Dövlət Neft Fondunun 10 illiyi ilə bağlı "Azərbaycanın sərvətləri" nəşrlər toplusu çapdan çıxmışdır

 

Ötən il dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılmasının 10 illiyi təntənəli surətdə qeyd olunmuşdur.

Yubiley münasibətilə Dövlət Neft Fondu tərəfindən "Azərbaycanın sərvətləri" adlı nəşrlər toplusu hazırlanmış və nəfis tərtibatla çap olunaraq oxucuların ixtiyarına verilmişdir.

Toplu "Azərbaycanın təbii sərvətləri" adlı kitab və "Azərbaycanın musiqi sərvətləri" adlı elektron nəşrdən ibarətdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" sözləri ilə açılan "Azərbaycanın təbii sərvətləri" kitabı 3 fəsildən ibarətdir. "Neft Fondunun yaradılması" adlı birinci fəsil "Neft Fondunun yaradılmasında ümummilli lider Heydər Əliyevin rolu", "Neft Fondunun məqsəd və fəlsəfəsi" və "Neft Fondunun 10 illik fəaliyyətində mühüm hadisələrin tarixi xronologiyası" adlı bölmələri özündə birləşdirmişdir.

Bu fəslin ilk bölməsində qeyd olunmuşdur ki, ötən 10 ildə şərəfli inkişaf yolu keçmiş və tarix baxımından qısa dövrdə beynəlxalq səviyyədə tanınan təşkilata çevrilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu nəticəsidir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli neft strategiyasının məğzini xarici sərmayənin və təcrübənin cəlb olunması, çoxvariantlı ixrac şəbəkəsinin yaradılması, gəlirlərin səmərəli, şəffaf idarə və istifadə edilməsi təşkil edir.

Fəslin əhatə etdiyi digər bölmələrdə Azərbaycanın inkişafında xüsusi rol oynamış bu qurumun məqsəd və fəlsəfəsi, ötən dövrdə onun fəaliyyətində mühüm yeri olan tarixi hadisələrin xronologiyası öz əksini tapmışdır.

Kitabın ikinci fəslində Neft Fondunun formalaşması mənbələri, onun vəsaitlərinin idarə olunması, qurum tərəfindən maliyyələşdirilən mühüm layihələr, dövlət büdcə sisteminin tərkib hissəsi kimi rolu, fondun idarə edilməsi və təşkilati strukturu barədə məlumatlar toplanmışdır.

2001-2008-ci illərdə Neft Fondunun ümumilikdə 7 milyard 12,7 milyon manat məbləğində vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşası və yenidən qurulması üzrə layihələrin maliyyələşdirilməsinə yönəldilmiş və dövlət büdcəsinə transfert edilmişdir.

Bu fəsildə vurğulanır ki, Neft Fondu institusional cəhətdən formalaşmaqla bərabər, ölkə daxilində və eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin olunması baxımından digər dövlətlərin müvafiq qurumları ilə öz təcrübəsini bölüşməyə qadir olan bir quruma çevrilmişdir.

Qeyd edək ki, şəffaflıq yaradıldığı gündən Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilmişdir. Məhz bu səbəbdəndir ki, kitabın sonuncu fəsli "Neft Fondu və şəffaflıq" adlanır və burada qurumun həmin istiqamətdə həyata keçirdiyi tədbirlər, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi istiqamətində atılan addımlar, görülmüş işlərin uğurlu nəticəsi olaraq fondun BMT-nin Dövlət Qulluğu Mükafatına layiq görülməsi məsələlərini özündə əks etdirmişdir.

Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda göstərilir ki, hazırda Neft Fondu institusional cəhətdən və şəffaflığın təmin olunması baxımından inkişaf etmiş, müasir standartlara cavab verən, beynəlxalq səviyyəli maliyyə təşkilatına çevrilməklə yanaşı, ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına xidmət edən nailiyyətlər qazanmışdır.

Topluya daxil olan "Azərbaycanın musiqi sərvətləri" elektron nəşrində isə milli muğamlarımız, bəstəkarlarımız tərəfindən yaradılmış və artıq dünya musiqisində öz təsdiqini tapmış klassik əsərlər, caz sənəti nümunələri toplanmışdır.

Əminliklə demək olar ki, özündə Dövlət Neft Fondunun ötən 10 ildəki fəaliyyəti ilə yanaşı, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyat keçirilən milli neft strategiyasının nailiyyətlərini əks etdirən "Azərbaycanın sərvətləri" kitabı bu sahə ilə maraqlanan çoxsaylı oxucular üçün mükəmməl məlumat mənbəyi rolunu oynayacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 yanvar.- S. 2.