Pakistanın nüfuzlu "Daily İttehad" qəzetinin
iki səhifəsi Azərbaycana həsr edilmişdir
Pakistanın geniş
oxucu kütləsinə malik, gündəlik ingilis və urdu
dilli "Daily İttehad" qəzetinin 8 yanvar tarixli nömrəsinin
iki səhifəsi Azərbaycana həsr edilmişdir.
Azərbaycanın
Pakistandakı səfirliyindən bildirmişlər ki, ötən
ilin noyabrında Bakıda keçirilmiş
"Sivilizasiyalararası dialoq: Azərbaycandan
baxış" mövzusunda konfransda iştirak etmiş qəzetin
redaktoru Tahir Faruq ölkəmizə dair təəssüratlarını
əks etdirən məqalə yazmışdır.
T.Faruq Azərbaycanı
İslam dünyasının modern üzü
adlandırmış, ölkəmizdəki dövlət-din
münasibətlərini, müxtəlif dinlərin bir-biri ilə
ahəngdar şəkildə əlaqədə olduğunu ifadə
etmişdir.
Ümummilli lider Heydər
Əliyev və Prezident İlham Əliyev haqqında geniş məlumat
verilən yazıda, Azərbaycanın bugünkü
inkişafında onların oynadığı böyük rola
diqqət çəkilmişdir.
Məqalədə Tahir
Faruq AzərTAc-ın baş direktoru Aslan Aslanov, Bakı
Dövlət Universitetinin şərqşünaslıq
fakültəsinin urdu dili şöbəsinin tələbələri
ilə görüşləri barədə də xoş təəssüratlarını
bölüşmüşdür.
Qəzetdə ötən
il ölkəmizdə səfərdə olmuş Pakistanın
Preston Universitetinin rektoru Abdul Basitin də
"Sivilizasiyalararası dialoq: Azərbaycandan
baxış" konfransı çərçivəsində
Azərbaycanın xarici işlər nazirinin müavini Vaqif
Sadıqov və Xəzər Universitetinin rektoru professor Hamlet
İsaxanlı ilə keçirdiyi görüşlər, Azərbaycan
haqqında təəssüratları barədə məqaləsi
dərc olunmuşdur.
Bundan əlavə, qəzetdə
"Bakı İslam tarixinin mirası" adlı məqalə
də nəşr edilmişdir. Məqalədə
Bakının keçmişi və bu günü geniş
şəkildə təsvir edilərək, ölkəmizin
müstəqillik qazanmasından sonra əldə olunmuş
nailiyyətlərə geniş yer ayrılmışdır.
Azərbaycanın
Pakistandakı səfiri Eynulla Mədətlinin qəzetin
redaktoru Tahir Faruqa verdiyi müsahibə də burada dərc
olunmuşdur. Səfir müsahibədə ölkəmiz
haqqında geniş məlumat verərək, dost Pakistan ilə
Azərbaycan arasında əlaqələrin keçmişi, bu
günü və perspektivləri haqqında fikirlərini
açıqlamışdır.
Azərbaycan.- 2010.- 12 yanvar.- S. 3.