Qürbətdə vətən
eşqilə döyünən ürək
Dünyada ən müdrik fəlsəfə millətlərarası dostluq fəlsəfəsidir. Biz bu fəlsəfənin real gücünü əsası 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və o vaxtadək Rusiyada pərakəndə dəstələr şəklində fəaliyyət göstərən bütün regional təşkilatları öz ətrafında birləşdirməklə, qısa bir zaman çərçivəsində çox güclü, nüfuzlu bir struktura çevrilmiş Ümumrusiya Azərbaycan Konqresinin timsalında daha aydın görürük.
Bu təşkilatın istər Rusiyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, onların qardaş ölkədə gedən ictimai siyasi proseslərə daha fəal cəlb edilməsi, istərsə də müstəqil ölkələrimiz arasındakı mehriban qonşuluq əlaqələrinin genişlənməsi və möhkəmlənməsi sahəsində böyük xidmətləri olub. Bu gün həmin təşkilat öz sıralarında minlərlə azərbaycanlını birləşdirir. Öz soy-kökünə, milli adət-ənənələrinə qırılmaz tellərlə bağlı olan, Azərbaycanımızın haqq səsini arasında yaşadığı xalqa çatdırmağı özünə mənəvi borc bilən nüfuz sahiblərindən biri də 1925-ci ildə Bakının Əmircan kəndində dünyaya göz açan, hazırda Moskvada yaşayıb-yaradan Əbdül Ənbiya oğlu Hüseynovdur.
İkinci cahan hərbi başlananda Əbdül də silaha sarılıb, dünyanı qan dəryasında boğmağa çalışan Hitler faşizminə qarşı ölüm-dirim savaşına atıldı. Baltik respublikalarının, Bolqarıstanın, Rumıniyanın, Macarıstanın düşmən tapdağından xilası naminə döyüşlərin iştirakçısı oldu. Moskvadan Berlinə qədər şərəfli döyüş yolu keçdi. Döyüş cəbhələrində göstərdiyi hünər və rəşadətə görə sinəsi orden və medallar sərgisinə döndü. Müharibədən sonra tale onu yenə dünyanın ən nəhəng elm və mədəniyyət mərkəzlərindən biri olan Moskvaya qaytardı. İmtahan verib, Lomonosov adına Moskva Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil oldu. Universiteti "əla" qiymətlərlə başa vuran Əbdül sonradan zəngin biliyinin və yüksək intellektinin köməyilə daha bir ali təhsil müəssisəsində - Türkmənistan Dövlət Universitetinin hüquq-tarix fakültəsində təhsilini uğurla başa vurdu.
Həmin vaxtdan etibarən onun qarşısında yeni yaradıcılıq üfüqləri açıldı. Uzun illər Moskva Dövlət Universitetində və Moskva Beynəlxalq Əlaqələr İnstitutunda pedaqoji fəaliyyətlə məşğul oldu. İran, Türkiyə, Monqolustan və digər ölkələrdə diplomat kimi fəaliyyət göstərdi. Müxtəlif vaxtlarda Türkmənistanda mədəniyyət nazirinin müavini, Moskvada Kino Birliyinin direktoru vəzifələrində çalışdı.
Əbdül Hüseynov dünyanın bir çox ölkələrində nümayiş etdirilmiş 7 bədii, xeyli sənədli filmin ssenari müəllifi, planetimizin müxtəlif mətbu orqanlarında rus, ingilis, yapon, türk, fransız, italyan, Çin və digər dillərdə dərc olunmuş bir çox elmi-publisist məqalələrin, 20-dən artıq tarixi roman və povestin yaradıcısı kimi də tanınıb. Bu görkəmli şərqşünas alim qürbətdə yaşasa da, daim Azərbaycanla nəfəs almış, belə bir ulu məmləkətin övladı olmaqdan qürur duymuşdur. Onun Şirvanşah I İbrahimin həyatından bəhs edən "Əkinçi taxtda", "Qan qardaşları", "Mustafa xanın xəzinəsi", xalqımızın görkəmli poeziya ustadı Xaqani Şirvaninin ağır, keşməkeşli həyatının salnaməsi olan "Şirvanlı səyyah", "Cənuba yürüş" və digər əsərləri maraqla oxunur. Özünün dediyi kimi, onu tarixi romanlar yazmağa ruhlandıran hər şeydən öncə yaddaşların o tayında qalıb unudulmuş tarixi gerçəklikləri diqqətlə araşdırıb üzə çıxarmaq, onları ən qyimətli töhfə kimi bugünkü və gələcək nəsillərə ərməğan etmək, həm də qədim, zəngin tariximizi Rusiya xalqlarına və digər millətlərə tanıtmaqdır. Müəllifin ən qiymətli əsərlərindən biri də qüdrətli tarixçi-filosof, "Gülüstani-irəm" əsərinin müəllifi Abbasqulu ağa Bakıxanovun şərəfli ömür yolundan bəhs edən "Cənuba yürüş" romanıdır. Müəllif bu əsərində A.Bakıxanovun həyatı ilə əlaqədar nəinki xalqımıza, hətta ən görkəmli tarixçi alimlərimizin belə əksəriyyətinə məlum olmayan bir çox həqiqətləri üzə çıxarmağa nail olmuşdur. Yeri gəlmişkən onu da qeyd edək ki, Əbdül Hüseynovun anası da Bakıxanovlar nəslindəndir.
