Vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin
prioritetidir
Son illəri Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının keyfiyyətcə yeniləşdiyi, mühüm sosial-iqtisadi nailiyyətlər dövrü kimi xarakterizə etmək olar. Qlobal enerji layihələrinin uğurla tamamlanması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi nəticəsində ölkəmiz iqtisadi inkişaf parametrlərinə görə dünyada lider dövlətlər sırasına yüksəlmişdir. Təsadüfi deyil ki, 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə elan etmişdir. Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun, maliyyə bazarının mükəmməllik səviyyəsi və digər mühüm meyarlar əsasında 2009-2010-cu illər üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə qalxmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə mühüm proqram və layihələrin hazırlanaraq uğurla həyata keçirilməsi ölkəmizin bütün istiqamətlər üzrə inkişafını təmin edən mühüm faktor kimi çıxış etmişdir. Son 5 ildə Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmış, minlərlə müasir istehsal obyekti fəaliyyətə başlamış, 800 min yeni iş yeri yaradılmış, ölkənin strateji valyuta ehtiyatları 20 milyard dolları keçmiş, yoxsulluğun səviyyəsi 49 faizdən 13,2 faizə düşmüşdür. 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 3,5 dəfə, onun adambaşına düşən həcmi isə 3,3 dəfə artmışdır.
2009-cu ildə əksər ölkələrin iqtisadiyyatında tənəzzül müşahidə olunduğu halda, respublikamızda iqtisadi artım 9 faizdən çox olmuş, sənaye istehsalı 9 faiz artmış, inflyasiya 2 faizdən aşağı olmuşdur. Orta aylıq əməkhaqqı 15,5 faiz, əhalinin gəlirləri 9,8 faiz, adambaşına düşən gəlirlər 8,4 faiz yüksəlmişdir. Göründüyü kimi, Azərbaycanın sürətli iqtisadi inkişafı əhalinin sosial rifahının yaxşılaşması, cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsini təmin edən mühüm şərt olmuşdur.
Bir çox nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumları Azərbaycanın sürətli sosial-iqtisadi inkişafında bazar iqtisadiyyatının inkişaf etdirilməsi, biznes mühitinin liberallaşdırılması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması sahəsində həyata keçirilmiş tədbirlərin böyük rolu olduğu qənaətindədirlər. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində ("Biznesin aparılması - 2010: Çətin vaxtda islahatlar" ("Doing Business-2010") Azərbaycan 183 ölkə arasında 38-ci yeri tutmuşdur. Hesabatı tərtib edən ekspertlərin fikrincə, biznes sahəsində son islahatlar Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan vermişdir.
Azərbaycanda iqtisadiyyatın 85 faizi özəl sektorda cəmləşmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev həmişə özəl biznes fəaliyyətini diqqət mərkəzində saxlamış, bütün imkanlardan istifadə edərək milli sahibkarlığın inkişafına lazımi dəstək göstərmişdir. Son illər qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət ayırmış, dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, sağlam rəqabətin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, vergi yükünün davamlı azaldılması, maarifləndirmə və digər istiqamətlərdə tədbirlər davam etdirilmişdir.
2009-cu ilə kimi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən yerli sahibkarlara 400 milyon dollara qədər kredit resursları verilmişdir. Böhran ili olmasına baxmayaraq, ötən il 2000-dən artıq sahibkarlıq subyektinə daha 120 milyon manat kredit ayrılmışdır ki, bu da 2008-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 1,4 dəfə çoxdur. 2009-cu ilin 9 ayının yekunlarına görə, regionlarda sənaye, kənd təsərrüfatı və xidmət sahələrinə aid 74 yeni müəssisənin tikintisi başa çatdırılmış, 173 müəssisənin tikintisi davam etdirilmişdir. Ayrılmış kreditlər hesabına 7 mindən çox yeni iş yeri açılması, qeyri-neft sektorunun inkişafına önəmli təsiri olan 73 yeni istehsal, emal və xidmət müəssisəsinin yaradılması nəzərdə tutulmuşdur. Eyni zamanda, fermerlərə subsidiyalar davam etdirilmiş, güzəştli şərtlərlə gübrə verilmiş, kənd təsərrüfatının inkişafı üçün lazım olan digər tədbirlər görülmüşdür.
