İqtisadi uğurların əldə edilməsində Azərbaycan modeli

 

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanın elə də böyük olmayan zaman kəsiyində belə bir nailiyyətə imza atmasını şərtləndirən əsas amillərdən biri həyata keçirilən uğurlu islahatlardır. Ümummilli lider Heydər Əliyevin ötən əsrin son onillyində xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda həm də geniş islahatlara start verildi və bu tədbirlər iqtisadiyyat da daxil olmaqla ölkə həyatının bütün sahələrini əhatə etdi. Bununla da sürətli inkişaf yoluna qədəm qoyan Azərbaycanda əsası ümummilli lider tərəfindən qoyulan islahatlar Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilməkdədir.

Qlobal maliyyə böhranının tüğyan etdiyi 2009-cu ili də Azərbaycan yüksək iqtisadi göstəricilərlə başa vurdu. Sözügedən böhranın təsirlərini indiyə qədər uğurla dəf edən az sayda dövlətlərdən biri kimi xarakterizə edilən Azərbaycanın bundan sonra da yüksək iqtisadi inkişaf tempini qoruyub saxlayacağı proqnozlaşdırılır. Ötən ilin yekunları ilə bağlı iqtisadiyyatımızın statistik göstəriciləri də Azərbaycanın qlobal böhranın dəf edilməsində ciddi uğurlara imza atdığını təsdiqləyir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempində 9 faizdən artıq göstərici qeydə alınıb. Qlobal böhranın davam etdiyi və dünyanın əksər ölkələrində iqtisadi geriləmənin qeydə alındığı bir şəraitdə isə bu, kifayət qədər yüksək rəqəm hesab olunur. Azərbaycanın bu uğurları dünyanın aparıcı təşkilat və nəşrlərinin də diqqətindən kənarda qalmır. Yeri gəlmişkən qeyd edək ki, dünyanın nüfuzlu nəşrlərindən hesab edilən "İnternational Living" jurnalı ölkələrin 2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərinə dair hesabatda Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu bildirib. Qeyd edək ki, jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib və bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Jurnalın bu il açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir.

Regionun digər ölkələrinə verilən balların müqayisəsi bunu əyani surətdə nümayiş etdirir. Məsələn, region ölkələrindən olan Rusiya iqtisadi göstəricilərinə görə 38, Gürcüstan və İran 33, Türkiyə 32, Türkmənistan və Ukrayna isə 31 balla qiymətləndirilib.

Diqqət cəlb edən daha bir fakt ondan ibarətdir ki, "İnternational Living"in hesablamalarında Azərbaycan iqtisadi göstəricilərinə görə təkcə MDB və region ölkələrindən deyil, həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan bəzi dövlətlərdən də irəlidədir. Belə ki, jurnalın açıqladığı reytinq siyahısında Avropa ölkələrindən Portuqaliya iqtisadiyyatı 35, Malta 36, Slovakiya 37, Yunanıstan isə 39 balla qiymətləndirilib. Azərbaycanın iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülməsi isə bu sahə üzrə inkişaf tempinə görə ölkəmizin əksər dünya dövlətləri üçün bir daha nümunəvi ampluadan çıxış etdiyini göstərir. Həmçinin, iqtisadi tərəqqisinə görə Azərbaycan artıq inkişaf etmiş ölkələrlə daha çox müqayisə edilir. Məsələn, "İnternational Living" jurnalının reytinq göstəricisində dünyanın inkişaf etmiş ölkələrindən olan İspaniyanın iqtisadi göstəriciləri Azərbaycanla eyni səviyyədə qiymətləndirilib.

Azərbaycanın dinamik inkişaf göstəriciləri ötən il ərzində ölkə sərhədlərindən xaricdə digər araşdırma mərkəzləri və beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənib və qiymətləndirilib. Nüfuzlu beynəlxalq qurumların bununla bağlı araşdırmalarından və dərc etdikləri hesabatlardan belə aydın olur ki, əslində, iqtsadi inkişaf göstəriciləri ilə yanaşı, islahatlar tempinə görə də Azərbaycan MDB məkanında lider statusunu daşımaqdadır. Dünya Azərbacanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik nitqində bu məqama toxunan Prezident İlham Əliyev bildirmişdir: "Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanın bu istiqamətdə - iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etdi və bunu bəyan etdi. 2009-cu ildə Dünya İqtisadi Forumu - çox mötəbər beynəlxalq təşkilat - Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə dünyada 51-ci yerə layiq gördü. Azərbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir".

