Azərbaycanın Avropa
İttifaqı ilə əməkdaşlığı yeni mərhələyə
qədəm qoyur
Qloballaşan dünyanın əsas güc mərkəzlərindən biri kimi kifayət qədər geniş coğrafi arealda iqtisadi, siyasi və mədəni birlik modelinə çevrilmiş Avropa İttifaqı əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına, demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikanın avrostrukturlara daha dinamik inteqrasiyasına xüsusi maraq göstərir. Avropaya inteqrasiya baxımından təşkilatla əməkdaşlıq respublikamız üçün də müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın beynəlxalq əməkdaşlığında Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verir.
Dövlət başçısının 2004-cü ilin may ayında Belçika Krallığına işgüzar səfəri respublikamızın Avropa İttifaqı ilə əməkdaşlığına yeni nəfəs vermişdir. Uğurlu nəticələrlə yaddaqalan səfərin yekunları göstərmişdir ki, təşkilat perspektivdə Azərbaycanı sıralarında görmək istəyir və bunun üçün ölkəmizə lazımi maddi-texniki dəstək vermək niyyətindədir. Həmin səfər çərçivəsində imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş ikitərəfli əlaqələrin daha da dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin olunması da təşkilatın regiona ciddi maraq göstərdiyini bir daha təsdiqləyir. Birlik Azərbaycana regionun lokomotiv dövləti kimi yanaşır və respublikamızda həyata keçirilən iqtisadi-siyasi və hüquqi islahatları yüksək qiymətləndirir. Cənubi Qafqaz və Orta Asiya regionunun iqtisadi yüksəlişi bilavasitə Azərbaycanla bağlı olduğundan, təşkilata üzv dövlətlər ölkənin geosiyasi əhəmiyyətini və rolunu düzgün dəyərlərdirməyə çalışırlar. Təsadüfi deyil ki, Avropa Birliyinin 2004-cü ildən həyata keçirdiyi "Yeni qonşuluq siyasəti" proqramının aparıcı qollarından birini də məhz respublikamızla birgə iqtisadi layihələrin reallaşdırılması təşkil edir. Proqramın uğurla icra olunması üçün Avropa Birliyi tərəfindən 225 milyon avro məbləğində vəsait ayrılmışdır.
Dövlət başçısı təşkilatla əlaqələrin gücləndirilməsi məqsədilə 2005-ci il iyunun 1-də "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" sərəncam imzalamışdır. Bu mühüm sənəd respublikamızın sözügedən təşkilatla əlaqələrinin daha da gücləndirilməsi, Avropa Birliyinin Azərbaycan üzrə fəaliyyət planının işlənib hazırlanması və həyata keçirilməsi üzrə səmərəli işin təmin edilməsi məqsədini qarşıya qoymuşdur. Sərəncamda təşkilatla siyasi, iqtisadi, nəqliyyat, enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupların yaradılması nəzərdə tutulur.
2006-cı ilin noyabrında Belçikaya növbəti dəfə səfər edən cənab İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın aktiv fazaya daxil olmasını təmin etmişdir. Həmin səfər zamanı imzalanmış "Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında" Anlaşma Memorandumu Avropa İttifaqının üzvü olan ölkələrin enerji mənbələri və nəqli yollarının çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerji resurslarından səmərəli istifadə olunması baxımından son dərəcə əhəmiyyətlidir.
"Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində Azərbaycan iqtisadi, siyasi, hüquqi və inzibati islahatların həyata keçirilməsi sahəsində təşkilatın texniki-maliyyə dəstəyini almışdır. Respublikamız proqram çərçivəsində Avropa İttifaqından onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanı əldə etmişdir. Bundan əlavə, proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi və digər imkanlar açmışdır.
Son illərədək TACİS və TRASEKA, "Yeni qonşuluq siyasəti" proqramları əsasında regionun əlverişli geosiyasi və geoiqtisadi imkanlarından bəhrələnməyə və yeni enerji mənbələri əldə etməyə çalışan Avropa Birliyi son iki ildə "Şərq tərəfdaşlığı" proqramını da uğurla reallaşdırır. Proqram 2008-ci ilin may ayında Avropa İttifaqı üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülmüşdür. "Şərq tərəfdaşlığı" proqramına oxşar sənədi Avropa İttifaqı hələ 2004-cü ildə Polşa və Litva ilə imzalamış, sonradan bu dövlətlər təşkilata üzv seçilmişlər. Bu mənada, proqramın əsas məqsədi iştirakçı dövlətlərin perspektivdə Avropa İttifaqına üzvlüyünü, habelə demokratik-hüquqi və siyasi islahatları sürətləndirməkdir. "Şərq tərəfdaşlığı" layihəsi təşkilata üzvlük imkanlarını deyil, onun yurisdiksiyası çərçivəsində viza rejiminin sadələşdirilməsini, enerji sahəsində əməkdaşlıq da daxil olmaqla, siyasi və iqtisadi yaxınlaşmanı nəzərdə tutur. "Şərq tərəfdaşlığı" proqramını "Yaxın qonşuluq siyasəti" proqramından fərqləndirən əsas cəhət də məhz budur.
