Dövrün tələbinin
dolğun ifadəsi
Azərbaycanın
gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə,
milli mənafeləri qorumağa və zamanın
çağırışlarına cavab verməyə qadir
mütəxəssislərdən asılı olacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin 90 illik yubiley mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün başa çatdığını bəyan edib. Bu bəyanat ötən illərin yekunlarından nəticə çıxarmaq və qarşıda duran təxirəsalınmaz vəzifələri müəyyənləşdirmək üçün əvəzsiz stimuldur. Elə bu baxımdan AMEA-nın həqiqi üzvü, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev böyük cəsarət və yüksək səriştəlilik nümayiş etdirməklə ictimai və humanitar elmlər qarşısında duran aktual vəzifələrin obyektiv təsnifatını vermişdir. Akademik Ramiz Mehdiyev ulu öndər Heydər Əliyev məktəbinin istedadlı yetirməsi cənab İlham Əliyevin sədaqətli silahdaşı olduğunu bir daha ortaya qoymuş, ictimai və humanitar elmlər sahəsində çalışanlara mükəmməl bir iş proqramı təqdim etmişdir. "Azərbaycan" qəzetində "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adı ilə təqdim olunan məqalədə ali məktəb ictimaiyyəti, xüsusilə də sözügedən sahədə çalışan alimlər və mütəxəssislər qarşısında məsul vəzifələrin dayandığını tam dolğunluğu ilə nəzərə çatdırmışdır.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinə qovuşmasının ilk çağlarında baş verən bir sıra prosesləri bu gün ürək ağrısı ilə xatırlayırıq. Öncə marksizm-leninizmin tarixin sınağından çıxa bilməməsindən sui-istifadə edən başabəla siyasətbazlar ideologiyasızlaşmadan dəm vurmağa başladılar. Onlar heç cür anlamaq istəmirdilər ki, cəmiyyətin izlədiyi məqsəd və ona yetişmək üçün zəruri olan addımların əsaslandırılması dürüst müəyyənləşdirilməsə, ümumiyyətlə inkişaf mümkün deyildir. Başqa sözlə desək, toplum ideologiyasız, cəmiyyət istiqamətsiz yaşaya və irəliləyə bilməz. Kommunist ideologiyasının iflası nəticəsində yaranmış boşluğu doldurmaq naminə ortaya atılan yeni "ideologiyalar"ın ömrü çox qısa, nəticələri də acınacaqlı oldu. Tarix 1991-1993-cü illərin nümunəsində bir daha sübut etdi ki, cəmiyyət qarşısında dayanan taleyüklü problemləri tam tutumu ilə dərk etmək və onların həllinin aydın yollarını göstərmək cılız təqlidçilərin işi deyil. Bu, necə deyərlər, İlahinin bəxş etdiyi missiyadır və onu ancaq xarizmatik liderlər icra edə bilər.
Akademik Ramiz Mehdiyev orijinal təhlil yolu ilə göstərir ki, Heydər Əliyev təkcə Azərbaycan dövlətçiliyinin deyil, habelə mənəvi-ideoloji həyatımızın xilaskarıdır. Bu gün Azərbaycan Respublikası iqtisadi dirçəlişdə keçid dövrünü uğurla başa vurubsa, 2009-cu ildə dünyanın 235 dövləti arasında ən yüksək inkişaf sürətinə nail olmuş 12 dövlətdən birinə çevrilmişsə, bu, hər şeydən əvvəl ona görə reallaşıb ki, ümummilli lider Heydər Əliyev vaxtında bütün cəmiyyəti səfərbər edərək düzgün yola istiqamətləndirib. "1992-1993-cü illərin siyasi həyatında baş verən hadisələrin milli elitaya mənfi təsiri haqqında çox danışmaq olar. Əlbəttə, obyektiv informasiyanın olmadığı bir şəraitdə bir çox əyintilərin və səhvlərin meydana çıxması mümkün idi. Əsl həqiqəti ictimaiyyətə çatdırmaq vəzifəsi məhz alimlərin üzərinə düşürdü.
Ziyalılarımızın böyük bir qismi isə yaxşı bilirdi ki, milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nəticələnir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyevin bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirməsi sayəsində 1990-cı illərin çətinliklərini artıq geridə qoymuşuq", - deyə akademik Ramiz Mehdiyev yazır.
