Gəncəni dəyişdirən doqquz səfər

 

Əsrlər boyu tarixçi və diyarşünasların, arxeoloq və etnoqrafların, yaxın-uzaq ellərdən Azərbaycana üz tutan səyyahların maraq dünyasını zənginləşdirən Gəncə şəhəri Qafqazın ən qədim və füsunkar guşələrinin biri kimi tanınmışdır.

Özünün 2500 ildən artıq enişli-yoxuşlu tarixi ərzində Gəncə dəfələrlə ağır sınaqlara, qəsbkarların basqınlarına, qırğın və talanlara məruz qalmış, var-yoxdan çıxmış, lakin heç vaxt sınmamış, əyilməmişdir. Hər dəfə o, yenidən dirçəlib ucalmış, mühüm mədəniyyət, iqtisadiyyat və ticarət mərkəzi kimi regionun inkişafına güclü təsir göstərmişdir. Ayrı-ayrı vaxtlarda bu şəhərin adını üç dəfə dəyişməklə Gəncənin zəngin və şanlı tarixini unutdurmağa, şəhəri öz qədimliyindən qoparıb əcnəbiləşdirməyə çalışmışlar. Lakin hər dəfə Gəncə doğma və əzəli adını özünə qaytarmışdır.

Hələ doqquz əsr bundan qabaq, on ikinci yüzillikdə Gəncə həyatın gur çağladığı iri bir şəhər olmuş, səyyahları təkcə öz işləri ilə deyil, həm də sakinlərinin sayı ilə heyrətləndirmişdir. Bənzərsiz xalq sənətlərinin qol-qanad açdığı bu qədim şəhərin yarım milyonluq əhalisinin qonaqpərvərliyi, zövqü, adət-ənənəsi, gözəllik duyumu və bədii sözə sevgisi barəsində uzaq-uzaq ellərdə, dəbdəbəli saraylarda heyranlıqla danışmışlar. Şahlar, hökmdarlar dahi mütəfəkkir, şair və filosof şeyx Nizami Gəncəvini həmin saraylarda görməyi, onun ölməz şeirlərini dinləməyi arzulamışlar.

Bütün dövrlərdə Gəncə ictimai-siyasi proseslər, mərkəzi hakimiyyət orqanları barəsində ortaya öz rəyini, bir çox hallarda müxalif fikrini qoyan bir şəhər olmuşdur. Buna görə də Gəncənin çoxəsrlik tarixi çoxsaylı etirazları və silahlı üsyanları əhatə edir. Bu baxımdan vəziyyət XX əsrin yetmişinci illərində ciddi şəkildə dəyişdi.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə, ötən əsrin 70-ci illərində və 80-ci illərinin əvvəllərində müasir Gəncənin güclü iqtisadi potensialının təməli qoyulmuşdur. Gəncəlilərin yaddaşında həmin illər böyük yüksəliş illəri kimi qalmışdır. O vaxt şəhər sanballı iqtisadi mərkəzlərdən birinə çevrilmiş, İttifaq səviyyəsinə çıxmışdı. Lakin sonralar SSRİ-nin dağılması, köhnə iqtisadi münasibətlərin qırılması, yeni münasibətlər barəsində isə hələ heç müəyyən bir anlayışın belə olmaması böhranla nəticələndi. Gəncəlilər şəhər müəssisələrində işlərin dayanması prosesini ürək ağrısı ilə seyr edir, ümidsizliyə qapılırdılar. Nə qədər ağır olsa da, adamlar doğma şəhəri tərk etməyə, özlərinə başqa yerlərdə iş və dolanışıq axtarmağa başladılar. Beləliklə də uzun illərdən sonra Gəncə əhalisinin sayı heç üç yüz min nəfərə çatmırdı.

Gəncənin növbəti dirçəlişi 2002-ci ildə ulu öndər Heydər Əliyevin bu şəhərə tarixi səfərindən sonra başlandı. O, Gəncəyə böyük qayğıkeşliklə yanaşırdı. Bu qədim torpağa onun sevgisini bütün genişliyi ilə nümayiş etdirən sözlər heç vaxt unudulmayacaq: "Gəncə hər bir vətənpərvər azərbaycanlı üçün doğma və əzizdir".

Heydər Əliyevin tapşırığı ilə şəhərin dirçəliş proqramı işlənib hazırlandı, onun həyata keçirilməsini təmin etmək məqsədilə xüsusi vəsait ayrıldı. Görülmüş tədbirlər nəticəsində adamların şəhərdən axınını dayandırmaq mümkün oldu.

