Küveytin nüfuzlu
"Gulf Traveller" jurnalında Azərbaycana həsr edilmiş məqalə çap edilmişdir
Azərbaycanın Küveytdəki səfirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə Küveytdə və Körfəz regionunda turizm sahəsində aparıcı jurnal olan "Gulf Traveller"in redaktoru Əhməd Əbi Sibo ölkəmizdə səfərdə olmuşdur.
Səfirlikdən bildirmişlər ki, səfərin nəticəsi olaraq jurnalın dekabr nömrəsində Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev ilə müsahibə əsasında ölkəmizin turizm potensialı haqqında geniş məqalə çap olunmuşdur.
Məqalədə ərazisinin 60 faizdən çox hissəsinin turizm üçün yararlı olan Azərbaycanın turizm imkanlarının müxtəlifliyi, habelə müalicə xarakterli turizm potensialına malik olması barədə məlumatlar əksini tapmışdır. Qeyd edilmişdir ki, ötən il Azərbaycana 1,4 milyon turist gəlmişdir. Azərbaycana səfər edən turistlərin sayı hər il artır. Azərbaycan Küveyt və digər Körfəz ölkələrindən turistləri və turizm sahəsində investorları qəbul etməyə hazırdır.
Müəllif Azərbaycanda turizmin inkişafı üçün həyata keçirilən dövlət proqramı haqqında oxuculara ətraflı məlumat verir.
Ölkəmizdə 6 mindən çox tarixi maddi-mədəniyyət abidəsinin olduğunu vurğulayan Əhməd Əbi Sibo Azərbaycanın qədim tarixi, adət-ənənələri, rəngarəng təbiəti və iqlim şəraitini qeyd etmişdir. Məqalədə Azərbaycanın turzim imkanlarının Körfəz ölkələri vətəndaşlarının zövqünü oxşayacağı vurğulanır.
İçərişəhərin, Qız qalasının, Azərbaycanın digər
görməli yerlərinin
fotoşəkilləri ilə
zəngin olan məqalədə milli mətbəximizin zənginliyindən
də söz açılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 7 yanvar.- S. 3.