Ölkə vətəndaşlarının hüquq və
mənafelərinin qorunması dövlətin strateji vəzifələrindəndir
Respublikamız müstəqillik
qazanandan sonra ümummilli lider Heydər Əliyev tərəfindən
başlanılmış və hazırda uğurla davam etdirilən
sosial-iqtisadi strategiya Azərbaycana böyük nailiyyətlər,
siyasi dividendlər gətirmişdir.
Ölkə iqtisadiyyatının sürətli inkişafına, sosial siyasətə göstərilən diqqət bir daha sübut edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzini təmin etmək, onların sosial müdafiəsini və rifah halını yaxşılaşdırmaqdır. Əhalinin sosial-iqtisadi ehtiyaclarının həlli istiqamətində AHİK-nın təklifləri də hökumət və şəxsən Azərbaycan Respublikası Prezidenti tərəfindən daim dəstəklənir.
Əmək kollektivlərində, istehsalatda çalışan işçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında Azərbaycan hökuməti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanılan üçtərəfli baş kollektiv sazişin rolu böyükdür. Adı çəkilən sənəddə iqtisadi siyasət, əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazası və əhalinin məşğulluğu, sosial müdafiə, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, sosial tərəfdaşlıq və digər sahələrdə hər bir tərəfin öhdəlikləri bütün təfərrüatı ilə əks olunur, onların icrası üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmaqla, icrasına ciddi nəzarət edilir.
Baş sazişin hazırlanması zamanı əldə olunan razılıqlar real işə çevrilir. İşçilərin sosial müdafiəsi baxımından işəgötürənlərlə kompromis qərarların qəbul edilməsi, kollektiv müqavilələrə dair tövsiyələrə əməl olunması, üçtərəfli əməkdaşlıq, sosial dialoqun iştirakçıları arasında qarşılıqlı əlaqələr qurmaq əsas məqsədlərimizdir. Bunlara nail olmaq üçün biz həmkarlar ittifaqı hərəkatının nüfuzunu artırmağa çalışır, qurumun maliyyə və əmlak mənafelərinin, onların maddi-texniki bazasının qorunub saxlanmasına, nizamnamə vəzifələrinin yerinə yetirilməsinə xüsusi önəm veririk.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə vətəndaşlarının sosial-rifah halının yaxşılaşdırılması sahəsində imzaladığı fərman və sərəncamlar həmkarlar ittifaqı strukturlarının fəaliyyət dairəsini daha da genişləndirir.
Bu gün respublika həmkarlar ittifaqlarının nüfuzu daha da artmış, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsinə çevrilmişdir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına üzv olmağımız demokratik dəyərlərin inkişaf etdirilməsində, xarici ölkə həmkarlar ittifaqı birlikləri ilə dostluq və əməkdaşlığın genişləndirilməsində böyük rol oynayır.
1992-ci ildən isə Beynəlxalq Əmək Təşkilatının üzvü kimi keçirilən bütün tədbirlərdə dövlət orqanları ilə birlikdə iştirak edir, həmkarlar ittifaqlarının və onun üzvlərinin hüquqlarının qorunması, sahibkarlarla və hökumətlə münasibətlər sahəsində təşkilatın tövsiyə və konvensiyalarından gündəlik fəaliyyətimizdə istifadə etməyə çalışırıq. Xarici həmkarlar ittifaqı mərkəzləri ilə dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi sahəsində də zəngin təcrübə əldə edilib. Təkcə 2009-cu ildə AHİK rəhbərliyi 15-dən çox xarici ölkə həmkarlar ittifaqının, beynəlxalq təşkilatın nümayəndə heyətləri, Azərbaycandakı səfirliklərin nümayəndələri ilə görüşlər keçirmişdir. Məsələn, Misir Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Mərkəzinin, Türkiyə və Rusiya təhsil işçiləri həmkarlar təşkilatlarının, Niderland Krallığının Sosial Məsələlər və Məşğulluq Nazirliyinin, Milli Statistika Bürosunun və Milli Məşğulluq və Sosial Təhlükəsizlik Xidmətinin, Polşa Həmkarlar İttifaqları Konfederasiyasının ("Solidarnost") və digər nümayəndə heyətləri ilə görüşlərimiz çox işgüzar və səmimi keçmişdir. Belə əlaqələrimiz gələcəkdə ümumi işimizin daha da güclənməsinə böyük təkan verəcək.
