Xocalı qətliamı
İsveçdə yaradılmış
"Beynəlxalq müharibə
qurbanları Memorialı"
layihəsinə daxil edilmişdir
İslam Konfransı Təşkilatı
Gənclər Forumunun mədəniyyətlərarası dialoq
üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın
təşəbbüsü ilə elan edilmiş
"Xocalıya ədalət" kampaniyasının səyi
ilə Xocalı qətliamının adı İsveçdə
yaradılmış və virtual aləmdə geniş vüsət
almış mükəmməl "Beynəlxalq Müharibə
qurbanları Memorialı" arxiv layihəsinə daxil
edilmişdir.
Layihədə
kampaniyanın rəsmi saytına istinad edilərək Dağlıq
Qarabağ müharibəsi zamanı erməni silahlı
qüvvələri tərəfindən Xocalı şəhərində
xüsusi amansızlıqla öldürülən
qurbanların siyahısı yerləşdirilmiş, faciə
saytın istifadəçilərinə XX əsrin ən dəhşətli
qətliamı kimi təqdim edilmişdir (http://war-memorial.net/Victims-of-the-Khojali-Massacre-1.224).
Saytda istifadə
edilmiş ədəbiyyat və resurslar içərisində
"Xocalıya ədalət" kampaniyasının rəsmi
internet saytından (www.justiceforkhojaly.org) istifadə edilmiş
və sayt kampaniyanın rəsmi saytına yönləndirilmişdir.
Xocalı qətliamının adı Əlcəzair,
Srebrenitsa, Darfur, Madaqaskar, Nigeriya, Ruanda, Vyetnam və başqa
yerlərdə törədilmiş soyqırımları və
qətliamlarla bir sırada çəkilmişdir.
"Beynəlxalq Müharibə qurbanları Memorialı" layihəsi II dünya müharibəsindən sonra dünyada baş vermiş müharibələr, soyqırımları və qətliamların qurbanları olmuş insanların siyahısını ehtiva edir, şəkillər və faktlarla birlikdə hadisələrin xülasəsini əks etdirir. XX əsrin ikinci yarısından bu günədək soqırımı və qətliamlarda həlak olmuş insanların siyahıyaalma prosesində insan hüquqları ilə məşğul olan institutlar, alimlər, beynəlxaq və qeyri-hökumət təşkilatları, bu sahə ilə məşğul olan araşdırmaçılar iştirak edirlər. Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrində məlumatlandırma üçün sərgilər, seminarlar həyata keçirilir və məqalələr çap edilir.
Faciələrlə bağlı qurbanların xatirəsini əbədiləşdirmək üçün Stokholm şəhərində özündə universitet, muzey, kitabxana, arxiv, xatirə parkları və başqa komponentləri birləşdirən "Memorial" kompleksinin tikilməsi planlaşdırılır. "Xocalıya ədalət" kampaniyası kompleksdə Xocalı soyqırımı bölməsinin açılması ilə bağlı təkliflərini layihənin təşkılatçılarına təqdim etmişdir.
"Xocalıya ədalət" kampaniyası çərçivəsində fevralın 26-da dünyanın 30-dan artıq ölkəsində sərgilərin, konfransların və dinc aksiyaların təşkili planlaşdırılır. Xocalıda törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması, bu faciəyə hüquqi-siyasi və mənəvi qiymətin verilməsi üçün səmərəli təşviqat davam etdirilir.
AzərTAc
Azərbaycan.- 2010.- 12 yanvar.- S. 2.