Sahibkarlığın inkişafı dövlət üçün prioritet məsələdir

 

Azərbaycanda iqtisadi sahədə keçid dövrünün başa çatması inkişaf üçün daha böyük imkanlar açmışdır. Sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənən bu inkişaf xətti Azərbaycanı regionun lider dövlətinə çevirmiş və dünya miqyasında nüfuzunu gücləndirmişdir. Ölkəmiz ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə yeni-yeni uğurlara imza atır. Son altı ildə Prezident İlham Əliyevin rəhbərliyi altında yeni neft strategiyasının uğurla həyata keçirilməsi, ölkəyə xarici investisiya axınının sürətlənməsi, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, regionların tərəqqisi əldə olunan müsbət nəticələrdəndir.

 

Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni is yerlərinin açılmasına imkan vermişdir. Ölkə başçısı tərəfindən qeyri-neft sektorunun sürətli inkişafına hesablanan mühüm fərman və sərəncamların imzalanması regionların tarazlı inkişafına, sahibkarlıq fəaliyyətinin genişlənməsinə gətirib çıxarmışdır. Ötən müddət ərzində sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, iş adamlarına süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit sərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun əsas hissəsini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən isgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.

Sahibkarlığa dövlət maliyyə təminatı mexanizmlərinin formalaşdırılması, daxili bazarın qorunması yolu ilə istehsalın genişləndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması ilə bağlı görülən kompleks tədbirlər öz müsbət nəticələrini verməkdədir. Ötən müddətdə kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra mütərəqqi dəyisiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, güzəştli şərtlərlə yanacaq və motor yağları verilməsi də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.

Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də imkan yaratmışdır. Dövlət proqramında qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir. Proqramda həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

2010-cu il yanvarın 1-dən bəzi sahələrdə vergilərin aşağı salınması sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcədə əhəmiyyətli addım olmuşdur. Fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsinin 35 faizdən 20 faizə, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi çox mühüm məsələdir. 2010-cu ildən fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endiriləcək, ödənişli məktəbəqədər müəssisələrin xidmətləri əlavə dəyər vergisindən azad ediləcəkdir.

Ötən il əsas kapitala yönəldilmiş investisiyalarda daxili sərmayələrin üstünlük təşkil etməsi sahibkarlığa göstərilən qayğının nəticəsidir. Bunun 82,4 faizi daxili, 17,6 faizi isə xarici sərmayələrdir. Daxili sərmayələrin ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artması Azərbaycanda güclü sərmayədarlar təbəqəsinin formalaşdığını göstərir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində ("Doing Business-2010") Azərbaycanın 183 ölkə arasında 38-ci yeri tutması da son bir ilin uğurlu iqtisadi göstəricilərindəndir.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrikində bildirmişdir: "Azərbaycanda sahibkarlığın inkişafı üçün gözəl şərait vardır. Sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi və həm də iqtisadi dəstək alırlar. Əgər Azərbaycan dövləti tərəfindən kreditlər təşkil edilməsəydi, kənd təsərrüfatının inkişafı üzrə bizim böyük problemlərimiz ola bilərdi. Amma kreditlərin vaxtında verilməsi və sahibkarlığın inkişafı üçün görülən bütün tədbirlər, əlbəttə, sahibkarlara da çox gözəl şərait yaradır. Gələcəkdə Azərbaycanın iqtisadiyyatı daha çox sahibkarlığın fəaliyyətindən asılı olacaqdır. Bütün infrastruktur layihələri həyata keçirilir, elektrik stansiyaları, yollar tikilir, - bunlar, eyni zamanda sahibkarlığın inkişafı üçün də başlıca şərtdir. Azərbaycanın şəhərləri abadlaşır, gözəlləşir. Sahibkarlığın inkişafı bizim üçün, həmişə olduğu kimi, prioritet məsələdir və bu istiqamətdə növbəti illərdə də lazımi tədbirlər görüləcəkdir".

Azərbaycan dövləti tərəfindən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər ölkədə güclü sahibkarlar təbəqəsinin formalaşmasına şərait yaratmışdır. Sahibkarlığın inkişafı üçün bu il də zəruri tədbirlərin davam etdirilməsi daha böyük nəticələrə gətirib çıxaracaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.- 10 yanvar.- S. 1.