Sabitlik, tərəqqi və inkişaf ili

 

2009-cu ildə qlobal böhranı inamla dəf edən Azərbaycan qarşıya qoyduğu məqsədlərin böyük qismini uğurla reallaşdıra bildi

 

Tarixən mürəkkəb siyasi reallıqları düzgün dəyərləndirərək lazımi məqamda doğru seçim etməyi, qətiyyət göstərməyi bacaran xalqlar istənilən çətin sınaqlardan, mürəkkəb vəziyyətlərdən üzüağ çıxmış, gələcəyə doğru inamla irəliləmişlər. Taleyini hər zaman inandığı, etimad bəslədiyi liderə etibar etmiş müdrik və uzaqgörən xalqımızın 2008-ci il 15 oktyabr seçimi də məhz bu reallığa əsaslanmışdır. Ulu öndər Heydər Əliyevin banisi olduğu alternativsiz siyasi kursun daha bir möhtəşəm zəfərinə çevrilən bu əlamətdar hadisə ümumən Azərbaycanın keyfiyyətcə yeni mərhələdə dinamik inkişafı üçün geniş imkanlar açmışdır.

2008-ci ilin oktyabrından respublikamızı yeni inkişaf magistralına çıxaran, qlobal böhran şəraitində həlledici uğurlarını təmin edən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri sırasında diqqəti çəkən ən mühüm məqamlardan biri ictimai öhdəliklərə, xalq qarşısında verilən hər bir vədə sadiqlikdir. Xalqa xidmət məramına əsaslanan mənəvi məsuliyyət hissi dövlət rəhbərinin yüksək yaradıcılıq potensialı, səmərəli idarəçilik məramı, qurub-yaratmaq əzmi ilə vəhdət təşkil edərək, Azərbaycanın tərəqqisi naminə 2008-ci ilin oktyabrına qədər görülmüş nəhəng işləri son bir ildə də inamla davam etdirmək imkanı yaratmışdır. "Əsl siyasət konkret real görməkdir" devizinə sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında isə hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi durur.

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, ölkədə əlverişli biznesinvestisiya mühitinin formalaşdırılması, işsizlik, yoxsulluq problemlərinin həlli, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi kimi prioritet məsələlər artıq tarixə çevrilmiş 2009-cu ildə də dövlət başçısı İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin əsasını təşkil etmişdir. Davamlı inkişafın zəruri şərti olan ictimai-siyasi sabitlik ötən ilqorunub saxlanılmış, daxili işlər orqanları dövlətçiliyin etibarlı dayağı kimi ictimai asayişin keşiyində layiqincə dayanmışlar.

Ötən dövrün sosial-iqtisadi uğurlarla müşayiət olunan inkişaf göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerjikommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədə də yüksək dinamizmlə irəliləyişini təsdiqləyir. Cənab İlham Əliyev son bir ildə imzaladığı məqsədyönlü fərman və sərəncamlarla nəinki Azərbaycanın bütün dünyanı iflic vəziyyətinə salmış qlobal böhrana qarşı effektiv müqavimət əzmini təmin etmiş, hətta iqtisadi inkişafa nail ola bilmişdir. Ötən ilin əvvəllərində antiböhran paketini açıqlamış cənab İlham Əliyev hökumətin səmərəli və məqsədyönlü fəaliyyətinə nail olmaqla, ümumi daxili məhsulda 9 faizlik artımı təmin etmişdir. Nəzərə alsaq ki, bir çox inkişaf etmiş ölkələr belə, ötən ili iqtisadi tənəzzül və ağır böhran şəraitində başa vurublar, bu göstərici Azərbaycan üçün kifayət qədər uğurludur.

İlin əvvəllərində maliyyə böhranının Azərbaycana guya ciddi təsir göstərəcəyi ilə bağlı səslənən bəzi əsassız fikirlərə rəğmən, ötən dövrdə respublika iqtisadiyyatı normal məcrada inkişaf etmişdir. Proseslərin gedişi böhran ajiotajının respublikamız üçün geridə qaldığını, bank və maliyyə sektoru üçün real təhdid sayıla biləcək narahatlığın tamamilə aradan qalxdığını əminliklə söyləməyə ciddi əsaslar verir. 2009-cu ildə respublikada manatın məzənnəsinin sabit saxlanması, bank sektorunun, daxili istehlak bazarına işləyən müəssisələrin əvvəlki qaydada fəaliyyət göstərməsi maliyyə böhranının respublika iqtisadiyyatına ciddi təsir göstərmədiyinə dəlalət edir.

