Mərkəzi Seçki Komissiyasının növbəti
iclası keçirilmişdir
Yanvarın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iclasda 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılmışdır. Müraciətlərin bir qismi təmin edilmiş və 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Şəhriyar, 71 saylı Masallı kənd seçki dairəsi üzrə Boradigah, 79 saylı İmişli seçki dairəsi üzrə Məzrəli, 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Sarıxanlı və 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Naftalan bələdiyyələrinə keçirilən seçkilərdə seçicilərin iradələrini müəyyən etmək mümkün olmadığından həmin bələdiyyələrdə seçkilərin nəticələrinin etibarsız sayılaraq ləğv edilməsi haqqında qərar qəbul olunmuşdur. MSK 50 saylı Quba-Xızı-Qobustan dairə seçki komissiyası sədrinin vəzifəsinə uyğunsuzluğunu müəyyən etmiş, vətəndaşların seçki hüquqlarını lazımi səviyyədə təmin etmədiklərindən 70 saylı Masallı dairə seçki komissiyasının, həmçinin bəzi seçki dairələri üzrə bir neçə məntəqə seçki komissiyalarının buraxılması da qərara alınmışdır.
İclasda səkkiz müraciət əsassız olduğundan onların təmin edilməməsi barədə qərar çıxarılmış, digərlərinin isə qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərə geri göndərilməsi barədə qərar qəbul edilmişdir. MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 12 yanvar.- S. 1.