Cənab İlham Əliyevin prezidentliyi dövründə uğurlu sosial-iqtisadi siyasətin həyata keçirilməsi ilə yanaşı elmin, o cümlədən ictimai və humanitar elmlərin inkişafı üçün müstəsna şərait yaradılıb. Yeri gəlmişkən, bir cəhəti xüsusi vurğulamağa ehtiyac duyuruq. Belə ki, cənab İlham Əliyev şəxsiyyəti təkcə ölkənin bacarıqla idarə olunması baxımından deyil, həmçinin elmi-tədqiqat orijinallığı ilə bağlı dəyərli material verməkdədir. O, dünyanın diplomat kadrları hazırlayan ali məktəblər arasında həmişə fərqlənmiş Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu böyük uğurla bitirmiş, çox erkən namizədlik dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. Cənab İlham Əliyevin 2003-cü ildə Moskvanın "İzvestiya" nəşriyyatında çap olunmuş iri həcmli "Azərbaycanın Xəzər nefti" adlı kitabı isə onu neftin tarixi və çağdaş dünyada rolu üzrə sanballı alim, mütəxəssis kimi məşhurlaşdırmışdır. Bir qədər də təfərrüata vararaq söyləyə bilərik ki, cənab İlham Əliyevin elmin inkişafına müstəsna diqqəti və qayğısı dövlət başçısı missiyası ilə yanaşı, onun bu vacib sahəyə yüksək səviyyədə bələd olmasından qaynaqlanmaqdadır.
Akademik Ramiz Mehdiyevin toxunduğu problemlərdən biri də ictimai və humanitar elmlər üzrə aparılan tədqiqatların, namizədlik və doktorluq dissertasiyalarının tətbiq olunma əmsalı, keyfiyyəti barədədir. Doğrudan da, bu gün politologiya, sosiologiya, fəlsəfə, psixologiya, iqtisadi elmlər, tarix və filologiya sahəsində xeyli namizədlik və doktorluq dissertasiyaları müdafiə olunur, cild-cild kitablar nəşr edilir. Lakin həmin dissertasiyaların, kitabların cəmiyyətin idarə olunmasına, daxili və xarici siyasətin formalaşdırılmasına, müstəqilliyimizin və durmadan artmaqda olan beynəlxalq nüfuzumuzun bədxahlarının susdurulmasına töhfəsi, təsiri, yumşaq deyilərsə, kafi deyildir.
Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyevin möhtəşəm fəaliyyəti sayəsində ölkəmizin yürütdüyü tarazlaşdırılmış xarici siyasət xətti, cənubi Qafqazın aparıcı dövlətinə çevrilməyimiz, enerji təhlükəsizliyi və anti-terror əməliyyatları sahəsində dünyanın öncül dövlətləri ilə yanaşı dayanmağımız və digər bu tipli məsələlər ABŞ-ın, Qərbi Avropanın tanınmış politoloqlarının, beyin mərkəzlərinin gündəliyinə tezliklə daxil olduğu halda, nədənsə ölkə alimləri arasında çevik reaksiya duyulmur. Sovet dövründə ictimai və humanitar elmlər sahəsində çalışan alimlər və mütəxəssislər gözləmə mövqeyində olduqlarını, passivliklərini mərkəzin amirliyi ilə, təşəbbüskarlığa meydan verməməsi ilə ört-basdır etməyə çalışırdılar. Bunun həqiqətən də müəyyən təsiri vardı. Hazırda isə tam müstəqil dövlətik, təşəbbüskarlığa, analitik təfəkkürə geniş meydan verilib, fikir plüralizmi təmin olunub. Lakin cəmiyyət yenə gözləyir, yeni ideyalar isə ortaya çıxmır. Qloballaşmanın dərinləşdiyi, informasiya cəmiyyətinə inteqrasiyasının intensivləşdiyi mərhələdə bu hal çox ziyanlıdır. Akademik Ramiz Mehdiyevin bu fikrinə də tamamilə tərəfdarıq ki, alim öz mövqeyini vətəndaş olaraq qiymətləndirməyi bacarmadıqda, digər maraqları üstün tutduqda, əsl