Qarabağ və Xocalı
soyqırımı mövzusundakı müsabiqə ilə
bağlı növbəti "dəyirmi masa"
keçirilmişdir
Yanvarın 8-də Azərbaycan Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin "Qarabağ mövzusunun və Xocalı soyqırımının mediada təbliğinə dəstək" layihəsi çərçivəsində jurnalistlər arasında elan olunmuş müsabiqə ilə bağlı növbəti "dəyirmi masa" keçirilmişdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirmişdir ki, bu layihə "Azərsun Holdinq"in maliyyə dəstəyi ilə həyata keçirilir. Azərbaycan dövləti indiyədək Qarabağ mövzusunun, xüsusən də Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin ədalətli mövqeyinin təbliği istiqamətində genişmiqyaslı işlər aparır. Dünyanın bir çox yerlərində müxtəlif anım tədbirlərinin təşkili sayəsində beynəlxalq aləm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində xalqımızın üzləşdiyi faciəli vəziyyətlər, o cümlədən 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması haqqında məlumatlar əldə etmişdir.
Ə.Amaşov vurğulamışdır ki, Azərbaycan mediası Qarabağ həqiqətlərinin və Xocalı soyqırımının təbliğinə həmişə diqqət ayırmışdır. Amma hazırkı durumda həmin diqqəti bir qədər də artırmağa, kütləvi informasiya vasitələrinin mövzunun təqdimatındakı fəaliyyətini stimullaşdırmağa ehtiyac duyulur. Bunu nəzərə alaraq Azərbaycan Mətbuat Şurası və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi həyata keçirdiyi birgə layihədə jurnalistlər arasında müsabiqənin təşkilini zəruri saymışdır.
Müsabiqənin 2009-cu ilin sentyabrından elan edildiyini deyən natiq indiyədək 10 materialın təqdim edildiyini diqqətə çatdırmışdır. Sənəd qəbulu fevralın 10-da yekunlaşacaqdır. Müsabiqəyə 2009-cu ilin sentyabrından 2010-cu il fevralın 5-dək qəzet, jurnal və informasiya agentliklərində gedən, Qarabağ mövzusu və Xocalı faciəsi ilə bağlı nümunələr verilə bilər. Materiallar üçün həcm və dil məhdudiyyəti nəzərdə tutulmur. Məqalələr Azərbaycan Mətbuat Şurasına çap və elektron formada təqdim olunmalıdır.
"Azərsun Holdinq"in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afiq Səfərov qaliblərə mükafatların 2010-cu il fevralın 24-də Xocalı soyqırımının ildönümü ərəfəsində təqdim olunacağını bildirmişdir. Onun sözlərinə görə, müsabiqənin məqsədi Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Burada, eyni zamanda, mövzu ilə bağlı ixtisaslaşmış jurnalist kadrların müəyyənləşdirilməsi əsas yer tutur.
Tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Ümumən müsabiqənin mükafat fondu belədir: Birinci yer - 1 nəfər - 1000 manat, ikinci yer - 2 nəfər - 650 manat, üçüncü yer - 3 nəfər - 300 manat, ən yaxşı araşdırma işi - 1 nəfər - 500 manat, o cümlədən 5 nəfərə həvəsləndirici mükafat təqdim olunacaqdır.
Müsabiqədə
Qarabağ mövzusunun və Xocalı
soyqırımının təbliğində yaxından
iştirak edən ən yaxşı bir xarici KİV-ə
xüsusi diplom təqdim olunacaqdır. Qalib yazıların
ingilis dilinə tərcümə edilərək, müxtəlif
KİV-lərdə dərci, informasiya portallarında yerləşdirilməsi
nəzərdə tutulur.
AzərTAc
Azərbaycan.- 2010.- 9 yanvar.- S. 5.