Bütün bunların nəticəsidir ki, Azərbaycan Həmkarlar İttifaqlarının cəmiyyətdəki mövqeyi güclənir, birliyi və həmrəyliyi daha da artır. Həmkarlar ittifaqlarının sıralarının sayı çoxalır, həmkarlar ittifaqı üzvləri onların ətrafında daha sıx birləşirlər. "Həmkarlar ittifaqları haqqında" qanunda təşkilatın hüquqi statusunun artırılması, dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarını məhdudlaşdıran hərəkətlərinə və onların fəaliyyətinə müdaxilə etmələrinə qadağa qoyulması həmkarlar ittifaqlarını geniş səlahiyyətlərə malik olan və əmək qanunvericiliyinin tətbiqinə ictimai nəzarəti müstəqil həyata keçirən bir quruma çevirmişdir. İndi həm dövlət orqanlarının, həm də özəl müəssisələrin əksəriyyətində həmkarlar ittifaqları və onların liderləri böyük nüfuza malikdirlər.
Məlumdur ki, respublikamızda fəaliyyət göstərən transmilli şirkətlər özü ilə müəyyən texniki tərəqqi və yeni mükəmməl texnologiyalar gətirsə də, bəzi neqativ halların yaranmasına da səbəbkar olmuşlar. Respublikamıza investisiya qoyan transmilli şirkətlər tərəfindən işçilərin sosial hüquqlarının pozulması faktları - əməkhaqqının ödənilməsində ayrı-seçkiliyə yol verilməsi, kütləvi ixtisarlar, müqavilələr vasitəsilə əmək hüquqlarının məhdudlaşdırılması kimi halların mövcudluğu artıq reallığa çevrilmişdir. Xarici və transmilli şirkətlərdə, özəl müəssisələrdə geniş tətbiq edilən qeyri-bərabər ödəniş metodu təkcə əmək hüquqlarının pozulması halı kimi qəbul edilməməli, eyni zamanda, əmək sferasında ayrı-seçkilik halı kimi, yəni, mülki hüquqların pozulması kimi qiymətləndirilməlidir.
Bu gün AHİK həmkarlar ittifaqı komitələri ilə respublikamızda fəaliyyət göstərən TMŞ və özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasına, mövcud həmkarlar ittifaqlarının imkanları hesabına işçilərin sosial-iqtisadi mənafelərinin təmin olunmasına səy göstərir. Bu məqsədlə AHİK Beynəlxalq Əmək Təşkilatının maliyyə dəstəyi ilə "Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə sosial dialoqun təşkili" layihəsi çərçivəsində bu qurumlarda həmkarlar ittifaqlarının yaradılması təcrübəsi, perspektivləri və çətinlikləri mövzusunda partnyorlarla birlikdə "dəyirmi masa", "Həmkarlar ittifaqları və transmilli şirkətlər" mövzusunda seminar və konfrans keçirmişdir. Bu tədbirlərdə "İşəgötürənlərlə transmilli şirkətlərin həmkarlar ittifaqları arasında qarşılıqlı əlaqə", "Əmək Məcəlləsinə riayət olunmasının vəziyyəti" və digər bu tipli mövzular müzakirə olunmuşdur. Müzakirələrin nəticəsi olaraq "Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqlarının yaradılması və onun perspektivləri" (Ümumiləşdirilmiş təhlil materialı), "Sosial partnyorluq haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi, "Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə işəgötürənlə həmkarlar ittifaqı arasında bağlanan kollektiv müqavilənin nümunəsi", "Sosial dialoqun aparılması qaydaları haqqında Azərbaycan Həmkarlar İttifaqlarının mövqeyi və strategiyası", "Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə çalışan işçilər üçün yaddaş", "Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına dair tövsiyələr" hazırlanmışdır. Həmçinin "Azərbaycanda kiçik və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması üzrə pilot layihəsinin təşkili və həyata keçirilməsi üçün AHİK-nın 2009-2011-ci illər üzrə tədbirlər planı" təsdiq edilmişdir. Bu layihəyə qoşulan üzv təşkilatları pilot layihənin qarşıda qoyduğu tələbləri yerinə yetirərkən konkret və məqsədyönlü surətdə kiçik və orta sahibkarlıq müəssisələrində təşkilatlanma işi aparır, iş yerlərinin qorunmasına çalışır, işçilərin konstitusiya hüquqlarını müdafiə edir, layiqli əməkhaqqı, əmək şəraiti, əməyin və sağlamlığın mühafizəsini təmin etməyə çalışır. Son bir ildə 100-dən yuxarı kiçik və orta sahibkarlıq müəssisəsində həmkarlar ittifaqı təsis edilmişdir.