vətənpərvərliyə və milli mənliyə yer qalmır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ən böyük xidmətlərindən biri də azərbaycançılıq ideologiyasını yaradıb bərqərar etməkdən ibarətdir. Bu ideologiya, hər şeydən öncə, xalqımızın qarşısında dayanan tarixi məqsədləri və onlara yetişmək üçün atılacaq addımları aydın şəkildə bəyan edir. Azərbaycançılıq ideologiyasını ictimai və humanitar elmlər sahəsində çalışan alimlərin və mütəxəssislərin tədqiqat yolunu işıqlandıran bir mayak, qüdrətli metodologiya kimi də dəyərləndirmək olar. Ümummilli liderin 1997-ci il yanvarın 31-də respublika Elmlər Akademiyasının üzvləri ilə görüşərkən tarixçi alimlər qarşısında qoyduğu vəzifələr bu baxımdan olduqca səciyyəvidir. O, Azərbaycan xalqının çoxəsrlik tarixinin, xüsusilə də XIX-XX yüzilliklər dövrünün diqqətlə, vətəndaşlıq mövqeyindən araşdırılmasını təxirəsalınmaz vəzifə olaraq müəyyənləşdirmişdir. Həmin görüşdə akademik İqrar Əliyev vəd vermiş, ortaya ciddi araşdırmalar qoyacaqlarını bəyan etmişdi. Akademik İqrar Əliyevin vəd etdiyi yeddicildlik "Azərbaycan tarixi" kirill və latın qrafikası ilə çapdan çıxıb. Lakin akademik Ramiz Mehdiyevin çox haqlı olaraq qeyd etdiyi kimi, həmin yeddicildlik elmi ictimaiyyət tərəfindən birmənalı şəkildə qəbul olunmayıb. Əsas səbəblərdən biri də budur ki, onun bəzi müəllifləri sovet dövründə müdafiə etdikləri namizədlik və doktorluq dissertasiyalarında, nəşr etdirdikləri monoqrafiya və dərsliklərdə əks olunmuş yanlış stereotiplərdən yaxa qurtara bilməmiş, müstəqil Azərbaycan Respublikasının vətəndaşlığından irəli gələn işıqlı amallar səviyyəsində yetərincə dayanmamışlar. Beləliklə, xalq intizarla gözlədiyini ala bilməmişdir.
Akademik Ramiz Mehdiyevin bir mülahizəsini, sözün əsl mənasında, həyəcan təbili kimi dəyərləndirmək olar: "Bu gün canlı danışıq dilimizdə müşahidə olunan bəsitlik, müasir ədəbi əsərlərin qıtlığı, kütləvi informasiya vasitələrinin dilindəki üslub pozuntuları və qəlizlik bizim dilçilərin və ədəbiyyatşünasların araşdırmalarında lazımi yer tutmur. Heç kəsə elə gəlməsin ki, dilin dövlət dili elan edilməsi ilə dillə əlaqəli olan bütün problemlər aradan qaldırılır. Daim dilin keşiyində dayanmalı olan insanlar, təəssüf ki, müasir dövr üçün zəruri sanballı tədqiqatları həyata keçirmirlər". Doğrudan da, dilin yaşarılığını təmin edəcək ədəbi əsərlər, teatr tamaşaları ortaya çıxmadıqda onun inkişafı, gələcəyi çeşidli fəsadlarla üzləşə bilər.
Birbaşa missiyası dilin keşiyində dayanmaq olan qurum və şəxsiyyətlər də nədənsə hələ də sanballı tədqiqat əsərləri yarada bilmirlər. Bu gün Azərbaycan dilinin, daha doğrusu, Azərbaycan dilçiliyinin Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə kimi dil fədailərinə ehtiyacı çox böyükdür. Təəssüf ki, akademik Ramiz Mehdiyevin sözləri ilə desək, "...dilçilərimiz illərlə əvvəl formalaşmış tədqiqatlar çərçivəsində qapanıb qalmışlar". Dilçilik elmini zamanın tələbləri səviyyəsinə qaldırmaq üçün tələb olunan vətəndaşlıq yanğısı sanki çatışmır, sovet dilşünaslığının stereotiplərindən qurtulmaq üçün gərəkli cəhdlər göstərilmir.
