Azərbaycan beynəlxalq birliyin daha güclü tərəfdaşına çevrilir

 

Dünya miqyasında Azərbaycanı xarakterizə edən əsas cəhətlərdən biri ölkənin nüfuzunun sürətlə artması, qlobal maliyyə böhranı şəraitində öz iqtisadi inkişaf tempini və ümumi daxili məhsulun yüksək artım səviyyəsini qoruyub saxlaya bilməsi, regionda lider statusunu daha da gücləndirməsidir. Bunun nəticəsidir ki, beynəlxaq miqyasda ölkəmizə maraq və diqqət daim artır, Azərbaycanla qurulan əməkdaşlığın dərinləşməsinə xüsusi önəm verilir. Artıq beynəlxalq aləm yaxşı bilir ki, Azərbaycanın iştirakı və razılığı olmadan Cənubi Qafqazda regional xarakterli hər hansı layihə həyata keçirilə bilməz.

 

Digər tərəfdən o da məlumdur ki, Azərbaycanın geostrateji mövqeyi onun dünya üçün əhəmiyyətini təkcə Cənubi Qafqaz regionu çərçivəsində məhdudlaşdırmayaraq daha böyük coğrafi məkan daxilində önəmli dövlətə çevirir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Mərkəzi Asiyadan Avropa bazarlarına alternativ yollarla gedən enerji marşrutları məhz Azərbaycandan keçir və bu faktın özü də ölkəmizə beynəlxalq diqqətin daha da artmasında, onunla əməkdaşlıq miqyasının genişləndirilməsində mühüm rol oynayan amillərdən biridir.

Azərbaycanla əməkdaşlığa dünya miqyasında xüsusi diqqət yetirilməsinin ən mühüm səbəblərindən biri də ölkəmizin birmənalı şəkildə etibarlı tərəfdaş kimi qəbul olunmasıdır. Xüsusən də enerji sektorunda Qərblə və digər dünya ölkələri ilə həyata keçirilən əməkdaşlığın tarixi Azərbaycanın kifayət qədər etibarlı tərəfdaş olduğunu sübuta yetirib. Bütün bunlar dünya siyasətində oynadığı rol və malik olduğu nüfuzdan asılı olmayaraq Cənubi Qafqaz və Mərkəzi Asiya kimi regionlara xüsusi diqqət yetirən dövlətlərin Azərbaycanla əməkdaşlığı mühüm istiqamətlərdən biri kimi nəzərdə saxlamasını və bu istiqamətdə konkret addımlar atmasını şərtləndirir.

Öz növbəsində Azərbaycan da milli maraqlarının təmin edilməsi ilə xarici sferada kifayət qədər uğurlu siyasət həyata keçirir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik nitqində bununla bağlı demişdir: "Xarici siyasətə gəldikdə, bu istiqamətdə çox vacib addımlar atılmışdır. 2009-cu ildə Azərbaycan bu istiqamətdə çox vacib işlər görmüşdür. Mənim müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə apardığım danışıqlar, keçirdiyim görüşlər Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirmişdir. Azərbaycanla dost olmaq istəyən ölkələrin sayı artır. Bizim strateji tərəfdaşlarımızın sayı artır. Sirr deyil ki, bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Bizim xarici siyasətimiz Azərbaycanın milli maraqlarının tam şəkildə müdafiə edilməsinə yönəldilibdir. Bütün qonşu ölkələrlə qarşılıqlı surətdə faydalı və qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlər mövcuddur. Azərbaycan bütün başqa ölkələrlə öz fəaliyyətini ancaq və ancaq dostluq, əməkdaşlıq şəraitində qurur".

Göründüyü kimi, Azərbaycan bəzi dövlətlərdən, məsələn, regionda Ermənistandan fərqli olaraq müstəqil xarici siyasət həyata keçirir və bu siyasətin dəyişməsi üçün ona hər hansı kənar təzyiqlərin edilməsi mümkünsüzdür. Çünki artıq kifayət qədər güclənən Azərbaycan dövləti hər hansı təzyiqi vaxtında tam neytrallaşdırmaq iqtidarındadır və bu səbəbdən indi dünya miqyasında tutduğu mövqedən, böyük və ya kiçikliyindən asılı olmayaraq, istənilən dövlət ölkəmizlə regionu əhatə edən hər hansı məsələni birmənalı şəkildə maraqların uzlaşdırılması, qarşılıqlı tərəfdaşlıq şəklində çözməyi prioritet istiqamət kimi seçir.

