Mədəniyyət xəzinəsinin töhfələri

 

Bu gün Azərbaycan təkcə iqtisadi göstəriciləri ilə deyil, həm də mədəniyyət və turizm sahəsindəki nailiyyətləri ilə diqqət çəkməkdədir. İllər öncə ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə ədəbiyyatımıza, mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb oldu. Dünya miqyasında Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılmasında ölkə başçısı İlham Əliyevin göstərdiyi qayğı və diqqəti, bununla bahəm Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın geniş və hərtərəfli fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Ötən il Bakı İslam mədəniyyətinin paytaxtı oldu. Bu mədəniyyət ili ilə bağlı keçirilən tədbirlərin möhtəşəmliyi barədə dünya mətbuatında maraqlı yazılar dərc edildi. Ümumilikdə, 2009-cu il Azərbaycan mədəniyyət tarixinə yaddaqalan il kimi daxil oldu. Bu sahədə qazanılan uğurlar və nailiyyətlər barədə suallarımızı respublika mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cavablandırır.

 

- Vidalaşdığımız 2009-cu il artıq tarixə çevrildi. Mədəniyyət və turizm sahəsində də bir sıra layihələr həyata keçirildi. Çox istərdik ki, ilin uğurlu yekunları barəsində oxucularımıza müfəssəl məlumat verəsiniz.

- Öncə onu qeyd edim ki, Azərbaycan bütün sahələrdə sürətli inkişaf tempi ilə irəliləyir. Müxtəlif istiqamətləri əhatə edən bu tərəqqi mədəniyyətə də təsirini göstərir. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, mütləq uğurlu nəticələrin şahidi olarıq. Ötən il dünyanı həm maliyyə, həm də iqtisadi böhran bürüdü. Doğrudur, böhran Azərbaycana müəyyən qədər təsir göstərsə də, inkişaf tempində mənfi hallar müşahidə edilmədi. İnsanlar öz iş yerlərini itirmədilər, maliyyə dövriyyəsi azalmadı. Dünyada sosial proqramlar hiss olunacaq dərəcədə ixtisar edildiyi halda, Azərbaycan heç bir sosial proqramı dayandırmadı. Cənab Prezidentin apardığı beynəlxalq və ölkədaxili siyasət hər bir nazirliyin işini o siyasətin tempinə uyğunlaşdırmasını tələb edir. Əgər kimsə o templə uzlaşa bilmirsə, deməli, başçılıq etdiyi sahənin geriləməsinə səbəb olur. Belə düşünürəm ki, neçə il bundan öncə mədəniyyət sahəsində görüləcək iş və istiqamətlərin cənab Prezidentin fərman və sərəncamları ilə təsdiqlənməsi bizim işimizin daha rahat həyata keçirilməsinə səbəb olur. Ona görə ki, dövlət büdcəsindən mədəniyyətə ayrılan vəsait artır, xüsusi layihələrin həyata keçməsi üçün yeni vəsaitlər də nəzərdə tutulur. Teatr islahatları, muzey işinin təkmilləşdirilməsinə dair, kitabxana işinin daha da yaxşılaşdırılması və s. Ötən ilin ən yaddaqalan mədəniyyət hadisəsi Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi oldu. Bilirsiniz ki, Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu geosiyasi və coğrafi məkanda yerləşir. Bizim də əsas məqsədimiz bu müxtəlifliyi, Azərbaycanın mədəniyyətlərarası dialoqa nümunə ölkə olmasını göstərmək idi. Biz bu işləri layiqincə yerinə yetirə bildik. Xüsusilə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda keçirilən bir sıra möhtəşəm tədbir uğurla başlayıb uğurla da yekunlaşdı.

- Bu gün Azərbaycanda tarixi abidələrin, mədəniyyət ocaqlarının təmiri və bərpası ilə bağlı geniş işlər görülür. Beş-on il öncə paytaxtdan çıxan soydaşlarımız indi şəhərə dönəndə onu az qala tanımırlar.