Çağdaş
tariximizin elə bir səhifəsi olmayıb ki, görkəmli
tarixçi alim onu öz beyin süzgəcindən keçirib
rəyini bildirməsin. O, "Saqqallıların zəmanəsi"
və "Xocalı faciəsi" sənədli povestlərində
insanlıq simasını itirmiş erməni qəsbkarlarının
Xocalıda əliyalın, günahsız insanların
başına gətirdikləri ağlasığmaz faciələri
tutarlı faktlarla əks etdirmiş və həmin əsərləri
əcnəbi dillərə tərcümə etdirərək
dünyanın bir çox ölkələrində
yaymışdır. Onun "Napoleonun şəxsi
qvardiyasının zabiti" əsəri də oxucular tərəfindən
böyük rəğbətlə qarşılanıb. Povest
vaxtilə Avstriyada, İtaliyada və Afrikada misilsiz qəhrəmanlıqlar
göstərmiş, əslən Qarabağdan olan azərbaycanlı
zabit Rüstəm bəy haqqındadır. Müəllif bu
fakta məşhur rus akademiki Neçkinanın kitabında rast
gəlib. Qəribədir ki, ermənilər onu da dünyaya
öz milli qəhrəmanları kimi təqdim edirdilər. Akademik Neçkina isə onu
"musilmanin iz Karabaxa Rustam bek" adlandırmışdır.
Bu fakta istinad edən Əbdül Hüseynov müxtəlif
arxivlərdə ciddi araşdırmalar aparmış və nəhayət,
dünyanın ən böyük hökmdarlarından və sərkərdələrindən
biri olan Napoleonun sədaqətli silahdaşı,
xalqımızın qəhrəman oğlu Rüstəm bəy
haqqında zəngin faktlarla dolu çox maraqlı bir əsər
qoymuşdur ortaya. Həmin qiymətli əsər hazırda
dünyanın bir çox kitabxanalarını zinətləndirməkdədir.
Əbdül Hüseynovun çoxillik zəhmətinin bəhrəsi
olan "XX əsrin 100 görkəmli azərbaycanlısı"
kitabı isə onun öz ana məmləkətinə və
sevimli xalqına tükənməz məhəbbətinin bariz
nümunəsi kimi dəyərləndirilməlidir. Öz fədakar
zəhmətlərilə Azərbaycanımızı Yer
kürəsində tanıdıb şöhrətləndirmiş
insanları - görkəmli ictimai-siyasi xadimlərimizi, elm və
mədəniyyət korifeylərimizi, digər sahələrdə
nailiyyətlər qazanmış soydaşlarımızı
dünya xalqlarına tanıtmağı qarşısına məqsəd
qoymuş müəllif rus və Azərbaycan dillərində
10 min tirajla nəşr etdirdiyi həmin publisist məqalələr
toplumunu ingilis, ərəb və türk dillərində də
çap etdirmiş, Moskvada, Nyu-Yorkda, Tokioda və İstanbulda
təqdimat mərasimlərini keçirmişdir.
Ümumrusiya Azərbaycan
Konqresinin dövlət əhəmiyyətli elə bir tədbiri
yoxdur ki, Əbdül Hüseynovun səsi oradan gəlməsin.
O, həm də Rusiyada yaşayan azərbaycanlıların
Milli Mədəni Muxtariyyətinin Federal Şurasının ən
fəal üzvlərindən biridir. Əbdül Hüseynov
deyir ki, Rusiya və Azərbaycan xalqları yüzilliklər
boyu ümumi tarixi bir tale yaşayıblar. İstər Rusiyada,
istərsə də Azərbaycanda hər bir milli qurum öz
ana dilində təhsil almaq, mədəniyyətini, adət və
ənənələrini, həyat tərzlərini davam etdirmək
imkanlarına malikdirlər. Vətəndən uzaqlarda
yaşasaq belə, əsas məqsədimiz millətimizə
xas olan milli-mənəvi keyfiyyətləri qoruyub
saxlamaqdır. Çünki bizim bir vətənimiz, bir
xalqımız və eyni tarixi köklərimiz var. Bizi qürbət
ellərdə yaşadan, bizə həyat cövhəri,
yaşam həvəsi verən də məhz vətənimizə,
xalqımıza, milli kökümüzə qırılmaz tellərlə
bağlılığımızdır.
Zeynal VƏFA
Azərbaycan.- 2010.- 7 yanvar.- S. 5.