Azərbaycan iqtisadiyyat sahəsində 2009-cu il üzrə
MDB və region ölkələri arasında liderdir
Dünyanın
nüfuzlu nəşrlərindən hesab edilən
"İnternational Living" jurnalı ölkələrin
2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərini
açıqlamışdır.
Hesabatda Azərbaycanın
MDB və region ölkələri arasında ən
güclü iqtisadiyyata malik olduğu bildirilir. Jurnalın həyat
səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə,
infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri
üzrə apardığı araşdırmalar 194 ölkəni
əhatə etmişdir. Bu sahələr üzrə hər bir
ölkə 100 ballıq sistemlə qiymətləndirilmişdir.
Jurnalın bu il açıqladığı reytinq göstəricisində
Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq
görülmüşdür. Bu, MDB və region ölkələri
arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək
nəticə hesab edilir.
İqtisadi göstəricilərinə
görə Rusiya 38, Gürcüstan və İran 33, Türkiyə
32, Türkmənistan və Ukrayna isə 31 balla qiymətləndirilmişdir.
"İnternational Living"in hesablamalarında Azərbaycan
iqtisadi göstəricilərinə görə təkcə MDB
və region ölkələrindən deyil, həmçinin
inkişaf etmiş və inkişaf etməkdə olan bəzi
dövlətlərdən də irəlidədir.
Jurnalın
açıqladığı reytinq siyahısında Avropa
ölkələrindən Portuqaliya iqtisadiyyatı 35, Malta 36,
Slovakiya 37, Yunanıstan isə 39 balla qiymətləndirilmişdir.
Dünyanın inkişaf etmiş ölkələrindən
olan İspaniyanın iqtisadi göstəriciləri Azərbaycanla
eyni səviyyədə qiymətləndirilmişdir. İqtisadi
göstəricilərinə görə ən yüksək
qiymət - 69 bal - ümumi siyahıda 79 balla ikinci yerdə olan
İsveçrəyə verilmişdir. Maliyyə
böhranının davam etdiyi 2009-cu ildə dünyanın əksər
ölkələrindən fərqli olaraq Azərbaycanda
ümumi daxili məhsulun həcmi 8-9 faiz artmışdır. Halbuki
bir çox inkişaf etmiş ölkələrdə ötən
il iqtisadi artım müşahidə olunmamışdır. Azərbaycanın
iqtisadi artım tempinə görə dünyada ilk sıralarda
olduğu beynəlxalq təşkilatların hesablamalarında
da öz əksini tapmışdır. Avropa İnkişaf və
Yenidənqurma Bankının hesabatında qeyd olunmuşdur ki,
Azərbaycan iqtisadi artım tempinə görə Avropa və
Mərkəzi Asiya ölkələri arasında ilk
üçlüyə daxildir.
Qeyd edək ki, "İnternational Living"in təqdim etdiyi ümumi siyahıya 80 balla Fransa başçılıq edir. ABŞ 78 balla üçüncüdür.
AzərTAc
Azərbaycan.- 2010.- 8 yanvar.- S. 1.