- Cənab Prezident bu gün Azərbaycanın bir nömrəli memarıdır. Bunu deməyə əsasım var. Geniş dünyagörüşünə malik olması, yüksək zövqü, tələbkarlığı, keyfiyyət baxımından bu istiqamətə ciddi nəzarəti heç kəsə imkan vermir ki, bu işə elə-belə, başdansovdu yanaşmaq mümkün olsun. Diqqət edin. Heydər Əliyev Sarayından tutmuş Gənc Tamaşaçılar Teatrına qədər əksər teatrların binası, muzey və digər tarixi binalar - hamısı müasir tələblər baxımından əsaslı təmir edilərək istifadəyə verilib. Cənab Prezident indi bizə başqa bir proqram xarakterli vəzifə də tapşırıb. Bütün bölgələrimizdə tarixi abidələrin qorunması həyata keçirilsin. Onları gələcək nəsillərə olduğu kimi çatdıra bilək. Təkrar edirəm, burada təkcə bərpadan yox, həm də ciddi mühafizədən söhbət gedir.

- Bir neçə sahə var ki, ölkənin dünya miqyasında tanıdılmasına və xalqın, millətin potensialının əks etdirilməsində çox önəmlidir. Yəni onun gücü əyaniliyindədir. Bunun birincisi mədəniyyətdir.

- Doğrudur, bu məsələdə idmanın da öz yeri var, amma əsas mədəniyyətdir. Çünki mədəniyyət tarix boyu, əsrlərlə yığılmış mənəviyyat, yaradıcılıq potensialını sanki bir-birinin üstündə lay-lay şəklində bu günə çatdırıb. Biz də bunu dünyaya sanballı təqdim etmək üçün müxtəlif tədbirlər həyata keçirməliyik. Buna görə də Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında çox böyük işlər görülür. Əlbəttə, bu layihələrin hazırlanmasında, həyata keçirilməsində Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək istərdim. Çünki YUNESKO da, İSESKO da artıq Azərbaycan üçün doğma təşkilatlardır. Biz indi orada öz tədbirlərimizi, təqdimatlarımızı çox rahat həyata keçiririk. Biz dünyaya öz mədəniyyətimizi alnıaçıq çıxarırıq və məntiqi nəticəyə fikir verin. Kimin ağlına gələrdi ki, son iki ildə Azərbaycandan bəşəriyyətin inciləri siyahısına bir neçə mənəvi sərvət düşsün - Qobustan, İçərişəhər, Aşıq sənəti və Novruz bayramı. İndi gələn il üçün biz YUNESKO-nun qeyri-maddi irs siyahısına düşmək üçün yeni layihələr hazırlayırıq. Çalışacağıq ki, Naxçıvanın qədim abidələri və Azərbaycan xalçaları da bu mötəbər siyahıda öz əksini tapsın. Artıq bu məsələlərlə bağlı müraciətlərimizi etmişik.

- Çox gözəl. Deməli, beynəlxalq aləmin bizə baxışı tamamilə yenidir.

- Əlbəttə, əski zamanlarda sovet dövlətinin hüdudlarından kənara çıxa bilmirdik. MDB ölkələrindən uzağa getmək olmurdu. Amma bu gün tam sərbəst şəkildə dünyaya çıxırıq. Hara üz tutsaq, öz adımızla gedir, öz mədəniyyətimizi təmsil edirik.

- Azərbaycanın dünyada tanıdılmasında real vasitələrdən biri də xarici ölkələrdə mədəniyyət günlərinin keçirilməsidir.

- Bunu hamı etiraf edir ki, xarici ölkələrdə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi indi xeyli genişlənib. Əgər 2008-ci ildə biz Almaniyada "Azərbaycan ili"ni keçirməyə nail olduqsa, 2009-cu ildə İsveçrədə qeyri-adi bir mədəniyyət hadisəsinin şahidi olduq. Bu ölkədə 100 gün müddətində Azərbaycan mədəniyyəti günləri keçirildi. Hər iki ölkənin Prezidenti tədbirin açılışında iştirak etdi. Dünyanın bütün telekanalları bu mərasimi göstərdi. İndiki dövrdə dünya tamaşaçısının diqqətini çəkmək həqiqətən çox çətindir. Mən bir nazir kimi qürur duyuram ki, Azərbaycan mədəniyyətinin özünəməxsusluğunu incəsənət xadimlərimizin hazırladığı zəngin proqramla nəinki İsveçrə tamaşaçılarına, dünyaya çatdırdıq.

