Aqrar inkişafın büdcə təminatı
Hazırda
iqtisadçı ekspertlərin ən çox müzakirə
etdikləri məsələ dünyanı bürüyən
maliyyə və iqtisadi böhranın hansı dövlətə
nə dərəcədə zərər vurması və
ölkələrin 2010-cu ildə inkişaf perspektivləridir.
Çox fərəhli haldır ki, bütün xarici ekspertlər
Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi
islahatların düzgün istiqamətdə olmasını
bildirirlər və ölkəmizi bu böhrandan ən az zərər
çəkən dövlətlər sırasına aid edirlər.
Belə bir uğurlu nəticənin əldə edilməsi
ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu iqtisadi strategiyanın hörmətli Prezident
İlham Əliyev tərəfindən çox uğurla həyata
keçirilməsi ilə əlaqədardır.
Məhz elmi əsaslara
söykənən, həyati qabiliyyətli bu strategiya 1995-ci
ildən hazırkı dövrə kimi Azərbaycan
iqtisadiyyatının 8,4 dəfə artmasına imkan verib. 2003-cü
ilə nisbətən dövlət büdcəsinin 10 dəfə
artması, yoxsulluq səviyyəsinin 49 faizdən 13 faizədək
azalması, orta aylıq əməkhaqqının 3,5 dəfə,
pensiyaların 3,8 dəfə artması və digər sahələrdə
qazanılan nailiyyətlər dünyanın istənilən
ölkəsi üçün arzu olaraq qaldığı halda
Azərbaycan Respublikasında qeydə alınmış faktiki
reallıqdır. Bu reallığın məntiqi nəticəsi
isə 2006-2008-ci illərdə ümumi daxili məhsulun
artım sürətinə görə Azərbaycanın
dünyada lider ölkə imicini qazanması və Dünya
Bankının "Doing Business" proqramının qiymətləndirilməsinə
görə iqtisadi islahatlar üzrə dünya reytinqində
2009-cu ildə birinci yeri tutmasıdır. Beynəlxalq təşkilatların
və ayrı-ayrı ekspertlərin ölkəmizin
qazandığı bu uğurlara belə yüksək qiymət
verməsi bizdə qürur hissi doğurur və böyük əminliklə
inanırıq ki, Azərbaycan Respublikası bundan sonra da uzun
müddət ərzində dinamik və yüksək sürətlə
inkişaf edərək regionda öz liderliyini daim
saxlayacaqdır.
2008-ci ildən
başlayan maliyyə böhranı hələ sona
çatmadığından 2010-cu ilin dövlət büdcəsi
mövcud vəziyyət və baş verə biləcək
neqativ hallar nəzərə alınmaqla bir qədər
ehtiyatlı tərtib edilsə də, onun uğurla yerinə
yetirilməsi ölkəmizin bu ildə daha dinamik
inkişafına təminat verir. Belə ki, 2010-cu ilin dövlət
büdcəsinin gəlirləri və xərclərinin
ÜDM-də xüsusi çəkisi yenə də yüksəkdir
və gəlirlər üzrə 31,5 faiz və xərclər
üzrə 35,4 faiz müəyyən edilib. Bu isə 2009-cu
ilin göstəricilərindən müvafiq olaraq 3,9 və 2,8
faiz çoxdur. Əvvəlki illərdə olduğu kimi,
2010-cu ilin dövlət büdcəsində də xərclərin
26 faizi təhsil, səhiyyə və sosial müdafiə və
sosial təminata yönəlib.
