Qubadlım
Yadıma dağların, düzlərin düşür,
Kül altda uyuyan közlərin düşür,
Yoluma dikilən gözlərin düşür,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Nə üzlə qoynuna qayıdacağıq?!
Qızıldaş əzəldən sinə dağlıdı,
Çayzəmiyə gedən yollar bağlıdı,
Bu miskin görkəmin məni ağrıdır,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Nə üzlə qoynuna qayıdacağıq?!
Qoca Sak hirslənib Xocamsaxlıda,
Dönüb Ballıqaya qara buluda.
Unuda bilmərik, səni unuda,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Nə üzlə qoynuna qayıdacağıq?!
Çardaxlı dağları kövrəlib, dinib,
Əyinin, Göyyalın işığı sönüb,
Başarat - həşarat yurduna dönüb,
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Nə üzlə qoynuna qayıdacağıq?!
Zəhərə çevrilib ömrün şəkəri,
Hönkürür Bərgüşad, dinir Həkəri
Söndümü bəxtimin tale ülkəri?
Qubadlım, biz sənsiz sönmüş ocağıq,
Darıxma qoynuna qayıdacağıq!
Ömür kitabı
Dağları görməyə gözüm tələsir,
Zirvələr üzünü niyə yaşmayıb?
Yol dağa dirənib, dizlərim əsir,
Ya qismət, o üzə aşım, aşmayım?!
Gərək dağ övladı dağa sığına,
Ürəyim hönkürsə, çətin kiriyər.
Girib xatirələr alaçığına,
Tək-tənha dönürəm üzü geriyə.
Söz almaq istəyir sozalan ömrüm,
İtən gəncliyimi soraqlayıram.
Taleyin əliylə yazılan ömrün
Qalın kitabını vərəqləyirəm.
Yaxşı ki, getməyib ömrüm havayı,
Qəlbimi isidir doğma yurd, ocaq.
Ömür kitabımı
məndən savayı
Heç kəs vərəqləyib
oxumayacaq.
* * *
Rafiq Yusifoğlunun
uşaqlar üçün
yazdığı şeirlər:
Sənə soyuq dəyəcək
- Sənə
soyuq dəyəcək,
Əynində yoxdu pencək.
- Yox, soyuq köynəyimə
Dəyib, yerə
düşəcək...
Dəniz niyə duzludur?
- Dəniz
niyə duzludur,
Fikirləş yaxşı-yaxşı.
- Sularına
qarışıb,
Balıqların göz yaşı.
Tez-tez yuxu
görürəm
Tez-tez yuxuma girir
Kəndimizin dağları.
Ətirli yamacları,
Nəğməkar bulaqları.
Görürəm bağçamızda
Əriklər çiçəkləyib.
Köpəyimiz qapıda
Qulağını şəkləyib.
Yenə ətirli
yazdı
Balaca kəndimizdə.
Görən, görürmü
bizi
Yuxuda kəndimiz də?
- Bizdən
ayrı düşəndən
Yola dikilib gözü.
Kəndimiz yatıbmı
ki,
Yuxuda görsün bizi?
Azərbaycan.- 2010.- 9 yanvar.- S.6.