. Yeri gəlmişkən, bütün ali məktəblərdə ikinci ixtisas üzrə təhsil verilsə də, indiyə qədər bu sahəyə qəbulun ali məktəblərin özləri tərəfindən aparılmasının səbəblərini heç cür izah etmək olmur. Bu sahənin də TQDK tərəfindən nəzarətə götürülməsi vaxtı çatmış məsələdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Alimlik dərəcələrinin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə" ilə dissertasiyalara aid tələblər müəyyən edilsə də, bir sıra hallarda bu tələblərə sonadək əməl edilmir, heç bir elmiliyə malik olmayan, başqa mənbələrdən köçürülmə yolu ilə hazırlanmış dissertasiyalara müsbət qiymətlər verilir. Təcrübə göstərir ki, bu məsələdə də prinsipiallıq göstərmək olar və lazımdır. Akademik Ramiz Mehdiyevin 21 noyabr 2009-cu il tarixdə ictimai və humanitar elmlərin tədrisi ilə bağlı keçirdiyi müşavirədən bir neçə gün əvvəl Milli Aviasiya Akademiyası nəzdində Dissertasiya Şurasında keçirilən elmi seminar zamanı respublikada tanınmış bir nəfərin dissertasiyasına kifayət qədər prinsipiallıqla yanaşılaraq plagiat faktının olduğu aşkarlandı və bu barədə müvafiq qərar qəbul edildi. Qərar qəbulundan dərhal sonra əvvəllər dissertasiyalarının müdafiə gününün təyin olunmasını israrla tələb edən, bununla əlaqədar müxtəlif instansiyalardan zənglər etdirən iddiaçıların bir qismi əl-ayağa düşərək dissertasiyalarının yenidən işlənmək üçün geri qaytarılması barədə müraciətlər etməyə başladı. Elə bu faktın özü onu göstərir ki, tələbkarlığın artırılması, akademik Ramiz Mehdiyevin məqaləsində dediyi kimi, dövlət mənafeyinin şəxsi mənafedən önə çəkilməsinin təmin edilməsi öz nəticəsini mütləq göstərəcəkdir.

Ali məktəblərin ən böyük problemlərindən biri elmi-pedaqoji kadr problemidir. Kafedraların əksəriyyətində aparıcı müəllimlərin böyük hissəsinin yaşı pensiya yaşından yuxarıdır. Bu, bir tərəfdən, həmin şəxslərdən tədrisin ən son nailiyyətlərinə, mütərəqqi metodikalara yiyələnmək və onları tətbiq etmək barədə tələbi əhəmiyyətsiz edir, digər tərəfdən, həmin şəxslərin pedaqoji işdən uzaqlaşacağı halda doldurulması çox çətin olacaq boşluq yaranacağını göstərir. Müəllimlərin müəyyən hissəsi, bəzən kafedra üzrə professor-müəllim heyətinin yarıdan çoxu yarımştat hesabı ilə işləyənlərdir. Belələrinin tədrisə gəlişi konkret məqsədlər güdür, professor, dosent elmi adları aldıqdan sonra bir çoxları əvvəlki həvəslə işləmir, bəzən ali məktəblə vidalaşırlar. Gənc müəllimlərin xeyli hissəsinin təhsil standartları deyilən anlayış haqqında təsəvvürləri yoxdur. Bəzi ixtisaslar üzrə tələbə təhsil aldığı dörd il ərzində bir nəfər də olsun professor, dosentlə rastlaşmır. Vəziyyətdən çıxış yolu kimi ali məktəblərdə professor-müəllim heyətinə işə qəbulu da mərkəzləşdirilmiş qaydada aparmaq, bu işi ali məktəblərdən alıb xüsusi olaraq belə məqsədlə yaradılmış nüfuzlu ali məktəblərarası quruma vermək mümkündür. İlkin olaraq isə kütləvi informasiya vasitələri ilə boş olan yerlər haqqında elanlar verdirib müsabiqə aparmaq yerinə düşərdi. Belə bir müsabiqə indi də aparılır, lakin o, qapalı xarakterlidir. Kənardan istedadlı şəxslərin müsabiqə yolu ilə ali məktəbə düşmək ehtimalı çox azdır.

Ali məktəblərin səviyyəsinin ən obyektiv meyarı heç də fərqlənmə diplomu alanların sayı yox, cəmiyyətdə hansı məktəbin məzununa daha çox tələbat olmasıdır. Məktəblərə qiymət də bu meyar əsasında verilməli, məktəblərin kateqoriyası müəllim və tələbələrin sayı ilə yox, məzunlara olan tələbatla ölçülməlidir. Bu, bir çox həqiqətlərin üzə çıxmasına səbəb, pislə yaxşını ayırd etməkdə etibarlı vasitə olardı.