Məlumdur ki, ölkə
iqtisadiyyatının qeyri-neft sektorunun prioritet sahələrindən
biri aqrar sahədir. Hazırda ölkə əhalisinin 46 faizi kənd
yerlərində yaşayır. Məşğul əhalinin
38,3 faizi kənd təsərrüfatında
çalışır. Ümumi ərazinin 55 faizi isə kənd
təsərrüfatına yararlı torpaqlardır (4757 min
hektar). Belə böyük işçi qüvvəsi və əsas
istehsal vasitəsi olan torpaq potensialından səmərəli
istifadə olunması həmişə dövlətin diqqət
mərkəzində olmuş və son illər iqtisadiyyatın
digər sahələrində olduğu kimi, kənd təsərrüfatında
da yüksək nailiyyətlər əldə edilməsi
üçün geniş tədbirlər həyata
keçirilmiş və bu işlər davam etməkdədir. Bu
tədbirlər sırasında ulu öndər Heydər Əliyevin
rəhbərliyi ilə MDB məkanında analoqu olmayan, ədalətli
və obyektiv aqrar islahatları və 2004-cü ildən
başlayaraq həyata keçirilən regionların
inkişafına dair dövlət proqramlarını xüsusi
qeyd etmək lazımdır. İslahatlar nəticəsində
vahid torpaq fondunun 57 faizi dövlət, 23 faizi bələdiyyə
və 20 faizi xüsusi mülkiyyətə verilib, aqrar sahədə
sahibkarlığın inkişafı üçün
lazımi şərait yaradılıb. Regionların
sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramına əsasən,
həyata keçirilən tədbirlər nəticəsində
fəaliyyətə başlayan yeni müəssisələr,
yaradılan infrastruktur obyektləri regionların
simasını əsaslı dəyişdi, yeni iş yerlərinin
açılması, yoxsulluğun azaldılması təmin
edildi, iqtisadiyyat yüksək templə inkişaf etməyə
başladı. Bunun nəticəsidir ki, əvvəllər
respublikamızın rayonları büdcə xərclərinin
cəmi 10-15 faizini yerli gəlirlər hesabına ödədikləri
halda, hazırda bu göstərici Abşeron rayonunda 85 faiz, Lənkəran,
Qəbələ, Xaçmaz, İmişli, Şamaxı və
digər rayonlarda 40-50 faiz təşkil edir. Bu onu göstərir
ki, regionların və aqrar bölmənin inkişafına sərf
edilən büdcə vəsaitləri, bəzilərinin
düşündüyü kimi, "qaranlıq quyu"ya
atılan daşa bənzəmir, əksinə, öz səmərəsini
tezliklə göstərir.
Dövlət
başçısı İlham Əliyev 2009-cu il 14 aprel
tarixli fərmanı ilə "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nı təsdiq
etdi. Bu proqram çərçivəsində həyata
keçiriləcək tədbirlərin əsasən dövlət
büdcəsi, büdcədənkənar dövlət
fondları, dövlət idarə, müəssisə və təşkilatlarının
vəsaitləri, Sahibkarlığa Kömək Milli Fondu və
"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin vəsaitləri
hesabına maliyyələşməsi nəzərdə
tutulur. Proqramda kənd təsərrüfatı məhsullarının
artırılması ilə yanaşı həmin məhsulların
emalı, tədarükü və satışının təkmilləşdirilməsi,
bu sahənin maddi-texniki, elmi və kadr bazasının
yaxşılaşdırılması da əsas hədəflərdəndir.
"Regionlarda kənd təsərrüfatı məhsullarının
tədarükü üzrə infrastrukturun
yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi",
"Aqroemal müəssisələri şəbəkəsinin
genişləndirilməsinin və kənd təsərrüfatı
məhsullarının rəqabət qabiliyyətinin
artırılması məqsədilə mütərəqqi
texnologiyaların tətbiqinin dəstəklənməsi",
"Cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi"
və "Aqrofermaların yaradılmasının dəstəklənməsi",
"Aqrar elmin maddi-texniki bazasının möhkəmləndirilməsi
və aqrar sahənin inkişafı üçün müasir
tələblər səviyyəsində kadrların
hazırlanmasının dəstəklənməsi" və
ölkə əhəmiyyətli başqa tədbirlər
qarşıya qoyulan məqsədlərə çatmağa və
yaxın vaxtlarda respublikamızda rəqabətqabiliyyətli
aqrar sahənin formalaşmasına imkan verəcəkdir. Proqramda
aqrar sahənin inkişaf etdirilməsi ilə yanaşı kənd
yerlərində infrastrukturun yaradılması və təkmilləşdirilməsi
məsələləri də öz əksini tapıb. Bu
proqrama uyğun olaraq hər bir rayonda ekologiya və təbii sərvətlərdən
istifadə, elektrik enerjisi, istilik və qaz təchizatı,
rabitə, su təchizatı və kanalizasiya xidmətlərinin
yaxşılaşdırılması, meliorasiya və
irriqasiya, səhiyyə və mədəniyyət, idman və
təhsil üzrə tədbirlər təsdiq edilib.
