rkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin yekunlarını elan etmişdir

 

Yanvarın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, komissiya Azərbaycan Respublikasında 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yekunları barədə məsələyə baxmışdır.

Komissiyanın sədri bildirmişdir ki, dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ölkəmizin tarixinə müstəsna əhəmiyyətə malik hadisələrdən biri kimi düşəcəkdir. Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmuşdur. Bələdiyyə seçkilərində ölkə üzrə seçicilərin ümumi sayının 32,04 faizi səsvermədə iştirak etmiş və bunun nəticəsində də seçkilər baş tutmuşdur. Dairə seçki komissiyaları tərəfindən 30 min 954 bələdiyyə üzvlüyünə namizəd qeydə alınmış və onlara təşviqat dövründə bərabər şərait yaradılmışdır. Səsvermə günü də daxil olmaqla seçki dövründə baş verən bütün çatışmazlıqlar dərhal aradan qaldırılmışdır. Bələdiyyə seçkiləri 118 seçki dairəsi və 4813 seçki məntəqəsi üzrə keçirilmiş, 15 min 682 bələdiyyə üzvünün seçilməsi üçün 1718 bələdiyyəni əhatə etmişdir. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində - Dağlıq Qarabağ regionunda, Ağdərə, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarında tam, Ağdam və Füzuli rayonlarının isə işğal altında olan hissəsində bələdiyyə seçkilərinin keçirilməsi qeyri-mümkün olmuşdur.

Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülmüş, qanuna müvafiq surətdə mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılmış və müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 54 beynəlxalq və 50 mindən çox yerli müşahidəçi, 28 informasiya agentliyi, 12 xarici KİV, 18 teleradio şirkəti, 39 yerli qəzet və jurnal nümayəndələri seçkilərin gedişini izləmişdir. Səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilər ümumən seçkiləri müsbət qiymətləndirmişlər. Həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr Mərkəzi Seçki Komissiyasının nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmiş, yekun protokolları və digər seçki sənədləri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılmışdır.

Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından bələdiyyələr üzrə yekun protokollarını və digər seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxlamışdır. Qeydə alınmış qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırılmış, qanunun tələbinə uyğun qərarlar qəbul olunmuşdur.

Sonra MSK katibi Natiq Məmmədov komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunlarına dair qərarının layihəsi ilə tanış etmişdir.

Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin baş tutması, bu seçkilərin ümumən Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməsi nəzərə alınsın. Eyni zamanda, 33 seçki məntəqəsindəki səsvermənin nəticələri və 9 bələdiyyəyə seçkilərin etibarsız hesab edilməsi, seçkilərin ümumi yekunları rəsmi təsdiq edilmiş bütün 1709 bələdiyyə üzrə bələdiyyə üzvlərinin tam tərkibdə formalaşmasının nəzərə alınması haqqında qərar çıxarılmışdır.

Komissiya bələdiyyələr üzrə seçilmiş üzvlərin siyahısının elan edilməsi barədə qərar qəbul etmişdir.

Seçkilərin hazırlanması və keçirilməsi zamanı öz fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə 50 saylı Qobustan-Xızı-Quba və 72 saylı Yardımlı-Masallı dairə seçki komissiyaları sədrlərinin tutduğu vəzifəyə uyğunsuzluğu müəyyən edilmiş, eyni səbəbdən 70 saylı Masallı şəhər, 80 saylı İmişli-Beyləqan seçki dairələri dairə seçki komissiyaları buraxılmışdır.

Seçkilərlə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qanunla müəyyən olunmuş qaydada araşdırılmış materialların bir qismi aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

İclasın sonunda bələdiyyə seçkilərinin ümumi yekunlarına dair Mərkəzi Seçki Komissiyasının yekun protokolu tərtib edilərək təsdiqlənmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 yanvar.- S.1.