Rusiyada, Gürcüstanda, Almaniyada, Estoniyada, İtaliyada, Özbəkistanda və başqa ölkələrdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi uğurla başa çatmışdır. Eyni zamanda, il ərzində çoxsaylı festivallar, qastrollar, premyeralar, müxtəlif əlamətdar günlərlə bağlı tədbirlər və s. təşkil olundu. Azərbaycanda Mərakeş Krallığının, İordaniya Haşimilər Krallığının, Qətər Dövlətinin mədəniyyət günləri keçirildi. Bakıda İran, Misir, Türkiyə, İordaniya və Mərakeşin kino günləri təşkil olundu. Ötən ilin payızında Azərbaycnda ilk dəfə olaraq I Bakı Beynəlxalq kitab-sərgi yarmarkası təşkil olundu. Həm Bakı sakinləri, həm də qonaqlar tərəfindən marağa səbəb olan sərgi-yarmarkada 20 xarici ölkədən təxminən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq yerli nəşriyyat və poliqrafiya müəssisəsi iştirak etdi. Bütövlükdə 90-dan artıq qurumun təmsil olunduğu bu tədbir çərçivəsində keçirilən təqdimat mərasimləri və görüşlər də iştirakçıların diqqətini çəkdi. İl ərzində Minsk Beynəlxalq kitab-sərgi yarmarkasında, London şəhərində keçirilən "London Beynəlxalq kitab-sərgi"sində, Tehranda düzənlənən Beynəlxalq kitab sərgisində, Frankfurt şəhərində nümayiş etdirilən 60-cı Beynəlxalq kitab sərgisində, digər beynəlxalq tədbirlərdə həm nazirliyin, həm də ölkə nəşriyyatlarının iştirakı təmin edilmişdi. Bir maraqlı fakt deyim. YUNESKO-da bir gündə Azərbaycanla bağlı üç tədbir keçirildi. Qadın siyasəti (burada əsas mövzu qadın və mədəniyyət idi), böyük Azərbaycan alimi Musa Əliyevin və görkəmli rəssamımız Səttar Bəhlulzadənin 100 illik yubileyləri. Bir gündə dünyanın mədəniyyət mərkəzində ölkəmizlə bağlı üç tədbiri keçirmək qeyri-adi hadisədir. İstər-istəməz belə mərasimlər də böyük əks-səda doğurur.

- İldən-ilə mədəniyyət sahəsindəki nailiyyətlər artır. Ötən ilin mədəniyyət hadisələrinin də yəqin ki, müəyyən zirvələri oldu.