Məlumdur ki, dünya
ölkələrini narahat edən əsas problemlərdən
biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir. BMT-nin
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) məlumatına əsasən, hazırda dünyada 1
milyard nəfərə yaxın insan aclıq içərisində
yaşayır. Əhalinin sayının artması, urbanizasiya
ilə əlaqədar şəhər sakinlərinin xüsusi
çəkisinin kənd sakinlərinə nisbətən
getdikcə çoxalması və əmək haqlarının
yüksəlməsi ərzaq mallarına olan tələbatı
ödəmək üçün bütün dünya ölkələrindən
təsirli tədbirlər görməyi tələb edir.
2009-cu ilin noyabr
ayında Roma şəhərində keçirilən
Ümumdünya Ərzaq Təhlükəsizliyi Sammitində
qeyd edilib ki, aclığın aradan qaldırılması və
yoxsulluğun azaldılması üçün bütün
ölkələrdə kənd təsərrüfatına
investisiya qoyulması prioritet məqsədə çevrilməli,
2050-ci ilədək onun həcmi 60 faiz artırılmalı,
habelə suvarma suyundan səmərəli istifadə təmin
edilməli və kənd infrastrukturunun inkişafına əsaslı
kapital qoyuluşu artırılmalıdır.
Ərzaq təhlükəsizliyi
məsələsinə ölkəmizdə də çox
ciddi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin
2001-ci ilin mart ayında imzaladığı sərəncamla
"Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi
Proqramı" təsdiq edilib. Bu proqramın uğurla yerinə
yetirilməsinə baxmayaraq, ölkə əhalisinin hər il
100 min nəfərdən çox artması, əhalinin orta
aylıq əməkhaqqının artım sürətinin kənd
təsərrüfatı məhsulları istehsalının
artımından 4-5 dəfə çox olması ərzaq məhsullarına
tələbatı hər il xeyli artırır. Bununla əlaqədar
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına həsr olunmuş iclasındakı nitqində
çox düzgün olaraq qeyd edib: "Bazar iqtisadiyyatı
prinsipləri ölkələri ərzaq
çatışmazlığından qoruya bilmir. Ona görə
də biz əlavə tədbirlər görməliyik ki,
özümüzü qoruyaq, daxildə kənd təsərrüfatının
istehsalını artıraq, tam şəkildə əsas ərzaq
məhsulları ilə təmin edək. Hələ ki biz bunu
görmürük".
1996-cı ildən
başlayaraq həyata keçirilən təsirli tədbirlər
nəticəsində respublikamızda hər il davamlı olaraq
kənd təsərrüfatı məhsullarının
istehsalı artsa da, ölkə əhalisinin bir çox əsas
məhsullarla, o cümlədən taxıl, ət, yumurta, bitki
yağı və digər məhsullarla normaya uyğun,
xüsusən yerli istehsal hesabına tələbatının
ödənilməsində çətinliklər mövcuddur. Bu
reallıq nəzərə alınaraq Azərbaycan Prezidentinin
2008-ci il 25 avqust tarixli sərəncamı ilə
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı" təsdiq edilib. Proqramda
görüləcək tədbirlər və əldə ediləcək
nəticələr müəyyən olunub. Proqramın
icrasına başlanılıb və 2009-cu ilin dövlət
büdcəsindən bu məqsədlə 60 milyon manat vəsait
ayrılıb.
Bu ildən başlayaraq
kənd təsərrüfatı əmlakının
sığortalanması üçün sığorta
haqqının dövlət büdcəsi hesabına ödənilən
hissəsi, kənd təsərrüfatı məhsulları
istehsalçılarına istifadə etdikləri
yanacağın və motor yağının, habelə mineral
gübrələrin dəyərinin 50 faizinin ödənilməsinə
dövlət büdcəsindən ayrılan vəsaitlər də
daxil olmaqla bu proqrama 2010-cu ilin dövlət büdcəsindən
111 milyon 550 min manat vəsait xərclənməsi nəzərdə
tutulur. Büdcə vəsaiti hesabına proqramda nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsi
üçün yaradılan bu möhkəm təməl təminat
verir ki, bu proqramın icrası da uğurla nəticələnəcək
və ölkəmiz Ümumdünya Ərzaq Təhlükəsizliyi
Proqramına töhfə verən dövlətlərdən
biri olacaqdır.
