İqtisadi inkişafa
görə zəngin il
Azərbaycan xalqının rifah halının yüksəlişinə xidmət edən sosial-iqtisadi islahatlar kursunun davamlılığının təmin edilməsi ölkə vətəndaşlarının gündəlik həyatında özünü qabarıq şəkildə büruzə verir. İqtisadiyyatın sürətli inkişafına hesablanan çoxsaylı dövlət proqramlarının uğurla icrası bölgələrimizdə həyatın canlanmasına, sahibkarlıq mühitinin genişlənməsinə, özəl sektorun inkişafına, yeni iş yerlərinin açılmasına, işsizlik və yoxsulluq probleminin həllinə geniş imkanlar açmışdır. Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası ölkənin milli mənafelərini əks etdirməklə respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.
Ölkə başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etmiş, respublikamızı dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərinin etibarlı tərəfdaşına çevirmişdir. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi hesabına Azərbaycan daha da güclənir və bu gün yerləşdiyi bölgədə iqtisadi cəhətdən ən qüdrətli dövlət kimi qəbul edilir. Ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanları respublikamızda yeni bir inkişaf mərhələsinin əsasını qoymuşdur. Dövlət Proqramında ölkənin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olan torpaq ehtiyatlarının davamlı və dayanıqlı istifadəsi ön plana çəkilmiş, kənd təsərrüfatının dinamik inkişaf etməsi, kənd əhalisinin sosial həyat səviyyəsinin yüksəldilməsi, xüsusilə insanların yerlərdə məşğulluğunun təmin edilməsi sahəsində görüləcək tədbirlər ətraflı əks olunmuşdu. Respublikanın regionlarının sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının vaxtından əvvəl və uğurla icra edilməsi əyalətlərdə yaşayan əhalinin maddi rifah halının, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, dağ regionlarının inkişafına, özəlləşdirmə, işləməyən müəssisələrin fəaliyyətinin bərpasına və yeni iş yerlərinin açılmasına gətirib çıxarmışdır.
Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi sahədə davamlı inkişafını təmin etmək məqsədilə 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramının təsdiq edilməsi isə qarşıdakı illərdə investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi kimi mühüm vəzifələrin həyata keçirilməsinə əlavə imkanlar yaradacaqdır.
Azərbaycan qlobal maliyyə böhranı şəraitində də sürətli inkişaf tempini qoruyub saxlaya bilmişdir. Əldə olunan nəticələr uğurla gerçəkləşdirilən antiböhran tədbirləri və ən əsası isə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına mümkün olmuşdur. Ölkə iqtisadiyyatının dünya maliyyə böhranına hazırlıqlı və dayanıqlı olduğu beynəlxalq təşkilatlar tərəfindən də müsbət hal kimi dəyərləndirilmişdir. Beynəlxalq Valyuta Fondu, eləcə də dünyanın aparıcı reytinq agentliyi olan "Standart&Poors" öz hesabatlarında Azərbaycan iqtisadiyyatının böyük imkanlara malik olduğunu və ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasətin dünya böhranının nəticələrini digər ölkələrlə müqayisədə daha asan dəf edəcəyini qeyd etmişlər.
Azərbaycanın qlobal maliyyə böhranının təsirlərinə daha az məruz qalan ölkələrdən olması böyük uzaqgörənliklə aparılan iqtisadi siyasət xəttinin düzgünlüyünü bir daha təsdiq edir. Preziden İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərinə toxunarkən respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət xətti yeritdiyini xüsusi önə çəkmişdir: "Azərbaycan 2009-cu ildə bütün çətinliklərə baxmayaraq, uğurlu inkişafı davam etdirmişdir. 2009-cu ildə ölkəmizdə iqtisadi artım 9 faizdən çox olmuşdur. Bu, böhranlı ildə çox böyük göstəricidir. Bütün bölgədə yaşanan böhran və bölgədə müxtəlif istiqamətlərdə aparılan islahatlar hər bir ölkənin iqtisadi və siyasi potensialını ortaya qoydu. Böhran ili kimin nəyə qadir olduğunu çox açıq və aydın şəkildə göstərdi. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır. Biz xalqımızın istedadına arxalanırıq, aparılıan islahatlara arxalanırıq, Azərbaycan xalqının iradəsinə arxalanırıq.