- Əlbəttə, ötən il 500-ə yaxın mədəniyyət tədbiri həyata keçirilib. Onların da hər birinin zirvəsi var. Bu tədbirlərdən ən birincisi Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi idi. Elə bu tədbirin özünün də zirvəsi var. Novruz bayramı tamam başqa bir üsulda daha təntənəli, fərqli və gözəl keçirildi. Xüsusilə də Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə gerçəkləşdirilən Beynəlxalq Muğam festivalı mədəniyyət müxtəlifliyini əks etdirən tədbir oldu. TÜRKSOY-un xətti ilə "Koroğlu" operası altı türkdilli ölkənin mədəniyyət xadimləri tərəfindən tamaşaya hazırlandı. Birgə zəhmətin bəhrəsi uğurla nəticələndi. Bu, çox böyük mədəniyyət hadisəsi idi. Biz hər il ənənəvi olaraq "Şərq-Qərb" beynəlxalq kinofestivalını keçiririk. Amma bu dəfə festival xüsusiləşdirilmiş proqram əsasında öz işinə başladı. İslam ölkələrinin filmləri nümayiş etdirildi. Bu istiqaməti gələcəkdə də saxlayacağıq. Eləcə də IV Beynəlxalq "Alüminium" müasir incəsənət festivalı da maraqla qarşılandı. Bu beynəlxalq tədbirdə Azərbaycandan və dünyanın 25 ölkəsindən dəvət olunmuş rəssamlar, sənətşünaslar, bəstəkar və musiqiçilər iştirak edirdilər. Qəbələdə keçirilən Beynəlxalq, Bakıda Beynəlxalq Rastropoviç musiqi festivalları, Gəncədəki musiqi festivalı - bütün bunlar hamısı ötən ilin bioqrafiyasına yazılıb. Biz hər ilin sentyabrında ölkəmizdə Üzeyir musiqi günü keçiririk. Ötən il onun da proqramını dəyişdik. Üzeyir bəyin musiqi festivalı adlandırdıq. Bakıda caz festivalı bərpa olundu. Eləcə də məşhur "Viktoriya Albert" muzeyinin eksponatları bizim muzeydə nümayiş olundu. Bu, inqilabi bir hadisədir. Çünki Azərbaycanda heç vaxt bu tutumda mədəniyyət tədbiri olmayıb. Bunların hamısı bir-birini tamamlayan və bir-birinin məntiqi davamı olan mədəniyyət hadisələridir. Sözsüz ki, bu tədbirləri həyata keçirərkən nazirliyin, yaxud da dövlətin təmsilçisi kimi çıxış etmirik. Biz eyni zamanda, geniş ictimaiyyət və ələlxüsus da mədəniyyətlə bağlı ictimaiyyətin iştirakı ilə bu tədbirləri qururuq. Bu mərasim və beynəlxalq tədbirlərin baş tutmasında, uğurlu alınmasında, diqqət çəkməsində əsas dəstəyi və köməyi öncə Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyəti Dostları Fondu və digər yaradıcı təşkilatlar göstərirlər.

İl ərzində keçirilən tədbirlər həddən artıq rəngarəng və maraqlı olub. Müxtəlif yazıçı və şairlərin, mədəniyyət xadimlərinin yubileyləri qeyd edildi. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileylərini də keçirdik.

- Ümummilli lider Heydər Əliyev həmişə Azərbaycan mədəniyyətinin himayədarı olub. O, sənət adamlarının hərtərəfli fəaliyyət göstərməsi üçün şərait yaradar, onların əməyini müxtəlif yöndən qiymətləndirərdi. Bu ənənə indi də davam edir.

- Təkcə 2009-cu il ərzində ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq 5 sənətçi Prezident təqaüdünə, 100 incəsənət xadimi Prezident mükafatına layiq görülmüş, 1 nəfər xalq artisti, 7 nəfər əməkdar incəsənət xadimi, 46 nəfər əməkdar artist, 1 nəfər əməkdar rəssam, 16 nəfər əməkdar mədəniyyət işçisi fəxri adları ilə təltif olundu. Bütün bunlar ölkə Prezidentinin mədəniyyət və incəsənətə, bu sahədə çalışan insanların əməyinə nə qədər böyük diqqət və qayğı göstərdiyini bir daha nümayiş etdirir.

- Teatr binaları təmir olunur, aktyor və rejissorların, eləcə də digər sənət adamlarının hərtərəfli fəaliyyəti üçün şərait yaradılır. Deyək ki, indi təzə binanı görmək üçün gələnlərin, həqiqətən teatrsevənlərin hesabına müəyyən vaxt tamaşaçı salonu dolur. Bəs sonra? Teatr binasının təmiri teatr sənətinin təkmilləşməsi deyil, axı! Bəs repertuar necə olsun? Bax bu məsələdə bir nazir kimi nə etmək fikrindəsiniz?

- Ciddi düşünürəm ki, bunun bünövrəsində yeni təfəkkür, yeni düşüncə dayanmalıdır. Teatr sahəsində çalışanlar yaradıcılıq baxımından öz işlərini dünya səviyyəsində qurmalıdırlar. Bu yaxınlarda həmin mövzu ilə bağlı iclas keçirdik. Aparıcı teatrların rəhbərlərini dəvət etmişdik. Biz artıq yeni sistemə keçilməsinin tərəfdarıyıq. Hər bir teatrın yaradıcı kollektivi nazirliyə öz layihəsini təqdim və müdafiə etməlidir. Biz öz növbəmizdə ən yaxşılarını seçərək maliyyələşdirəcəyik. Daha əvvəlki illərdə olduğu kimi dövlət sifarişi olmayacaq. Çalışılacaq ki, klassik və müasir dramaturqlara və dünya ədəbiyyatının nümunələrinə müraciət olunsun. İndi teatrlar işlərini elə qurmalıdırlar ki, onların təqdim etdiyi tamaşalar dünya standartlarına uyğun gəlsin. Əyalət çərçivəsindən çıxmaq lazımdır.

