Bakının daş
yaddaşı - İçərişəhər
Dövlət müstəqilliyimizi qazandıqdan sonra milli mədəniyyət sahəsinə xüsusi diqqət verildi. Azərbaycan dövləti tarixin müəyyən məqamlarını özündə əks etdirən abidələrin qorunmasında, bərpasında və gələcək nəsillərə çatdırılmasında bir sıra vacib tədbirlərin həyata keçirilməsi ilə bağlı mühüm addımlar atdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə mədəniyyətimizə göstərdiyi diqqətin nəticəsində İçərişəhər 2000-ci ilin dekabrında YUNESKO-nun İrs Siyahısına daxil edildi. Məhz bundan sonra unudulmaz Heydər Əliyev Azərbaycan xalqının maddi mədəniyyətinin əvəzsiz abidəsi, paytaxtımızın daş yaddaşı sayılan İçərişəhəri qorumaq məqsədilə 2003-cü ilin fevralında "Bakı şəhərində İçərişəhər tarixi memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzaladı. Elə bu sərəncamdan sonra da az qala unudulmuş, yaddan çıxarılmış qədim şəhərin tarixi simasının qorunması istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi. Özbaşına aparılan tikinti işləri saxlanıldı. Tarixi abidələrin və yaxud da qədim yaşayış binalarının sökülməsinə son qoyuldu. Beləliklə də həm mütəxəssislərin, memarların, aidiyyəti təşkilatların, həm də mətbuatın diqqəti məhz İçərişəhərə yönəldi.
Doğrudur, müəyyən işlərin görülməsinə çalışıldı. Amma bir müddətdən sonra yenidən hər şey öz köhnə simasına qayıtdı. İçərişəhər yenidən təzadlı günlərini yaşadı. Əlbəttə, burada Miniatür Kitab Muzeyinin, Xalça Evinin və digər sənət nümunələrini əks etdirən ünvanların olması xoşagələndir. Bununla bərabər, İçərişəhərin qədimliyinə xələl gətirən, müasir görüntülü ofis və digər binaların inşası tarixin əsrlərin, minilliklərin dərinliklərindən gələn səsini batırırdı. Bu cür münasibət İçərişəhərin həyatına son qoya bilərdi. Bu səbəbdən də tariximizin bu daş yaddaşının uzunmüddətli qorunması, konservasiyası və bərpasının davam etdirilməsinin daha da intensivləşdirilməsi, sistemli xarakter alması üçün onun idarə olunmasının təkmilləşdirilməsini və mərkəzləşdirilməsini tələb edirdi.
Elə bu məqsədlə də ölkə Prezidenti cənab İlham Əliyev çox haqlı olaraq yenidən İçərişəhər mövzusuna qayıtdı. Dövlət başçısı 10 fevral 2005-ci il tarixində "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin yaradılması haqqında" sərəncam imzaladı. Bununla da İçərişəhərin taleyilə ciddi surətdə məşğul olacaq bir qurumun yaradılması təqdirəlayiq hal idi.
Bir müddət keçməmiş Prezident İlham Əliyev "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi memarlıq abidələrinin bərpası və qorunması haqqında" (18 avqust 2006-cı il) növbəti sərəncamını imzaladı. İçərişəhərlə əlaqədar imzalanan bütün sərəncamlarda Bakının nadir tarixi memarlıq abidələri ilə bağlı bir sıra əhəmiyyətli məsələlər qaldırılaraq əlaqədar təşkilatların diqqətinə çatdırılırdı. Bu da səbəbsiz deyildi. Təkcə İçərişəhərdə 50-dən çox tarixi memarlıq və maddi mədəniyyət abidəsi var. Həqiqətən də bu ərazinin mühafizəsi çox vacibdir. Təəssüf ki, İçərişəhərin taleyilə bağlı çalınan həyəcan təbilinə bəzi hallarda laqeyd yanaşılıb. Bu səbəbdən də onun tarixi siması pozulub. Cənab İlham Əliyevin sərəncamı ilə əlaqədar müvafiq təşkilatlar İçərişəhərin qorunması üçün, onun mühafizəsi ilə bağlı yeni tədbirlər üzərində düşünməli oldular.
Hər bir abidə tarixin əks-sədasıdır.
Amma onlar illəri, əsrləri, müəyyən təbii
prosesləri, olayları, quruluş dəyişmələrini
adladıqca müxtəlif deformasiyaya məruz qalır,
sökülür, dağılır, sıradan
çıxır. Bu səbəbdən abidələrin də
insan əlinə, qayğısına, sığalına ehtiyacı
var. Elə 2 aprel 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən
imzalanan "Azərbaycan Respublikasında monumental heykəltaraşlıq
abidələri, xatirə, memorial və memarlıq kompleksləri
haqqında"kı sərəncamda da məhz bu məsələlərə
toxunulmuşdu. Sərəncamda deyilirdi: "Ölkəmizin
müxtəlif guşələrində ucaldılan monumental
heykəltaraşlıq abidələri, xatirə, memorial və
xatirə kompleksləri bu gün artıq şəhər və
kəndlərimizin görkəminin ayrılmaz hissəsinə
çevrilmişdir. Yüksək estetik dəyərlərə
malik olan milli-mənəvi irsə və tarixi keçmişə
dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan
heykəltaraşlıq və memarlıq sənətinin
gözəl nümunələridir". Monumental heykəltaraşlıq
xəzinəmizin qızıl fonduna daxil olmuş bütün
abidələrin mühafizəsi və bərpası ilə
bağlı ölkə başçısı aidiyyəti təşkilatların
qarşısında konkret vəzifələr qoydu. Həmin sərəncamda
önəmli cəhətlərdən biri budur ki, XX əsrdə
ucaldılmış, lakin görünüşü
bugünkü dövrdə bizi qane etməyən, yəni,
dünya standartlarına uyğun olmayan bəzi xatirə
komplekslərinin də azərbaycançılıq fəlsəfəsinin
meyarlarına uyğunlaşdırılması tələb
edilirdi. Bu çox zəruri məsələ idi. Həmin sərəncamda
yeni tarixi-etnoqrafik abidələrin də yaradılması nəzərdə
tutulmuşdur.