2009-cu ildə Azərbaycanda bütün istiqamətlərdə irəliləyiş, inkişaf müşahidə olundu. Sənaye istehsalı təxminən 9 faiz artmışdır. Ölkəmizdə inflyasiya 2 faizdən aşağı səviyyədədir. Yəni iqtisadi inkişafın təmin edilməsinə dair əsas göstəricilər ən yüksək səviyyədədir. Bütün bunlara biz sizinlə bərabər düşünülmüş siyasət aparmaqla, islahatlar aparmaqla nail ola bilmişik. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanın bu istiqamətdə - iqtisadi və siyasi islahatların aparılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirir. 2008-ci ildə Dünya Bankı Azərbaycanı bir nömrəli islahatçı ölkə kimi qəbul etdi və bunu bəyan etdi. 2009-cu ildə Dünya İqtisadi Forumu - çox mötəbər beynəlxalq təşkilat - Azərbaycanı iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə dünyada 51-ci yerə layiq gördü. Azəbaycan MDB məkanında bu parametrlər üzrə lider ölkədir".
Ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən islahatların davam etdirilməsi və hər ilin büdcə zərfində bu məsələnin prioritet kimi saxlanılması aparılan sosialyönümlü siyasətin məntiqi nəticəsidir. Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz və yaxud 3 milyard 877,6 milyon manat proqnozlaşdırılmışdır. Bu isə 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. 2010-cu ilin dövlət büdcəsində sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üçün 3 milyard 219 milyon manat vəsait nəzərdə tutulmuşdur.
2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edir.
2010-cu ildə sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında mühüm əhəmiyyəti olan minimum əməkhaqqının, yaşa görə əmək pensiyalarının baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin stabil maliyyələşdirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Eyni zamanda, pensiyaların baza hissəsinin yaşayış minimumuna yaxınlaşdırılması, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əməkhaqqı sisteminin təkmilləşdirilməsi, ölkənin pensiya sistemində islahatların dərinləşdirilməsi nəzərdə tutulmuşdur.
2010-cu il üçün yaşayış minimumunun ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində müəyyən olunması da sosial məsələlərin həllinin daim diqqət mərkəzində olduğunu göstərir. Eyni zamanda, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ehtiyac meyarının həddi 2008-ci il yanvarın 1-dən 45 manat, iyulun 1-dən 55 manat, 2009-cu il yanvarın 1-dən 60 manat, 2010-cu il yanvarın 1-dən 65 manat məbləğində təsdiq edilmişdir. Bütün bunlar vətəndaşların sosial müdafiə tədbirlərinin hökumət üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə artır. Büdcə xərclərinin əsas prioritetləri xərclərin sosial və investisiya yönümlüyünün təmin edilməsindən, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün tələb olunan maliyyə ehtiyatlarının yaradılmasından, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair proqramın, investisiya və sosial layihələrin, xarici borc və öhdəliklərin maliyyə təminatından və digər tədbirlərdən ibarətdir. Builki büdcənin də sosialyönümlü və investisiya tutumlu olması aparılan siyasətin uğurlarından xəbər verir.
Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" sərəncamı ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinmişdir. Təbii qaza görə borcların silinməsi əhalinin sosial müdafiəsini gücləndirmək və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyəti tənzimləmək məqsədi dayşıyır.
Ölkə əhalisinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində son illər vacib tədbirlərin həyata keçirilməsi, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlərin baş verməsi, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərlərinin çəkilməsi, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işlərinin əsasən başa çatdırılması əhali tərəfindən təbii qazın dəyərinin ödənilməsinə şərait yaratmışdır. Qeyd edək ki, sayğaclaşdırma başa çatan dövrədək, yəni 2000-2009-cu illərdə təbii qazın istifadəsinə görə iri miqdarda borclar yığılmış, əhalinin bir qismi bu borcları ödəməkdə çətinlik çəkmişdir. Ölkə başçısı tərəfindən imzalanan sərəncam əhalinin kommunal xidmətlərə görə ödəniş sahəsinə yenilik gətirərək onun müasir standartlara uyğun tənzimlənməsini nəzərdə tutur.
Azərbaycanda bütün sahələrdə aparılan köklü islahatlar bugünkü uğurlarımızı şərtləndirməklə qarşıda daha böyük perspektivlərə yol açmışdır. Əminliklə qeyd etmək olar ki, iqtisadi inkişaf səviyyəsinə görə regionun lider dövləti olan Azərbaycan öz potensial imkanlarını genişləndirməklə bu il də böyük uğurlara imza atacaqdır.
Tahir SÜLEYMANOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 13 yanvar.- S. 2.