- Teatrların binaları təmir edilərək istifadəyə verildikdən sonra bəzi teatrlar birləşdirildi. Məsələn, Kamera, Gənclər və Gənc Tamaşaçılar teatrları. Bu üç yaradıcı kollektivin bir araya gələrək fəaliyyət göstərməsi həqiqətən də uğurlu alındı. Kəmiyyətdən çox keyfiyyət daha önəmlidir. Bu mənada teatrların birləşdirilməsi yenə davam edəcəkmi?

- Əlbəttə, teatrların birləşməsi çox vacibdir. Biz istəyirik ki, teatrlar işləsin. Sayı çox, işi olmayan teatrlar bizə lazım deyil. İndi dünyada başqa tələblər var. Əyalət səviyyəsində fəaliyyət göstərən teatr kimə gərəkdir? Teatr yarandığı gündən cəmiyyətin qabaqcıl, aparıcı qüvvələrindən biri olub. Bu eksperimenti - yəni teatrların birləşdirilməsini bölgədə də həyata keçirdik. Məsələn, Gəncədə Nizami Poeziya evi ilə Dram Teatrını birləşdirdik. İkiillik müqavilə əsasında rejissor Bəhram Osmanovu ora göndərdik. Güman edirəm ki, məqsədimizə nail olacağıq. Bu gün bölgələrimizdə həqiqətən güclü teatr kollektivi var: Lənkəran, Naxçıvan, Sumqayıt teatrlarının fəaliyyəti həqiqətən təqdirəlayiqdir. Gələcəkdə Mingəçevir teatrının da işinin yaxşılaşdırılması ilə bağlı müəyyən tədbirləri görəcəyik.

- Kinofilmlərin çəkilməsi ilə bağlı vəziyyət necədir?

- "Azərbaycanfilm" studiyasında "Niyyət" filmi tamamlandı. Həmin studiyada "İstanbul reysi", "Aparıcı", "Buta", "Vəkil əhvalatı", "Bəşəriyyətin xilaskarı", "İbrus" şirkətində "Kabus", "Pozitiv media" şirkətində "Aktrisa", "Bizim kino" PM-də "İlahi məxluq", "Kuklalar", "Sınaqfilm" və s. filmlər üzərində istehsal prosesi artıq ayrı-ayrı mərhələdədir. 2009-cu ilin əvvəlində "Bu meydan, bu ekran" müsabiqəsi çərçivəsində gənc rejissorlar tərəfindən müstəqil studiyalarda çəkilmiş qısametrajlı filmlərə baxış keçirildi. Bir sözlə, film çəkilişində ötən il xeyli irəliləyiş oldu. Qısametrajlı filmlərdən başlamış tammetrajlı bədii filmlərimiz müxtəlif müsabiqələrdən qalib çıxdı. Xüsusi layihə üzrə inşa edilmiş Dövlət Film Fondu yeni binaya köçürüldü. İstər milli filmlərin, istərsə də xarici kino kolleksiyalarının saxlanılmasına burada yeni texnoloji imkanlar yaradılıb. İldən-ilə də Dövlət Film Fondunun kolleksiyası zənginləşir. Vaxtilə istehsal olunmuş və ilkin materialları müxtəlif ölkələrdə saxlanılan Azərbaycan filmlərini arayıb taparaq məhz burada - Dövlət Film Fondunda qoruyuruq. Məsələn, 1943-cü ildə Bakı kinostudiyasında istehsal olunmuş "Bir ailə" adlı bədii filminin ilkin materiallarını Rusiyadan alaraq bərpa etdik.

- Ötən il həm də Azərbaycanda "Uşaq ili" oldu.