Məlumat üçün bildirək ki, Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb və əsasən iqtisadi sahədə araşdırmalarla məşğuldur. Təşkilatın mərkəzi ofisi Cenevrədə yerləşir. Onun ötən il yaydığı "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı sənəddə ölkələrin rəqabət qabiliyyəti 110 sahə üzrə vəziyyətə dair açıq informasiyalar əsasında qiymətləndirilib. Qiymətləndirmə zamanı adları hesabata daxil edilən ölkələrdə sahibkarlar arasında sorğular keçirilməsindən də istifadə olunub.

"Qlobal Rəqabət Hesabatı 2009-2010" sənədi isə dünyanın 133 ölkəsini, o cümlədən postsovet dövlətlərini əhatə edib və burada azad rəqabət şəraitinin yaradılması baxımından Azərbaycan 2008-ci illə müqayisədə 18 pillə irəliləyib. Belə ki, 2008-ci ildə Azərbaycan 69-cu yerdə dayanırdısa, ötən il ölkəmiz 51-ci pilləyə kimi irəliləyib və qlobal rəqabətlilik indeksi baxımından MDB-nin lider dövləti olub. Azərbaycanın belə yüksək göstəriciyə nail olmasını şərtləndirən amillər sırasında ilk olaraq ölkəmizdə mövcud olan güclü makroiqtisadi sabitlik və bu sahədə daim edilən islahatlar mühüm rol oynayıb. Bundan başqa, Azərbaycanın dövlət borclarının azlığı, büdcə ehtiyatlarının çoxluğu təqdirəlayiq hal kimi xarakterizə edilib. Ölkə bazarlarında, xüsusən əmək və əmlak bazarlarında da həyata keçirilən islahatların effektivlik səviyyəsi kifayət qədər yüksək dəyərləndirilib.

Dünya İqtisadi Forumunun ekspertləri iş indeksi baxımından Azərbaycanda mövcud vəziyyətin də olduqca əlverişliliyinə diqqət çəkərək bildiriblər ki, əmək bazarlarında da göstəricilər kifayət qədər yüksəkdir.

Hesabata əsasən, əmlak bazarlarında aparılan islahatlardan sonra biznes qurmaq xeyli asanlaşıb və bu məsələyə indi az xərc tələb olunur. Həmçinin zaman baxımından da ölkəmizdə iş qurulması sahəsində ciddi islahatların aparıldığı, bu prosedurun xeyli asanlaşdırıldığı xatırlanıb. Bildirilib ki, iş qurmaq üçün keçilməsi mütləq olan prosedurların sayı 13-dən 6-ya, bunun üçün lazım olan vaxt isə 30 gündən 16 günə endirilib. Qeyd olunanlarla yanaşı, Azərbaycanın dünyanın ən nüfuzlu maliyyə qurumlarından olan Dünya Bankının "Doing Business-2009" hesabatında bir nömrəli islahatçı ölkə kimi elan edildiyi də xatırlanıb.

Dünya İqtisadi Forumunun ekspertləri Azərbaycanda fiziki və intellektual əmlakın qorunması, ictimai fondların diversifikasiyası, müstəqil məhkəmə orqanlarının mövcudluğu, etnik azlıqları təmisl edən iş adamlarının müdafiəsi, polis xidmətinə olan etimad və bu qəbildən olan digər amillər baxımından əhəmiyyətli işlərin görüldüyünü, ciddi nailiyyətlərin əldə olunduğunu bəyan ediblər. İnfrastrukturun, o cümlədən yolların, dəniz limanının, elektrik təchizatının, telefon xətlərinin keyfiyyətindən məmnunluq ifadə edilib. Həmçinin ölkəmizdə yeni texnologiyaların tətbiqi, internetdən istifadənin yüksək olması, fərdi kompüterlərin sayının artan xətt üzrə inkişaf etməsi, eləcədə qiymətli kağızlara çıxışın asan olması, investorların müdafiəsinin gücləndirilməsi, bankların sağlamlığı, menecmentin, təhsil və elmin, səhiyyənin keyfiyyəti, innovasiyalar yüksək dəyərləndirilib.