Eyni zamanda, "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, hökumətin qəbul etdiyi "Atçılığın inkişafı üzrə Proqram"ın icrasına 220 min manat büdcə vəsaitinin xərclənməsi nəzərdə tutulur. Aqrolizinq yolu ilə damazlıq heyvan, kənd təsərrüfatı maşınları və texnikası, digər vasitələr alınmasına 35 milyon manat, aqrokreditlərin verilməsinə isə 10 milyon manat büdcə vəsaiti ayrılması planlaşdırılır. 2010-cu ildə kənd təsərrüfatı elminə 8,8 milyon manat, heyvandarlıqda süni mayalanma, damazlıq işinin təşkilinə 947 min manat büdcə vəsaiti ayrılacaq.
Ölkə iqtisadiyyatı gücləndikcə aqrar bölmənin inkişafına diqqət artır və ildən-ilə dövlət büdcəsindən kənd təsərrüfatına, meliorasiya və irriqasiya tədbirlərinə daha çox vəsait ayrılır. 2010-cu ildə dövlət büdcəsindən kənd təsərrüfatı layihələrinə 32 milyon 462 min manat, xarici kreditlərlə birlikdə isə 50 milyon 62 min manat investisiya ayrılması nəzərdə tutulur ki, bu da 2009-cu ilə nisbətən 191 faiz və ya 24 milyon 431 min manat çoxdur. Su ehtiyatları və irriqasiya layihələrinə bütün mənbələr hesabına 150 milyon 555 min manat həcmində, o cümlədən dövlət büdcəsindən 136 milyon 755 min manat vəsait yönəldiləcəkdir ki, bu da əvvəlki illərdən çox olmaqla bir çox irriqasiya sistemlərinin yaradılmasına imkan verəcəkdir.
Ölkəmizdə aqrar sahənin inkişafına dövlət büdcəsindən birbaşa subsidiyalarla yanaşı, həm də dolayısı ilə subsidiyalar ayrılır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına 2013-cü ilin sonuna kimi torpaq vergisi istisna olmaqla, digər vergilərdən güzəştlərin verilməsi, kənd təsərrüfatında istifadə edilən bir çox maşın, avadanlıq və materialların gömrük rüsumundan azad edilməsi və digər güzəştlər büdcədən kənd təsərrüfatının inkişafına yönəldilən vəsaitlərdir.
Son illər aqrar sahəyə dövlət büdcəsindən ayrılan subsidiyalar və bu bölməyə investisiya qoyulması artıq öz bəhrəsini verməyə başlayıb. 2008-ci ildə kənd təsərrüfatında 3,3 milyard manatlıq məhsul istehsal edilib ki, bu da ölkəmizin müstəqillik illərində aqrar sahədə qazandığı ən yüksək nailiyyətdir. 2009-cu ildə ölkədə rekord həcmdə - 3 milyon ton taxıl istehsal edilib. Hazırda ölkə əhalisinin çörək, kartof, tərəvəz və meyvə məhsullarına normaya uyğun olan tələbatı artıqlaması ilə ödənilir.
2010-cu ilin dövlət büdcəsində aqrar sahə ilə bağlı mühüm məqamlardan biri də büdcə vəsaitlərinin konkret proqramlar üzrə ayrılmasıdır. Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiqlənən dövlət proqramlarında, Milli Məclisin qəbul etdiyi qanunlara ("Damazlıq heyvandarlıq haqqında", "Atçılıq haqqında") uyğun olaraq hökumətin təsdiq etdiyi proqramlarda nəzərdə tutulan tədbirlərin icrasına büdcədən vəsait ayrılması və investisiya yönəldilməsi uğurlu nəticələrin əldə edilməsinə və həmin sahələrin inkişafına təminat verir.