Gəncənin dirçəliş işlərini fəal surətdə cənab İlham Əliyev davam etdirdi. Elə ilk vaxtlardan bu işlərin miqyası və sürəti onun qətiyyətindən xəbər verir, şəhərin problemlərinə dərindən bələd olduğunu göstərirdi. Yüksək zövqlü və təbiəti etibarilə əsl qurucu olan İlham Əliyevin Gəncəyə hər bir səfəri şəhərin sosial-iqtisadi həyatında dərin iz qoydu. Bilavasitə onun köməyi və şəxsi nəzarəti sayəsində Gəncənin yollarını yenidən inşa etmək mümkün oldu. Bununla əlaqədar olaraq cənab İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk çağlarındakı söhbətlərimizin birini xatırlayıram. Prezident soruşdu:

- Ümumşəhər əhəmiyyətli yolların hamısını normal vəziyyətə gətirmək üçün sizə nə qədər vəsait ayıraq?

Qabaqcadan müəyyən olunan qədər vəsaitin bəs edəcəyini fikirləşib cavab verdim:

- Təxminən üç milyon manat.

Prezident dedi:

- Bu, çox azdır. Mən sizə beş milyon ayırıram. Yeni asfalt zavodu tikin, təzə iş yerləri açın.

Sonra dövlət başçısı işlərin və xərclərin həcminə, yolların bərpasına, abadlaşdırmanın müddətinə və standartlarına dair konkret tövsiyələrini verdi. Yadımdadır, o vaxt işi başdan aşan, ölkənin daxili və xarici siyasəti ilə bağlı saysız-hesabsız problemlərlə məşğul olan Prezidentin yolların çəkilişi və təmiri ilə bağlı məsələləri bu qədər dərindən bilməsi məni təəccübləndirdi və valeh etdi. Sonralar dəfələrlə Prezidentin müxtəlif sahələrə aid olan məsələləri ən xırda detallara qədər təhlil etdiyinin və dərindən bildiyinin şahidi oldum. Bu, cənab İlham Əliyevin yüksək işgüzarlığını, peşəkarlığını, çoxsahəli biliklərini və dərin intellektini bir daha təsdiq edirdi.

İşləri cənab İlham Əliyevin tövsiyələrinə uyğun şəkildə qurub, onun tapşırıqlarına əməl etdik və artıq altı ildir ki, çəkilən zəhmətin bəhrəsini görürük. Bütün bu illər ərzində şəhərin yollarının asfalt örtüyü, demək olar ki, nə çat verib, nə də dağılıb.

Prezident Gəncənin qədimliyinin, onun tarixi simasının qorunub saxlanmasına da böyük önəm verir və xüsusi qayğı göstərir. Gəncənin tarixi simasını və ənənəvi memarlıq üslubunu qoruyub saxlamaqla onu inkişaf etdirib müasirləşdirmək barəsində qərar da cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq qəbul edilmişdir. Tarixən şəhərin mərkəzi kimi tanınan ərazidə hündür binaların tikintisi qadağan olunmuşdur. Burada ən uzağı dördmərtəbəli binaların inşası mümkündür.

Dövlət başçısının, Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində tarixi abidələrin və tarixi həqiqətlərin bərpası sahəsində böyük işlər görülmüş, Cavad xan məqbərəsi inşa edilmişdir. Xatırlayıram ki, şəhərin sosial-iqtisadi həyatı barəsində Prezidentə növbəti dəfə məruzə edərkən o dedi: "Bilirəm ki, gəncəlilər Cavad xanın xatirəsini əziz tuturlar. Həqiqətən də o, Azərbaycan xalqının görkəmli oğullarından biridir, dəyanət və igidlik nümunəsidir. Onun şəhərin mərkəzindəki qəbri bu adamın xatirəsinə uyğun deyildir. Düşünürəm ki, məqbərə ucaltmaq lazımdır. Şəhər yeni arxitektura forması alar və Cavad xanın xatirəsi də ona layiq şəkildə əbədiləşər. Bu region üçün xarakterik olan sərdabə variantlarını araşdırın, onların standartlarını yaxşılaşdırın və baxılmaq üçün təqdim edin". Yadımdadır ki, məqbərənin yekun variantına artıq yerindəcə Prezident öz düzəlişlərini verdi və nəticədə ümumi fikrə görə, məqbərə inşa edildiyi tarixi guşəyə elə uyuşdu ki, sanki o, elə həmişə həmin yerdə olmuşdu. Tikintini Heydər Əliyev Fondu maliyyələşdirdi. Gəncə darvazası tarixi kompozisiyası və Comərd Qəssab türbəsi də öz tarixi yerlərində, demək olar ki, elə bu cür bərpa edildi.