Göstərilən sahələr üzrə islahatların zamanın tələblərinə uyğun davam etdirilməsi qarşıdakı dövr ərzində də Azərbaycanın rəqabət qabiliyyətinə görə digər ölkələrdən fərqlənəcəyini və birincilər cərgəsində yer alacağını indidən deməyə əsas verir. Bu məqam isə nüfuzlu beynəlxalq təşkilatların və nəşrlərin hesabatında yenə də ölkəmizin lider mövqedən çıxış edəcəyini şərtləndirir.

Ümumiyyətlə, Azərbaycanın iqtisadi artım tempinə görə dünyada ilk sıralarda olduğu beynəlxalq təşkilatların hesablamalarında da öz əksini tapmaqdadır. Məsələn, Avropa İnkişaf və Yenidənqurma Bankının hesabatında qeyd olunub ki, Azərbaycan iqtisadi artım tempinə görə Avropa və Mərkəzi Asiya ölkələri arasında ilk üçlüyə daxildir.

Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyanın 183 ölkəsində biznes qurulması şəraiti ilə bağlı "Doing Business-2010" adlı hesabatında bəyan edib ki, biznes sahəsində həyata keçirilən son islahatlar sayəsində Azərbaycan bu ölkədə iş qurulması sahəsində çox əlverişli mühit yaradıb. Xatırladaq ki, əvvəlki hesabatda Azərbaycan bir nömrəli islahatçı dövlət elan olunmuşdu. Ötən il açıqlanan yeni hesabatda isə bildirilib ki, sahibkarlıq fəaliyyətinin rahatlığı və əlverişliliyi baxımından Azərbaycan yenə də bir çox MDB dövlətlərini qabaqlayır. Belə ki, yeni reytinq cədvəlində Azərbaycan Qırğızıstandan, Rusiyadan, Belarusdan, Qazaxıstandan, Moldovadan, Ukraynadan, Özbəkistandan, Tacikistandan yüksəkdə durur.

Bir məqamı da xüsusi olaraq qeyd etmək lazım gəlir ki, Azərbaycan ötən il ərzində təkcə iqtisadi islahatlarla yox, digər sahələr, o cümlədən siyasi islahatlar üzrə də diqqət mərkəzində olub. İqtisadi və siyasi sahədə paralel aparılan islahatlar isə Azərbaycanın inkişaf tempinin daha da sürətlənməsində özünəməxsus rol oynayıb. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçirilir. Hesab edirəm ki, bu, ölkədə islahatların aparılması üçün yeganə mümkün formatdır".

Qeyd edilənlərin məntiqi nəticəsidir ki, ABŞ-da yerləşən və dünya üzrə insan təbiətini və davranışlarını öyrənən "Gallup" təşkilatının ötən il elan etdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycanda əhalinin 77 faizi ölkə rəhbərliyinin işindən razıdır və bu, postsovet məkanında ən yüksək göstəricidir. Sorğunun nəticələri bir daha əyani şəkildə nümayiş etdirir ki, Azərbaycanda ölkə rəhbərliyinə xalqın etimadı kifayət qədər yüksəkdir və həyata keçirilən siyasət geniş xalq kütlələri tərəfindən tam dəstəklənir.

 

Bütün bunlar onu göstərir ki, iqtisadi inkişaf göstəricilərinə görə, təkcə MDB-də yox, daha böyük bir coğrafi məkanda lider mövqedən çıxış edən Azərbaycan digər mühüm sahələr üzrə də birincilər sırasında yer alır. Elə buna görə də, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasət xalq tərəfindən dəstəklənir və Azərbaycan beynəlxalq hüququn daha güclü subyektinə çevrilir.

 

 

Azərbaycan.- 2010.- 9 yanvar.- S. 1.