Prezident İlham Əliyev
tarixin əks-sədası olan maddi mədəniyyət sərvətlərimizin
qorunmasını daim diqqətdə saxlayaraq bu işin daha da
yaxşılaşdırılması üçün
ardıcıl surətdə sərəncamlar imzalayıb. Bu
ilin avqust ayında isə dövlət başçısı
"Azərbaycan Respublikasının ərazisində monumental
heykəltaraşlıq abidələri, xatirə memorial və
memarlıq kompleksinin ümumi görkəminin
qorunub-saxlanılması və ətrafının
abadlaşdırılmasına dair Tədbirlər
Planı"nın təsdiq edilməsi barədə sərəncam
imzaladı. Həmin sərəncamla əlaqədar olaraq Azərbaycan
Respublikasının ərazisində yerləşən bütün
heykəltaraşlıq abidələrinin xatirə memorial və
memarlıq komplekslərinin ümumi görkəminin qorunub
saxlanılması və ətrafının
abadlaşdırılması ilə əlaqədar
mühüm işlər görüldü. Bu gün
Bakıdakı abidələr, tarixi binalar, demək olar ki,
ikinci ömrünü yaşayır. Tarixi abidələrə
olan yeni baxış həm də yeni münasibət
formalaşdırır. Məlumdur ki, hər bir memarlıq abidəsi
öz varlığında təkcə yarandığı
tarixi deyil, həm də məxsus olduğu dövrün mədəni
mühitini, maddi imkanını, təfəkkür tərzini,
düşüncəsini əks etdirir. Memarlıq abidələrinin
mühafizəsi həm də maddi və mənəvi həyatımızın
güzgüsünü hifz etməklə onu gələcək
nəsillərə çatdırmaq deməkdir. Ölkə
başçısı İlham Əliyevin qayğı və
diqqəti nəticəsində əgər bir tərəfdən
yeni abidələr ucalırsa, memarlıq kompleksləri yaradılırsa,
digər tərəfdən də tarixi abidələr, qədim
binalar özlərinin ikinci ömrünü yaşayır. Bu
gün Bakı dünyanın qədim, klassik və ən
müasir, modern şəhərlərindən birinə
çevrilib. Beş-on il öncə Bakıdan
çıxanlar indi paytaxta qayıdanda az qala onu tanımırlar.
Gözəllər gözəlinə çevrilmiş
Bakının gündən-günə daha da füsunkar
olması naminə dövlət başçısı
müntəzəm olaraq şəhərə öz
qayğısını göstərməkdədir.
16 dekabr 2009-cu ildə Prezident İlham Əliyev tərəfindən imzalanan növbəti sərəncam isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun inkişafı tədbirləri barədə"dir. Dünya İrs Siyahısına düşmüş bu qeyri-adi memarlıq-şəhərsalma kompleksi barədə imzalanan sərəncamların işığında əldə edilmiş uğurlar dövlət tərəfindən göstərilən diqqətin məntiqi nəticəsidir. İçərişəhər həm də səma altında bir muzeydir. Onun qorunması, təmir-bərpa edilməsi və abadlaşdırılması müntəzəm aparılmalıdır. Sərəncamda deyilir: "İçərişəhərin ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla, turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın". Kifayət qədər böyük məbləğdir. İçərişəhərin bərpasında bu məbləğin istifadəsi yolunda, təbii ki, abidələrə, sıradan çıxmış evlərə, bir sözlə, bu kompleksdə mövcud olan kiçicik bir tarixi əşyaya belə son dərəcə diqqət və həssaslıqla yanaşılmalıdır. Bərpa sökmək, dağıtmaq deyil. Bərpa var olan hər hansı bir abidənin, hasarın, qapının, küçəninEəvvəlki görünüşünü özünə qaytarmaqdır. Müdriklər demişkən, xəstəni sağaltmaq üçün xəstəliyi müalicə edirlər. Daha onu öldürəndən sonra diriltmək haqqında düşünmürlər. Bu mənada İçərişəhər Bakının daş yaddaşıdır. Buradakı hər qaya parçasında bir tarix yatır. Dövlətin göstərdiyi qayğını məhz vətənpərvərlik, milli təəssübkeşlik hisslərilə qarşılayaraq həyata keçirdiyimiz hər bir tədbirdə, islahatda, yenidənqurmada, bərpada diqqətli olmalıyıq. İçərişəhər tarixin elə məqamlarını, şəhərsalma memarlığının elə prinsiplərini yaşadır ki, kiçik bir laqeydlik minilliklərin yaddaşına balta çala bilər. Əgər ümummilli liderdən üzü bəri dövlətimiz müntəzəm surətdə YUNESKO-nun diqqət mərkəzində dayanan, İrs Siyahısında adı qeyri-adi memarlıq abidələri ilə yanaşı duran İçərişəhərə bu qədər önəm verirsə, onu da qorumaq, yaşatmaq məhz bizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 6 yanvar.- S. 7.