Qeyd etdiyimiz kimi, Gəncə qədim şəhərdir, lakin təxminən dörd yüz il bundan qabaq dağıldığı və Şah Abbas tərəfindən cənuba köçürüldüyü üçün şəhərdə tarixi abidələr məhdud saydadır. Buna görə də Prezidentin tapşırığına əsasən, Gəncənin memarlıq ansamblına şəhərin qədimliyini nəzərə çarpdıran monumentalizm ünsürlərinin əlavə edilməsi qərara alındı. Bu ideya öz təcəssümünü şəhərin mərkəzindəki dorik sütunlar sırasında, Şir və Günəş sütununda, Gəncə gerbi abidəsində, digər memarlıq və heykəltaraşlıq nümunələrində tapdı. Dövlət başçısının Gəncə ilə bağlı çoxsaylı təşəbbüslərindən biri də hər il on minlərlə insanın qatıldığı Şəhər gününün keçirilməsidir. Artıq ənənəyə çevrilmiş Şəhər günü çərçivəsində Ali Baş Komandanın əmri ilə təşkil olunan aviaşoular xüsusi maraq doğurur və şübhəsiz ki, bütün bunlar adamları birləşdirir, vətənpərvərlik hisslərini gücləndirir.

Bugünün Gəncəsi bütün varlığı, arzu və amalları ilə əsl iqtidar şəhəridir. Gəncəlilər Prezidenti, onun ailəsini sevir və onlara dərin hörmət bəsləyir, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirir, bunu açıq ifadə edirlər. Hər il Prezidentin doğum günü münasibətilə çəkisi on tondan çox olan tortun hazırlanması da bu hörmət və məhəbbətin ifadəsidir. Şəhərdə təqvim xarakterli tədbirlərin keçirilməsi, əlamətdar günlərin təntənəli surətdə qeyd olunması da yaxşı ənənəyə çevrilmişdir. Hər ilin yanvar ayında Cavad xanın anım günləri keçirilir, martda şəhər ictimaiyyəti və qonaqlar Novruz bayramı münasibətilə mahir kulinarların hazırladıqları nəhəng paxlavanın ətrafına toplaşırlar, sentyabrda ənənəvi Şəhər günü qeyd olunur, dekabrda mərkəzi meydana 10 tonluq tort çıxarılır... Bütün bunlar Gəncənin mədəni həyatını gözəlləşdirir, zənginləşdirir.

Son beş il yarım ərzində Prezidentin Gəncəyə doqquz səfəri bütün sahələrin inkişafına güclü təkan vermişdir. Dövlət başçısının prioritetləri düzgün müəyyən etməsi və qarşıya qoyduğu vəzifələrin necə həyata keçirildiyini daim nəzarətdə saxlaması, onun göstəriş, məsləhət və tövsiyələri, hər bir sahəyə konkret köməyi Gəncənin intensiv inkişafını təmin edən başlıca amillərdir. Şəhərdə yeni müəssisələr açılmış, məktəblər, xəstəxanalar əsaslı təmir edilmiş, bütün beynəlxalq standartlara cavab verən hava limanı inşa olunmuş, müasir diaqnostika mərkəzi istifadəyə verilmiş, iki nəhəng sənaye müəssisəsinin - Gəncə Polad Kompleksinin və Det-Al Alüminium Zavodunun təməli qoyulmuşdur. Gəncə həm yerli, həm də xarici investorlar üçün cəlbedici şəhərə çevrilmişdir. Əldə edilmiş müsbət nəticələr ən nikbin proqnozları da kölgədə qoymuşdur. Ölkənin rəhbəri kimi İlham Əliyevin təkcə elə Gəncənin timsalında əldə etdiyi uğurların sadəcə inkişafı deyil, əsl sıçrayış adlandırılması, zənnimizcə, daha doğru və daha dəqiq olardı. Son beş ildə Gəncədə ümumi daxili məhsul 3,4 dəfə artmışdır. Bu da cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönəlmiş siyasətinin real nəticəsi, bariz nümunəsidir.