"Şərq tərəfdaşlığı" proqramına cəlb olunmuş Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus, Ukrayna ümumən Qərblə Şərq arasında əlverişli tranzit yollarının, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçdiyi ən əhəmiyyətli geosiyasi region hesab olunur. Avropa Komissiyası "Şərq tərəfdaşlığı" kommunikesi əsasında bu ölkələr arasında yaxın illərdə assiativ sazişin imzalanmasını, habelə ölkələrin Avropa İttifaqına inteqrasiya meyillərinin dəstəklənməsini təklif etmişdir. Proqrama daxil edilən ölkələrin gələcəkdə Avropa İttifaqına qəbuluna dair konkret vəd olmasa da, onların avrostrukturlara inteqrasiya prosesinin sürətləndirilməsinin uzaq perspektiv üçün strateji hədəfləri kifayət qədər aydındır. Yaxın perspektivdə isə proqramda iştirak edən ölkələrlə ümumi daxili bazarın formalaşdırılması məqsədilə tədbirlər planının hazırlanması, vahid və hərtərəfli azad ticarət zonalarının yaradılması, vizasız gediş-gəlişin təmini, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Proqramın məqsədi tərəfdaş ölkələrdə aparılan islahatları və müasirləşdirmə prosesini dəstəkləmək, onlarda demokratik islahatların sürətləndirilməsinə, habelə iqtisadi inkişafına töhfə vermək üçün sərmayə qoymaqdır. 2008-ci ilin dekabrında təqdim olunan kommunikeyə əsasən, 2010-2013-cü illərdə bu məqsədlə 600 milyon avro vəsait ayrılmalı, 2020-ci ilə qədər isə bu məbləğ 1,5 milyard avroya çatdırılmalıdır. Həmin vəsait dövlət institutlarının möhkəmləndirilməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə kömək üçün nəzərdə tutulmuşdur.
"Şərq tərəfdaşlığı" proqramına əsasən hər il "27+6" formulu əsasında dövlət başçıları səviyyəsində sammitin keçirilməsi də nəzərdə tutulur. İlk belə sammit 2009-cu il mayın 7-də Çexiyanın paytaxtı Praqada keçirilmiş, "Şərq tərəfdaşlığı" adlanan bu sammitdə proqram üzrə bəyannamə qəbul olunmuşdur. Bəyannaməni 27 Avropa İttifaqı ölkəsi və proqrama qoşulan 6 ölkə (Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus, Ukrayna) imzalamışlar. Praqa sammitində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev "Şərq tərəfdaşlığı" proqramının Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin daha da genişlənməsinə, ölkənin siyasi, iqtisadi və digər sahələrdə inkişafına təkan verəcəyinə əminliyini ifadə etmişdir. Dövlət başçısı həmçinin bildirmişdir ki, Azərbaycan Avropa İttifaqı ilə qeyri-enerji sahələrində əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır.
2009-cu ildə proqram çərçivəsində Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsi rəsmi Bakının xarici siyasətində mühüm istiqamətlərdən biri olmuşdur. "Şərq tərəfdaşlığı"na daxil edilən ölkələr arasında yalnız Azərbaycanın zəngin neft və qaz yataqlarına malik olduğunu nəzərə aldıqda, respublikamızın Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatında vacib rol oynadığı daha qabarıq görünür. Təşkilatın xarici siyasi əlaqələr, Avropa qonşuluq siyasəti və ticarət məsələləri üzrə komissarı Benita Ferrero-Valdner demişdir: "Birgə öhdəliklər və bütün tərəfdaşların səyi nəticəsində "Şərq tərəfdaşlığı" çox uğurlu start götürüb. Qısa müddət ərzində ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşməsi və möhkəmlənməsi istiqamətində mühüm işlər görmüşük. 2010-cu ilin əvvəlində Avropa İttifaqı "Şərq tərəfdaşlığı" ölkələrində institusional quruculuq sahəsində yardım proqramını həyata keçirməyə başlayacaq. Bunun üçün bütün ölkələrə ekspertlər göndəriləcək. Onlar bu məsələdə hər bir ölkənin ehtiyaclarını öyrənəcək".
2009-cu ilin dekabrında Avropa İttifaqı və tərəfdaş ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirdikləri toplantı da "Şərq tərəfdaşlığı" proqramının uğurla reallaşdırılması baxımından vacib əhəmiyyət daşıyır. Tədbirdə əldə olunmuş razılığa əsasən, bu ilin əvvəlində tərəfdaş ölkələrdə hakimiyyət institutlarının effektivliyinin artırılmasına yönəlmiş institusional quruculuq, habelə kiçik və orta biznesin inkişafı proqramlarının icrasına başlanacaq. Toplantıda iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Şərq tərəfdaşlığı" proqramını tərəfdaş ölkələri Avropa İttifaqı ilə birləşdirən "boru xətti" adlandırmışdır. Nazir eyni zamanda Cənubi Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. "Azərbaycan danışıqların real təkliflərə çevrilməsi üçün müzakirələri davam etdirməyə, habelə real işlər görməyə hazırdır" - deyə nazir bildirmişdir.
Ümumiyyətlə, Avropa Şurası ilə əməkdaşlığın bütün sahələrdə genişləndirilməsinə çalışan Azərbaycan təşkilatın "Şərq tərəfdaşlığı" proqramında da yaxından iştirak etmək niyyətindədir. Bu əməkdaşlıq respublikamıza təşkilata üzv dövlətlərin demokratikləşmə və iqtisadi inkişaf sahəsindəki təcrübəsindən maksimum səmərəli yararlanmaq imkanı yaradır.
Azərbaycan.- 2010.- 10 yanvar.- S. 1.