Təəssüf ki, müəssisələrin bir çoxunda işəgötürənlər işçilərin təşəbbüsü ilə həmkarlar ittifaqlarının yaradılmasına və kollektiv müqavilələrin bağlanılmasına mane olurlar. İndi işçilərlə işəgötürənlər arasında dialoqun baş tutması, həmkarlar ittifaqının səmərəli fəaliyyətinin təmin olunması narahatlıq doğuran məsələlərdəndir. Həmin müəssisələrdə sosial-əmək münasibətlərinin milli qanunvericiliyə uyğun olaraq tənzimlənməsinə çalışırıq. Bu mənada həmkarlar ittifaqları təsis olunmaqla yanaşı, işəgötürənlərlə kollektiv müqavilələrin bağlanmasına daha çox diqqət yetirirlər. Ümumiyyətlə, 2009-cu ilin yanvarına olan statistik göstəricilərdən aydın olur ki, 2008-ci ildə işəgötürənlərlə həmkarlar ittifaqları arasında 12695 kollektiv müqavilə və saziş imzalanmışdır. Bu sahədə bəzi işəgötürənlər müqavimət göstərsələr də, həmkarlar ittifaqı öz istəklərinə əsasən nail olmağı bacarırlar. Məsələn, uzun müddətli danışıqlardan sonra cari ilin dekabr ayının 4-də "Baltika-Bakı" MMC-də işəgötürənlə müəssisənin həmkarlar ittifaqı komitəsi arasında ilk dəfə olaraq kollektiv müqavilə imzalanmışdır. Müqavilədə işçilərin məşğulluğu, istirahəti, əməyin və ətraf mühitin mühafizəsi öz əksini tapmışdır. Qeyd edilmişdir ki, həmkarlar ittifaqı komitəsinin səmərəli və müstəqil fəaliyyət göstərmələri üçün müəssisə rəhbərliyi normal şərait yaratmalıdır.
Məhz həmkarlar ittifaqlarının bu cür prinsipiallıq göstərmələri, qərarlar qəbul edərkən obyektivliyi gözləmələri, gərəzsiz olmaları vətəndaşların onlara inamını artırır, kömək üçün məhz bu təşkilata müraciət edirlər. 2009-cu il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycan Həmkarlar İttifaqlarına 236220 ərizə və şikayət daxil olmuşdur ki, onların da 98,2 faizi vətəndaşların xeyrinə həll olunmuşdur.
Həmkarlar ittifaqları işçilərin əmək və istirahət hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı öz səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada tədbirlər görür. Göstərilən müddətdə həmkarlar ittifaqı qanunsuz olaraq işəgötürənlər tərəfindən işdən azad olunmuş 156 nəfəri öz işinə bərpa etmişdir. Qaldırılan iddialara baxılması zamanı 33 dəfə həmkarlar ittifaqının nümayəndələri məhkəmələrdə iştirak edərək işçilərin hüquqlarını müdafiə etmişdir. Həmkarlar ittifaqının müdaxiləsindən sonra həmkarlar ittifaqının öz üzvlərinin sosial-iqtisadi hüquqlarının qorunmasındakı fəallığı və qaldırılan məsələlərin əksəriyyətinin işçinin xeyrinə həll edilməsi həmkarlar ittifaqı üzvü olmayan işçilərdə bu təşkilatdan faydalanmağa maraq yaradır. Burada Əmək Məcəlləsinin 80-ci maddəsinə edilən önəmli dəyişiklik də öz rolunu oynamaqdadır. Çünki maddəyə görə məhz həmkarlar ittifaqı üzvü olan şəxslər bu hüquqdan istifadə edə bilərlər.
İşçilərin sosial sağlamlıq və istirahət problemlərinin həllinə də xüsusi diqqət yetirilir. Son bir ildə 30 min nəfərə yaxın işçi həmkarlar ittifaqının xətti ilə sanatoriya və kurortlarda, turizm obyektlərində istirahət etmiş və müalicə olunmuşlar. 2500-ə yaxın uşaq öz istirahətlərini uşaq sağlamlıq düşərgələrində keçirmişlər.
