Ali məktəblər
üçün "Beynəlxalq
hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı
olmuşdur
Yanvarın 11-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) ali məktəblər üçün yeni "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olmuşdur.
Xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev bildirmişdir ki, ölkəmizin xarici siyasət idarəsinin əməkdaşları Əlimirzamin Əsgərovun və Pərvin Məmmədovanın müəllifləri olduğu tədris vəsaiti Azərbaycanın diplomatik xidmətinin 90 illiyi ilə bağlı keçirilmiş silsilə tədbirlərin yekunu olaraq ərsəyə gəlmişdir.
Diplomatiya beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan tələbələr və müəllimlər üçün nəzərdə tutulmuş üç hissədən ibarət dərslikdə Azərbaycanda fəxri konsul institutunun fəaliyyətinin hüquqi tənzimlənməsinə dair məsələlər öz əksini tapmışdır.
Mərasimdə iştirak edən xarici işlər nazirinin müavini Vaqif Sadıqov da bu dərs vəsaitinin
Azərbaycanın ali təhsil ocaqları üçün böyük
töhfə olacağını
vurğulamışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 12 yanvar.- S. 2.