Bununla yanaşı, həm də qeyd etmək lazımdır ki, məsələ heç də iqtisadiyyatın digər sahələri kimi, aqrar sahəyə də böyük məbləğdə büdcə vəsaiti ayrılmasında deyil. Əsas məsələ ondadır ki, ayrılan vəsaiti tam həcmdə təyinatı üzrə xərcləmək mümkün olsun. Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizə son illər gələn kapital sunamisinə biz hazır olmadığımızdan 2009-cu il üçün ayrılan büdcə vəsaitlərini tam xərcləmək mümkün olmadı. Ona görə də 2010-cu ilin büdcə xərcləri 2009-cu ildə gözlənilən xərclərə uyğun nəzərdə tutulmuşdur ki, bu da reallığı daha düzgün əks etdirir və büdcə vəsaitlərinin səmərəli xərclənməsinə və inkişafa xidmət edir.
Hazırda ölkəmizdə aparılan aqrar və institusional islahatlar nəticəsində xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq tam formalaşıb. Prezident İlham Əliyevin dediyi kimi, bazar iqtisadiyyatına keçid dövrü başa çatıb. Artıq aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və hazırda fermerləri məhsul istehsalını necə təşkil etmək yox, məhsul istehsalına xidmət edən təşkilatlar, məhsul emalı müəssisələri ilə əlaqələrin qurulması, istehsal edilən məhsulun satışının daha səmərəli yollarının tapılması, rəqabətli məhsul istehsalı üçün yeni texnika və texnologiyaların tətbiqi və iqtisadi səmərəliliyi artıran digər məsələlər daha çox düşündürür. Bu mərhələnin əsas hədəfləri aqrar sahədə əmək məhsuldarlığını artırmaq, məhsulların ucuz başa gəlməsinə nail olmaq, daxili bazarda rəqabətə tab gətirməklə yanaşı, xarici bazara yüksək keyfiyyətli və dünya standartlarına uyğun məhsul çıxarmaqdır. Lakin heç kimə sirr deyil ki, hazırda kənd təsərrüfatı məhsulları istehsalçıları istehsal etdikləri məhsulları satmaqda böyük çətinliklərlə üzləşir, məhsulun bir hissəsini vaxtında və səmərəli qiymətə sata bilmədiklərindən xarab olur və itkiyə yol verilir. Digər tərəfdən, emal müəssisələrinin az olması, məhsulların topdan və pərakəndə satışı ilə məşğul olanların bazarda hökmran mövqe tutması istehsalçıları məhsulu həddən çox aşağı qiymətə satmağa məcbur edir. Nəticədə aylarla məhsul istehsalına əmək və vəsait sərf edən fermerlər qazanc əldə edə bilmədikləri halda, bu məhsulların emalı və alqı-satqısı ilə məşğul olanlar bir neçə saat və ya gün ərzində 2-3 dəfə artıq gəlir əldə edirlər. Bu isə növbəti ildə müəyyən məhsulların istehsalının azalmasına və idxalının artmasına səbəb olur. Fermerlərlə görüşlərimizdə onlar vəziyyətdən çıxış yolunu əsas ərzaq məhsullarına dövlət sifarişinin verilməsində, "Azərittifaq"ın və onun yerli təşkilatlarının kənd təsərrüfatı məhsullarının tədarükü üzrə fəaliyyətinin bərpa edilməsində, topdan və pərakəndə satış üzrə qiymət əlavələrinə dair normaların dövlət tərəfindən müəyyən edilməsində görürlər. Bir çox fermerlər dövlət sifarişinin verildiyi və məhsul tədarükünün sistemli qaydada təşkil edildiyi halda hər hektar əkinə görə dövlət büdcəsindən ödənilən subsidiyadan imtina etməyə hazır olduqlarını da bildirirlər.
Hesab edirik ki, kənd təsərrüfatı məhsullarının tədarükü və satışında bir çox ölkələrdə formalaşmış topdansatış bazasının yaradılması təcrübəsindən faydalanmağa ehtiyac var. İspaniyada 100 min nəfərdən çox əhalisi olan bütün şəhərlərdə belə bazalar mövcuddur. Madrid şəhərində isə səhm zərfinin 51 faizi Madrid meriyasına məxsus olan "Merkasa" adlı dövlət və xüsusi mülkiyyətə əsaslanan birgə müəssisə fəaliyyət göstərir. Madrid şəhəri və ətraf yaşayış məskənlərinin 6 milyon nəfər əhalisini ərzaq ilə təmin edən bu müəssisə 240 hektar ərazini əhatə edir və burada ilkin emal, məhsulun satışa hazırlanması obyektləri, baytarlıq, fitosanitar və keyfiyyətə nəzarət strukturları yerləşir. Bu da dövlət orqanlarının mərkəzləşmiş qaydada məhsulun keyfiyyətinə nəzarət etməyə və topdansatış və pərakəndəsatış qiymətləri tənzimləməyə imkan verir. Şəhərin bütün iaşə obyektləri və pərakəndəsatış obyektləri bazanın xidmətlərindən istifadə edir.