Son illərdə həyata keçirilən bir sıra tədbirlər nəticəsində ali məktəblərin bir çoxunda hüquqşünaslıq ixtisasları bağlanmışdır. Məqalədə də qeyd edildiyi kimi, savadlı hüquqşünas tapıb onu işə götürmək problemə dönmüşdür, bəzən bir iş yeri üçün dönə-dönə müsabiqə elan edilir. Həm də bu, o şəraitdə baş verir ki, hər il ölkə üzrə ikinci təhsili də nəzərə alsaq, yüzlərlə adam hüquqşünas diplomuna yiyələnir. Ən xoşagəlməz məsələ odur ki, bütün dünyada tətbiq olunan prinsiplərə zidd olaraq Azərbaycanda əksər hüquq fakültələrində ali məktəbi bitirənlərin sayı həmin ixtisas üzrə həmin məktəbə qəbul olanların sayından əhəmiyyətli dərəcədə çoxdur. Bu haqda da düşünməyə dəyər.

Bu gün dissertasiya müdafiəsi zamanı təsadüfən işıqlar söndükdə "İşıq yananda sualınıza cavab verərəm" deyən iddiaçılar, ali məktəbdə işləyən və mühazirə oxumaqdan təkidlə imtina edən elmlər namizədləri hələ də var. Bunlar isə artıq cəmiyyətdə özünə kifayət qədər etibarlı yer tutmuş "yola vermək" prinsipinin, daha doğrusu, prinsipsizliyinin nəticələridir.

Geniş yayılmış mənfi hallardan biri də ali məktəblərin gündüz şöbələrində, əsasən magistraturalarda təhsil alanların xeyli hissəsinin işləməsidir. Ölkənin sosial-iqtisadi səviyyəsinin daim yüksəlməsi yeni iş yerlərinin açılması ilə müşayiət olunur, yüksək ixtisaslı kadrlara tələbat getdikcə artır. Yaranmış vəziyyətdən müvəffəqiyyətlə faydalanan bir çoxları elə ali məktəbin bakalavr pilləsini bitirən kimi özünə iş tapır, daha sonra magistraturaya daxil olsalar da, tədris müəssisəsi rəhbərlərinin razılığı ilə eyni zamanda həm oxuyur, həm də işləməkdə davam edirlər. Bu, əmək qanunvericiliyinin birbaşa pozulmasından əlavə, həm də ətrafdakı tələbələr üçün pis nümunəyə çevrilir, bir qədər sonra onlar da özləri üçün analoji şərait yaradılmasını tələb edirlər. Təkzibolunmaz faktdır ki, eyni zamanda hər iki sahədə uğurla çalışmaq mümkün deyil. Xüsusi hallarda konkret şəraiti nəzərə alıb kimin üçünsə istisna etmək xeyirxahlıq sayıla bilər, lakin istisnanın normaya çevrilməsi qanunun birbaşa pozulması deməkdir.

Hüquq elmləri üzrə dissertasiyaların mövzularının çox az hissəsi aktuallığı ilə fərqlənir. Bəzən mövzulara baxarkən 1970-ci illərdə populyar olan "Kirpi" satirik jurnalının üz qabığında dərc edilmiş karikaturalardan birini xatırlamamaq olmur. Qalstuklu, şlyapalı, sanballı görünüşlü, əli portfelli çoxsaylı əmilərin bir camışın buynuzundan sallandığını görən uşaq yanındakı atasından bu adamların nə üçün belə etdiyini soruşur. Atası "Bunlar camışın buynuzu haqqında dissertasiya yazanlardır, camış alimi olacaqlar", - deyə cavab verir. Göründüyü kimi, dövr dəyişsə də, zirək və qənimətçi adamların münasibəti dəyişməyib.