Eyni zamanda, AHİK-nın üzv təşkilatları özlərinin vəsaitləri hesabına tikib istifadəyə verdikləri istirahət ocaqlarında da ittifaq üzvlərinin istirahətlərini təşkil edirlər. Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının 2003-cü ildə Nabran istirahət zonasında tikib istifadəyə verdiyi istirahət ocağında ötən il 327 nəfər, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının "Lokomotiv" istirahət mərkəzində isə 400 nəfər dincəlmişdir. Bundan əlavə, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı 3 hektar sahədə istirahət zonasının tikintisini başa çatdırmaqdadır. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 260 yerlik istirahət ocağının 2011-ci ildə təhvil verilməsi nəzərdə tutulub.
AHİK bu istiqamətdə daha ciddi addımlar atmaq məqsədilə "Həmkarlar ittifaqı büdcəsinin formalaşması, xərclənmə istiqamətləri və şərtləri haqqında təlimat" qəbul edərək həmkarlar ittifaqının maliyyə sistemini təkmilləşdirib. Nəticədə həmkarlar ittifaqı üzvlərinə sanatoriya-kurort, istirahət ocaqlarına verilən yollayışların sayı artıb. Bəzi sahə həmkarlar ittifaqlarında isə tarif sazişləri və kollektiv müqavilələr vasitəsilə yollayışların dəyərinin qismən ödənilən hissəsini təsərrüfat orqanları öz üzərinə götürərək həmkarlar ittifaqı üzvlərini pulsuz yollayışla təmin edirlər. Bununla yanaşı, həmkarlar ittifaqı üzvlərinə ildə orta hesabla 5 milyon manata yaxın maddi yardım göstərilir. Təhsil alan həmkarlar ittifaqı üzvlərindən xüsusi fərqlənənlərə (121 nəfər) və ehtiyacı olanlara həmkarlar ittifaqı tərəfindən il ərzində 45360 manat təqaüd verilir.
Həmkarlar ittifaqları üzvlərinin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün kompleks sağlamlıq tədbirləri həyata keçirilir, spartakiadalar təşkil edilir. 2009-cu il ərzində Azərbaycan Həmkarlar İttifaqlarının xətti ilə respublika səviyyəsində 6 spartakiada, 4 kütləvi idman yarışları keçirilmişdir. Bu tədbirlərdə minlərlə gənc iştirak etmiş, 78 nəfər müxtəlif idman növləri üzrə respublika yığma komandalarının heyətlərində yer almışdır. Cari ildə həmkarlar ittifaqlarının idmançıları iştirak etdikləri beynəlxalq və respublika səviyyəli yarışlarda 79 medal qazanmışlar ki, onların da 21-i qızıl medallardır.
Həmkarlar ittifaqlarının qarşısında duran çox mühüm və əsas vəzifələrdən biri həmkarlar ittifaqı üzvlüyünə cəlb olunma sahəsində həmkarlar ittifaqı təşkilatlarının rolunun artırılmasıdır. AHİK bu məqsədə nail olmaq üçün "Həmkarlar ittifaqı təşkilatına üzvlüyün motivasiyası və təşkilati birliyin möhkəmləndirilməsi üzrə nümunəvi proqram" qəbul etmiş və əməli işlərdə istifadə olunması üçün üzv təşkilatlarına göndərmişdir. Həmkarlar ittifaqı təşkilatları ilə ardıcıl olaraq aparılan işlərin davamı kimi həmkarlar ittifaqında təhsil sisteminin səmərəliliyinin yüksəldilməsi, maariflənmə, ilk dəfə seçilənlərin icbari təhsili, ixtisasartırma, məlumatlılığın artırılması və s. əsas məqsədimizdir. Ona görə də həmkarlar ittifaqı kadrları və fəallarının təhsili daim diqqət mərkəzində saxlanılır. AHİK-nın tabeliyində olan Əmək və Sosial Münasibətlər Akademiyasında son bir ildə təşkil edilən silsilə kurslarda 381 nəfər həmkarlar ittifaqı kadr və fəalları təhsilə cəlb olunmuşlar. Sahə həmkarlar ittifaqı respublika komitələrinin xarici ölkələri təmsil edən şirkətlər və bu müəssisələrdə yaradılmış həmkarlar ittifaqları ilə birgə seminarları keçirilmişdir. Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə müxtəlif aktual mövzularda keçirilən seminarlar və digər tədbirlər çox faydalı olmuşdur. Belə ki, "Azərbaycanda qeyri-formal iqtisadiyyata qarşı mübarizə", "Layiqli əmək və qeyri-formal iqtisadiyyat", "Qeyri-formal iqtisadiyyat və həmkarlar ittifaqları", "İnsan alveri və qeyri-qanuni miqrasiyanın aradan qaldırılması" və digər mövzularda seminar və treninqlər keçirilmişdir. AHİK nəzdində ictimai əsaslarla fəaliyyətdə olan "İnsan alveri və məcburi əməyə qarşı Məlumat və Resurs Mərkəzi" yaradılmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2008-2013-cü illər üçün fəaliyyətinin əsas İstiqamətlərində layiqli əmək uğrunda mübarizənin təşkili öz əksini tapmaqla yanaşı, bu sahədəki fəaliyyətimizdə "BƏT ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün "Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı" əsas götürülmüşdür. Bu məqsədlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK-nın 15 illiyinə həsr olunmuş "Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim" devizi ilə respublika baxış-müsabiqəsi keçirilmişdir. Baxış-müsabiqənin keçirilməsində əsas məqsəd işçilərin hüquq və mənafelərini qorumaq olmuşdur. 500-dən çox iştirakçısı olan bu müsabiqədə 250 müəssisə, təşkilat, sex və sahə fərqləndiyinə görə respublika komitələri tərəfindən mükafatlandırılmışdır. 77 müəssisənin sənədləri AHİK-nın respublika baxış-müsabiqəsi üzrə komissiyasına təqdim edilmişdi. 50 müəssisə, təşkilat, sex və sahə ən yaxşı göstəricilərə nail olduğuna, 19-u müsbət nəticələr qazandığına, 8-i isə fəal iştirakına görə AHİK-nın diplomları, hədiyyəsi və nişanı ilə təltif olunmuşdur. "Azərbaycan Hava Yolları" QSC-nin Gəncə Beynəlxalq Aeroportu, Nəqliyyat Nazirliyi "Azəryolservis ASC" 71 saylı Yol İstismar Müəssisəsi, Azərbaycan Dövlət Dəmir Yolu Qaradağ Stansiyası, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Protez-Ortopedik Bərpa Mərkəzi, "Azərsun Holdinq" Şirkətlər qrupunun Qafqaz Konserv Zavodu MMC və digərləri ən yaxşı göstəricilər əldə etmişlər. Bu sahədə həyata keçirilən tədbirlər sırasında il ərzində təşkil olunmuş "Əməyin təhlükəsizliyi aylığı" da xüsusi yer tutmuşdur. İndiyədək sahə həmkarlar ittifaqlarının müəssisə və təşkilatlarında 600-dən çox müayinə aparılmışdır.
Təhsilin arası kəsilməyən bir prosesə çevrilməsi nəticəsində təkcə son 1 ayda sahə həmkarlar ittifaqı ilə birgə müxtəlif mövzularda 20-dən çox seminar keçirilmişdir. Oktyabr ayında keçirilən həmkarlar ittifaqlarının fəaliyyətinin təbliğinə, rolunun yüksəldilməsinə, informasiya siyasətinə həsr olunmuş "Vətəndaş cəmiyyəti sistemində həmkarlar ittifaqlarının rolu" mövzusunda konfrans buna əyani sübutdur.
Həmkarlar ittifaqlarında informasiya-təbliğat işi də xeyli güclənmişdir. Bunun üçün metodiki vəsaitlər, kitab və broşürlər çap edilib. Bu, həmkarlar ittifaqı strukturları arasında operativ əlaqələr qurmağa imkan verir, vahid informasiya şəbəkəsi yaradır. AHİK-nın aparatında mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi fəaliyyətə başlamışdır.
Azərbaycan Həmkarlar İttifaqları gənclər siyasətinin həyata keçirilməsində məqsədyönlü və sistemli iş aparırlar. Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri ilə bağlı həmkarlar ittifaqı mərkəzləri tərəfindən də xüsusi konsepsiyalar və proqramlar hazırlanıb həyata keçirilir. Həmkarlar ittifaqı orqanlarında gənclər şuraları və komissiyaları fəaliyyət göstərirlər. Hazırda sahə həmkarlar ittifaqlarının əksəriyyətində gənclər şuraları mövcuddur.