Məlum olduğu kimi, 2003-cü ildə prezident seçkiləri ərəfəsində cənab İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması, işsizliyin səviyyəsinin minimuma endirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçiriləcəyini bildirmiş, bu məqsədlə 600 min yeni iş yerinin açılacağını bəyan etmişdi. Ötən dövr ərzində yaradılmış əlverişli şərait və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması minlərlə yeni müəssisənin fəaliyyətə başlamasına, həmçinin 800 min iş yerinin açılmasına səbəb olmuşdur. Görülmüş tədbirlər nəticəsində ölkədə işsizliyin səviyyəsi minimuma endirilmiş, yüz minlərlə vətəndaşımız gəlirli iş yerləri ilə təmin olunmuşdur.
Hazırda Azərbaycan əlverişli sərmayə mühitinə malik, sürətli və dinamik iqtisadi inkişaf göstəriciləri nümayiş etdirən ölkələrdən biri kimi həm xarici sərmayəçilərin, həm də əmək miqrantlarının diqqətini cəlb etməkdədir. Son illər ölkəmizdə inkişaf etmiş Avropa ölkələri, ABŞ, Rusiya ilə yanaşı, Asiyadan, o cümlədən Çin, Hindistan, Pakistan, eyni zamanda region ölkələri - İran, Türkiyə və Gürcüstandan gələn əmək miqrantlarının sayı artmaqdadır. Müxtəlif yerli və xarici şirkətlərdə, ticarət mərkəzlərində və digər xidmət sahələrində çoxsaylı əcnəbilərin çalışması artıq günümüzün reallığına çevrilmişdir. Hətta ucqar rayon və kəndlərdə belə pərakəndə ticarətlə məşğul olan xaricilər geniş yayılmış mənzərədir.
Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir: "Miqrantların gəlməsi bütövlükdə inkişafın göstəricisidir. Əgər inkişaf olmasaydı, heç kim buraya iş üçün gəlməzdi. Amma digər tərəfdən, biz indidən tədbirlər görməliyik ki, sabah bu bizim üçün problemə çevrilməsin. Miqrant gəlir, iş yerini tutur və yerli vətəndaş o iş yerindən məhrum olur... Əslində, miqrant deyəndə, əlbəttə, aşağı səviyyəli işçiləri nəzərdə tuturuq. Azərbaycanda indi həm neft sənayesində, həm də xidmət sahəsində minlərlə xarici vətəndaş işləyir. Onlar, əlbəttə, yüksək peşəkarlığa malik olan adamlardır. Amma az keyfiyyətli işçi qüvvəsinin Azərbaycana kütləvi şəkildə gəlməsinə gərək biz hazır olaq. Bütün normativ qaydaları elə tənzimləyək ki, birinci növbədə, yerli əhali üçün imkanlar yaransın. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları maksimum dərəcədə işlə təmin olunsunlar. Biz yəqin ki, gələcəkdə xaricdən gələn miqrantların sayını müəyyənləşdirməliyik, normalaşdırmalıyıq". Göründüyü kimi, cənab İlham Əliyev yüksək kvalifikasiyalı işçi qüvvəsinin Azərbaycana gəlməsi, yerli əhalinin maksimum işlə təmin olunması, keyfiyyətsiz və ucuz əcnəbi işçi qüvvəsinin normalaşdırılması kimi məsələləri xüsusi qeyd etmiş, bu sahədə müvafiq tədbirlərin görülməsini tapşırmışdır.