Bu gün Azərbaycan Respublikasında ictimai elmlərin, bu sahədəki tədqiqatların həyatdan, zamanın tələblərindən geri qalması danılmaz faktdır. İctimai elmlər sahəsində çalışan alimlər və mütəxəssislər cəmiyyətin mövcud sosial-siyasi durumunun obyektiv təhlilini verə bilmir, inkişaf istiqamətlərini aydınlaşdırmaqda səriştəsizlik nümayiş etdirirlər. Bu, həm də o baxımdan təəssüf doğurur ki, ümummilli liderimiz Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik dönəmində respublikaya rəhbərlik edərkən ictimai elmlər sahəsində fəaliyyət göstərən alimlərə və mütəxəssislərə müstəsna qayğı göstərmiş, sonuncular isə bu yüksək diqqətə layiqli şəkildə çalışmamışlar. Ən böyük narahatlıq doğuran məqamlardan biri də bundan ibarətdir ki, onların əksəriyyəti dövlət müstəqilliyindən irəli gələn vəzifələri anlamaqda çətinlik çəkməkdədir. Filosoflar və sosioloqlar cəmiyyətin inkişaf təmayüllərini vaxtında qədərincə görə bilmir və təbiidir ki, idarəetmə strukturlarına zəruri təkliflər və tövsiyələr təqdim etmək iqtidarında olmurlar. Ölkəmizin yeni inkişaf mərhələsinə daxil olduğu 2003-cü ildən etibarən ictimai elmlər sahəsində çalışanların zamanla, dövrlə ayaqlaşa bilməməsi daha ciddi fəsadlar doğurur. İstər elmi-tədqiqat, istərsə də tədris sahəsində fəaliyyət göstərən alimlər və mütəxəssislər onlara sərf olunan yüksək dövlət vəsaiti müqabilində, demək olar ki, çox az iş görürlər. Bu məsələ də istər-istəməz alimin məsuliyyətinin artırılmasını zərurətə çevirir. Alimin məsuliyyəti isə akademik Ramiz Mehdiyevin göstərdiyi kimi, yalnız o halda təmin oluna və konkret bəhrələr verə bilər ki, yüksək peşəkarlıqla aydın vətəndaşlıq mövqeyi üzvi surətdə əlaqələndirilmiş olsun. Akademik Ramiz Mehdiyev çox haqlı olaraq yazır: "Həqiqət naminə qeyd etməliyik ki, Azərbaycanda XX əsrdə ictimai və humanitar elmlər sahəsində sanballı elmi potensial yaranmışdır. Respublika Elmlər Akademiyasında və ali məktəblərdə müxtəlif sahələr üzrə kifayət qədər elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Lakin Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə belə bir vəziyyət müşahidə olunmaqdadır ki, həmin potensial zəruri tədqiqatların aparılmasından uzaqdır və ümumən ölkənin gələcək inkişaf strategiyasının elmi əsaslandırılması baxımından, bir növ, istifadəsiz qalmışdır. Zamanın tələbi isə budur ki, fundamental elmi araşdırmaların aparılması ilə yanaşı, ictimai və humanitar elmlər həyata yaxınlaşmalı, cəmiyyətin bugünkü və gələcək tələbatlarını müəyyənləşdirməklə mövcud problemlərin mümkün həlli yollarını təqdim etməlidirlər".
İctimai və humanitar elmlər qarşısında duran ümdə vəzifələrdən biri də işğalçı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının zəbt edilməsi ilə bağlıdır. Panxristian dairələrin havadarlığından yararlanaraq əzəli torpaqlarımızı işğal etmiş ermənilər bu gün də məhz həmin qüvvələrin ikili standartlar siyasətinə istinad edərək Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olurlar. Bununla yanaşı, 1988-ci ildə Ermənistan adlanan ərazidəki dədə-baba torpaqlarından zorla deportasiya olunmuş 260 mindən artıq qaçqının, işğal olunmuş ərazilərimizdən didərgin salınmış 700 minə yaxın məcburi köçkünün qanuni hüquqları da təmin olunmamış qalır. Xocalı soyqırımının bütün dəhşətləri ilə dünyaya çatdırılması işi də yetərli səviyyədə aparılmır. Tarixçilərin, politoloqların, xüsusilə də insan hüquqları sahəsində ixtisaslaşmış alimlərin və mütəxəssislərin öhdəsinə bu baxımdan ciddi vəzifələr düşür. Təəssüflə qeyd olunmalıdır ki, onların fəaliyyəti kampaniyaçılıqdan uzağa gedə bilmir və sözügedən problemlərin həlli uğrunda mübarizədə cənab İlham Əliyevin sərf etdiyi böyük enerjidən və qazandığı uğurlardan çox geri qalır.