Xarici dövlətlərlə qurulan uğurlu əməkdaşlıq fonunda Azərbaycanın diqqət yetirdiyi başlıca cəhətlərdən biri də dinc yolla öz ərazi bütövlüyünü beynəlxalq birliyin yardımı ilə bərpa etmək və işğalçı Ermənistanın zəbt etdiyi əraziləri azad etmək üçün dünya miqyasında ona qarşı təzyiqlərin daha da güclənməsinə nail olmaqdır. Bu istiqamətdə Azərbaycan diplomatiyası artıq kifayət qədər ciddi uğurlar əldə edib və bunun əsas göstəricisi Ermənistanın dünya miqyasında işğalçı olduğunun mühüm beynəlxalq rəsmi sənədlərlə təsdiqlənməsi, Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasıdır. Artıq beynəlxalq səviyyədə Ermənistanın mümkün qədər tez müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərini azad etməsinin vacibliyi rəsmi Yerevana daha çox xatırladılır və təzyiqlər artırılır. Bununla bağlı ötən il Azərbaycan mühüm nailiyyətlərə imza atıb. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "Biz xarici siyasətimizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində çox fəal işləyirik. Deyə bilərəm ki, 2009-cu ildə məsələnin həlli üçün çox vacib addımlar atılmışdır. Artıq bütün dünya birliyi və bu məsələ ilə birbaşa məşğul olan tərəflər problemin hansı yollarla həll olunması haqqında öz iradələrini ortaya qoyurlar. Çox sevindiricidir ki, Azərbaycanın uzun illərdir müdafiə etdiyi mövqe üstünlük təşkil edir. Yəni ki, məsələ öz həllini beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bizim həmişə ortaya qoyduğumuz prinsiplər məhz bunlardır".

Azərbaycanın münaqişənin sülh yolu ilə həllində əldə etdiyi uğurların miqyasının genişlənməsinin mühüm səbəblərindən biri də Ermənistanın işğalçı dövlət olduğunu bütün dünyaya açıq göstərməsi ilə yanaşı, ölkəmizdə xarici havadarlarının köməyi ilə həyata keçirdiyi işğal zamanı soyqırımları törətməsini və bu qəbildən olan digər məsələləri konkret faktlar əsasında tam sübuta yetirməsidir. Elə buna görə də beynəlxalq hüquq baxımından Azərbaycanla Ermənistanın mövqeyi ümumiyyətlə, müqayisə belə oluna bilməz.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözümü üçün aparılan danışıqlarda da artıq Azərbaycanın şərtləri diktə edən dövlət olaraq qəbul edilməsi heç kimə sirr deyil və o da məlumdur ki, danışıqlar prosesi məhz ölkəmizin maraqları çərçivəsində gedir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir, olmayıbdır və heç vaxt olmayacaqdır. Dağlıq Qarabağ heç vaxt müstəqil ölkə olmayacaqdır, Azərbaycanın razılığı olmadan bu, mümkün deyildir. Azərbaycan isə buna heç vaxt öz razılığını verə bilməz. Dağlıq Qarabağda yaşayan ermənilər və orada yaşayacaq azərbaycanlılar muxtariyyət statusu çərçivəsində yaşamalıdırlar və bu sahədə dünyanın ən qabaqcıl təcrübəsi tətbiq edilməlidir. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir və biz bu mövqedən bir addım geri atmayacağıq. Çalışacağıq bütün imkanları - həm siyasi, həm iqtisadi, həm diplomatik, həm başqa imkanları işə salaraq, bu məsələni tezliklə, ədalətli, beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edək ki, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına tezliklə qayıda bilsinlər".

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yoli ilə həllində maraqlıdır, həmçinin Ermənistanın konstruktiv mövqe nümayiş etdirərək problemin həllinin bundan sonra uzatmayacağına da ümidlər hələ tam tükənməyib. Bu ümidin tükənməsi Ermənistan üçün yaxşı heç nə vəd etmir. Ermənistan işğal etdiyi əraziləri azad etmək məcburiyyətində qalacaq.

 

 

Azərbaycan.- 2010.- 7 yanvar.- S. 1.