Statistika göstərir ki, son illər Azərbaycana əcnəbi işçi qüvvəsinin axını artmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2007-ci ildə 1783 nəfər əcnəbiyə fərdi iş icazəsi verilmişdir ki, bu da 2006-cı illə müqayisədə 35 faiz çoxdur. 2008-ci ildə işləyən əcnəbilərin sayı 4450, 2009-cu ildə isə 81 ölkədən 5784 nəfər olmuşdur. Lakin miqrant problemi ilə üzləşmiş digər ölkələrin təcrübəsi göstərir ki, əmək bazarında çalışan əcnəbilərin sayı rəsmi statistik göstəricilərdən artıq olur. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2008-ci ildə ölkəyə 1 milyon 400 min, 2009-cu ilin 9 ayında isə bir milyon turist gəlmişdir. Ölkəyə başqa ad altında, məsələn, turist kimi gələn əcnəbilər sonradan müxtəlif sahələrdə işləməyə başlayır və müvafiq dövlət orqanında qeydiyyata düşmürlər. Bunu nəzərə aldıqda, Azərbaycanda da əmək miqrantlarının sayının rəsmi göstəricilərdən artıq olduğunu bildirməyə əsas yaranır. Maraqlıdır ki, mövcud qanunvericiliyə görə, başqa ölkə vətəndaşları qeyri-qanuni işə cəlb edilərsə, onda o, Azərbaycandan deportasiya olunur və deportasiya ilə bağlı xərclər işəgötürən tərəfindən ödənilir. İnzibati Xətalar Məcəlləsinə görə, əgər əcnəbi fərdi icazə alınmadan işə cəlb olunarsa, işəgötürən 35 min manat cərimə edilə bilər. Buna baxmayaraq, bu məsələ ilə bağlı bu günə qədər bir nəfər də Azərbaycandan deportasiya olunmamışdır.
Təəssüflə qeyd etməliyik ki, son illər bəzi sahibkarlar yaradılmış əlverişli şəraitdən sui-istifadə edir, öz məqsədlərini həyata keçirmək, daha çox gəlir əldə etmək üçün sahibkarlığın inkişafı və əhalinin məşğulluğunun artırılması sahəsində dövlət siyasətinə xələl gətirən addımlar atırlar. Azərbaycanda fəaliyyət göstərən xarici və müştərək şirkətlər, həmçinin yerli sahibkarlar gəlirlərini artırmaq üçün xaricdən daha ucuz, kvalifikasiyasız, qeyri-peşəkar işçi qüvvəsinə üstünlük verməyə başlamışlar. Yəqin ki, bu halın əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə mənfi təsir göstərdiyini demək artıqdır.
Digər tərəfdən, əksər ölkələrdə, məsələn, ABŞ, Rusiya və Avropa dövlətlərində miqrantların sayının artması həm də kriminogen durumun ağırlaşmasını şərtləndirən amil kimi çıxış edir. Faktlar göstərir ki, əmək bazarında bu və ya digər şəkildə yer tutmuş qeyri-peşəkar əcnəbilər krimiongen durumun pisləşməsində xüsusi çəkiyə malikdirlər. Təbii ki, bəzi hallarda mövcud qanunvericiliyin tələblərini pozmaqla əmək bazarında qeyri-leqal çalışan miqrantın digər qanunları pozmayacağına və ya daha da pis, cinayət törətməyəcəyinə heç bir zəmanət yoxdur. Statistika göstərir ki, son 3 il ərzində əcnəbi vətəndaşlar tərəfindən Azərbaycanda minə yaxın cinayət hadisəsi törədilmişdir. Miqrantların sayının artması həm də xaricdən kriminal elementlərin axınını gücləndirir, onların mütəşəkkil surətdə fəaliyyətinə şərait yaradır. Əksər vaxtlarda bu və ya digər sahədə çalışan əcnəbilər kriminalla məşğul olan həmyerlilərinin təzyiqinə məruz qalırlar. Məsələ ilə əlaqədar bir neçə fakta diqqət yetirmək vacibdir.
Yanvarın 8-də Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda Qaradağ rayonu Lökbatan qəsəbəsində kirayədə yaşayan Çin Xalq Respublikasının vətəndaşının həmyerliləri tərəfindən oğurlandığı və onun azadlığa buraxılması müqabilində üç yüz min ABŞ dolları tələb olunduğu bildirilmişdir. DİN və MTN əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupunun tədbirləri nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən Çin vətəndaşları saxlanılmış, girov kimi saxlanılan şəxs isə azad edilmişdir. Digər fakta əsasən, Bakı şəhərində və Binə qəsəbəsində yaşayan Çin vətəndaşları öz həmyerlilərini oğurlayaraq onun azad edilməsi müqabilində vətəndaşları olduqları ölkədən onların adına pul köçürülməsini tələb etmişlər.