Müstəqillik dövründə Azərbaycan tarixçilərinin bəzi işlərinin rəğbətlə qarşılandığını qeyd edən akademik Ramiz Mehdiyev başlıca diqqəti onların birbaşa missiyasına yönəltmişdir. Azərbaycan xalqının etnogenezi, Azərbaycan dövlətçiliyində varislik, müştərək problemlərin türk-islam kontekstində araşdırılması, xalqımızın tarixini saxtalaşdıranlara vaxtında və arqumentli cavab verilməsi və s. - bütün bunlar ölkə tarixçilərinin daimi və nəticəli tədqiqat obyektinə çevrilməlidir. Həmin vəzifənin öhdəsindən yetərincə gələ bilmək üçünsə tarixçi adına adekvat olaraq formalaşmaq, aparıcı Avropa dillərini, həm də region dillərini bilmək zəruridir. Unutmaq olmaz ki, ermənilərin Qafqaz Albaniyası ilə bağlı saxtakarlıqlarını məhz qədim erməni dilinə (qrabar) vaqif olan alimlərimiz ifşa edə bilib və etməkdədirlər.
Respublikamızın ali məktəblərində ictimai və humanitar fənlərin tədrisinin günün tələblərinə uyğun şəkildə qurulmaması, burada müəyyən bir sistemin mövcud olmaması akademik Ramiz Mehdiyevin irəli sürdüyü haqlı iradlardandır. İctimai elmlər üzrə dərsliklərin və dərs vəsaitlərinin, tədris proqramlarının hazırlanması sahəsində hökm sürən özbaşınalıq da acı təəssüf doğurmalıdır. Təhsil Nazirliyi ilə yanaşı, ali məktəblərin şuraları da bu sahəyə nəzarəti gücləndirməli, zəruri səriştəyə və təcrübəyə malik olmayan təsadüfi müəlliflərin qarşısı qətiyyətlə alınmalıdır. Professor-müəllim heyətinin üzvləri arasında dövlət müstəqilliyimizdən və sivil dünyaya inteqrasiyadan irəli gələn tələblərlə ayaqlaşmayan, yaxud ayaqlaşmaq istəməyən kadrlar da az deyildir. Akademik Ramiz Mehdiyevin təbirincə desək, belələri əsasən elmi kommunizmdən politologiyaya, elmi ateizmdən dinşünaslığa "sıçrayış" edənlərdir. Fikrimizcə, bu qəbildən olan müəllimlərin yararsız fəaliyyətinin qarşısı iki üsulla alına bilər: birincisi, universitetlərdə vaxtaşırı keçirilən attestasiyalarda formalizmi, gözdən pərdə asmaq hallarını aradan qaldırmaq, ikincisi isə bu sahədə kadr hazırlığını səmərəli məcraya yönəltmək və aparıcı əcnəbi universitetlərdə magistraturanı və doktoranturanı başa vurmuş gənclərə üstünlük vermək lazımdır. İkinci amil bir problemin də həllinə kömək edə bilər, daha doğrusu, bəzi istedadlı gənclərin təhsil aldıqları ölkəyə dönməsinin qarşısını alardı.
XX əsrin əvvəllərində Azərbaycan xalqının böyük oğlu Əhməd bəy Ağaoğlu soydaşlarımıza müraciətlə deyirdi: "Çalışıb Avropanın beynini həzm etməliyik, buna nail ola bilməsək, Avropanın mədəsinə düşərək həzm olunacağıq". "Avropanın beynini həzm etmək" deyərkən böyük mütəfəkkir sivil dünyanın elmi-texniki nailiyyətlərinin vaxtında və bacarıqla mənimsənilməsini nəzərdə tuturdu. "Avropanın mədəsinə düşərək həzm olunacağıq" ifadəsi isə elmdə və təhsildə geri qalmağın milləti məhvə doğru aparacağına işarə idi. XXI əsrin əvvəllərində isə akademik Ramiz Mehdiyev yüksək dövlətçilik təfəkkürü, əsl vətəndaş - alim məsuliyyəti ortaya qoyaraq bəyan edir: ictimai və humanitar elmlərin tədrisi, həmin sahədə elmi tədqiqatlar Azərbaycan Respublikasının zəruri ehtiyaclarına, zamanın tələblərinə uyğunlaşdırılmasa, "dövlətimizin nəzərdə tutduğu ali məqsədlərə çatmaqda problemlərlə qarşılaşa bilərik".
Gəncə Dövlət Universitetinin kollektivi akademik Ramiz Mehdiyevin "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı məqaləsində əks olunmuş müddəaları birmənalı şəkildə qəbul edir və əməli fəaliyyət stimulu səviyyəsində dəyərləndirir.
Elman MƏMMƏDOV,
Gəncə Dövlət Universitetinin
rektoru, professor
Azərbaycan.- 2010.- 8 yanvar.- S. 4.