Xatırlatmaq yerinə düşər ki, cənab İlham Əliyev 2009-cu ilin əvvəlində qlobal böhranın dəf edilməsi üçün aidiyyəti dövlət qurumlarına, o cümlədən Maliyyə Nazirliyinə tapşırıq və tövsiyələrini vermişdi. Qlobal böhran şəraitində dövlət büdcəsinin vəsaitlərinin məqsədyönlü və səmərəli istifadəsi, dövlət strukturlarında maliyyə intizamının gücləndirilməsi mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdi. Maliyyə nazirinin rəhbərliyi altında ötən il bu və digər tapşırıqlar uğurla həyata keçirilmiş, büdcədən maliyyələşən strukturlarda maliyyə intizamının möhkəmləndirilməsi, şəffaflığın təmin edilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilmişdir. Nazirlik eyni zamanda, Azərbaycanın qlobal maliyyə-iqtisadi böhranından maksimum dərəcədə sığortalanması üçün hökumət qarşısında səmərəli təkliflərlə çıxış etmişdir. Qlobal böhran şəraitində respublikanın 2010-cu il üçün dövlət büdcəsinin hazırlanmasında da Maliyyə Nazirliyinin proqnoz göstəriciləri mühüm rol oynamışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində qeyd olunduğu kimi, 2009-cu ildə bütün çətinliklərə baxmayaraq, respublikamız uğurlu inkişaf etmişdir: "2009-cu ildə ölkəmizdə iqtisadi artım 9 faizdən çox olmuşdur. Bu, böhranlı ildə çox böyük göstəricidir. Bütün bölgədə yaşanan böhran və bölgədə müxtəlif istiqamətlərdə aparılan islahatlar hər bir ölkənin iqtisadisiyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır. Biz xalqımızın istedadına arxalanırıq, aparılan islahatlara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq".

Azərbaycanda uğurla reallaşdırılan qlobal infrastruktur layihələrinin icrası ötən bir ildə də normal məcrada davam etdirilmiş, vətəndaşların sosial mənafeyinə xidmət edən kompleks tədbirlər sistemi həyata keçirilmiş, bütün bunların əsasında insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. Bu sırada paytaxta Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilişini, yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsini, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılmasını, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisini xüsusi vurğulamaq olar. Şübhəsiz, bütün bunlar məhz Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələridir.

Ölkədə həyata keçirilən məqsədyönlü abadlıq-quruculuq proseslərinə Heydər Əliyev Fondunun töhfələri də xüsusi vurğulanmalıdır. Qısa müddətdə milyonlarla insanın ümid və pənah ünvanına çevrilmiş fond Azərbaycanı dünya miqyasında layiqincə təmsil edir, ölkə həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır, təhsil, elm, səhiyyə, idman sahəsində uğurlu layihələr həyata keçirir. Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən çoxşaxəli islahatlar isə insanpərvərlik, humanizm və mərhəmət kimi ali keyfiyyətlərə əsaslanır. Bir məqamı da xatırladaq ki, dövlət başçısı cənab İlham Əliyevin fərmanı ilə 2009-cu il Azərbaycanda "Uşaq ili" elan olunduqdan sonra fondun uşaqlara qayğıkeş münasibəti bir qədər də güclənmişdir. Fondun rəhbəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında valideyn himayəsindən məhrum olmuş uşaqların və körpələrin fiziki, əqli, mənəvi-intellektual inkişafına xidmət edən tədbirlərin həyata keçirilməsi bunu bir daha təsdiqləyir.

Ümumiyyətlə, 2009-cu ildə paytaxtdaregionlarda yüzlərlə yeni müəssisə və obyektin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi Azərbaycanın böhrana maksimum dərəcədə müqavimət göstərən dövlətlər sırasında olduğunu bir daha təsdiqləyir. Ötən ilin son günlərində Bakıda möhtəşəm arxitekturaya, görünüşə malik daha bir müasir tikilinin - Hesablama Palatasının yeni binasının istifadəyə verilməsi də respublikamızın iqtisadi qüdrətini bir daha nümaiyiş etdirir. Cənab İlham Əliyevin paytaxtın mərkəzində milli memarlıq üslubunda inşa olunmuş yeni binanın təntənəli açılış mərasimində iştirakı isə Hesablama Palatası rəhbərliyinin və kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin təzahürüdür.