Respublika həmkarlar ittifaqı üzvlərinin 27,9 faizini gənclər təşkil edir. Həmkarlar ittifaqlarının gəncləşməsi məqsədilə yeni forma və metodlar işlənib hazırlanmışdır. AHİK-nın üzv təşkilatları da gənclər siyasətinin yerinə yetirilməsində konkret işlər görmüşlər. Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin bu sahədə maraqlı iş təcrübəsi var. Sahə üzrə 70-dən çox gənclərlə iş üzrə komissiya fəaliyyət göstərir. Onların apardıqları təhlillərin nəticələri və təklifləri kollektiv müqavilələrin gənclərlə iş bölmələrinə əlavə edilir.
AHİK-nın III qurultayında qəbul edilmiş əsas istiqamətlərdə qeyd edilir ki, həmkarlar ittifaqları qadın və kişilərin faktiki bərabərliyi üçün şərait yaradılmasına yardımçı olacaqdır. İndiyə qədər bu sahədə xeyli iş görülmüş, cəmiyyətdə gender bərabərliyinə nail olmaq üçün həmkarlar ittifaqlarının vəzifələrini və iş üslubunu müəyyən edən bir sıra sənədlər qəbul edilmiş, dövlət və qeyri-hökumət təşkilatları ilə birgə müxtəlif tədbirlər həyata keçirilmişdir. Həmkarlar ittifaqları, ilk növbədə, özlərindən başlayaraq həmkarlar ittifaqı strukturlarında qadınların rəhbər vəzifələrə irəli çəkilməsinə, onlarda liderlik keyfiyyətlərinin formalaşmasına xüsusi diqqət yetirirlər. Həmkarlar ittifaqlarının ümumi sayında qadınlar 48 faiz təşkil edir. Həmkarlar ittifaqı sistemində fəaliyyət göstərən bütün icraedici və kollegial orqanlarda qadınların sayı 41,8 faizdir. Həmkarlar ittifaqları çalışırlar ki, sıralarına daha çox qadınlar cəlb edilsin, onlar bu qurumun aparıcı qüvvəsinə çevrilsinlər və öz nüfuzları ilə cəmiyyətə gender bərabərliyi prinsiplərinin aşılanmasına təsir göstərsinlər.
1 milyon 600 min nəfəri birləşdirən, böyük gücə və nüfuza malik olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bütün qüvvələrini işçilərin sosial müdafiəsi məsələlərinin ədalətli həllinə yönəldir, qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə səy göstərir. Bu səylərimizə verilən yüksək qiyməti xüsusi qeyd etmək lazımdır.
Bu yaxınlarda respublikamızda Avropa İqtisadi və Sosial Komitəsinin "Cənubi Qafqaz ölkələrində vətəndaş cəmiyyətinin Avropa Qonşuluq Siyasətinin tətbiq edilməsinə cəlb olunmasına dair" rəyinin təqdimatı olmuşdur. Rəyin həmkarlar ittifaqlarının fəaliyyətindən bəhs edən hissəsində bildirilmişdir ki, "Azərbaycanın hakimiyyət orqanları ölkədə ictimai dialoqun inkişafına və ictimai uyğunluğun təmin olunmasına xüsusi diqqət yetirirlər. Bu siyasəti dəstəkləyən ölkənin həmkarlar ittifaqları işçilər üçün mümkün qədər çox nailiyyətlər əldə etməyə çalışır. Qənaətbəxş dərəcədə müstəqilliyə nail olan Azərbaycanın həmkarlar ittifaqları ictimai hüquqlarını və üzvlərinin rifahını fəal şəkildə qoruyur. Bunu ölkənin indiki inkişaf mərhələsndə düzgün strategiya hesab etmək olar". Fəaliyyətimizin bu cür qiymətləndirilməsi bir daha sübut edir ki, AHİK bu gün işçilərin ən lazımlı, ən iri həmkarlar ittifaqı birliyidir və ölkədə böyük nüfuz qazanmışdır.
Səttar MEHBALIYEV,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.-9
yanvar.- S. 2.