Bəli, yaxın keçmişdə praktiki olaraq elektrik işığına, təbii qaza, normal avtomobil yollarına həsrət qalan Gəncə cəmi bir neçə il ərzində intensiv inkişaf edən və artıq Avropa şəhərləri ilə müqayisə olunan bir şəhərə çevrilmişdir. Şəhərdəki çoxtərəfli inkişaf mədəni həyatın da canlanmasına birbaşa təsir göstərmişdir. Prezident İlham Əliyev gəncəlilərə doğma şəhər üçün qürur hissini, sabitliyi, əmin-amanlığı və sabaha inamı qaytarmışdır.

Çox qısa bir vaxt ərzində bu cür dəyişikliklərə yalnız İlham Əliyev kimi dünya miqyaslı bir dövlət xadimi nail ola bilərdi. Bu gün o, dünyada ən nüfuzlu və xarizmatik liderlərdən biridir. Ondan nümunə götürür, onu alqışlayır, həsədlə baxırlar. Möhtərəm İlham Əliyev isə beynəlxalq siyasətdə, diplomatiyada yüksək peşəkarlıq nümayiş etdirərək Heydər Əliyevin siyasi xəttini - müstəqilliyimizi və dövlətçiliyimizi var qüvvə ilə möhkəmləndirmək xəttini uğurla davam etdirir. Təsadüfi deyil ki, hazırda Azərbaycan postsovet məkanında müstəqil siyasət yürüdən nadir ölkələrdən biridir.

Prezident İlham Əliyevin son beş il yarım ərzində Gəncəyə doqquz dəfə səfər etməsi bu böyük şəxsiyyətin şəhərimizə olan münasibətini açıq-aydın şəkildə göstərir. Prezident İlham Əliyevi Gəncədə Qurucu Prezident adlandırırlar. Bu, qədim Gəncə qarşısında onun böyük xidmətlərinin şəhərimizin qədirbilən sakinləri tərəfindən dərin minnətdarlıq hissi ilə qiymətləndirilməsi deməkdir. Prezidentin Gəncəyə xüsusi qayğısını, isti münasibətini aydın görən gəncəlilər buna dərin ehtiram və məhəbbətlə cavab verirlər.

Cənab İlham Əliyevin rəhbərliyi altında işləmək heç də asan deyildir, bu, böyük məsuliyyət tələb edir. Hər dəfə Prezidentə hesabat verməyə gedərkən bilirəm ki, iş hesabat, yaxud məlumatla bitməyəcək və mən cənab İlham Əliyevin ən müxtəlif məsələlər barəsində suallarına cavab verməli olacağam. Buna görə də Prezidentlə hər bir görüşə ciddi hazırlaşmaq lazım gəlir. Bununla belə, hərdən elə suallar olur ki, fikirləşməli və cavab üçün Prezidentdən vaxt istəməli olursan. Bu, onun peşəkarlığından və yüksək səriştəsindən xəbər verir. Prezident həmişə təmkinli, məntiqi cəhətdən ardıcıl, tələbkar və eyni zamanda demokratikdir.

Cənab İlham Əliyev ölkəmizdə və onun hüdudlarından kənarda baş verən siyasi, iqtisadi və mədəni hadisələri diqqətlə izləyir və onların fövqündə dayanır. İnsanlara, hadisələrə, proseslərə onun baxışları müasirliyin və milliliyin uyarlılığını əks etdirir. Gəncəni müasirləşdirərkən milli ənənələrin unudulmaması barədə cənab İlham Əliyevin tapşırığı da buna gözəl sübutdur.

Prezidentin rəhbərlik üslubu hər bir işdə konseptuallığa və qarşıya qoyulan vəzifəni sona çatdırmaq bacarığına söykənir və bunlarla xarakterizə olunur. Bu üslubun səmərəliliyi özünü regionların, neft və qaz sənayesinin, idmanın və digər sahələrin inkişafında bariz şəkildə göstərir.

Prezident İlham Əliyevin Gəncəyə hər bir səfərinin böyük tarixi əhəmiyyəti var. Bu səfərlər gəncəlilər və vətənini sevən hər bir azərbaycanlı üçün əziz və qiymətlidir. Prezident İlham Əliyevin Gəncənin simasını və onun bütün həyatını kökündən dəyişdirən doqquz səfəri şəhərimizin tarixinə əbədilik həkk olundu.

Bu gün cənab İlham Əliyevin onuncu səfərini səbirsizliklə gözləyən gəncəlilər əmindirlər ki, bu səfər də Gəncənin inkişafına yeni nəfəs və böyük təkan verəcəkdir.

 

 

Eldar ƏZİZOV,

Gəncə Şəhər İcra

Hakimiyyətinin başçısı

 

Azərbaycan.- 2010.- 6 yanvar.- S. 4.