Əslində, Azərbaycanda işləməyə gəlmiş xaricilər tərəfindən törədilmiş cinayət hadisələrinə dair daha çox fakt göstərmək olar. Eləcə də miqrantların tutduğu iş yerlərindən məhrum olmuş vətəndaşlarımızın narazılığına dair misallar gətirmək bir o qədər də çətinlik təşkil etmir. Lakin mövcud problemləri göstərməkdən başqa, həm də onları yaradan səbəbləri və mövcud vəziyyətdən çıxış yollarını axtarmaq daha məqsədəuyğun olardı.
Araşdırmalar göstərir ki, əmək miqrantlarının Azərbaycana gəlməsinin müxtəlif səbəbləri var və onları ayrı-ayrı qruplara bölmək olar. Birinci qrupa peşəkar, yüksək kvalifikasiyalı mütəxəssislər aid edilməlidirlər ki, onlar əsasən dövlət orqanları, ayrı-ayrı nüfuzlu təşkilatların xətti ilə gəlirlər. Bu qəbildən olan xaricilər müasir texnologiyaların, innovasiyaların tətbiq edilməsi, yerli mütəxəssislərin hazırlanması və digər bu kimi sahələrdə çalışırlar. İkinci qrupa öz təşəbbüsləri ilə Azərbaycana gəlmiş, əsasən xidmət sahəsində çalışan əcnəbilər aid edilməlidir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı ilə şərtlənən həyat şəraitinin yaxşılaşması, əməkhaqlarının artması, cəmiyyət həyatının bütün sahələrinin yeniləşməsi öz ölkələrində daha az əməkhaqqı alan əcnəbiləri cəlb edir. Onlar Azərbaycanda çalışır, daha çox gəlir əldə edirlər. Bu qrupa aid əcnəbilər əsasən yerli vətəndaşların bu və ya digər səbəbdən işləmək istəmədiyi və vakant olan yerləri tuturlar. Üçüncü qrupa isə şirkətlər, sahibkarlar tərəfindən işə cəlb olunmuş qeyri-peşəkar, kvalifikasiyasız miqrantlar aiddir və xüsusi qeyd olunmalıdır ki, onların sayı son illər kəskin artmaqdadır.
Dünyada müşahidə olunan sosial-iqtisadi böhran sahibkarları çıxış yolları axtarmağa, daha əlverişli və gəlirli vasitələr tapmağa vadar edir. Onlardan bir qismi müflis olur, bəziləri çıxış yolunu innovasiyaların, yeni metodların tətbiq edilməsində, işçilərin ixtisarında, maaşların azaldılmasında və yaxud əlavə xərclərin aradan qaldırılmasında görürlər. Öz bizneslərini işçi qüvvəsi ucuz, əlverişli sərmayə mühiti olan ölkələrə keçirən və yaxud xaricdən ucuz işçi qüvvəsi cəlb edən sahibkarlar da az deyil. Həqiqətdir ki, iqtisadi böhranın ən az təsir etdiyi ölkələrdən biri və yaxud birincisi Azərbaycandır. Hökumətin vaxtlı-vaxtında həyata keçirdiyi əhəmiyyətli tədbirlər ölkəmizi bu qlobal problemin fəsadlarından sığortalamışdır. Deməli, Azərbaycanda fəaliyyət göstərən xarici və ya müştərək şirkətlər, yerli sahibkarlar böhranın ağırlığını bir o qədər də hiss etməmişlər. Digər tərəfdən, qlobal iqtisadiyyata uğurla inteqrasiya mərhələsini yaşayan Azərbaycanda əksər şirkətlər əsasən daxili bazara hesablanmış biznes fəaliyyəti həyata keçirirlər. Belə olduqda Azərbaycan şirkətlərinin ucuz və keyfiyyətsiz əcnəbi əmək qüvvəsindən maksimum yararlanmaq cəhdləri nə ilə bağlıdır?