Son bir neçə ayda MAA nəzdində Dissertasiya Şurasına təqdim olunan dissertasiyaların bəzilərinin adlarını sadalamaq dediklərimizə əyani sübut ola bilər: "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkili və fəaliyyətinin hüquqi əsasları", "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində şikayətlərə baxılmasının hüquqi əsasları", "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarının Azərbaycan Respublikasının hüquq sistemində yeri", "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşması və onunla qarşılıqlı əlaqələr üzrə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin nəzəri və hüquqi əsasları", "Konstitusiya ədliyyəsinin hüquqları: problemlər və perspektivlər", "Məhkəmə hakimiyyətinin təşkili və fəaliyyətinin hüquqi əsasları". Nə bu mövzular, nə də araşdırılan problemlərə yanaşma üsul və metodları aktuallığı ilə fərqlənir. Eyni "dərinlik və aktuallıq", mövzuların məhdudluğu əmək hüququ, sosial təminat hüququ ixtisasları üzrə təqdim edilən dissertasiyalara da xasdır.

Bu gün ali məktəb kitabxanalarının da iş üslubu dəyişilməli, yeni ictimai münasibətlərə uyğunlaşdırılmalıdır. Təəssüf ki, elektron kitabxana sistemi bir çox hallarda yalnız kağız üzərində mövcuddur, kitabxanalararası mübadilə zəifdir, kitabxanaların əsas zənginləşmə mənbəyi ali məktəb müəllimlərinin o qədər də keyfiyyətli olmayan, bu səbəbdən də cəmiyyət tərəfindən tələb edilmədiyindən həmin kitabxanalara bağışlanılan əsərlərdir.

Ali məktəb fəaliyyətinin tərkib hissəsi olan elmi-tədqiqat işlərinin bugünkü vəziyyəti də qaneedici deyil. Məqalədə qeyd edildiyi kimi, əslində bir neçə nəfəri çıxmaq şərtilə belə tədqiqatlar, demək olar ki, aparılmır. Başqa halda necə izah etmək olar ki, bir il ərzində yerinə yetirilməli olan elmi-tədqiqat işləri ənənəvi illik konfransların başlanmasına bir neçə gün qalmış yazılmağa başlanır və yekunlaşır. Belə elmi tədqiqatdan heç kimə - nə dövlətə, nə cəmiyyətə, nə də müəllifin özünə heç bir səmərə yoxdur və ola da bilməz. Müəllimlərin öz elmi-tədqiqat işlərinə belə münasibəti tələbələrə də sirayət edir, bu da özünü əslində heç kimə lazım olmayan buraxılış işlərinin səviyyəsində göstərir. Bütün səviyyəli elmi konfranslarda ən çox işlədilən və rəğbətlə qarşılanan ifadənin "Vaxtın azlığını nəzərə alaraq..." olduğu çox şeydən xəbər verir. Əgər bizim - ali məktəb müəllimlərinin, elmi tədqiqat institutları əməkdaşlarının əsas işimizə vaxtı çatmırsa, görəsən o vaxt nəyə sərf edilir?

Akademik Ramiz Mehdiyevin məqaləsində bir çox ümidverici başlanğıclar var. Bunlardan ən əhəmiyyətlilərindən biri elmin idarə edilməsi, maliyyələşdirilməsi və təşkili işinə YUNESKO xətti ilə beynəlxalq ekspertlər qrupunun cəlb edilməsidir. Nəticədə elmə və onun nailiyyətlərinə münasibətin fəlsəfəsi də dəyişilməli, elmin nailiyyətlərinin hər bir insanın həyat və fəaliyyətində hiss edilməsi təmin olunmalıdır. Belə bir nəticənin əldə edilməsinə isə cəmiyyətin hər bir üzvü, birinci növbədə ictimai və humanitar elmlər sahəsində çalışanlar özlərindən başlamalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetindəki çıxışına istinadla başladığım bu yazını ümummilli lider Heydər Əliyevin 1993-cü il sentyabr ayının 21-də AMEA-da ziyalılarla görüşündəki çıxışından bir sitatla bitirmək istərdim: "Azərbaycan xalqına elmi rəhbərliyin elmi əsası olan ictimai elmlər sahəsində tədqiqat işləri inkişaf etdirilməlidir. Bu sahədə əsas vəzifə dövlət quruculuğu təcrübəsini öyrənib nəzəri cəhətdən ümumiləşdirməkdən, demokratik respublikamızın iqtisadi, siyasi və mədəni inkişafının qanunauyğunluqlarını tədqiq etməkdən ibarətdir". Bu sözlər və ideya hər bir elm və təhsil müəssisəsinin fəaliyyətinin leytmotivi olmalıdır.

 

 

Fəxrəddin NAĞIYEV,

Azərbaycan Respublikası Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri,

dövlət qulluğunun baş müşaviri,

hüquq elmləri namizədi, dosent

 

Azərbaycan.- 2010.- 6 yanvar.- S. 2.