Dövlət başçısı 2003-cü ildən iqtisadi siyasətin ana xəttinə çevirdiyi regional inkişaf konsepsiyasını son bir ildə də inamla davam etdirmiş, bölgələrin tərəqqisi naminə bir sıra mühüm fərman və sərəncamlar, dövlət proqramları imzalamışdır. 2009-cu ilin fevralında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın yekunlarına həsr olunmuş toplantıda bu proqramın inkişaf və tərəqqi prosesindəki fundamental əhəmiyyəti bir daha önə çəkilmiş, əldə olunan böyük uğurlardan söz açılmışdır. Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların tarazlı və davamlı inkişafı sahəsində ötən beş ildə əldə olunmuş nəticələrin uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Proqrama əsasən, qarşıdakı 5 il müddətində ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmini, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi, özəl sektorun inkişafının daha da sürətləndirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərin yaradılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması və digər mühüm tədbirlər nəzərdə tutulur.

Azərbaycan Prezidenti seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti hökumət üzvləri qarşısında əsas tələb, vəzifə kimi müəyyənləşdirən dövlət başçısı 2009-cu ildə də bu prinsipinə sadiq qalmışdır. "Biz xalqın xidmətçiləriyik" - deyən cənab İlham Əliyev komandasının hər bir üzvünün tutduğu vəzifəyə nə dərəcədə layiqliyini onun xalqa göstərdiyi xidmətlə müəyyənləşdirir. Regionların tərəqqisi, əyalətlərdə yeni yerlərinin açılması, sosial infrastrukturun yenilənməsi məqsədilə imzaladığı sənədlərin icra vəziyyətilə tanış olmaq, sıravi insanlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən ardıcıl səfərlər də cənab İlham Əliyevin fəaliyyətinin üstün istiqamətlərindən biri kimi diqqəti çəkir. 2009-cu ildə cənab İlham Əliyev Bərdə, Yevlax, Mingəçevir, Gəncə, Göygöl, Şəmkir, Gədəbəy, Quba, Qusar, Ağsu, İsmayıllı, Hacıqabul rayonlarında, o cümlədən 2 dəfə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, bölgələrin ümumi vəziyyəti ilə yaxından tanışlıq imkanı qazanmış, bir sıra yeni obyektlərin açılış mərasimində iştirak etmişdir. Bu səfərlər zamanı vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən, mövcud çətinliklərin həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının tələbkarlığı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir, xalqın öz rəhbərinə inamını, etimadını daha da artırır.

Deputatı olduğum Masallı rayonunun sakinləri də möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini birmənalı dəstəkləyir, müstəqil Azərbaycanın qüdrətli və zəngin dövlətə çevrilməsi üçün əllərindən gələni əsirgəmirlər. 2009-cu ildə Azərbaycanın sürətlə inkişaf etməsi, xüsusən də, respublikanın regionlarının tərəqqi və yüksəlişi, eyni zamanda, adamlarının fəaliyyətinə göstərilən yüksək diqqətin nəticəsidir. Yerlixarici sahibkarların qüdrətli hamisinə çevrilmiş dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət hesabına Azərbaycanda özəl sektor son illərdə yeni inkişaf dönəminə qədəm qoymuş, sahibkarlığın inkişafına diqqət daha da artırılmışdır. Kiçikorta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Ölkə başçısının diqqət və qayğısı sayəsində dövlət büdcəsindən özəl sektorun inkişafı məqsədilə ayrılan vəsaitlərin həcmi ildən-ilə artırılır. Aqrar sektorda çalışan adamları zəruri texnika, gübrə, toxumbu kimi vasitələrlə təmin edilir. Ötən illərdə sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlarbir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin real təzahürüdür.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə Azərbaycan xalqına təbrikində sahibkarlığa qayğı siyasətinin bundan sonra da inamla davam etdiriləcəyini bildirmişdir: "Azərbaycanda sahibkarlığın inkişafı üçün gözəl şərait vardır. Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar. Əgər Azərbaycan dövləti tərəfindən kreditlər təşkil edilməsəydi, kənd təsərrüfatının inkişafı üzrə bizim böyük problemlərimiz ola bilərdi. Amma kreditlərin vaxtında verilməsi və sahibkarlığın inkişafı üçün görülən bütün tədbirlər, əlbəttə, sahibkarlara da çox gözəl şərait yaradır. Gələcəkdə Azərbaycanın iqtisadiyyatı daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır. Bütün infrastruktur layihələri həyata keçirilir, elektrik stansiyaları, yollar tikilir, - bunlar, eyni zamanda, sahibkarlığın inkişafı üçün də başlıca şərtdir. Azərbaycanın şəhərləri abadlaşır, gözəlləşir. Sahibkarlığın inkişafı bizim üçün həmişə olduğu kimi, prioritet məsələdir və bu istiqamətdə növbəti illərdə də lazımi tədbirlər görüləcəkdir".