Xüsusi araşdırma aparmadan birmənalı şəkildə demək olar ki, ölkəmizdə fəaliyyət göstərən xarici və yerli şirkətlər əcnəbi işçi qüvvəsini cəlb etməklə sərfiyyatlarını azaltmaq və daha çox gəlir əldə etmək məqsədi güdürlər. Bununla onlar əhalinin iş yerləri ilə təmin olunması və deməli, onun sosial rifahının yüksəldilməsi istiqamətində dövlətin həyata keçirdiyi siyasətə zərbə vurur, Azərbaycan vətəndaşlarını potensial iş yerlərindən məhrum edir, əmək bazarında qıtlıq yaradır və əməyə görə qiymətləri süni şəkildə endirirlər. İstisna deyil ki, bəzi şirkətlər qeyri-leqal əmək qüvvəsindən yararlanır və nəticə etibarilə qanunları kobud şəkildə pozurlar. Digər tərəfdən, bu hal təkcə vətəndaşlarımızın deyil, həm də əcnəbilərin, xüsusilə qeyri-leqal fəaliyyət göstərən miqrantların əmək hüquqlarının pozulmasına səbəb olur. Təbii ki, hüquqları pozulmuş, minimal gəlir əldə etmək imkanlarından məhrum olmuş əcnəbinin qeyri-qanuni əməllər, daha pisi isə cinayət törətməməsinə heç kim təminat vermir.
Bəs çıxış
yolu haradadır, problemi necə aradan qaldırmaq olar? Ehtimal ki,
sahibkarların yaranmış vəziyyəti nəzərə
alacağı və məsuliyyətlərini
artıracaqlarına ümid az olduğundan məsələyə
qanunvericiliyin təkmilləşdirilməsi zərurəi
yaranarsa sərtləşdirilməsi və ya mövcud
qanunların icrasına nəzarətin gücləndirilməsi
prizmasından yanaşmaq daha səmərəli olardı. Məşğulluq
problemlərinin həllində başlıca istiqamətlərdən
biri vakant iş yerlərinə Azərbaycan vətəndaşlarının
üstün hüququnun təmin olunması və bu məqsədlə
daxili əmək bazarının qeyri-leqal əməkçi
miqrantlardan səmərəli qorunmasından ibarətdir. Azərbaycan
əcnəbilər üçün cəlbedici ölkəyə
çevrildiyindən əmək miqrasiyası proseslərinin tənzimlənməsində
beynəlxalq konvensiyaların tələbləri də nəzərə
alınmaqla inkişaf etmiş ölkələrin təcrübəsi
öyrənilməli və tətbiq olunmalıdır.
Miqrantlara fərdi icazənin
alınmasına görə işəgötürənlər
tərəfindən ödənilən dövlət
rüsumunun məbləği və yaxud digər tələblər
elə tənzimlənməlidir ki, keyfiyyətsiz və ucuz əcnəbi
işçi qüvvəsi iş yeri uğrunda ölkə vətəndaşları
ilə rəqabət aparmaq imkanından məhrum olsunlar və
sahibkarlar onları milli əmək bazarına cəlb etməkdə
maraqlı olmasınlar. Əmək qanunvericiliyinin
pozulmasına görə məsuliyyətin gücləndirilməsi
ilə bağlı qəbul edilmiş qanun əcnəbilərin
işə qəbulu sahəsində işəgötürənlərin
məsuliyyətini artırmalıdır.
Təbii ki,
bu problemin tənzimlənməsi sahəsində daha təsirli
tədbirlər müəyyənləşdirilə və həyata
keçirilə bilər. İstənilən halda sahibkarlar ilk
növbədə yerli işçi qüvvəsinin
potensialından yararlanmalı, öz şirkətlərində
Azərbaycan vətəndaşlarının əmək
hüququnu təmin etməli, Azərbaycan Prezidentinin əhalinin
sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun
artırılması istiqamətində həyata keçirdiyi
siyasətə dəstək olmalıdırlar.
Azərbaycan.- 2010.- 12 yanvar.- S. 2.