- Dövlət Film Fondunda uşaq-kino bayramı təşkil edildi. Həmin tədbirdə Heydər Əliyev Fondu ilə birgə hazırlanmış "Bir nağıl söylə mənə" cizgi filmləri toplusunun təqdimatı keçirildi. Uşaq-Kino Evinin "Mən kino çəkirəm" uşaq rəsmləri sərgisi, "Nuş olsun" yeni cizgi filminin təqdimatı keçirildi. İlin sonunda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Buta" sarayında təhsildə fərqlənən, eləcə də şəhid övladlarının və uşaq evləri sakinlərinin üç günlük bayram tədbiri keçirildi. Bütün iştirakçılara Mehriban xanımın adından bayram sovqatı bağışlandı. Bu təntənəli mərasim bir növ "Uşaq ili"nin yekunu oldu.

- Kitabxanalarda vəziyyət necədir?

- Layihə hazırlanıb. Milli Kitabxanamız yenidən qurulacaq. Uşaq kitabxanalarını yeni binaya köçürəcəyik. Artıq bu sahədə iş gedir. Bu gün kitabxanaların ədəbiyyat fondu zənginləşməkdə davam edir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə latın qrafikasında çap olunan bütün kitabların ilk ünvanı kitabxanalardır. Yeni kitab dükanı, internet kitab mərkəzləri yaradılıb. Biz tabeliyimizdə olan kitabxanaları kompüterləşdirmişik. Kitabların rəqəmsal daşıyıcılarının kataloqlaşdırılmasına nail olmuşuq. Bu il elə bir tədbir olmadı ki, biz onun Milli Kitabxanada rəqəmsal şəklində kataloqunu hazırlamamış olaq. Artıq kitabxanaların da birləşdirilməsini həyata keçiririk. Əgər üç kitabxanadan heç biri işləmirsə, onları birləşdirib işlək ünvana çevirmək daha məqsədəuyğundur. Bizim təşəbbüsümüzlə paytaxtda Kitabxana Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir.

- Bir qədər də turizm sahəsindəki vəziyyətə diqqət yetirək.

- Rəqəmlər bizi sevindirir. Müqayisədə azalma müşahidə olunmadı, əksinə. Azərbaycana maraq artıb. Ölkəmizdə bu qədər beynəlxalq tədbirlərin keçirilməsi həm də xarici ölkə vətəndaşlarının buraya axını deməkdir. Hər kəs də öz ürəyində bir xatirə aparır. Bunun da nəticəsi sevindiricidir. 2008-ci ildə Quba-Xaçmaz bölgəsində yerləşən turizm bazası demək olar ki, tam çökmüşdü. Çünki yolda aparılan tikinti işləri turistləri buradan qaçaq salmışdı. Ötən il isə abadlaşdırılmış yol həm insanlara rahatlıq gətirdi, həm də vaxt baxımından sərfəli oldu. Saat yarıma istənilən ünvana çata bildilər. Bizdə rəqabətin nəticəsində qiymətlər yüksəlmədi. Əksinə, bəzi turist müəssisələrində enmələr oldu. Bu, çox müsbət haldır. Azərbaycan indi daha ciddi turist məkanıdır. 35-ə yaxın otel tikilməkdədir. Bu otellərin də fəaliyyəti dünya standartlarına uyğun olmalıdır. Otellər çoxaldıqda rəqabət artır, nəticədə qiymətlər aşağı düşür. Bu da turisti cəlb edir. Bu sahədə həm də dövlət proqramı hazırlanır. Bir də oxuculara demək istərdim ki, bu otellər, mehmanxanalar ayrı-ayrı fərdlər və sərmayəçilər tərəfindən tikilir. Biz yalnız oradakı xidmət işinə nəzarət edirik. Azərbaycanda turizmin inkişafı üçün ən çox sərmayələr özəl sektor tərəfindən qoyulur. Bu il turizm sahəsində ciddi islahatlar gözlənilir. Bələdçilərin hazırlanmasına xüsusi diqqət yetiriləcək və turizmə yeni idarəetməni gətirmək reallaşdırılacaq.

 

 

Müsahibəni apardı: Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-8  yanvar.- S. 7.