Aqrar bölmənin gələcək inkişafını təmin edən amillərdən biri də kənd təsərrüfatında kooperasiya əlaqələrinin yaradılmasıdır. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan kooperativlərin yaradılmasına diqqət artırılmalı, dövlət büdcəsi vəsaiti hesabına fermerlərə güzəştli kreditlər, lizinq yolu ilə texnika, damazlıq heyvan və digər vasitələr verilərkən bu kooperativlərin maraqları nəzərə alınmalıdır. Digər tərəfdən, dövlət büdcəsindən istehsal kooperativlərinə özlərinin istehlak kooperativlərini yaratmaqda kreditlər ayrılması nəzərdə tutulmalıdır. Ayrılıqda fəaliyyət göstərən kənd təsərrüfatı istehsalçılarına xidmət edən (təchizat, aqroservis və digər) və kənd təsərrüfatı məhsullarından istifadə etməklə fəaliyyət göstərən müəssisələr (emal, yeyinti və yüngül sənaye və s.) həmişə yüksək gəlir götürdükləri halda ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafına böyük təsir imkanları olan kənd təsərrüfatı və kənd yerləri gəlir götürmür, ziyanla işləyir və tənəzzülə uğrayır. Ona görə də aqrar sahənin hərtərəfli və səmərəli inkişafını təmin etmək üçün əsas məsələlərdən biri bu iqtisadi sahələrin kooperasiyasının dövlət tərəfindən stimullaşdırılmasıdır. Digər tərəfdən, dövlət dəstəyi əsasında kənd təsərrüfatı istehsal kooperativlərinin özlərinin kredit, xidmət və emal müəssisələri olmalıdır ki, onlar başqalarının təsirinə məruz qalmadan sərbəst fəaliyyət göstərə bilsinlər. Bir çox ölkələrdə və müxtəlif dövrlərdə əhalini ərzaq çatışmazlığından məhz kənd təsərrüfatı kooperativləri xilas edib. Hazırda Avropa ölkələrinin əksəriyyətində fermerlərin təxminən 80 faizi kooperativlərdə birləşib və onlar istehsal edilən bir çox kənd təsərrüfatı məhsullarının 70-90, bəzi ölkələrdə isə 100 faizini istehsal və emal edərək satırlar.
Aqrar sahənin inkişafının yeni mərhələsinə xas olan cəhətlərdən biri də kənd təsərrüfatında, ilk növbədə pambıqçılıqda və südçülükdə klaster sisteminə keçmək üçün geniş imkanların və perspektivlərin olmasıdır. Əlbəttə, bu məsələlər dövlətin dəstəyi olmadan mümkün deyildir. Bu mənada yaxşı olardı ki, Nazirlər Kabineti nəzdində ictimai əsaslarla fəaliyyət göstərən "Aqrar məsələlərə dair komissiya" yaradılsın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi və aqrar bölməyə göstərdiyi gündəlik diqqət və qayğısı sayəsində ölkə iqtisadiyyatında özünəməxsus yeri olan bu sahə bundan sonra da yüksək sürətlə inkişaf edəcək, kənd yerlərinin siması tezliklə ən yüksək tələblərə cavab verən səviyyəyə çatdırılacaqdır. 2010-cu ilin dövlət büdcəsindən aqrar sahəyə ayrılan vəsait bu bölmənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və onun möhkəm təməl üzərində inkişafını sübut edir. Əminik ki, aqrar sahənin inkişafındakı bu yeni mərhələ də uğurla başa çatacaqdır.
Eldar İBRAHİMOV,
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri
Azərbaycan.- 2010.- 10 yanvar.- S. 2.