Azərbaycanın ötən il əldə etdiyi mühüm uğurlardan birionun qısa müddətdə Avropa üçün alternativ enerji mənbələri formalaşdırmaq, neft kəmərlərini şaxələndirmək təşəbbüslərini praktik fəaliyyət müstəvisinə keçirməyə nail olmasıdır. Hesabat dövründə bu istiqamətdə də bir sıra uğurlu addımlar atılmışdır. Konkret olaraq Azərbaycan qazının Rusiyaya satışı ilə bağlı aparılan danışıqların iyulun əvvəllərində uğurlu sonluğa yetişməsi, hər iki ölkənin dövlət rəhbərlərinin bununla əlaqədar Bakıda saziş imzalaması respublikamızın regionun enerji təhlükəsizliyi sisteminə daha bir töhfəsi sayıla bilər. Faktiki olaraq indiyədək Türkiyə, İran, Yunanıstan və Gürcüstanı əhəmiyyətli həcmdə qazla təmin edən respublikamızın Rusiyaya qaz nəqlinə başlaması təkcə iqtisadi-kommersiya deyil, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir.

Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Milli Məclisi də ali qanunverici orqan kimi ölkədə həyata keçirilən hüquqi-siyasiiqtisadi islahatlara sanballı töhfəsini verir. Parlament rəhbərliyinin təşəbbüsü əsasında hazırlanan yeni-yeni qanunlar ölkədə iqtisadi islahatların səmərəliliyinin təmini baxımından son dərəcə əhəmiyyətlidir. Məsələn, Milli Məclisdə qəbul edilən və ötən ilin aprelində dövlət başçısı tərəfindən imzalanan "Xüsusi iqtisadi zonalar haqqında" qanun da ölkəyə investisiyaların cəlbi baxımından əlavə imkanlar açır. "Əmək pensiyaları haqqında" qanuna edilən əlavə və dəyişikliklər isə respublikada pensiya sisteminin daha da təkmilləşdirilməsinə xidmət etmişdir.

Hər bir dövlətin iqtisadi inkişaf potensialı və cəmiyyətin tərəqqisinə xidmət edən məqsədyönlü tədbirlər sistemini gerçəkləşdirmək qüdrəti, ilk növbədə, onun ali maliyyə sənədi olan büdcə qanununda real təcəssümünü tapır. Konstitusiyaya müvafiq olaraq hər il payız aylarında büdcə layihəsi Milli Məclisin müzakirəsinə çıxarılır, hökumət üzvlərinin iştirakı ilə geniş müzakirə və təhlil olunur, təkmilləşdirilir. Bu şəffaf mexanizm nəticəsində büdcənin formalaşmasında bilavasitə iştirak edən hər bir vətəndaş maliyyə vəsaitlərinin bölgüsü və xərclənməsi ilə bağlı aydın və dolğun təsəvvürə malik olur. Milli Məclisdə qəbul olunmuş "Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanunu da qlobal böhran şəraitində respublikamızın qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyən ölkələr sırasında olduğunu bir daha təsdiqləyir.

İqtisadçı-hüquqşünas kimi bu qənaətdəyəm ki, Azərbaycanın sosialyönümlü səciyyə daşıyan dövlət büdcəsinin hazırlanması zamanı dünyada gedən iqtisadi proseslərin ölkə iqtisadiyyatına mümkün təsirləri son dərəcə dəqiqliklə araşdırılmış, mövcud reallıqlar ciddiliklə nəzərə alınmışdır. Respublikanın əsas makroiqtisadi proqnoz göstəricilərinə əsasən, bu il 38,1 milyard manat həcmində ümumi daxili məhsul istehsal ediləcəkdir və bu da 6,8 faizlik real artım deməkdir. Ümumiyyətlə, büdcə zərfinin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını, sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur.

Respublikamızın 2009-cu ildə əldə etdiyi uğurlar deməyə əsas verir ki, Heydər Əliyev siyasi kursu Azərbaycan xalqının yeganə nicatistinad yeridir. Bu kursu layiqli şəkildə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımda milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün əzmkarlıqla çalışır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət məramı üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını xoşbəxt gələcəyə aparan bu siyasət bundan sonra da uğurla davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək və qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.

 

 

Əhəd ABIYEV,

 

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.- 7 yanvar.- S. 3.